"ARAQ DA ŞEİRLƏRİM KİMİ BAŞIMA BƏLADI"

 

Şair Vəli Xramçaylının yazıçı Seyran Səxavətə borcu var

 

Şair Vəli Xramçaylı "Azərbaycan"ın daimi sakinlərindəndi. Onu nəşriyyatın birinci və dördüncü qatında tez-tez görmək olar. Oturduğu masanın ətrafında dostlar, sağlıqlar da öz yerində.

Son günlər şairin qonaqları da artıb, məclislərin sayı da. Təbii ki, sağlıqların sayında da artım var. Çünki Vəli Xramçaylı 55 yaşını qeyd edir.

Dost məclislərində sağlıq deməkdən yorulmayan, keyfiyyətli arağı uzaqdan tanıyan Vəli Xramçaylı 10 suala cavab verir. Sual məndən, cavab şairdən, oxumaq isə sizdən. Aldı görək...

 

- Şair, şeirlərinin birində deyirsən ki, üçcə ilim qalıb Vurğun yaşıma. İndi artıq Vurğun yaşını keçmisən, 55 qapını döydü. Buna nə sözün?

- Deməli, şair ömrünü keçmişəm. Mənim aləmimdə Səməd Vurğun yaşı-50 yaş əsl şair ömrüdü. Lermontov, dueldə öldürülmüş Puşkin ömrü də var. Elə Hüseyn Cavid ömrü də. Amma hər halda 50 yaş elə əsl şair yaşıdı. 50 yaşdan sonra ancaq böyük həcmli nəsr əsərləri yaratmaq olar. Poeziya 50-də bitir. Səməd Vurğun da daxil olmaqla dövrün böyük şairləri ən gözəl əsərlərini 50 yaşına qədər yazıblar. Rəsul Rza da, Osman Sarıvəlli də, Bəxtiyar Vahabzadə də, Məmməd Araz da...

- Yaşadığın ömrün bir xeyli hissəsi "Azərbaycan təbiəti" jurnalında keçib. Məmməd Arazın müavini olmaq sənə nə verib?

- Nə verməyib ki? 17 il Məmməd Arazın baş redaktoru olduğu jurnalda çalışmışam. Onunla ata-oğul münasibətlərimiz olub. Məmməd Araz Səməd Vurğundan sonra ikinci şair idi ki, Azərbaycanın istənilən nöqtəsində sadəcə adını çəkmək kifayət edirdi. Məmməd Araz adı bütün qapıları açırdı.

Mən Məmməd Arazın yanına gələndə cavan, subay bir oğlan idim. Məmməd əmi mənə əsl atalıq etdi. Ev-eşik, oğul-uşaq sahibi olandan sonra Məmməd Araz mənim Biləcəridəki evimə qonaq gəldi. Camaat indi də onun bu gəlişindən danışır. Mən taleyimdən necə narazı ola bilmərəm?

- Gəlib oturmusan Biləcəridə, sonra da deyirsən ki, dağlar, məni oğul eylə özünə. Dağlar səni necə özünə oğul eləsin?

Dağlar məni özünə oğul eliyə bilmədi. Bu şeir də mənim etirafımdı.

 

Könlümdə bir qucaq şəhər gəlmişəm,

Sinəmdə bir ətək qəhər gəlmişəm,

Əlimdə üzəngi, yəhər gəlmişəm,

Daha bir də ağ olmaram üzünə,

Dağlar, məni oğul eylə özünə.

 

Şəhər mənə çox üzlər, əyilən, kəsilən başlar göstərdi. Bir də ayılıb gördüm ki, illər ötüb, dağlardan uzaq düşüb Biləcəridə qalmışam.

- Biləcəridə təzə qonşun Seyran Səxavətlə münasibətin necədi?

- Əla! Düzdü, son günlər qonşumdan xəbər tuta bilmirəm. Seyran Səxavətə bir qonaqlıq borcum var.

 

Bir şair yaşayır Biləcəridə,

Yarı yuxuludu, yarı da sərxoş.

Bir şair yaşayır Biləcəridə,

Əlləri cibində, cibləri bomboş...

 

Biz Seyran müəllimlə eyni köşkdən qəzet alırıq. O gün qəzet satandan xəbər göndərib ki, şair məni görsün. Mənim də dərvişliyim tutub, Seyran Səxavəti axtara bilmirəm.

- Şair, onu dəqiq bilərsən, indi hansı araq daha çox dəbdədi?

- "Bəy"i "Xan" elədilər, "Xan"ı "Men"... Adları yadımda qalmır. Son vaxtlar araq içməyim də yazdığım şeirlər kimi başıma bəla olub. Mən içib nə edirəm ki? Azad adamam, qaranquşdan da azad.

- Sağlıq deyəndə ən çox poeziya köməyinə gəlir, yoxsa nəsr?

- Nə bilim vallah... Dəqiq hesablamamışam, amma hər halda 50-50-yə olar.

- Səni həftənin altı günü nəşriyyatda görməyə adət etmişik. Maraqlıdı, bəs bazar günləri harada olursan?

- Evdə. Bütün günü uzanıb qəzet oxuyuram. Sən bilirsən də, mən həm də yaxşı oxucuyam. Bazar günləri işim qəzet oxumaqdan ibarətdi. Arvad-uşağa da deyirəm ki, məni narahat etməyin, dincəlirəm. Özü də elə deyirəm ki, elə bil həftənin 6 günü işləməkdən yoruluram. Yaxşı ki, bu nazıma dözürlər. Bu 55 ildə onu dərk etmişəm ki, ailəm mənim ən böyük qazancımdı.

- Dostlarının çoxu bu gün Milli Məclisdə oturur. Əlindən tuturlar?

- Milli Məclisin 57 fazi mənim dostumdu. Bilirəm ki, deputat dostlarımdan hansına müraciət etsəm, sözümü yerə salmaz. Hələ ki, bu vaxta qədər onlara çox əziyyət verməmişəm

- Tarixən belə görmüşük ki, insanlar şair olandan sonra onu sürgün ediblər. Amma sən sürgündə doğulub şair olmusan. Sibirə qayıtmaq fikrin yoxdu?

 

- Bir çətən külfətlə anam Sibirdə

Doğmaq istəməyib məni, neyləsin.

Məni götürməyib o gün qəbir də,

Tanrı verdiyini necə əyləsin?

 

Ailəmiz Sibirdə sürgündə olanda mən doğulmuşam. Doğulduğum vilayətin prokuroru Qazaxlı balasıdı. Hər dəfə xəbər göndərir ki, Vəli Xramçaylı doğulduğu yerlərə niyə gəlmir. Amma bilmir ki, mənim xarici pasportum yoxdu.

- 55 ildə 5 kitabın çap olunub. Az deyil?

- Çoxdu. Şairin bir kitabı olar.

 

 

Ədalət .- 2010.- 5 may.- S. 6.