ZİRVƏDƏN ZÜLMƏTƏ

 

Povest

 

(Əvvəli var)

 

Bir gün rəis Dönməzi yanına çağırtdırıb ərklə:

- Dönməz müəllim, sizdən bir xahişim var, - dedi.

O, heyrət dolu nəzərlərini rəisə dikdi:

- Necə, rəis məhbusdan xahiş edir?

Rəisin üzü təbəssümlə işıqlandı:

- Siz adi məhbus deyilsiniz. Vəzifələrdə olmusunuz, eşitmişəm ki, gözəl təşkilatçısınız. Mənə də sizin kimi təcrübəli təşkilatçı gərəkdir ki, uyğun vəzifə verim işləsin.

O, təəccüblə çiyinlərini çəkdi:

- Həbsxanada vəzifə?

Rəis bir qədər fikirləşib qayğılı halda:

- Siz ağıllı, savadlı insansınız, - dedi, - yaxşı bilirsiniz ki, bura qapalı türmə deyil, islahmək düşərgəsidir. Deməli, biz məhbusları işlətməklə kifayətlənməməli, həm də onları tərbiyələndirməyə, islah etməyə çalışmalıyıq. Bu işdə siz bizə kömək edə bilərsiniz.

Dönməzin suallarını gözlərindən oxuyan rəis izah etdi:

- Məhbusların islah, tərbiyə olunması üçün kolonda "kollektiv Şura" var. Mən belə fikirdəyəm ki, sizin kimi təcrübəli təşkilatçı, həm də ixtisasca müəllim Şura sədri olsa, kolonda islah-tərbiyə işləri qaydasına düşər.

Ertəsi gün kolonun inzibati işçilərinin və məhbusların iştirakı ilə keçirilən ümumi iclasda rəisin məsləhətilə Dönməz Məmmədli Şuranın sədri seçildi. Beləliklə, o, yenidən siyasi, ictimai, tərbiyəvi işlə məşğul olmağa başladı. Az müddətdə xeyli kütləvi tədbirlər keçirdi: mühazirələr, məsləhət gecələri, konsertlər, əmək veteranları, sənət adamları ilə görüşlər...

Həftədə bir dəfə məhbusları qəbul edirdi. Hər gün Şura üzvlərindən biri növbətçi olurdu. "Açıq qapı" keçirilir, məhbusların müxtəlif problemləri həll edilirdi.

O, səylə işləyirdi. Fikirləşirdi ki, məhbəsdə də ehtiyacı olan insanlar üçün faydalı iş görür.

Günlərin birində Moskvadan kolona yoxlama gəldi. Şuranın fəaliyyəti də diqqətlə yoxlanıldı. Polkovnik rütbəsində olan komissiya sədri səliqə-sahmanla tərtib edilmiş qovluqlara baxdıqdan sonra təəccüblə soruşdu:

- Siz əvvəllər hansı işdə çalışmısınız?

Dönməz ona ətraflı məlumat verdi.

Polkovnik dedi:

- İyirmi ildən çoxdur ki, yoxlama aparıram. Ölkənin hər yerində olmuşam. Amma heç yerdə belə səliqə-sahman görməmişəm. Siz çox mühüm işlər görürsünüz. Bunların məhbuslar üçün çox böyük tərbiyəvi əhəmiyyəti var.

Həftə sonu rəis Dönməzi yanına çağırtdırıb birbaşa mətləbə keçdi:

- Moskvalı polkovnik Şuranın işindən çox razı qalıb. Ancaq yuxarıya rəsmi arayışında sizin sədr vəzifəsindən çıxarılmağınızı təklif edib.

Dönməzin ona təəccüblə baxdığını görüb sözünə davam etdi:

- O, yazıb ki, sizin məhbuslar arasında hörmətiniz çoxdur. Bundan isti-fa-də edib onlara başqa cür təsir göstərə, kolonun rəhbərliyini çıxılmaz vəziyyətdə qoya bilərsiniz. Əlbəttə, mən bu fikirlə razı deyiləm. Sizi yaxşı tanıyıram, çox inanıram. Ancaq nə etmək olar? Ağa deyir sür dərəyə, gərək sürək.

Dönməz xətrini çox istədiyi rəisə ərk elədi:

- Bizim tərəflərdə deyirlər: Allah böyüklərin xasiyyətini kəssin, "dovşana qaç, tazıya tut", - deyirlər.

Rəis onun sözünə ürəkdən güldü:

- Bizlərdə də deyirlər ki, atam kündəni sayır, anam kündədən kəsir. Odur ki, bir xahişim var: sədr vəzifəsindən getsəniz də, köməyinizi əsirgəməyin, məhbusların islahı, tərbiyəsi işində bizə əvvəlki kimi yardımçı olun. Onsuz da, vaxtınıza az qalıb, azad edilərsiniz, inşallah!

Rəisin sözü düşərli oldu. Dönməz səbirsizliklə gözlədiyi, bütün varlığı ilə can atdığı azadlığına qovuşdu.

 

***

 

Sən mənə ömrüm boyu

Bir bulanıq Kür suyu

Bir söyüd yarpağı ver.

Ə.Kürçaylı

Üfüqdən boylanan günəş Kürün boz-bulanıq sularını öz nuruna boyamışdı. Çay salxım söyüdlərin kölgə saldığı sahilləri yuyaraq səssiz-səmirsiz axırdı.

Dönməz bu əsrarəngiz mənzərəyə baxdıqca rahatlanır, tamaşasından doymurdu. O, dünyaya Kürün qırağında, ulu baba yurdu qədim Muğan kəndində göz açmışdı. Kürün suyu, balığı, çörəyi, mer-meyvəsi ilə boy atıb sapsağlam böyümüşdü. Bütün həyatı boyu Kür ona ana kimi sayğı göstərmiş, məsul işlərdə çalışdığı bölgələrin zəmilərinə, tarlalarına, bağlarına bulanıq suyu ilə bol məhsul, bar-bərəkət gətirmişdi. Şər-böhtana düşüb məhbəsdə yatanda da Ana Kür ayrılmamışdı ondan, yuxularına girmişdi. O, "su aydınlıqdır", - müdrik kəlamının haqq olduğuna tapınmış, yuxusunun yozumu xoş xəbərlər gətirmiş və nəhayət, aydınlığa, azadlığa qovuşdurmuşdu.

Atası oğul dərdinə dözə bilməmişdi. Anası tab gətirmişdi, qollarını balasının boynuna dolayıb "daha rahat ölə bilərəm", - demişdi. Ancaq ölməmişdi, xeyli yaşamış, övladının qız köçürüb, oğul evləndirməyini görmüş, nəvə-nəticəsilə fərəhlənmişdi.

Ananın məhbəsdə görüş vaxtı oğluna dediyi sözlər indi çin olmuşdu. "37"nin müsibətindən qurtulub bəraət alan Fərman babası kimi o da axır ki, bəraət almışdı.

Bəs ona şər-böhtan yaxan bədxahların axırı, aqibəti necə oldu?

Dönməzə ölüm hökmü israr edənin, "türmədən sağ çıxmamalıdır" əmrini verənin, özünü "qanun keşikçisi" sayanın meyitini neçə gün axtarandan sonra cah-calallı bağında, rəngi göz qamaşdıran maşınında tapdılar. Məlum oldu ki, cibində saxladığı dərmanına son nəfəsində əli çatmayıb..

Camaat arasında "şər çanağı" deyilən, məhkəmədə qıpqırmızı üzünə duran birisinin gözlərinə günün günorta çağı zülmət çökdü, kor oldu. "Böhtançının axırı belə olar", - dedilər

Görkəmindən iblisə oxşayan "qara vəzir" qara günə qaldı, diri gözü dəhşətli azara düçar olan ölü bədəninə, yığdığı rüşvətə, var-dövlətə baxa-baxa hədəqəsindən çıxdı...

"Ən ədalətli hakim haqq sahibidir, zamandır", - deyə düşünən Dönməzin birdən qulağına səs gəldi. Qanrılıb arxaya baxanda Ədaləti gördü.

Onlar səmimi görüşüb hal-əhval tutan kimi Ədalət dərhal mətləbə keçdi:

- Nəşriyyata getmişdim, gördüm kitabın çapdadır. Dedilər kənddəsən, bir-iki nüsxə götürüb gətirdim ki, səni təbrik edim.

- Çox sağ ol. Zəhmət çəkib uzun yol gəlmisən

- Eh, bu nə yoldu ki. Doğrusu kitabın tutdu məni, birnəfəsə oxudum. Heç bilirsən nələr yadıma düşdü? - ani olaraq fikrə gedib sözünü tamamladı, -xülasə, gəldim ki, həm səni görüm, Kür qırağının seyrəngahına tamaşa edək, həm də söhbətləşək, ötənləri xatırlayaq.

- Lap yaxşı eləmisən!

- Yaxşısını sən eləmisən: ortaya belə bir kitab qoymusan. Hər şeyi yerli-yerində, düzgün qələmə almısan. Özü də çox ibrətamizdir, xüsusən övladlarımız, cavanlar, yeni nəsil üçün.

Dönməz fikirli halda:

- Olub keçənləri özün yaxşı bilirsən, - dedi, - mən də çalışmışam ki, hər şeyi necə olub elə də yazım, söz-söhbətlərdən, qeybətlərdən, şayiələrdən doğan suallara aydınlıq gətirim. Oxusunlar, bilsinlər, ağı qaradan seçsinlər, nəticə çıxarıb ibrət götürsünlər. Ancaq...

O, sağ əlini sinəsinə sıxıb ürəyinin üstündə gəzdirdi:

- Ancaq çox şeylər qalıb burda, boşalda bilməmişəm ürəyimi, cavab tapa bilmədiyim suallar rahat buraxmır məni, içimi yandırıb yaxır.

- Nə suallardı o elə?

- Ən yaxın, etibarlı dostum kimi soruşuram səndən: nəyə görə şər-böhtan tələsinə salırlar insanları? Bu amansız tələdən salamat çıxanlar az olur mənim kimi. "Gözüylə görən allahından çox bilir", - deyiblər. Mən də görmüşəm, şahid olmuşam, bilirəm.

Dönməz Ədalətin düz gözlərinə baxdı:

- Məni qınama, sənə açıb boşaldıram ürəyimi. Özün yaxşı bilirsən, belə şeyləri açıb-ağartmıq, yazmaq nə deməkdir.

Ədalət ona təsəlli verdi:

- Başa düşürəm səni, özünü ələ al, qoru əsəblərini.

- Əsəb dözmür axı. Doğrudur, axır ki, bəraət aldım, şərləyənlər cəzalarına çatdılar. Bəs indi "cild"lərini dəyişib yaramaz əməllərini davam etdirənlər? Yenə rüşvət, yenə korrupsiya. Deyəndə də inciyirlər, narazı qalırlar.

- Məndən də incik düşənlər, narazı olanlar az deyil. Xəbərin varmı ki, istefaya çıxandan sonra nə qədər arxivlərdə işləmişəm? Çox sənədləri ələk-vələk eləyib elə faktlar üzə çıxarmışam ki, heç inanılası deyil. İndi bunları qələmə alıb şərh eləyirəm ki, unutqan olmayaq, başımıza gələnlərdən düzgün nəticə çıxarıb ibrət götürək...

- Bununçün bir toplum olaraq bizə müdriklik gərəkdir...

Onlar sahil boyu sıralanıb baş-başa verən salxım söyüdlərin kölgəsində gəzə-gəzə ürək söhbəti edirdilər.

Zirvələri buludlara dəyən dağlardan baş alıb dərin dərələrdən, sıldırımlardan, yarğanlardan keçərək kükrəyib coşan Kür də bu yerdə sanki özünü cilovlayıb sakitcə axır, uzun ayrılıqdan sonra görüşüb dərdləşən dostların söhbətinə mane olmaq istəmirdi...

 

 

Əlövsət BƏŞİRLİ

 

Ədalət.- 2010.- 15 may.- S. 16.