İÇİMİ SƏRDİM
KÜLƏYƏ
Bu qış mənə sitəm olub,
İçimi sərdim küləyə.
Gözüm islanıb, nəm olub.
İçimi sərdim küləyə.
Çıxarıb asdım bezini,
Günəş qızdırsın üzünü,
Toparladım mən özümü
İçimi sərdim küləyə.
Başqa cür yoxdur yozumu,
Çəkdim içimin nazını.
Külək aparsın tozunu,
İçimi sərdim küləyə.
Qoy gözümün qəmi getsin,
Qoy dərdimin
dəmi getsin,
Qoy içimin
nəmi getsin,
İçimi sərdim küləyə.
SƏNİ MƏNƏ QOŞDULAR
Nə sən
məni görmüşdün,
Nə mən
səni sevmişdim.
Nə sənə
elçi gəldilər,
nə də mən
elçi göndərmişdim.
Səni mənə
vermədilər
əslində,
səni mənə
almadılar
əslində,
səni mənə
qoşdular,
müqavilə ilə
şərt ilə.
müqavilənin
başlanması
nişan üzüyü.
İcrası
toy günü.
Evlilik
ömürlük həbs.
Ayırılıq
bəraət almaq.
SƏNƏ
SAXLAYACAM ƏKSİNİ
Sən yoxsan,
heç olmayacaqsan,
sənin əksin
qalıb
gözlərimdə.
Başqa heç
nəyin,
Səni görmək
üçün
Hər gün gözlərimi
Güzgüyə dikirəm
Səndən bir işartı
tapmaq üçün.
Üstünü toz basmış
şəkil kimi,
hər gün gözlərimi
silirəm,
gözlərimdən əksini
sənə saxlayacam,
sən yoxsan deyə.
Qalib Şəfahət
Ədalət.- 2010.- 14 may.- S. 7.