VERİLMƏYƏN ŞANS
(Romandan parça) Rasim Garayoğluna
...Rayondan öz
maşınıyla Bakıya tək-tənha gələrkən
Rabil yolboyu Muxtarla bağlı il yarım qabaq düşməncəsinə
ayrıldıqları o gərgin saatları, dözülməz
anları deyil, qəribə də olsa, onunla bağlı uzun
illər yoldaşlıq elədikləri günlərdəki
xoş məqamları, Moskviç maşınına səkkiz
yüz kiloqram sarımsaq vurub yağışlı,
çamurlu, palçıqlı torpaq yolla Volqoqrada gedərkən
tez-tez yerə dəyib taqqıldayan tüstüboğanı məftillə
çəkib bərkitmək üçün Muxtarın
özünü qabağa verib maşının altına girməsini,
başqa bir vaxt Taqanroq şəhərinin qonaq evində yer
tapmayanda on-on iki yaşlı qız nəvəsiylə
yaşayan qoca rus qadının birgözlü mənzilinin dəhlizində
gecələməli olanda açılıb yığılan
çarpayını, qalın yorğanı ona verib "mən
paltarlı yataram" söyləyib quru taxta döşəmənin
üstündə uzanaraq odeyalı üstünə çəkməsini,
başqa bir vaxtsa Saratov şəhərinin mərkəzi
küçəsində tanış olduqları iki
sarışın qızdan ən boylu-buxunlusu,
yaraşıqlısı Muxtara meyl eləsə də
"yüz belə qız qurban olsun sənin vüqarlı
duruşuna! Peşkəşdi qardaş" deməsini,
çölün düzündə süfrə açıb
çörək yeyəndə meyvənin gözəgəlimlisini
ona sarı itələməsini, termosdan çayı birinci
onun stəkanına süzməsini, kolbasanın son dilimi
qalanda süfrədən əlini çəkməsini,
süfrəni yığışdırmasını,
qab-qacağı, stəkanları yuduğu anları
xatırlayaraq Bayıl bazarına çatanda
maşının sürətini azaldıb sağa çəkmək
istədi, "bəlkə son görüşümüz
olacaq, burda fərli meyvə olmaz" düşünərək
maşının sürətini artırdı. "Təzə
bazar"ı tələsmədən dolaşaraq meyvələri
gözdən keçirdi. "Görəsən
hansı meyvə ona xeyirdi? Deyilənə görə
karalyok..." İri, tünd narıncı, gözdoyuran
karalyokun, nazik qabığının altında iri gilələri
bilinən Göyçay narının, zərif tükləri
tökülmüş sığallı, şümal, parlaq
Ordubad heyvasının hərəsindən iki kilo, bir kilo da
ucaboy, incə belli gözəlləri xatırladan,
saplağından aşağı getdikcə enlənən
sapsarı armud aldı.
İki nömrəli
qapısı açıq palatın ağzından boylanaraq,
çarpayıdakı xəstələri ani olaraq gözdən
keçirəndə birinin sağ yanağının
göyümtül şar kimi üfürülüb
şişdiyini, birinin alnından yuxarı ucu getdikcə nazilən
yeni göyərib çıxmış cöngə buynuzuna
oxşayan şişi, başqasında isə sallanıb bir
gözünü örtmüş erkək hinduşka pipiyi
kimi qırmızımtıl ət parçasını
görəndə Rabilin bədəni ürpəşdi,
"Axı mənim burda nə İşim vardı"
düşündü, tez xəstəxanadan çıxıb
getmək istədi, palatdakı adamların baxışları
sanki onu tutub saxladı, gözlərini xəstələrdən
yayındıraraq onları yoluxmağa gələnlərə
müraciətlə: "Dedilər Muxtar burda yatır?"
söyləyəndə üzü divara sarı xəstə
bütün bədəniylə çevrilib qapıya sarı
baxdı, dərhal Rabili tanıdı, "Ola bilməz... Bəlkə başqa Muxtarı axtarır" -
düşündü. Çaşdığından nə
üzünü gizlədə bildi, nə də cəsarət
edib Rabilə salam verə bildi. İki
nömrəli palatdakı xəstələrin içində
görkəmcə ən urvatlı, babat görünən,
saçı tökülmüş, gözləri
böyüyüb az qala bəbəklərindən düşəcək,
boğazının yan tərəflərindən dərisinin
altına sanki dördkünc yastı buz parçası yerləşdirilmiş
Muxtarı güclə tanıdı, palatı bürüyən
gur səsiylə "Ə, il yarımda yəni elə dəyişmişəm
məni tanımadın, Muxtar?!" - deyib
ağır-ağır ona sarı yaxınlaşdı.
Qabaq-qabağa dayandılar, ancaq Rabil nəinki qucaqlayıb onu
bağrına basdı, onunla heç əl də tutmadı,
eləcə halını soruşdu, nə vaxtdan xəstəxanada
yatdığını xəbər aldı, cavabı gözləmədən
"Canın üçün dünən eşitdim,
İsrayıl dedi xəstələndiyini, rayonnan birbaşa
bura gəldim..." Həkimlər nə deyir?
Haçan çıxırsan Allah qoysa?.."Muxtar Rabilin verdiyi sualların heç birinə cavab
vermir, utancaqmı, günahkarmı baxışlarını
tez-tez ondan yayındırırdı. Rabil
onun susduğunu görəndə "Bu dəyqə
ağrın-zadın yoxdu ki?" soruşdu. Muxtar gülümsənərək gözlərini
yumub" başını azacıq tərpətməklə
ağrımadığını bildirdi. Muxtarın
boynunu döndərə bilməməsi Rabilə agah oldu.
- A Muxtar, bir cür çıxmasın, niyə dinmirsən,
adamın başına hər şey gələ bilər, xəstəxanaya
da düşər, avaryaya da, həbsxanaya da..." - deyib
qonşu çarpayıda yatan xəstənin yanında
ayaqüstə dayanmış kişiyə baxıb
sözünə davam elədi. - Ağsu yenişində
avaryaya düşdük. Üç-dörd il
bundan qabaq" - deyib Muxtara sarı çevrilərək
"Eləmi?" - dedi, Muxtar yenə gözlərini
qapayıb başıyla onun sözünü təsdiqlədi.
Rabil dönüb qonşuluqdakı kişiyə
baxaraq Muxtara işarəylə sözünə davam elədi
- Qolu iki yerdən sınmışdı, mənim burnum bekaraca
qanamışdı. Köməyə gələn adamlara
məni göstərirdi ki, buna yardım eləyin" - deyib
yenə Muxtara baxdı - İndi nə olub sənə, Allaha
şükür ayqüstəsən... - dedi, əlindəki
torbanı ona sarı uzadaraq - Bunu hara qoyaq? - söyləyəndə
Muxtar əlini yelləyib "lazım deyil... Boğazımnan
heç nə keşmir..." dedi, Rabil sanki dərin quyunun
dibindən gələn sıxılıb əzilmiş,
boğuq səs eşitdi, ilk dəfə səsin qapqara
olduğunu gördü, bədəni ürpəşsə də
özünü o yerə qoymadı. - Allah köməyin olsun,
indi iştahın çəkmir, birazdan yeyərsən, sabah
yeyərsən - deyib selafon torbadan
çıxartdığı heyvanın birini onun burnuna
yaxınlaşdırıb - Ordubad heyvasıdı, qoxusu da
adama şəfa verir - dedi, torbanı onun
"tumbuşka"sının yanına qoyub dikəldi,
ehmalca Muxtarın qolundan yapışıb "Gəl balkona
çıxaq" - dedi.
***
Rabil Bibiheybət
məscidinin yanında maşını saxladı, çətinliklə
cibindən çıxartdığı bir dəstə iri
pulu eşələyərək - Ə, Muxtar, bir
manıtın yoxdu? - deyib zarafatla sözünə davam
elədi - Mutarın xırda pulla nə işi var, onunku
yüzlüklərdi... hə, tapdım - deyib manatlığı
bir dəstə iri pullardan ayırdı, maşından
düşüb nəzir qutusuna yaxınlaşdı.
Qayıdıb maşina əyləşib xodladı, qazın
pedalını basıb əyləci qəfildən buraxdı,
təkərlərin asfalta sürtünüb
qopartdığı əcayib səsin eşidilməsi ilə
maşının yerindən götürülməsi birdən
oldu, azca sürət götürəndən sonra əyləci
sıxdı, maşın yerindəcə mismarlanıb
qaldı - Hərdən cavanlıq da eləmək
lazımdı - dedi Rabil. Səhər tezdən
proflaktoriyada maşının təkərlərinin
balansını yoxladıb nizama saldırmış,
qaykalarını çəkib bərkitdirmiş, yağını
dəyişmiş, çənini ağzınacan benzin
doldurmuşdu. Maşının saz
durumundan ilhamlanan Rabil - Səhv elədik, gərək
Şamaxı yolu gedəydik. Şamaxının mayı,
Ağsuyun dolamaları, meşə, hələ
ağacların tər-təmiz yarpaqları... Bəh-bəh
ölürəm də may ayı üçün... Muxtar onun sözünü kəsdi, - İstəyirsən
qayıdaq ordan gedək. Hara tələsirik
ki? - Yox e, qardaş, düşər düşməzi
olar. - deyib güzgüyə baxıb
göz vurdu - Sən də ki, maşallah, nazirlik
işçisinə oxşayırsan... Ancaq sən
nahaq yerə bizim dəstəyə qoşulmadın. Mirzənin lopa, salaq bığını, Dəyanətin
elə bil qarnında ekiz uşaq var, mən onun yanında
miniatür oğlana oxşuyuram. Umudun
dorulduya-dorulduya danışdığını eşidən
Antaliyalılar qoyub qaçacaqlar. İçimizdə
yaraşıqlı sənsən, sən də naz elədin...-
dedi. Muxtar "Ay Rabil, Evin üstü açıq qalıb. Mən necə gedim? Səhv elədim, gərək
qabaqca krişasını vurduraydım, sonra...
- Darıxma, Antalyadan
qayıdıb Volqaqrada bir dəfə də reys eləsək
krişanı da vurarsan, hələ toyunu da eliyərsən -
deyib maşının sürətini bir az da artırdı,
gur səsiylə - Portvelin içində qovluq var, onu bəri
ver - dedi. Şıxov enişiylə
üzüaşağı düşəndə Rabil
açdığı qovluqda üç "paçka"
beşlikdən ikisinin olmadığını görəndə
əyləci necə sıxdısa, arxadan təkərlərindən
ətürpəşdirici səs
çıxara-çıxara gələn "qaz-24" markalı
maşın ehmalca Rabilin Moskviçinə toxundu,
sürücülərin ifadəysiylə deyilsə bir-birini
öpdü. Xoşbəxtlikdən
maşınların heç birinə xətər
toxunmadı. Üzürxahlıq edib iyirmi dördün
sürücüsünü yola salandan sonra onsuz da
sarsıldığından rəngi qaçmış,
halı və səsi dəyişmiş Rabil təlaş
içində - Ə, partveli görüm - söylədi,
Muxtar həyəcan içində - Nə olub Rabil? Rabil cavab vermədən portvelin gözlərini
dönə-dönə təlaş içində eşələyib
yoxladı. - Bu nə deməkdi!? Paçkaların ikisi
yoxdu! Min manat! - deyib iri gövdəsini
çətinliklə çevirib arxaya ayaq altlarına baxmaq
istədi - Ə, bir oralara bax - söylədi. Muxtar yan tərəfdəki
ayaq altına, sonra tələsik ayaqlarını təşviş
içində gah oyana, gah bu yana çəkib öz
ayaqaltını gözdən keçirdi - Axı o, iynə
deyil görünməsin - dedi Rabil, qapını açıb
yerə düşdü, hövüllü arxa qapını
açıb ayaqaltlarını gözdən keçirdi, əlini
söykəncəklə oturacağın bitişən yerinə
soxub yoxladı, - Allah sən saxla - deyib, dikələrək
ağır fiziki işdən tər tökmüş adamlar
kimi dərindən nəfəs alıb köks ötürdü,
- Allah sən saxla, mən yuxumu görürəm nədi -
söyləyib sükanın arxasına əyləşdi. Muxtar da arxadan başılovlu gəlib qabaqda oturdu.
- Ciblərinə bax bəlkə... - Nə
danışırsan, nə bəlkə!.. Paçkanın üçü də burdaydı.
Üç gün bunnan qabaq Zakirgilin evinə qoymuşdum... -
Muxtar portvelin gözlərinə yenidən baxa-baxa
başını qaldırmadan - Onda gəl qayıdaq Zakirgilə
- dedi, sanki bütün günah Muxtardaymış kimi Rabil bir az da əsəbləşərək səsinin
lap yoğun yeriylə - Nə gic-gic danışırsan!!! Bu dəyqə partlayıb öləcəyimi bilsəm
də ora qayıda bilmərəm. Biz
namusumuzu bir-birimizə etibar edirik... - söylədi, bir an araya
sükut çökdü. Birinci sinifdən onuncu sinfə
qədər birgə oxuduqlarını, beşinci sinifdə
dostlaşdıqlarını, bu yaxınlığın,
doğmalığın onların ailələrinə də
sirayət elədiyini, sonra politexnik institutun avtomobil
şöbəsinə qəbul olub oranı
qurtardıqlarını, institutda oxuduqları vaxt bir-birindən
xəbərsiz ikisi də bir qızı sevdiklərini, məsələ
açılanda bir-birinin xətrinə hər ikisi o gözəl
qızdan əl çəkmələrini, evləndikdən
sonra da ailəlikcə get-gəllərini, hətta Zakir evdə
olmayanda onların qapısını ərklə açıb
içəri girməsini, elə evlərindən Zakirin iş
yerinə zəng edib "mən hamama girdim, tez çıx gəl,
bir də bir yarım al gətir" deməsini, onun
xanımından məhrəba alıb hamama girməsini,
Rusiyaya səfərlər zamanı yeri, məqamı
düşəndə bunları təfsilatıyla Muxtara
danışmışdı.
Bir dəfə də sözgəlişi:
"Muxtar, özün də bilirsən səni nə qədər
istəyirəm, ancaq mənim bir dostum var bu dünyada, incimə
bu sözümnən, o da Zakirdi" söyləmişdi.
Rabilin hirslənib gur səsini başına salacağından
ehtiyat elədiyindən, qanının qaravaxtı, bəlkə
lap qorxduğundan Muxtar səsini alçaldıb - Qardaş,
bir özünü ələ al, sakit ol, mən demirəm
Zakir, ya onun arvadı... Evdi də hər cür adam
gəlib gedir. Hər halda Zakir bilməlidi..
- dedi. Rabil onun sözünü yarımçıq kəsib əllərinin
ikisini də qaldırıb bərkdən sükana
çırparaq - Bəsdir də! - qışqırdı,
- Dedim ki, mümkün deyil.
Arxadan gələn
maşınların gözübərəli sürücüləri
bir-neçə dəfə aramsız siqnallar verir, yolu ilan
kimi əyri-üyrü gedən Rabilin "Moskviç"ini
ötüb keçərkən əl-qolunu oynadır, Allah
bilir hansı mərtəbəli söyüşlər
yağdırırdı. Bir dəfə də qarşıdan sürətlə
şütüyən "Kamaz"la baş-başa gələcəklərini
görən Muxtar - Sağa! Sağa! - qışqıraraq
əlini sükana atdı, xatadan, bəlkə də
ölümdən sovuşduqlarını duyub dərindən
köks ötürərək - İkimizi də
öldürmüşdün... Özünü ələ
al qardaş. Fikirləşəy görək neyniriy...
Sarsılıb bütün ümidini itrimiş Rabil
öz-özünə danışırmış kimi - Mən
batdım... Kimi inandıra bilərəm
itirmişəm. - astadan dedi.
İtiyini tapan adamlar kimi Muxtar nikbin səslə - Düz
sür bizim kəndə, bir inəyimiz var satarıq - deyəndə
Rabil səsini qaldıraraq - Ə, sənin başın əvvəldən
"peraboy" işliyirdi, indisə dayanıb - söylədi.
Maşının
sürəti səksəndən gah atmışa, gah qırxa
düşdüyünü görsə də bir söz deyərsə,
Rabilin yenə hirslənib bağıracağından ehtiyat elədiyindən,
dodaqlarının hərdənbir tərpəndiyini, nəsə
pıçıldadığını gözünün
qırağıyla görsə də, Muxtar səsini
çıxarmadı. Hacıqabula çata-çatda birdən birə
maşının sürətinin artdığını
gördü. Bir saat öncə söylədiyi inək məsələsini
Rabil sanki indicə eşitmiş, elə bil ümid
işartısı gördüyündən mülayim səslə
- Birisi gün biz uçmalıyıq, iki daşın
arasında inəyinizi kimdi alan? - söylədi. Elə bil Rabil
stresdən çıxıb ayılmışdı, boğuq
tutuqun sifəti durulub özünə gəlmişdi,
maşının sürət göstəricisi doxsan-yüz
arası dəyişir, həmişə olduğu kimi o,
maşını indi çox rahat və səliqəylə
sürürdü. "İnəyinizə
nə qədər verərlər?" soruşanda Muxtar bir qədər
çaşdı. Sualın ciddiliyini, yoxsa
dolamaq, ələ salmaq məqsədilə verildiyini
anışdıra bilmədi. "Deyəsən
sözlərində istehza, kinayə var" -
düşündü Muxtar. - Lap yüz əlli, uzaq
başı iki yüz verdilər, bunnan yaramı sağalar?.. - dedi Rabil. Muxtar tələsik və həyəcanla
- Şiferləri də satarıq, mən sonra alaram... - dedi,
Rabil əlini yelləyib, "bu da eləsin yüz-yüz
otuz... bunnan Fatıya tumanmı olar?.. Araya yenə sükut çökdü. Ləkiyə yaxınlaşanda - Bəs neyləyək
Muxtar? - Rabil soruşdu. Onun səsindəki
arxayınlığa Muxtar təəccübləndi - Deyirəm
bəlkə... - söyləsə də sözünün
dalısını gətirə bilmədi.
- Nə bəlkə? Niyə susdun? Özgə vaxt dil-dil
ötürsən...
- Gedəy bizim kəndə
dayıma yalvarım...
- Ə,
oğraş dayın pul verəndi!? Görmür neçə aydı
şiferləriniz yerdə qalıb, evinizin üstü
krişasızdı?..
Maşını
yolun qırağına çəkib saxladı. - Düş bir çay
içək, başımız açılsın görəy
neyniriy. Ləkidə bir dostum var. Deməsəm, sonra
görüşəndə üyüdüb tökəcək
bəs mənə niyə demədin...
Çayçıda
barmaqları ilə gicgahlarını sığallayan Rabil -
Başım partlayır - deyib dilim-dilim doğranmış bir
nəlbəki limonun yarıdan çoxunu ağzını
marçıldada-marçıldada iştahla yedi. İki dilim öz stəkanına,
birini də Muxtarınkına saldı, şəstlə
Muxtarın gözünün içinə baxıb - Sənə
nə olub, qanın mənimkindən bərk qaradı - dedi,
yenə cavab gözləmədən çayçı
oğlanı çağırdı, oğlan tələsik
onlara yaxınlaşanda Rabil - İbad buralara gəlmişdi? - soruşdu. - Dünən gəlmişdi, dedi
Sıktıkvara gedirəm. - oğlan sözünü
qurtarmamış Rabil əlin-əlinə vurub Muxtara baxdı,
hər yerdən ümidi üzülmüş adamlar kimi
başını bulayıb barmağıyla göyə
işarə edib - Gör e, Qurban olduğum bütün
qapıları üzümüzə bağlayıb - söyləyib
armudu stəkanı götürüb bir qurtum içərək
Muxtara - Çayını iç gedək, ürəyim
partlamasa yaxşıdı - söylədi.
Rabil maşina
yaxınlaşıb sol qapını açdı, ancaq
oturmadı, maşının sağ tərəfində
dayanmış Muxtara baxıb - Belə vəziyyətdə adam evini də, maşını da dəyər-dəyməzinə
satmalı olur. Canın üçün, alan
olsaydı - deyib əlni maşının damına vurub
sözünə davam elədi, - iki min, lap üç min
aşağısına verərdim - dedi. Muxtar
"Nə danışıram, hayıf deyil? - söyləyəndə Rabil - Neyniyim qağa,
on nəfərin beşi inansa, beşi inanmayacaq, məni
diri-diri yeyərlər, illahdakı mırız Seyfi! -
danışa-danışa bir əliylə
şalvarının qabaq düymələrini
aça-aça maşının qabağından hərlənib
sağ qapının yanında dayanmış Muxtara
açarı uzadaraq - Nə vaxtandı yandırır,
huşum başımda deyil, özümü rahatdayım -
söyləyib Muxtarın arxasına keçdi. Muxtar azca meyillənib
açarı qapıya salanda çayçı tərəfdən
tuşlanmış projektorun gur işığında onun
şalvarının arxa cibində bir "paçka"
dördkünc beşlik aydınca sezildiyindən Rabil əminliklə
gözlənilmədən əlini atıb onu
çıxartdı, qıfıla saldığı
açarı fırlatmağa macal tapmamış Muxtar diksinərək
ildırım vurmuş adam kimi geri çevriləndə Rabil əlini
atıb onun pencəyinin döş cibindən ikinci
paçkanı çıxartdı, ayaqüstə
ölmüş Muxtarın ağzından
"Qaytaracaydım..." sözü çıxanda Rabilin
"Ananı ....." - deyib onun ayaqları dünyadan
üzülmüş, buz bağlamış, ölü sifətinə
gücü gəldikcə bircə sillə tutuzdurmağı
ilə arıq, şivərək olsa da özündən
dörd barmaq uca olan Muxtarın bir papaq kimi yüngülcə
uçaraq xəndəyin qırağına
yıxıldığını, oradansa iki dəfə
yoğalanaraq alçaqboylu qamışlığa düşməyini,
bu an onun sinəsindən bir göz qırpımında
qaramtıl ilanabənzər nəyinsə su kimi axıb yoxa
çıxdığını, Muxtarın "Vay, mama!"
deyib pişik cəldliyi ilə ayağa durub xəndəkdən
çıxmasını gördü. Rabil açarı
qapıdan çıxarıb tələsik sükan tərəfə
gəldi, qapını açdı, maşının o biri
yanında özü də nə istədiyini bilməyən
müəmmalı duruşlu Muxtara - Nə olub!? - dedi, sanki cəzasın
çəkib qurtarmış adam kimi, -
ancaq günahkarcasına - Üstümnən ilan keşdi - titrək
səslə dedi Muxtar: "Day sənnən kişi olmaz" -
söyləyib Rabil maşına oturaraq "ürəyinnən
maşına oturmaq keçir, oğraşın" -
düşündü. Təkərlərin arxasından
qumu, çınqılı geriyə püskürən
maşın qəfil yerindən götürülüb
uzuaqlaşdı.
***
Balkonda ikisindən başqa
adam olmasa da boynunu əyərək bir sirr söyləyirmiş
kimi Rabil pıçıltıyla danışır,
baxışlarını nə qədər yayındırmaq
istəsə də özündən asılı olmayaraq
gözləri hərdənbir Muxtarın şüadan
yanmış boğazına sataşır, dərisinin
altında qabarmış yastı, dördkünc buz
parçalarına bənzəyən görüntüdən
eymənərək bədənində üşütmə
hiss etsə də, canıyanan, simsar adam kimi gözlərini
Muxtarın qoruyucu şüşəsi sınmış
maşın farası kimi miskin, zavalı gözünə zilləyib
- Həkimlər nə deyir? - soruşanda
Muxtar gülümsünərək balkona sarı
uzanmış çinar budağının üstündəki
tək-tük qalıb saralmış yarpaqlara işarəylə
iki şəhadət barmağını bir-birinə sürtərək
onlara oxşadığını, tezliklə bu dünyadan
üzülüşəcəyini bildirdi. - Bəsdi sən
Allah, yekə oğlansan! - Rabil bu sözləri ucadan dedi,
Muxtarın sıxılıb əzilmiş, boğuq səsini
xatırlayıb yenə pıçıltıyla sözünə
davam elədi, həm də söhbəti dəyişmək məqsədiylə
- Mən ölüm, ürəyin nə istiyir, hinduşqa,
balıq kababı... Təmiz bal yeri bilirəm.
Bəlkə pul lazımdı, Muxtar canı, nə
qədər lazımdı... - sual dolu baxışlarıyla
Muxtardan cavab gözlədi. Muxtar boğuq
göy rəngli xəstəxana xalatının qolunu yuxarı
eləyib saatına baxdı, qolu son dərəcə
arıqlayıb nazikləşdiyi, qayışın dəmir
ilgəyi sonuncu deşiyə keçirildiyi, saatın biləyin
altına çevrildiyi Rabilin gözündən
yayınmadı. Muxtar saatını çətinliklə
hərlədib biləyinini üstünə aşırdı,
başını qaldıraraq ciyərindənmi,
qarnının dərinliyindənmi gələn boğuq səslə
gücənə-gücənə: "Bir saata gəlib
apa-racaqlar" - dedi. Rabilin iri pərtləmə gözləri
bir az da böyüdü, - Hara? - təəccüblə soruşdu. Muxtar - Kəndə - deyib azacıq
gülümsünərək - Öl-mə-yə... - əlavə
elədi. Rabil əlini yelləyib, ucadan -
Qurtar görəy, mən ölüm. - söyləyib
yenə də alçaqdan danışmağa başladı. -
Muxtar, sən belə deyildin axı, adam gərək heç
vaxt ümidin itirməsin, bizim aramızda heç vaxt gizli
söhbət olmayıb, bir cür çıxmasın, bu
günlərdə hansısa qəzetdə oxudum, Braziliyada
ölmüş bir kişini aparıb qəbrə sallayanda
dirilib ayağa durub, adamlarla evinə qayıdıb. Allahın o qədər möcüzələri var.
Sənə nə olub maşallah, ayaqüstəsən,
ağrımırsan, ağlın başında. Gedib o kəhrizin
suyundan içərsən, təmiz hava, təbii yeməklər...
Rabil birnəfəsə bunları söyləyəndə
"Nahaq yerə bizim aramızda gizli söhbət
olmayıb" dedim, elə biləcək
oğurladığı pullara rişxənd edirəm,
düşdüyü ağır vəziyyəti görüb
sevinməyə gəldiyimi düşünəcək" -
fikrindən keçdi. Muxtar yavaşca onun qoluna toxundu, qabaqca
barmağını öz boğazına yaxınlaşdırdı,
sonra əlini qarnının üstünə qoyaraq- burda da
var, yanıram... - dedi. Əliylə dizini
gösdərib - Yerə qoyub kəh-ri-zin su-yun-dan do-yun-ca
içib öləy-dim - söylədi. Rabil onun qolundan
ehmalca tutub: "Gəl gedəy içəri, əynin
yalındı, soyuq dəyər. Dedim ölümü
yadınnan çıxar. Cavan oğlansan, iradəylə
mübarizə aparsan, hər şeyə qalib gələrsən.
Şəhərin his-pası,
boğanağını, cürbəcür xəstələri
görüb pessimis olmusan, çətini o cənnət-məkan
kəndə çatıncadı, inşallah, hər şey
yaxşı olacaq". Muxtar azacıq dirəniş
göstərib bir an yazıq-yazıq,
yalvarışla Rabilin gözünə baxdı, bir anın
içində ağlından keçən "Rabil, Allaha and
olsun, yol boyu sənin keçirdiyin o gərgin, ağır
anları, ölümə bərabər qəzaları görəndən
sonra pulları qaytarmaq üçün yollar axtarırdım.
Dayımdan borc almaq məsələsini deyəndə
artıq mənim üçün işıq ucu
görünürdü. Çox yox, üçcə dəyqə
mənə fürsət-şans versəydin... Sən
maşında gözləsəydin, dayımgilə girib
çıxmağımla hər şeyi yoluna
qoyacağıdım. Dayım olmasa da
oğlunu, yaxud arvadını sənin maşınına
mindirib rayon bangına gedəcəkdik, ora girib, özü də
sənsiz, deyəcəkdim bunlar sənin yanında pul
çıxartmaq istəmirlər. Beş-on
manat verib paçkadakı beşlikləri əllilik-yüzlük
olmasa da iyirmi beşlik, yaxud bir paçka onlıq alıb
özünə qaytaracaqdım. Mənim
kimi haqq itirən dünyada tapılmaz. Hər dəfə
Rusetdən qayıdanda bircə həftənin içində mənə
üç yüz, dörd yüz, bəzən beş
yüz rubl verirdin. Raykom katibinin aylıq
maaşı o qədər deyildi. İki mərtəbəli
evimiz sənin sayəndə tikilmişdi. Zakirgildə
sənnən açarı alıb maşında qalmış
siqaretimi götürməyə gedəndə qovluqda pul
olduğu ağlıma gəlmirdi. Qırımızı,
dəridən olan yaraşıqlı, həm də mənə
çox bahalı görünən qarnı şişik dəri
portvelini görəndə sanki mənə onun içinə
baxmağı kimsə əmr elədi. Qovluğa tələsik
baxanda, inan ki, o an portvelin səninki
olduğunu unutmuşdum. Qovluqdakı pul
paçkalarını görəndə elə bildim portvel
pulla doludu. Maşının
qapısını bağlayanda sən yadıma
düşdün, paçkaları qaytarıb yerinə qoymaq
istədim. Şeytan yenə məni allatdı, səni həddindən
artıq pullu adam hesab elədiyimnən
"əşşi, bunlar onun üçün semişqa
puludu" fikirləşdim. Boynuma alıram,
Rusetdə mənə bəzən iyirmibeşlik, əllilik
verib şey-şüy almağa göndərəndə də,
mənə inandığından çox vaxt qalan
qalığı qaytarmırdım. Mən
köhnənin yaramazıymışam. Mən
namərdin andına inanmayacağından, and içmədən
sadəcə deyirəm, pulları qaytarmaq istəyirdim. Nə
sən, nə də Allahım o iki-üç dəqiqəlik
fürsəti - şansı mənə vermədiniz..." Bu
sözləri deməyə gücü
çatmayacağını, deyə bilsə də Rabilin
inamayacağını bildiyindən yazıq-yazıq və
günahkarcasına onun üzünə baxaraq, aciz görkəm
alıb yalvarışla: - Bacarsan məni bağışla -
dedi. Rabil anası Zərişin ruhuna and
içib (bu Rabilin müqəddəs andıydı) Muxtarı
inandırmaq istədi ki, xəndəkdən
qışqıraraq durub gələndə onu ilan
çalmış olsaydı, maşınına mindirib təcili
xəstəxanaya çatdırmaq ağlından
keçmişdi. Ancaq bu xoşagəlməz əhvalatı
onun yadına salıb qanını qaraltmamaq üçün
ehmalca onu dəhlizə sarı çəkdi, - Ay Muxtar, nə
danışırsan, Nuhdan qalan işləri necə yadında
saxlamısan... Soyuqdu, gedək palata. Mənim ürəyimdə sənə qarşı
pis şey olsaydı, yanına gələrdimmi? - bunları desə də o vaxt yoğalanıb xəndəyə
düşərkən sinəsinin üstündən keçən
qaramtıl şeyin doğrudanmı ilan olduğunu soruşmaq
istədi. Ancaq o hadisəni yenidən yada
salmağı, Muxtara qıymadı. - Mətanətli ol,
özündə güc tap yaxşı ol, inşallah yenə
səninlə səfərə çıxacağıq -
sözünə əlavə edərək sevgiylə altdan
yuxarı Muxtara baxıb - Evlənməmisən? - soruşdu. Muxtar əlinin işarəsiylə
evlənmədiyini bildirdi. İki saylı palatın
qapısının yanında ayaq saxladı, bir əliylə
xalatının yaxasıyla boğazını örtdü
"gərək qabaqcadan gizlədəydim, yəqin ki, bədəni
ürpəşir" - fikrindən keçdiyindən əl
verib ayrılmaq əvəzinə o biri əlini yuxarı
qaldırıb yelləyərək xudahafizləşdi,
boğuq səslə - Tezlikdə toyum olacaq - deyib günahkar
baxışlarını Rabilin gözündən
yayındırdı. Dərindən nəfəs
alıb acı-acı gülümsünərək -Hamı dəvətsiz
gələcək - söylədi. Rabil kövrəldi,
onun üzünə baxmadan, son sözlərini eşitməzliyə
vuraraq - Di yaxşı, - deyib onu qucaqlamaq istədi, ancaq
bacarmadı, əlini ehmalca Muxtarın kürəyinə
vuraraq - Allah amanında, mənniy bir şey lazım olsa, istədiyin
vaxt yanında hazıram - söyləyib ayrıldı, pilləkənləri
enə-enə "Pulları cibindən çıxarandan sonra
gərək vurub xəndəyə salmayaydım", yenə
Muxtarın sinəsindən sürüşüb gedən
ilanı, sonrasa anasının dediyi "pulları
çıxart, ancaq dalaşıb eləmə" son sözləri
xatırladı, günahkar kimi xəstəxananın
binasından çıxdı.
***
Bədənə
dar gələn köynək, pencək kimi qatı qaranlıq
adamı sıxırdı. Azad buralara
yaxşı bələd olan Rabilin hənirinə onun
arxasınca addımlayırdı. - Ehtiyatlı ol, pilləkənlərdən
düşürük - dedi Rabil. Aşağıda yeməkxananın
qapısı açılanda pilləkənlər azacıq
işıqlandı, o, sözünə davam elədi -
Respublikaya işıq verən Mingəçevir... Burda
ataların çıraq öz dibinə işıq salmaz
deyimi yada düşür...
Buz kimi soyuq,
cansıxıcı vaqona bənzər yeməkxananın balaca
pəncərəsindən baxanda uzaqda qaranlığın
udduğu suların bir parçası
göründüyündən, gölün
böyüklüyünün zəhmi Azadı basdı, pənəcərədən
düşən işıqda qumlu, torpaqlı qara, bozumtul
qatı mazuta bənzər ləpənin ləngərlə
yoğrularaq gəlib yeməkxananın altına keçəndə
Azad geri çəkilərək kondinsionerin pultuyla əlləşən
Rabilə baxıb həyəcanla - Ə, qağa, bilirsən
biz hardayıq, suların üstündə! - dedi. Rabil pultu masanın üstünə atıb
etinasız "işləmir" - söylədi.
(Ardı var)
AZƏR ABDULLA
Ədalət.- 2010.- 15 may.- S. 12-13.