"TÖVBƏ MEYDANI"

 

Sözlə yaşayan adam üçün hər təzə kitab, hər yeni nəşr, hər yeni ifadə müəyyən aura yaratamaqla yanaşı, həm də söz ehtiyatının, dünya görüşünün artmasına da yardımçı olur. Yəni o təzə söz sənin saxlancını bir az dəyərləndirir, bir az da artımlı edir. Öncədən onu da deyim ki, son illərdə təzə sözün yaranma prosesi o qədər də ürəkaçan deyil. Çünki söz meydanı bir az Allah ümidinə buraxılıb. Allahın da səbri böyük, kəraməti sonsuzdur. O da fürsət verib qələmlə yaşayanlara da, qələmlə oynayanlara da, qələmi adicə bir oyunçağa çevirənə də.

Mən Bəşir müəllimi uzun illərdi ki, tanıyıram. Onun sovet dönəmində dövlət televiziyasında çalışdığı illərdən üzü bu günə hər yerdə imzasını da izləmişəm, özüylə də şəxsi münasibətlərimiz şəxsən mənim ürəyimcə olub. Ziyalılığı, özünü, sözünü yerini dəyərləndirmək ustalığı könlümü oxşayıb. Səmimi deyim ki, Bəşir Şəriflinin mətbu yazılarını da oxuyanda buradakı səmimiyyət, buradakı reallıq, bütövlükdə yazı ilə müəllifin bir müstəvidə dayanması çox xoşuma gəlir. Bunu danmaq olmaz ki, yazısı ilə özü, sözü, şəxsiyyəti arasında yerlə-göy qədər fərq olanlar da ədəbi mühitdə yetərincədi. Amma sevindirici haldır ki, Bəşir Şərifli sözü ilə özü üst-üstə düşən qələm adamıdı.

Zərdabda dünyaya göz açmış Bəşir müəllim dövlət universitetini bitirib. 20 ildən artıq ölkənin əsas telekanalında, sonra isə "Lider" televiziyasında çalışıb. Özünün təsis etdiyi "Arqument" qəzetinin baş redaktoru olub. İndi də nəşriyyat işi ilə məşğuldu. Ümumiyyətlə, harda çalışmasından asılı olmayaraq, yaradıcılığa, sözə çox həssaslıqla, diqqətlə, bir az da nəvazişlə yanaşıb, sözün qayğısına qalıb. Əndazədən artıq söz işlətməkdən, loru dildə desək sözün şitini çıxarmaqdan çəkinibdir. Ona görə də bədii yaradıcılığa xüsusi bir sevgi və etiyatla yanaşıb. Az yazıb, ancaq oxunaqlı, diqqəti çəkən mövzularla oxucu qapısını döyübdü.

Bəşir Şəriflinin bundan öncə "Zəmanə adamına məktublar" kitabı ilə tanış olmuşdum. Yığcam hekayələrdən, publisist yazılardan ibarət olan həmin kitab bir oxucu kimi, mənim diqqətimi çəkmişdi və elə "Ədalət"in bir neçə il öncəki saylarının birində kitab barəsindəki ürək sözlərimi oxuculara, müəllifə çatdırmışdım. Bu günlərdə Bəşir müəllimlə qarşılaşanda yeni kitabının işıq üzü gördüyünü bildirdi. Mən də ərkyanə şəkildə - yolunu gözləyirəm - dedim.

Nəhayət "Tövbə meydanı" kitabı ilə baş-başa qaldım. Bir neçə povetsdən və hekayələrdən, həmçinin "Zəmanə adamına məktublar" silsiləsindən olan bu toplunu maraqla, səbrlə oxudum. Düşünəcəksiniz ki, burda səbr sözü hansı mənada işlənib. Təbii ki, müəllifin təsvir etdiyi səhnələr günümüzün reallığı olduğundan onunla barışmaq üçün səbrli olmağa ehtiyac var idi. Çünki kitabı oxuduqca mən özümü bir oxucu kimi, həmin hadisələrin içərisində hiss edirdim. İstər mövzu kənd adamından olsun, istər nəşriyyat işçisindən, istər dünyaya ehtiraz edən ziyalıdan. Bütün hallarda gerçəklik bir oxucu kimi məni səbrlə hadisələrin sonunu gözləməyə çağırırdı.

Kitabın tərtibatından tutmuş bədii məziyyətlərinə qədər hər şey yerli-yerində idi. Povestlərin dili, qəhrəmanların özünə məxsus, şəraitə məxsus jarqonlarından tutmuş, dialektlərinə qədər hər bir detal müəllif tərəfindən ustalıqla işlədilmiş və nəzərdən qaçırılmamışdır. Mən hətta kitabı oxuduqca bəzi qəhrəmanları tanıdığımı təsəvvür etdim. Zənnimcə bu artıq müəllifin oxucu qəlbinə sahib çıxması, ona öz qələminin hökmünü diqtə etməsidir.

Mən bir oxucu kimi "Tövbə meydanı" kitabından aldığım təəssüratı "Ədalət"in oxucuları ilə bölüşərkən sadəcə, bu yeni kitab münasibəti ilə müəllifi təbrik etməyi də könlümdən keçirtdim. Çünki kitab mənə uğurlu bir ədəbi nümunə təsiri bağışladı. Ola bilsin ki, tənqidçilər kitabda hansısa nöqsanları görsünlər. Bu mümkündür və təbiidir. Sadəcə mən oxucu düşüncələrimi Bəşir Şərifliyə ünvanladım. Necə deyərlər kitabınız mübarək, qələminiz uğurlu olsun.

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 5 may.- S. 7.