İNCƏ YURDUNUN CƏFAKEŞİ
Şair Ələddin İncəli
Atlıtürkün 80 yaşına söz ərməğanı
Mən söz
adamlarıyla tez-tez təmasda oluram. Və bu adamların hər
birindən müəyyən qədər bəhrələnməyə,
onların dilindən, düşüncələrindən, hətta
davranışlarından nəsə əxz etməyə
çalışıram. Bu da mənim hobbimdi. Qınayan
qınasın, qınamayan da təbii ki, özü bilərg
amma elə qələm adamları, elə söz sahibləri
var ki, onlarla saatlarla danışmaq, həmsöhbət olmaq,
onları dinləmək mənim üçün daha
xoşdu. Özü də bu qrupa daxil olan insanları mən
yaşlarına görə yox, zənginliklərinə, mənəvi
böyüklüklərinə görə seçirəm. Həmin
qəbildən olan söz xridarlarından biri də şair Ələddin
İncəli Atlıtürkdü.
Tez-tez görə bilmirəm
onu. Çəkilib öz dünyasına. Qazax elinin İncə
ulusundakı Kəmərli kəndində yaşayır. Elə
bu kənddə də düz 80 il bundan öncə dünyaya gəlibdi.
Qazaxın saz-söz adamlarından, poeziya dünyasından bəhrələnə-bəhrələnə,
cilalana-cilalana boya-başa çatıb. Sözün
içində böyüdüyündən sözə
könül verib, sözdən ilham alıb, sözdən
qanadlanıb. Ali təhsilini başa vurandan sonra indi həsrətini
çəkdiyimiz Dağlıq Qarabağın Ağdərə
rayonundakı Manikli kəndində övladlarımızın
elmə, biliyə həvəslənməsindən, yiyələnməsində
zəhmət çəkib. Bacarığını ortaya
qoyub. Sonra mətbuat aləminə qayıdıb. Öz tərcümeyi-halında
yazdığı kimi 45 il rayon qəzetində ədəbi
işçi, şöbə müdiri, məhsul katib, redaktor
müavini, sonra da hökumət işlərində müxtəlif
vəziflərdə çalışıb. Hətta, bir dəfə
zarafatla mənə dedi ki, mənim görkəmimə,
yaşıma bir az diqqətlə bax, onda görərsən
ki, bu şair qardaşın direktor da olubdu. Təbii ki, mən
bu zarafatı həm ərk kimi, həm də şair səmimiyyəti
kimi qəbul etmişəm. Çünki Ələddin müəllim
başdan-ayağa söz adamıdı, aşiqidi. Onun
yerişi də, duruşu da mənə qocaman bir
palıdı, məclislər yola vermiş el sənətkarını
xatırladır. Hələ üstəlik də bu gözəl
insan çoxlu sayda kitabların müəllifi olmasına
baxmayaraq, heç vaxtı öz dəsti-xəttindən,
öz dünyasından qopub ayrılmır. Onun yeganə
üz tutduğu bir ünvan, sığındığı
bir qiblə var. O da Türk dünyasıdı.
Ələddin İncəli
Atlıtürkün son kitabı başdan-ayağa türkə,
türkçülüyə, turana inamla, sevgiylə doludur. Hər
vərəqdən bir türk boylanır, hər misrada bir
türk at çapır. Özü də kitabın adı da
son dərəcə ürəyə, dilə, könülə
yatandı. Ustad kitabını belə adlandırıb:
"Babam bu yurdu: Qoru bu yurdu". Bir neçə fəsildən
ibarət olan bu kitaba ön sözü millət vəkili,
AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Nizami Cəfərov
yazıbdı. Mən bu ön sözlə tanış olandan
sonra ustadın doğum təvəllüdünə istəklərini
dilə gətirməkdə bir az çətinlik çəkdim.
Çünki bu ön sözdə Ələddin müəllimin
yaradıcılığı bir alim qələmi ilə təqdim
edilmişdi. Amma sonra düşündüm ki, mənim də
özümə görə, düşüncələrim,
sözlərim var. Qoy mən də Ələddin müəllimə
könlümdən keçənləri
pıçıldayım. Və o istəklə də müəllifin
mənə hədiyyə etdiyi bu kitabı böyük həvəslə
və sevgiylə oxuyub başa çıxdım. Şair
yazır:
Zirvələri gah çənlidi,
Gah nərgizli, süsənlidi.
Demə dağlı-düzənlidi
Qarabağım bölünməzdi.
Bəli, onsuz da neçə
yüz ildir ki, Araz bizi bölübdür. Göyçəni,
Borçalını, Dərbəndi könül
sızıltısıyla misralara çeviririk. Bu yandan da
Qarabağ acısı. Şairnin niskili mənim
könlümün dərdi olduğundan bu şeirdə
vurğulanan BÖLÜNMƏZlik istəyi yenə ruhumu titrətdi,
yenə məni o yerlərə çəkib apardı. Və
elə o yerlərdə də Ələddin müəllimin
"Allaha şükürlər olsun" şeiri köməyimə
çatdı:
Allaha şükürlər olsun
Oyanır türküm-turanım
Günbəgün artıb çoxalır
Millətə arxa duranım!..
Çox sevindirici
haldır. Özü də bu təkcə şair sevinci deyil,
duyğusal insanların sevinci, bu həm də hər birimizin
sevincidi. Həmin sevinci də Ələddin müəllim
özünəməxsus şəkildə ifadə edibdi:
Qonşusu müxənnət olmayan xalqa
Həsəd aparıram, həsəd dünyada
Nə böhtan olaydı, nə şər olaydı
Nə də ki, bu fitnə-fəsad dünyada!
Hər kəsin arzusudu,
mən ürəklə deyirəm, cəsarətlə deyirəm
bu sözləri. Çünki insan övladı həmişə
xoş günlərin, mehribançılığın, səmimiyyətin
axtaranı, arayanı olub, onun üçün "sino"
gedibdi. Bu mənada şairin arzusu elə mənim də, sənin
də, elə hamımızın arzusudu. Təəssüf ki,
bizim bəxtimizə müxənnət qonşular
düşübdü. Özü də bu müxənnətləri
şair Dağlıq Qarabağda da müəllimlik edəndə
yaxından tanıyıb görüb. Ona görə də
türkə qayıdışı, kökə
qayıdışı o böyük bir istəklə,
böyük bir ümidlə təbliğ edir və yazır
ki:
Çox gördülər Şərqi bizə
(yəqin varmış fərqi bizə!)
Ay İncəli, şərqimizə,
Türkümüzə qayıdaq biz.
Həmişə təkrar
etdiyim və leksikonumda xüsusi yeri olan bir deyim indiki anda yenə
yadıma düşdü: "Türk özünə
qayıdanda böyük olur!". İndi Ələddin müəllimin
şeirlərini oxuduqca, bu qayıdışı necə təbliğ
etdiyini, onun tərənnümçüsünə
çevrildiyini açıq-aşkar görmək
mümkündür. İstər Atatürkə, istər Turqut
Özala, istər Tansu Çillərə, istər Süleyman
Dəmirələ, istər Cövhər Dudayevə, istər
Çanaqqala qəhrəmanlarına, istər Türk
dünyasının böyük söz xiridarlarına həsr
olunan şeirlərinin hər birində mən bu
qayıdışa çağırışı
gördüm:
İstərəm bayrağı türkün
Ulduza-Hilala çata
Gül aça torpağı türkün
Hər cahi-cəlala çata!..
Və yaxud:
Haqq işi düşüb düyünə
Bağışla böyüklüyünə
Qayıtsın türk, türklüyünə
Türkü var eylə, ey Tanrı!..
80 yaşını doğulduğu
eldə öz əli ilə özü üçün
qurduğu evdə özünəməxsus şəkildə
qeyd edən Ələddin İncəli Atlıtürk bu
gün bircə arzuyla, bircə istəklə yaşayır. O
da torpaqlarımızın bütövlüyü,
türkün özünə dönüşüdü. O
türk dünyasının, turan ellərinin minilliklərdən
gələn böyüklüyünün,
bütövlüyünün azarkeşi, təbliğatçısıdır.
İlhamı da bundan alır, sabaha da bu ümidlərlə
baxır. Və mən də ustad şairə 80 yaşında
özünün dediyi kimi hansısa ictimai təşkilatdan,
hansısa məmurdan inciyib küsmədən,
ömrünün növbəti illərini ilhamlı, arzulu və
gümrah yaşamasını arzu edirəm. Onun ilham atı
yüyürək, ilham pəriləri bir-birindən
növcavan olsun. Ustad da elə o adda, o pərilərin
qanadları altında gəzsin böyük Turan ellərini.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2010.- 7 may.- S. 7.