RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL RZA HAQQINDA – 4

 

RƏSUL RZA -100

 

QARA QARAYEV  MƏKTƏBİ VARSA RƏSUL RZA

  

MƏKTƏBİ DƏ VAR...

 

Uzaq... uzaq illərin birində böyük şairimiz Rəsul Rza haqqında heç bir yanda çap etdirə bilmədiyim bir məqalədə yazmışdım: "Əllinici illərdə və bundan sonra ədəbiyyata gələn ədəbi nəslin bir çoxunun bəxti onda gətirdi ki, onların taleyinə Rəsul Rza kimi bir şair havadar oldu. Bu sözün həm fiziki mənasında, həm də mənəvi mənasında. Maraqlıdır indinin özündə də Rəsul Rza barədə yazanda "onun məktəbi" ifadəsini yazmaqdan qorxurlar. Ancaq bu ifadəni biz tənqidimiz üçün, ədəbiyyatşünaslığımız üçün doğma-laşdırmalıyıq. Bu sözdən, onun həqiqi silqətindən çəkinməməliyik. Qorxmamalıyıq. Necə ki, musiqişunaslar çox böyük ürəklə, səxavətlə, inadkarlıqla, layiqincəsinə "Qara Qarayev məktəbi" deyirlər.

"Qara Qarayev məktəbi" bizim musiqimizdə var.

Bu danılmazdır.

Və eyni hüquqla, eyni inadkarlıqla, eyni səxavətlə, açıq ürəklə biz Rəsul Rza məktəbi deməliyik. Əgər sinəmizdə ürək döyünürsə, deməliyik.

Bu danılmaz həqiqətdir!"

Bir şeyi boynuma alım ki, mən həmişə ədəbi və musiqi aləmində paralellik gəzəndə, müqayisə aparanda belə qənaətə gəlmişəm: Rəsul Rzanın əllinci illərdən sonrakı yaradıcılığı ədəbiyyatda hansı mənanı kəsb eləyibsə, hansı rolu oynayıbsa, Qarayev musiqisi də bütünlüklə bəstəkarlıq da o deməkdir. Və yaxud əksinə. Və hətta mən bu iki sənətkarın özlərindən sonra gələn nəslin həyatında Şəxsiyyət kimi tutduğu mövqeləri də eyni səviyyəli hesab eləyirəm. Bu şəxsiyyətlərin hər ikisi neçə-neçə gəncin taleyində həqiqi mənada "ata", "üz tutulan insan", "kömək ümüdi gözlənilən" adamlar olublar.

Hər ikisi yüksək zövqlü şəxsiyyətlər idi.

Hər ikisi əsil Azərbaycan ziyalısı idi.

Hər ikisi kökə bağlı, milli ənənəyə bağlı, bayatılardan gözləri dolan, ağılardan ağlayan, əsl dost itkisindən əziyyət çəkən insanlar idilər.

 

RƏSUL RZA ŞEİRLƏRİ TÜRKİYƏDƏ...

 

Azərbaycanın görkəmli şairi Rəsul Rza dünya xalqlarının dilinə tərcümə olunan şairlərdən biridir.

Rəsul Rzanın şeirləri Kanada da çap olunmuş (mən bunu xüsusi olaraq vurğulayıram, ona görə ki, bir azdan da oxuyacağınız kimi Kanadada şeir bir o qədər sevilməz) dünyaca tanınmış çex şairi İrje Taufer tərəfindən tərcümə olunaraq,çex dilində yayınlanmış və Sovetlərdə yaşayan bir çox millətin dilində də bu şairin şeirləri oxunmaqdadır.

Bilmirəm, mənim bu xəbəri yazdığımdan qabaqlar Rəsul Rza şeiri toplu halında,yəni kitab şəklində türkcəyə çevirilib ya çevirilməyib, amma mən bilidiyim budur ki, çox şükürlər olsun,belə bir böyük şairin şeirləri onun canı qədər sevdiyi türk dilinə vəya belə deyək Türkiyə türkcəsinə də tanıdıldı.

Rəsul Rza Sovetlerin burum-burum vaxtında, hələ qlavlitin meydan oxuduğu və türk şairlərinin Azərbaycanda demək olar ki, yasaq olunduğu illərdə heç kimsəyə boyun əymədən onların şeirlərini azəri türkcəsinə cevirən bir sənətkardır. Azərbaycanın bir çox şair və ziyalısının Türkiyəyə qarşı sevgisinin oyanmasında Rəsul Rzanın xidmətləri əvəzsizdir və çox zaman da həyatı bahasına başa gəlmişdir bir çox şeylər. Bu gün bunları beləcə söyləmək bir mahnı oxumaq kimi bir şeydi. Amma, illər öncəsi belə şeyləri eləmək bir qəhrəmanlıq kimi dəyərləndirilirdi və Rəsul Rza da heç kəsdən mükafat gözləmədən bunu eləyirdi.

O illərin şərtlərində belə şeyləri eləmək hər adama nəsib olmurdu. Rəsul Rza vətəni Azərbaycanda ölümündən sonra da gənclik və ədəbiyyatı dəyərləndirən adamlar tərəfindən son dərəcə böyük hörmətlə sevilən bir şairdir və ziyalıdır sözün həqiqi mənasında.

Yenə də təkrar edirəm: mənim bildiyimə görə gec də olsa, belə bir gözəl addım atılmış və özünün görə bilmədiyi bir gerçək həyata keçirilmişdir

Rəsul Rzanın şeirlərini Türkiyə türkcəsinə çevirmək bir o qədər də zorluq tələb eləmir. Çünki Rəsul Rza elə azəri türkcəsində yazanda sanki öztürkcədə yazırdı və onun şeirlərinin çevirilməsi məncə bir o qədər də çətin deyil.

Türkiyədə çap olunan kitabda belə bir ön söz var. Bu fikirlər bizim oxucular üçün tam bəlli olsa da, mən bu sözləri bizim türkcəyə çevirmədən oxuculara çatdırmaq istəyirəm.

Ön sözdə yazılır": Rəsul Riza"nın şiirleri insan severlik emelinde bizim bakımdan fütürist və muhteva bakımından toplum çizgisindədir. Dili oldukça zenqin və varlıklıdır. Önceki şairlerin dilinə göre, kavram, ses və mana bakımından önemli ayrılıklar taşır. Azeri şiirine kısa və besit görünüm kazandırdı. Resul Rıza"nın şiirlerinde vezin, kafiye ve belirlənmiş diger kurallara yer vermemsi çok tartışıldı... "

Kitabda bizə məlum olan bu fikirlərə yer verən tərcüməçi dünyaca tanınmış bir çox sənətkarın da sözlərinə yer vərmişdir.

Onlardan bir neçəsi:

Çingiz Aytmatov":Aziz Resul Hoca, dönemimzin en fazla sayğı duyduğu şairlerdən birisiniz, ilham dolu düşünceler ve imgeleriniz için sağolun"

Kara Karayev(Azeri bestekar)":Resul Riza eserləri köhnelik korkusunu taşımayan sanatçılardandır. Hergün dündən daha iyi ve varlıklı. "

Dizon Karter (Kanada)":Kanadada şiir az okunur. Şiir kitabları seyrek durumlarda yeni baskılar yapar. Oysa Resul Rizanın şiirləri gərək Kanadada, gərək Amerikada onbinlərcə okurla buluştu. "

Bu ifadələrdən də anlaşıldığı kimi Rəsul Rza şeirin yeni, təkrarsiz bir ismi olaraq yaşadı. Yenilikci və təkararsız idi. Rəsul Rza güclü bir şair olaraq şeir dilini danışıq dilinə yaxınlaşdırmağı bacarmışdı. Bu heç də şeirin klassik dəyərini düşürmək kimi anlaşılmamalıdır.

Rəsul Rza yaşadığı illərin bütününü mübarizə və təlaşda keçirmiş, ən vacibi isə bir xarakter olaraq heç zaman əyilməmiş və dönməmişdir. Azərbaycanda aydın bir cəmiyətin yetişməsində böyük və əvəzsiz xidmətləri olan bu şair, nə yazıq ki, heç rahat olmadı ölənə qədər.

Türkcə səslənən Rəsul Rza şeirlərindən birindən örnək:

 

Ben yolcuyum

Ben yoldayım

Od ne çəkti

Küle sorun

Hangi şiirim

Bendən sonar

Yaşayacak

Ben bilemem

Halka sorun...

 

Qənatimizə görə bu sətirlər Rəsul Rzanın ən sıxıntılı günlərində yazılmış sətirlərdəndir. Heç zaman rahatlıq nə olduğunu bilməyən bu şair,ölümündən sonra yaşaya biləcəyini bildiyi halda belə, yenə də üzünü öz xalqına tutur.

Belə yazır tərcüməçi :

"O dünün kızıllığını yarınlarda aydınlığa devşirmekle uğraşıyordu... "

 

Türkcəsi "Ortadoğu" qəzeti 7 fevral 1995

 

 

RƏSUL RZA HAQQINDA ŞEİRLƏRİM

 

Haçandı şeirimizdə

sakitlikdi,

sükutdu.

Sənsiz mübarizə yox,

bizi şeirin yolunda

sənsizliyin qorxutdu.

Durğun gölə bənzəyir

şeirimizin bu günü.

Ha ətir səp, gül tulla,

heç nə dəyişə bilməz

bugünkü yoxluğunu.

Saya-saya yazılar

saya ağıldan gəlir.

Bu sayalıq içindən bəstə boyun yüksəlir.

Bütün ömrün boyunca

sən kimlərə yarındın,

kimlər sənə yarındı?

Sənsiz "yetim şeirlər"

Sənsiz "yetim şairlər"

kəlmələri yarandı.

 

***

 

Neçə-neçə şeir yazdılar ölümünə,

hələ neçəsini yazacaqlar.

Sənə şeir yazanlardan çoxu

sənin şeirini

özgələrinin yanında

tərsinə yozacaqlar.

 

1984

 

***

 

Uzun ayrılıqdan sonar

bülbüllər cəh-cəh vurur şeirimizdə.

Bir vəznli,

bir rəngli

şeirlər səslənir

xeyrimizdə, şərimizdə.

hər şey "keçən ilki..., keçən, keçən ilki...,

keçən, keçən, keçən ilki..."

kimidir.

İçimdə dəli bir fəryad,

Nə olacaq axırımız, ustad?!

 

1984

 

***

 

Əllərində qələm

necə də hazır imiş

ölümünə şeir yazanlar.

Sənin kişi ömrünü

min yerə yozanlar.

Başa düşə bilmirəm-

tabutunun başında

üzünə oxuyurdular

ölümün boyalı şeiri.

Mənə elə gəlir ki,

onlar.... ölüydü

Sənsə dipdiri.

 

1984

  

SON

 

 

ONLAR NƏ DEDİLƏR

 

ORXAN ARAS

 

(Almaniya)

 

Türkiyədə tələbəykən Türk Ədəbiyyatı dərgisinə abunə idik.O dərgidə zaman-zaman Azərbaycan ədəbiyyatından örnəklər verilirdi. Bəxtiyar Vahabzadəni, Məmməd Aslanı ilk dəfə o dərgidə oxumuşduq.O sıralar sərbəst şeirə bir o qədər sevgi ilə baxmazdıq. Çünki Yahya Kemal, Mehmet Akif, Necip Fazıl kimi gənç tələbələrin örnək aldıqları şairləri sevir və onların şeirlərini əzbərləyərək toplantılarda oxuyurduq. Sərbəst şeirə biganə olmamızın bəlkə də ən böyük nədəni, o dönəmlərdə dövlət tərəfindən sürəkli tənqid olunan Nazim Hikmətin sərbəst və ideloji şeirləriydi. Halbuki onun fikrinin qarşısında olan Sezai Karakoç da sərbəst şeir yazırdı, amma biz onu da çox sevgi ilə oxumurduq.

Bir gün Türk Ədəbiyyatı dərgisində Rəsul Rzanın da bir şeiri yayınlandı. İndi hansı şeir olduğunu xatırlamıram. Amma şeir məni eynən Necip Fazılın şeiri kimi sarmış və bir neçə gün o şeirin misralarını ağlımdan çıxarmamışdım.

Sonralar onun şeiri ilə yaxından tanış oldum və şeirlərini anladıqca çox sevdim. Onun şeirləri ilk oxunuşda insana çox bəsit görünə bilər.Amma şeirlərin dərinliyinə varanda bəsit dillə söylənmiş şeirlərin dərin fəlsəfəsinin və lirizminin olduğu həmən ortaya çıxır.

Məsələn "Rənklər" silsilə şeirlərini uzun illər öncə oxumama baxmayaraq, çox misralar hələ də yaddaşdımdarı:

 

Ağ,qara, sarı, yaşil, qırmızı

Hərəsi bir sınaqla bağlıdır

Biri həsrətimizi xatırladır

Biri dərdimizi, biri arzumuzu...

 

Bu misralar nə qədər bəsit görünsələr də, dərin bir həqiqətləri anladır.

Gerçəkdən də nə zaman anam xəyalımda gözlərimin önünə gəlsə, elə hey başındaki bəyaz örtüsü, babamı da gecələri başına qoyduğu sarı papağıyla xatırlayıram.

 

"Rənglərin də musiqi kimi ahəngi var

Ağrının, sevincin, ümidin də rəngi var""

 

Nə şədər gözəl söylənmiş sözlərdir bunlar! Xalqımız hər rəngə bir məna verməmişmi? Hətta xaqanların isimlərini belə Ağ Xan, Qara Xan kimi isimlərlə tanıtmamışlarmı?

Rəsul Rza bazən bir misra ilə belə geniş bir qavramı təsvir edə bilən bir şairdir.Məsələn :

Yuxulu bir körpənin təbəssümü, ümid!" misrası bir romançıya nələr anladır, nələr...

Rəsul Rza şeirindəki sadəlik əslində insanın sürəkli röyası olmuş, sadə bir həyatın da təsviri və ya xəyalidir.Üç misra ilə anladılan həyat, qarmaşadan, kirlilikdən və ümidsizlikdən təmizlənmiş bir həyatdır:

 

Baharlı düzlər, dağlar

Üstünə işıq süzülən dalğalar

 

Onun təbiəti, insanı, duyğuları təsviri bir neçə kəlimə ilədir. Duyğulu olan insan üçün bu üç, beş kəlmə bir romandan daha gözəl, daha dərin və daha təsirlidir.

Onun eşqə baxışı da belədir.

 

Söylə nədir bu ədalar

Bu işvə, bu naz

Vallah, ay qız, bu gözəllik

Sənə də qalmaz!

 

Bu qısa və vurucu sözlər gün olmuş hansımızın qəlbindən keçməmiş ki?

 

 

Tofiq Abdin

 

Ədalət.- 2010.- 8 may.- S. 15.