ZİRVƏDƏN ZÜLMƏTƏ
Povest
(Əvvəli var)
"Gəlin ocağa
çəkər", - deyiblər. Anasının gəlinindən,
nəvələrindən razılığı onu xoşhal
etdi. Özü də ömür sirdaşından,
övladlarından, eləcə də qardaşlarından
arxayın idi. Kişi üçün həyatda, xüsusən
belə ağır sınaq çağında bu, ikinci nəfəs
idi.
Ciddi rejimli, qapalı məhbəsdə
olsa da çox şeydən xəbər tuturdu.
Təzəcə
eşitdiyi bir xəbərdən mütəəssir
olmuşdu. Onun yaxşı tanıdığı, vaxtilə
sayılıb-seçilən bir səlahiyyət sahibi həbsxanaya
düşəndən sonra ailəsi
dağılmışdı: arvadı dönük
çıxmış, oğlu, qızı yolunu
azmışdı.
Müdriklər deyib:
"Kişinin evi onun qalasıdır". Dönməz hesab
edirdi ki, onun da arxasında möhkəm qalası var: içərisində
ahıl ata-anası, qeyrətli arvadı, ağıllı,
savadlı, tərbiyəli övladları olan bir qalası. Bir
də etibarlı bacı-qardaşları. Onlar əl-ələ
verib dolanır, Dönməzlə sıx əlaqə
saxlayır, ona yetərincə kömək göstərirdilər.
Təcrübəli, zirək vəkil vasitəsi ilə
paytaxtın lazımi ünvanlarına yol tapır, səlahiyyətli
adamlarla görüşür, zəruri sənədləri,
materialları, xəbərləri onlara çatdırır,
Dönməzə qarşı baş verə beləcək hər
hansı təhlükənin aradan qaldırılmasına
çalışırdılar.
***
Ürək yananda, beyin
qananda, insan inananda, dost etibarlı olanda gözəldir.
Məsud Əlioğlu
Moskvadan gələn
polkovnikin iradından sonra Dönməzin kamerasından kitablar
yığışdırılmışdı. İndi ona
mütaliə üçün bir kitab verir, oxuyub qurtarandan
sonra yenisini gətirirdilər. Bunu həbsxana rəisinin
müavini Etibar özü edirdi.
Neçə vaxt idi ki,
Nazim Hikmətin həbsxana həyatından xatirələrini
oxuyurdu. Olduqca maraqlı bir epizod onu həyəcanlandırmışdı.
Nazim Hikmət yazırdı: "Bir payız axşamı
kamerada oturmuşdum. Elə bil havam çatmırdı. Yaman
darıxırdım. Birdən yerə tökülüb xəzəl
olan yarpaqların xışıltısına qarışan
ayaq səslərini eşitdim. Sonra kameranın qapısı
açıldı, həbsxananın tanış məmuru
içəri girib dedi: "Nazim əfəndi,
çıxıb təmiz hava alın". Mən onun
müşayiətilə kameradan çıxıb yerə
tökülən saralmış yarpaqların üstündə
gəzdim. Məmura təşəkkür edib kameraya
qayıdanda fikirləşdim ki, həbsxanada da insaflı,
yaxşı insanlar varmış. Mən əvvəllər belə
düşünmürdüm".
Dönməz kitabı
dolabın üstünə qoydu. Bayırda həzin meh əsir,
ağacların saralmış yarpaqları
xışıldayıb yerə tökülürdü. Birdən
kameranın qapısı açıldı. Etibar əlində
kitab içəri girdi. Salam verib:
- Müəllim, istədiyiniz
kitabı gətirmişəm, - dedi, - sonra dolabın
üstündəki kitabı götürdü, - yəqin
oxumusunuz.
- Hə, oxumuşam, -
deyə o, fikirli halda gülümsündü.
- Müəllim, gəlin
birlikdə həyətdə gəzək, təmiz hava
alın.
- Etibar, sənin nə təmiz
ürəyin var. Heç ağlıma gəlməzdi ki,
kitabda oxuduğum, məni mütəəssir edən əhvalat
həyatımda çin olacaq.
- Nə olub ki, müəllim?
Həbsxananın
hündür, üstü tikanlı məftilli daş hasara
alınmış həyətində gəzəndə kitabda
oxuduğunu Etibara danışdı.
Etibar:
- Nazim Hikmətdən
xeyli oxumuşam, ancaq bu kitabı yox, - dedi. - Mütləq
oxuyaram.
Dönməz fikirli halda
dedi:
- Başı bəlalar
çəkmiş şair elə bilirmiş həbsxana məmurları
qəddar, amansız, daş ürəkli olurlar. Amma uzun illər
məhbəslərdə əzab çəkən bu
böyük sənətkar, sonralar görüb ki, həbsxana
məmurları arasında da yaxşı, ədalətli
insanlar var.
Etibar onun sözünü təsdiq
etdi:
- Var, müəllim, var.
Düzü, mən də əvvəllər başqa cür
düşünürdüm. Tale elə gətirdi ki, burada
işləməli oldum. Hiss etdim ki, yanılmışam. Yaxşı,
ədalətli insanlar hər yerdə var.
Dönməz
keçmiş şagirdinə zənnlə baxdı:
- Fəxr edirəm ki,
yaxşılar arasında mənim dərs dediklərim də
var, - sonra nəsə fikirləşib sözünü
tamamladı, - rəisiniz çox yaxşı, ədalətli
insandır. Hayıf ki, yaxşılar azdır bu dünyada.
Etibar onu kameranın
qapısına qədər ötürdü. Nəzarətçiyə
tapşırıq verib getdi.
* * *
Dəmir gözlükdən
baxan nəzarətçinin qalın səsi onu yuxudan
ayıltdı:
-Vətəndaş Məmmədli,
hazırlaş, rəis çağırır.
O, cəld yerindən
qalxdı. Bir azdan adəti üzrə səliqəli, təmiz
geyimdə nəzarətçinin müşayiətilə
kameradan çıxdı.
Rəis onu səmimi
qarşıladı, hal-əhval tutandan sonra dedi:
- Bir nəfər
neçə gündür ki, əl çəkmir, gecələr
qapının ağzında yatır. Nəzarətçilər
əsəbiləşib onu uzaqlaşdırmaq istəyəndə
deyib: "Dönməz müəllim məni elə bəladan
qurtarıb, elə yaxşılıq eləyib ki, onu heç
vaxt yadımdan çıxarmaram. Evdə, kənddə söz
vermişəm ki, gərək o kişini görəm".
Rəis sözünə
ara verib köksünü ötürdü:
- Onun and-aman eləməyi
ürəyimi yumşaltdı. Tapşırmışam, indi gətirəcəklər.
Elə bu anda nəzarətçinin
yanında orta yaşlı, arıq, qarayanız bir kişi
qapının kandarında göründü. Kabinetin gur
işığında gözləri qamaşdı, bir
anlığa duruxdu və rəislə üzbəüz oturan
Dönməzi görən kimi sövq-təbii, qeyri-adi
qıvraqlıqla ona tərəf atıldı. Dönməz dərhal
ayağa qalxıb qollarını yana açdı.
Qucaqlaşıb görüşəndə elə bil
kişinin dizləri taqətdən düşdü,
çöküb hönkürdü.
Dönməz dərhal
onu qaldırıb yanında oturtdu:
- Bayram kişi,
özünə gəl, nə olub axı?
- Daha nə olacaq, belə
də insafsızlıq olar?
O, başını qaldırıb
rəisə baxdı:
- Allah sizdən razı
olsun. Yaxşı ki, görüşə bildim. Yoxsa
özümü bağışlamazdım. Camaat da məni
gözləyir. - O, bu sözləri deyib üzünü
Dönməzə tutdu:
- İmkan olsa
bütün kənd gələr. Rayondan da gəlmək istəyən
çoxdur. Ancaq bilirlər ki, görüşmək
müşkül məsələdir.
Bayram kişi rəisin
ona zillənən sual dolu baxışlarının mənasını
özlüyündə başa düşüb izah elədi:
- Yoldaş Məmmədli
tək mənə yox, bütün elata dayaq olub. Rayonu
qaldırıb, camaatı dolandırıb. Ayağı
çörəklidi kişinin. Özü də insaflı, haqq
adamıdı. Məni prokurorun, milis rəisinin
caynağından qurtarıb. Fermada yanğın olmuşdu.
Özü kəndə gəldi, ağsaqqalları, camaatı
yığıb tədbir gördü, tövləni düzəltdirdi,
bir məni yox, çoxlarını qəzanın bəlasından
qurtardı. Biz də həvəslənib elə işlədik
ki, rayonda birinci olduq. - O, nəfəsini dərib
köksünü ötürdü, rəisə zənnlə
baxıb sözünü tamamladı, - elin gözü tərəzidir.
Xüsusən bizim camaat tükü tükdən seçir. Mən
gələndə ağsaqqallar xeyir-dua verib dedilər ki,
inşallah qurbanları qəbul olunacaq, haqq-ədalət
öz yerini tapacaq.
Dönməzin
xahişilə rəis, köməkçisinə
tapşırdı ki, Bayram kişini yola salsın, onun gətirdiyi
pay-puşu nəzarətçilər məhbuslara versinlər.
Bayram kişi gedəndən
sonra Dönməz rəisə razılığını
bildirdi. Bu zaman
telefon zəng çaldı. Rəis dəstəyi
götürüb xeyli dinləyəndən sonra dedi:
- Deyin gəlsin,
görüşə icazə verirəm.
O, dəstəyi yerinə
qoyub Dönməzə baxdı:
- Deyirlər, sizin
dostunuz Hüseyn müəllim qonşu rayona gəlib, icrakomdan
xahiş edib ki, görüşə icazə alsın. Mən
də razılıq verdim.
- Çox sağ olun.
Hüseyn müəllimlə tələbəlik illərindən
dostuq. Çox etibarlı, sədaqətli insandır.
Rəis onun gözlərinə
diqqətlə baxdı:
- Bu, sizin həyatınızda
sınaq dövrüdür. Ailənin sınağı, qohum-əqrəbanın
sınağı, dostun sınağı. Maşallah, eşitdiyimə görə
hər şey yaxşıdır.
Dönməz
başını tərpətdi:
- Düz eşitmisiniz, -
dedi. Sonra köksünü ötürüb əlavə etdi.
- Dostum çox idi, hayıf ki, etibarlısı az oldu. Amma az
da olsa, yaxşı ki, var. Elə sədaqətlisi var ki, vəzifəsinə
görə buraya gəlməyini özüm məsləhət
görmürəm.
Dönməz ən
yaxın, məsul vəzifəli dostunun adını rəisin
yanında bilərəkdən çəkmədi. Ədalət
inandığı adamlar vasitəsilə onunla əlaqə
saxlayır, ailəsinə köməyini əsirgəmirdi.
***
İradənə hakim,
vicdanına əsir ol!
Mövlanə
Axır ki, o gün gəlib
çatdı. İndi xüsusi ciddi rejimli qapalı məhbəslə
vidalaşıb cəzasının qalan hissəsini islah-əmək
düşərgəsində çəkəcəkdi. Ancaq
dustaq maşınında dedilər: "Səni yenə
qapalı türməyə göndərirlər".
Əsəbi halda
maşından düşüb, rəisin yanına getdi:
- Bu nə məsələdir?
Niyə təzədən qapalı?
- Yuxarının
göstərişi belədir. Siz Bakıya, 1 nömrəli
istintaq təcridxanasına göndərilirsiniz.
Örtülü dustaq
vaqonunda bütün gecəni gözlərini yummadı. Eşitmişdi:
ondan qabaq gedənlərin başına nələr gətirməmişdilər?
Deməli, son dərəcə ehtiyatlı olmalı idi.
Qatarın başqa vaqonunda böyük oğlu və dostu onu
müşayiət edirdilər. Qatar hər dəfə
dayananda, pəncərəyə yaxınlaşıb ondan xəbər
tuturdular.
Nəhayət, onu 20 nəfərlik
kameraya saldılar. Kamera tamamilə
boşaldılmışdı. Bir dəmir
çarpayının üstündə döşək,
balış vardı. Dəmir barmaqlıqlı pəncərənin
şüşəsi sındığından külək
içəri dolurdu. Bərk üşüyürdü. Birdən
qulağına səs gəldi:
- Ata, sağ-salamatsan?
Oğullarının səsini
eşidib sevindi:
- Salamatam, gedin yatın.
Onun belə bir kamerada tək
saxlanılmağı təhlükəli idi. Gizlicə evə
xəbər çatdırdı. Səhər öyrəndi
ki, qardaşı, oğlu və vəkili təcili paytaxta gedib
mərkəzi təşkilatlara təhlükə barədə
məlumat veriblər.
Tezliklə məlum oldu
ki, onun islah-əmək düşərgəsinə göndərilməsi
üçün komissiya yaradılıb.
Komissiyanın sədri
acıqlı halda Dönməzin üstünə
qışqırdı:
- Yenə nə
hay-küy salıb mərkəzi narahat eləmisən?
O, təmkinini pozmadan:
- Türmə rejimini
çəkib qurtardığım halda, nəyə görə
məni yenə kameraya salmısız? - deyə soruşdu. - Mən
sizdən heç nə istəmirəm, haqqımı tələb
edirəm!
Çox çək-çevirdən
sonra komissiyanın qərarilə axır ki, onu islah-əmək
koloniyasına köçürtdülər.
* * *
Rəislə ilk
görüşü xoş təəssürat oyatdı.
"Dünya xali deyil, hər yerdə yaxşı adamlar
var", - düşündü.
Dönməzi ədəb-ərkanla
qarşılayan rəis çay təklif etdi. O, içmək
istəmədiyini bildirəndə rəis gülümsünərək:
- Bildiyimə görə
siz çox qonaqpərvər adamsınız, - dedi.
- Elədir, - deyə o,
cavab verdi, - ancaq indiki vəziyyətim başqadır.
Azadlıqda olsaydım sizin çayınızı içərdim.
Rəis ona təsəlli
verdi:
- Əsas
cansağlığıdır. Qalan hər şey düzələr.
Sonra o, stolun siyirməsini
çəkib, oradan xeyli dərman çıxartdı:
-
Görürsünüz, mən dərmanla yaşayıram.
Rəis çox zəif,
yorğun görünürdü. Buna baxmayaraq Dönməz hiss edirdi
nikbin adamdır. Söhbət zamanı müsahibində
xoş ovqat yaradırdı.
- Siz heç narahat
olmayın, - deyirdi, - bura qapalı həbsxanalardan çox fərqlidir.
Tezliklə özünüz görəcəksiniz. Bir də əmin
ola bilərsiniz ki, mən nə qədər buradayam, sizin
başınızdan bir tük də əskik olmayacaq. Heç
kim sizə burada söz deyə bilməz.
O, daxili telefonla məsul
növbətçiyə "baş nəzarətçini mənim
yanıma göndərin", - dedi. Baş nəzarətçi
gələn kimi ona göstəriş verdi:
- Məmmədli razvoda gəlməyəcək.
Onun qeydiyyat vərəqini qoyun kənara.
Sonra üzünü
Dönməzə tutdu:
- Sizi şəraiti nisbətən
yaxşı olan briqadaya məsləhət görmüşəm.
Əlbəttə, vəzifədə olduğunuz kimi deyil. Ancaq
neyləmək olar, bu şəraitə də öyrəşmək
gərəkdir.
Onun əli yenə daxili
telefonun dəstəyinə uzandı, köməkçisinə
tapşırdı: "Dönməz Məmmədlidən
muğayat olun".
(Ardı var)
Əlövsət BƏŞİRLİ
Ədalət.- 2010.- 8 may.- S. 16.