"Ağabala son
nəfəsində də səsinə xəyanət
etmədi"
Tanınmış xanəndə və Seyid
Şuşinskinin tələbəsi Təvəkkül Musayev
belə dedi
Azərbaycan
muğam sənətində böyük sənətkarlar
və xanəndələr çox olub. Onların hər biri
ifa etdiyi özünəməxsus muğamları ilə yadda
qalıblar və ürəklərdə əbədi iz
qoyublar. Belələrindən biri də böyük
xanəndə və "Zabul segah"-ın təkrarsız
ifaçısı Ağabala Abdullayevdir. May ayının
sonunda xanəndənin 100 yaşı tamam olacaq. O
dünyasını dəyişsə də Ağabala
Abdullayevin ifa etdiyi muğam bu gün çoxlarının
yadında qalıb. Elə biz də Ağabala
Abdullayevi yaxından tanıyan, sənətinə və
ifasına yüksək qiymət verən, 50 ilə yaxın
musiqi məktəbində muğamın sirlərini
gənclərə öyrədən xanəndə
Təvəkkül Musayevlə onun barəsində
söhbət eləyəcəyik.
- Təvəkkül müəllim, Azərbaycan xalq
musiqisinin ifaçıları arasında muğamları
gözəl oxuyan xanəndələrimiz çox olub. Amma bunların
hər biri hər hansı mahnını və muğamı
ifa edəndə öz izlərini qoyub,
gəzişmələrini ediblər...
- Muğam elə bir
dəryadır ki, hər hansı bir sənət adamı
və uzun müddət muğam oxuyan xanəndə deyə
bilməz ki, mən muğamı gözəl bilirəm. Mənim
və eləcə də İslam Rzayevin, Zeynəb
Xanlarovanın, Əlibaba Məmmədovun, Sabir Mirzəyevin
müəllimi olmuş Seyid Şuşinski bizə çox
şeyi öyrədib və həmişə də o rəhmətlik
deyib ki, muğam sirli bir aləmdir. O sirlərin heç də
hamısına insan yiyələnə bilməz.
- Sizin sözünüzdə
həqiqət çoxdur. Ancaq o da sirr deyil ki, elə
xanəndələr var ki, bütün muğamları ifa
eləməsə də, oxuduqları bir muğamla yadda
qalıblar. Məsələn, Ağabala Abdullayev kimi...
- Elə sənətkarlar var
ki, onlar dünyasını dəyişsə də, amma bu
insanların ifa etdiyi xalq musiqiləri və muğamları
onlara yenidən ömür verir. Mən Ağabala
Abdullayevi çox yaxından tanımışam. Birincisi, o
kişi mənim yerlim olub. Yəni Füzulinin havasını
udan, suyunu içən və torpağında gəzən xanəndənin
də səsi elə-belə şirin olmalıdır.
- Deyirlər, Ağabala Abdullayev bir ağız muğam
oxuyan kimi toyda çoxlarının gözü dolurmuş...
- Ağabalanın səsinin şirinliyinə və məlahətinə söz olmayıb. Bunu tək mən yox, onu tanıyan böyük sənətkarlar da deyiblər. O yeganə xanəndə olub ki, məclisdə oxuyanda həm adamları ağladıb, həm də güldürüb. Elə bir dəfə "Uy-uy-uy" eləyəndə çoxlarının gözü dolub və ağlayıb. Amma sonradan o böyük sənətkar elə gəzişmələr və elə boğazlar eləyib ki, insanların gözlərindəki göz yaşı gülüşə çevrilib.
-
Xanəndə var ki, ancaq ya orta səsdə, ya da aşağı səsdə oxuya bilib. Daha doğrusu,
elə xanəndələr olub ki, onların zil səsi
olmayıb. Amma zil səsi olmasa da aşağı səsdə
də bir balaca boğazla gözəl mahnılar, muğamlar
ifa edib.
- Allah-Təala heç
də hər sənətkara və xanəndəyə zil
səs vermir. Ancaq Ağabala Abdullayev həm zildə,
həm orta səsdə, həm də pəsdə gözəl
oxuyub. Rəhmətlik o qədər gözəl oxuyardı ki,
onun apardığı toyda milçək uçsa səsi
eşidilərdi.
- Yəqin o vaxtki toylar indiki kimi olmayıb. Yəni indiki
toylarda ağız deyəni, qulaq eşitmir. Və hətta
toyda ən tanınmış müğənni və
xanəndə oxuyanda belə çoxları ona qulaq asmaq
istəmir...
- O vaxtlar belə deyildi.
Birincisi, Ağabalanı o adam toya
aparırdı ki, onlar muğam üçün və
Ağabalının səsi üçün
ölürdülər. Daha doğrusu, o adamlar
muğamı çox yaxşı bilirdilər. Ona görə də rəhmətlik Ağabala
ağzını açan və bir ağız muğam oxuyan
kimi, məclisdəki bütün adamların diqqəti ona
dikilirdi.
- Eşitdiyimizə görə, Ağabala Abdullayevlə
siz də bir neçə toy məclisində olmusunuz. Hətta o oxuyandan sonra əlinizə qaval almağa
və oxumağa çəkinmisiniz?
- Füzulidə
rəhmətlik Şamama Həsənovanın
uşaqlarından birinin toyu idi. Onda həmin toyu
Ağabala Abdullayev aparırdı. Mən
də orda idim. Ağabala məni yanına
çağırıb qavalı əlimə verdi
və sonra da dedi ki, sıxılıb, eləmə. Sənin bal kimi şirin səsin var. Mən də bundan
ürəklənib qavalı əlimə
götürərək bir muğam oxudum. Onda
mən Bakıda işləyirdim. Amma
yadımda qalan o oldu ki, Ağabala Abdullayev məni ürəkləndirməsəydi,
bəlkə də o toyda yaxşı oxuya bilməzdim.
- Amma indi görürsən
ki, bəzən istedadlı adamları daha təcrübəli
sənətkarlar sıxışdırırlar...
- Başqalarını
deyə bilmərəm. Mənim özüm 50
ildir ki, musiqi məktəbində gənclərə
muğamın sirlərini öyrədirəm. Və həmişə də
çalışmışam ki, onları ruhlandıram. Amma yetişdirdiyim tələbələr ad-san
qazanandan sonra məni yaddan çıxarıblar.
- Təki Allahın yadından
çıxmayasınız. Çünki
biz bu gün Ağabala Abdullayevlə əlaqədar sizinlə
söhbət eləyirik. Eşitdiyimə görə, bir
dəfə Filarmoniyada Ağabala Abdullayevin konserti
təşkil edilib. Biletlərin hamısı satılıb, o
isə gəlmək istəməyib...
- Mən həmin günü
təsadüfən Azərbaycan Dövlət Filarmoniyasına
getmişdim. Filarmoniyanın işçisi Əsəd kişi təəccüblə
üstümə yüyürərək dedi ki, bəs
Ağabala xəstələnib, gəlmək istəmir. O da
gəlməsə biz camaatın qabağına hansı
üzlə çıxacağıq. Əsəd
müəllim Ağabala Abdullayevlə telefon əlaqəsi
yaratdı və dəstəyi mənə verdi,
mən də onunla telefonla danışdım və
gələ bilməməsinin səbəbini soruşdum. Dedi
ki, bir balaca özümü pis hiss eləyirəm. Ona telefonda ürək-dirək verdim. Dedim, hamımız səni gözləyirik. Səhər açıldı, Ağabala Abdullayev
Filarmoniyaya gəldi və möhtəşəm bir konsert
alındı. Sonra da dedi ki, siz olmasaydınız belə
ürəklə tamaşaçıların qabağına
çıxa bilməzdim.
- Səhv eləmiriksə, Ağabala Abdullayev Füzuli
Dram Teatrında vaxtı ilə Məcnun rolunun
ifaçısı olub?
- Axı bayaq dedim. Ağabala rəhmətliyin həm zil, həm bəm,
həm də orta səsi olub. Məcnunu da
çox gözəl oynayırdı. Sonra
da Kərəmi oynadı. Bu 1960-61-ci
illərə təsadüf olunurdu. Özü
də Məcnunu elə gözəl oynayırdı ki,
hətta bu Rübabə Muradovanın da xoşuna
gəlmişdi. Rübabə Muradova dedi ki, Ağabala
Abdullayev Bakıya gəlsə, elə bir yerdə "Leyli
və Məcnun"u oynayarıq.
- "Qarabağ xanəndələri" ilə
bağlı albomda Ağabala Abdullayevin adına
rast gəlmədik. Sanki bu sənətkarın
heç vaxt bəxti gətirməyib. Yəni bu
qədər kamil muğam ifaçısının fəxri
adı olmayıb və eyni zamanda "Qarabağ
xanəndələri" albomuna da onun adı
düşməyib...
- O albomu hazırlamağa
başlayanda bir xanəndə kimi məndən də
Qarabağ xanəndələri ilə bağlı söz
soruşdular. Mən də o vaxt soruşanlara Ağabala
Abdullayevin böyük muğam ifaçısı və
xanəndə olduğunu dedim. Amma sonradan onun
adını "Qarabağ xanəndələri" albomunda
görməyəndə məyus oldum.
- Ağabala Abdullayev xəstə
olanda bir neçə dəfə ona baş çəkmisiniz. Hətta bir hədiyə də vermisiniz.
Sir deyilsə, verdiyiniz o hədiyyə nə idi elə?
- Bir dəfə məni
Bakıda 6-cı kalonda məhbuslar qarşısında konsert
verməyə dəvət eləmişdilər. Orda türmədə olanlar konsertdən sonra
mənə üstündə əl işləri və
gözəl naxışlar olan əsa
bağışladılar. Bu əsanı
bağışlayanda elə yadıma sənətkar
düşdü. Gedəndə
gördüm ki, yeriməkdə çətinlik
çəkir, mən də o əsanı kişiyə
bağışladım. Dedim ki, heç buna sənin
ehtiyacın olmasın, hədiyyə kimi saxla. O da güldü
və dedi ki, bu çətin gündə məni yada
salmağın ən böyük hədiyyədi və sən
də heç vaxt Allahın yadından çıxmayasan.
- Təvəkkül müəllim, onu da deyirlər ki,
Ağabala Abdullayev öz səsini qoruyan
xanəndələrdən biri olub. Yəni 50 il
o səsinin nazı ilə oynayıb...
- Elə ona görə
də həmişə oxuya bilib. Bir də
görürdün ki, o vaxtlar bir xanəndə
üç-dörd toya getdi və səsini
qorumadığına görə sonra da səsi batdı.
Ya da toyda olanda oxumurdu ey, elə toyu xaric
eləyə-eləyə yola verirdi. Amma
Ağabalının səsi həmişə
pərdəyə oturub və şirin olub.
- Xanəndələrin bir çoxu deyir ki, Ağabala
Abdullayev ömrü boyu soyuq su içməyib. Onu tanıyan
bir adam kimi, deyilən bu fikirlə
razısınız, ya yox?!
- O heç vaxt nəinki
soyuq su, heç soyuq bir yemək də dilinə vurmayıb ki,
səsinə xələl gələ bilər. Ölümünə
bir neçə gün qalmış ürəyi soyuq su
istəyib. Uşaqlarına deyib ki,
"Çinar bulağ"ından mənə bir dolça
su gətirin. Uşaqlar da "Çinar
bulağ"ının bumbuz suyundan bir dolça suyu
gətirib qoyublar onun qabağına. Hamı da
məəttəl qalıb ki, ömrü boyu bir qurtum soyuq su
içməyən adam bu bir dolça buz
kimi bulağın suyunu necə içəcək. Ağabala Abdullayev çox əzgin və taqətsiz
halda əllərini buz kimi içi dolu su dolçasına
yaxınlaşdırır və əlləri ilə su
dolçasını sıxıb "oxay" deyir. Və sonra da bildirir ki, mən hər şeyi hiss
etdim. O suyu içməyə ehtiyac yoxdur. Bax
o böyük sənətkar ömrünün son
nəfəsində də səsinə xəyanət
etməyib.
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2010.- 14 may.- S. 8.