SEÇİLMİŞ
Əslində bizim
hamımızın dəqiq bildiyimiz bir həqiqət var ki, nə
qədər öyrənməyə çalışsaq da,
elmi ixtiralardan bəhrələnsək də, Aya uçsaq da,
okeanların dibinə enməyə cəhd eləsək də,
biz həyatın yaranması, insan övladının bu
günə qədər keçdiyi yol, dünyanın sirləri
haqqında dəqiq heç nə bilmirik. Nə qədər
oxusaq da, axtardığımız çox suallara cavab tapa
bilmirik. Din kitabları bir söz deyir, elm kitabları başqa
söz, nəyə inanacağımızı müəyyən
eləmək çətindir. Elmi nəzəriyyələrəmi,
dini ehkamlaramı? Öz adımdan danışım -
yaşım artdıqca cavab tapa bilmədiyim sualların
sayı artır. Amma din kitablarında inandığım bir
fikir var - "Elə hikmətlər var ki, onların
dalınca getməyin, çünki sirri Xudadır".
***
Yəqin elə buna görə
də izah eləmək olmur. Allah hamını bərabər
yaradıbsa niyə irqlərə, millətlərə
ayırıb? Niyə bu irqlərin bəziləri elə
yarandığı ilk dövrlərin bəsitliyi ilə bu
gün də mövcudluğunu davam etdirir? Niyə digərləri
kosmosdakı evlərinin illüminatorundan Afrika cəngəlliklərindəki
insan övladlarının tonqalətrafı rəqslərinə
tamaşa edir? Onların insan olduğuna kimsə şübhə
eləmir. Amma yuxarıda onlara baxanlar da insandır. Niyə belə
fərqlənirlər?
***
Mən həmişə
böyük hərb tarixi, böyük dövlətçilik
tarixi olan millətlərə, xalqlara qibtə hissi ilə
baxmışam. Yəqin bu da Tanrının sirrlərindən
biridir ki, dünyanı silkələyən türk
boylarının bir qolu olsaq da, nə dövlətimiz olub, nə
də ordumuz. Təbii ki, mən ayrı-ayrı
qalaların içinə sığınıb bir-birini
qıran balaca xanlarımızı da, onların dəstələrini
də nə dövlət, nə də ordu təsnifatına
aid eləyə bilmirəm. Bu balaca dəstələr və
balaca xanlar qoşun-ləşkər çəkib ancaq
bir-birini qırmaqla, bir-birinin qanını içməklə
məşğul idilər. Etiraf eləmək lazımdır
ki, bizim heç zaman böyük imperiya tariximiz olmayıb,
Atilla, Çingiz xan, Əmir Teymur, Sultan Süleymanımız
olmayıb.
***
20-ci əsr öz
böyük təbəddülatları ilə bizi də
yerimizdən tərpətdi. Biz də millət olaraq bu
böyük dünyanın içində öz yerimiz
haqqında düşünməyə başladıq. Ən
azından düşünməyə başladıq.
Düşüncə tarixinin yaranması başqa tarixlərin
də yaranmasına təkan verdi. Və 1918-ci ildə
cümhuriyyətin elan olunması azacıq da olsa, bu millətin
içində ruh oyanışının
başlanğıcı idi. Daim əsarət altında
yaşayan millət azadlığın, öz
torpağının ağası olmaq duyğusunun dadına
baxmaq istədi. O vaxt bu alınmadı. Səbəblər
çox idi, sadalamaq istəmirəm. Dövlətin,
bayrağın nə olduğunu bilməyənlər birdən-birə
anlamadığı qavramlardan irəli gələcək
qanunları da həzm eləyə bilməyəcəkdi. Vaxt o
vaxt deyildi.
***
Sonra yenə sarısaç,
göygöz hakimlər gəldi və onlarla bərabər
yeni ədalar, yeni hökmlər gəldi. Yalnız və
yalnız 30-cu ildən sonra Azərbaycan adlanan bu kiçicik məmləkətin
başında bu xalqla öz dilində danışa bilən,
xalqın nə ilə nəfəs aldığını
anlaya bilən bir şəxs - Mircəfər Bağırov
durmağa başladı. Ziddiyyətli, mürəkkəb,
ancaq yenə də özümüzdən olan birisi. Hər bir
şəxsə zamanın və məkanın rakursundan qiymət
vermək lazımdır. Tarixin bütün rəngləri ilə.
20 il Azərbaycana hakimlik eləmiş bu şəxsə
münasibət birmənalı deyil. Mən çox adamlar
tanıyırdım ki, onu fanatikcəsinə sevirdilər.
Ancaq ona nifrət edənlər də var idi. İnsanlar öz
yaşadıqları dövrə bənzəyirlər. Kimisə
dəyərləndirəndə bunları nəzərə
almaq lazımdır. Ancaq bu bir həqiqətdir ki, uzun müddət
hakimiyyətdə qalmaq üçün insanın
böyük bacarıq və qabiliyyəti olmalıdır. Yeri
gələndə zalımlıq da eləməlidi,
hökmünü də yeritməlidi, rəhmdillik, adillik də
etməlidi. Hakimiyyət budur.
***
Bizim yeni, yaxın tariximizin
qısa fasilə ilə ən uzunmüddətli hakimiyyəti
Onun əlində olmuşdu - Heydər Əliyevin. Təbii
ki, haqqında bu qədər təriflər deyilmiş, -
içində səmimisi və umacaqlısı olmaqla, bir
şəxs haqqında nəsə bir söz demək çətindir.
Cəhd eləyək.
***
Sadə, orta hallı bir ailənin
övladı olub əyalət şəhərciyindən böyük
Kremlə, siyasi olimpə yüksələn bir yol
keçmişdi. Əslində O, bir az da sovet hakimiyyətinin
övladı idi. Çünki o dövrdə fəhlə
oğlunun müxtəlif vəzifə pillələri ilə
qalxması mümkün sayılırdı. Sadəcə ZƏKA, BACARIQ və QABİLİYYƏT olmaq şərti ilə.
Əsas məsələ də elə bu idi. ZƏKA! Onu hamıdan fərqləndirən.
Düzdür, xarici görkəmi də hər kəsə bənzəmirdi.
Hər zaman hər yerdə diqqəti öz üstünə
çəkməyi bacaran bu hündürboy, alagöz
yaraşıqlı oğlanın içindəki istedadlardan
biri də bu idi. Və bu istedad Ona dövlətçiliyi
olmayan bir xalqın bəlkə min ildir içində
qalmış arzularını reallaşdırmaq imkanı
yaratdı. İndi kənardan baxıb çox hadisələrə
fərqli şərh vermək olar. Ancaq etiraf eləməyi də
bacarmaq lazımdır ki, hər zaman zamanın gedişini dəyişməyi,
hadisələri idarə etməyi, yönəltməyi
yalnız və yalnız O bacarırdı. Ona görə də
az vaxt ərzində 2 dəfə ölkənin birinci şəxsi
olmağı bacarmışdı. Birinci olmaq hər oğulun
hünəri deyil. Biz bunu yaxın tariximizdə yaşadıq.
Balaca bir ailəni doğru-düzgün idarə eləmək
çətin olur. O ki ola Azərbaycan kimi qarışıq,
mürəkkəb və təzadlı məmləkəti idarə
eləmək. Bura qəribə bir yerdi. Burada müxtəlif
psixologiyalar toqquşur. Əsarətin yaratdığı hiylə,
məkr, qul düşüncəsi türk etnosunun qan
yaddaşı ilə gələn iddialarla üz-üzə gəlir.
Çətinə düşəndə təzim eləyənlər,
ikiqat olmağı bacaranlar bir az artıran kimi padşahlıq
umusunda olurlar. Bütün bu adamların ipini yığıb
hər kəsə yerini göstərmək
bacarığını da Allah hər kəsə vermir. Zahiri
parıltılarıyla bərabər hakimiyyət həm də
ağır bir yükdür. Bu yükü
daşımağı da hər kəs bacarmır.
Milyonların həyatının məsuliyyəti, bu məsuliyyətdən
irəli gələn vəzifələri də icra eləməyi
hər kəs bacarmır.
***
Mən dedim ki, biz bir
çox böyük xalqlardan fərqli olaraq dövlət,
dövlət atributlarından məhrum olmuşuq. Hökmdarlar
da dövlətin rəmzidir. Başqa xalqların 300-500 il əvvəl
qışqırdıqları "Yaşasın kral!",
"Padşahım, çox yaşa!" ifadələri bizə
doğma olmayıb. Biz yadelli ağaların
qarşısında əyilməyə məcbur olmuşuq. Ona
görə də kimsəni qınamaq olmaz. Xalq içində
qalan hissləri yönəldəcək şəxs
axtarışındaydı və tapdı - HEYDƏR ƏLİYEV!
Mənə qalsa
düşünürəm ki, Allahın tərifli
yaratdığının heç bir əlavə mədhə
ehtiyacı yoxdur. Və mən əminəm ki, Ona
yaxınlaşıb şer oxuyanların, fəxriyyə deyənlərin
nə məqsəd daşıdığını O hər kəsdən
yaxşı anlayırdı. O, adamların hər sifətini
görmüşdü. Vəzifədən gedəndə
bütün bunlar üçün şərait
yaranmışdı. Hansı canlılar üçün,
kimliyin yox, nəçiliyin önəmli olduğunu çox
gözəl bilirdi, hər kəsin dilini də bilirdi, kimin nəylə
sakitləşəcəyini də bilirdi. Bilirdi. Bilib
susduğu hikmətlər də çox idi. Hakimlər də
insan övladıdı - ətdən, qandan, sümükdən.
Onların da öz dərd-səri, ağrıları olur - nə
qədər gizlətməyə çalışsalar da. Hər
kəs də öz şikayəti, harayı, fəryadı ilə
onlara müraciət edir. Gör onların çəkəcəyi
nə qədərdir. Hələ üstəlik bunları
heç kimə demək mümkün deyilsə, ürəyini
boşaltmağa adam tapmırsansa...
Hakimiyyət
çox ağır yükdür. Hər zaman şübhə
içində dinlədiklərin haqqında düşünməlisən.
Kim səmimi danışır, kimin söylədiklərinin
arxasında nə durur. HÖKMDARLARIN
ƏN BÖYÜK EHTİYACI SƏMİMİYYƏT VƏ
SEVGİDİR, çünki yaltaqlar xorunun içində
həqiqi sözü seçib ayırmaq da müşkül məsələdi.
Mən bilmirəm O, gündəlik yazırdımı, xatirələrini
kiməsə danışırdımı. Əgər
yazıbsa, oxumaq istərdim. BİZDƏN
QAT-QAT AĞILLI OLAN, NEÇƏ BAŞ YUXARIDA DURAN, UZUN VƏ
KEŞMƏKEŞLİ YOL KEÇMİŞ BU AĞSAQQALIN
ADİ İNSAN QAYĞILARINI, AĞRILARINI ÖYRƏNMƏK
İSTƏRDİM. Sonuncu müsahibələrindən
birində jurnalistə "siyasətdən yox, sevgidən, məhəbbətdən
danışaq" deyən siyasətçinin içində
apardıqları nə idi? Hamının gözünün
içinə baxıb qəlbinin dərinliklərinə
nüfuz edə bilən bu şəxsin öz qəlbindəki
duyğular nə idi? Və hər zaman
düşündüyüm bir sual da var - niyə bir
xalqın, bir millətin, bir tayfanın, hətta bir ailənin
içində də bir fərd digərlərindən tamamilə
fərqlənir, seçilir? Və seçilmiş olmaq
asandırmı? Və bu fərqlənmənin bədəli nədir?
İradə TUNCAY
Ədalət.- 2010.- 8 may.- S. 3.