ƏDƏBİ HƏYAT

 

HƏMİŞƏ MÜASİR RƏSUL RZA

 

Mayın 19-da böyük Azərbaycan şairi Rəsul Rzanın anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə Azərbaycanın bir çox şəhərlərində, ali məktəblərdə, elmi müəssisələrdə ədəbi-bədii gecələr, müşavirələr, elmi konfranslar keçirilib və heç şübhəsiz, bu sıradan tədbirlərin sayı daha da artacaq.

Böyük bəstəkar Qara Qarayev yazırdı: "Rəsul Rza elə şairlərdəndir ki onun yaradıcılığının qocalmaq və ya kasıblaşmaq qorxusu yoxdur. Və bu məqamda mən böyük şairimiz Məmməd Arazın Rəsul Rzaya həsr elədiyi şeirdən bir misranı da xatırlayıram: "Zaman bir də çətin doğa o planeti".

 

Sabirdən səkkiz

yaş böyüyəm,

Koroğludan on dörd yaş.

Ancaq hələ

Sabir deyəni

deyə bilmişəm,

Koroğlu eləyəni

eləyə bilmişəm.

Deyirəm, bəlkə

çatanda Nizami yaşına

mən də bir şey verə bildim

insanlığın

səadət uğrunda savaşına.

 

İndi qətiyyətlə deyə bilərik ki, Rəsul Rza öz əsərləri ilə "insanlığın səadət uğrunda savaşına" çox şey verdi. O, XX əsr Azərbaycan poeziyasında hər şeydən əvvəl, novator sənətkar kimi tanındı. Rəsul Rza şeirindəki novatorluq dünya poeziyasında gedən yeniləşmənin milli ədəbi prosesdə əks-sədasıydı.Azərbaycan sərbəst şeirinin yaranmasını heç də R.Rzanın adıyla bağlamaq fikrində deyilik, ondan əvvəl də sərbəst şeirlər yazılmışdı, lakin R.Rza sərbəst şeiri poeziyamız üçün qanuni ədəbi fakta çevirdi. O, bu tipli şeirin ənənəsini yaratdı. Və bu yolda R.Rza qətiyyən bəzilərinin düşündüyü kimi ənənəyə arxa çevirmədi.

 

Mənə bir sərgi salonu

verin!

Orda bir insan şəkli

asacağam-

adi bir insan.

elə kiçik ki,

məhəl qoyan olmaya,

elə böyük ki,

baxanda qorxasan.

Orda bir insan şəkli asacam,

görünsün dünyanın hər yerindən;

zamanın keçmişindən,

dövranın indisindən,

əsrin gələcəyindən.

Bir insan şəkli asacam;

bir yanında Nəsimi-

dabanından

soyulandan sonra,

Bir yanında

məşəl kimi yanmış

Azəri qızı-

tunc heykəli

qoyulandan sonra.

...Bir insan şəkli asacam;

qapalı dodaqlarında

söz yanığı.

Ətrafında bayram

təntənələri,

Baxışında sınaq günləri,

Dözüm sənələri.

Şəklin müəllifi-Zaman.

Adı-insanlığın ömür yolu.

 

Bu, R.Rzanın sərbəst şeirlərindən biridir. Diqqətlə nəzər yetirin, burada bircə qafiyə bnlə yoxdur, amma şeirə məxsus ritm, ahəng, melodiya , ən başlıcası isə fikir var. Ustad tənqidçimiz Məmməd Arif R.Rzanın poeziyasını "fikir poeziyası" adlandırmaqda qətiyyən yanılmamışdı.Bu şeirdə şəm də R.Rza poeziyasının başlıca atributu olan humanizm, insana, onun keçdiyi tarixi yolu ümumiləşdirmək meyli ön plandadır.Dünyanın XX əsr mənzərəsi R.Rza poeziyasında bütün təzadları, fəci və dramatik məqamları ilə əks olunmuşdur.

"Kanadada poeziya ilə az maraqlanırlar və şeir kitabları çox nadir hallarda təkrar nəşr olunur. Lakin R.Rzanın şeirlərində o qədər yüksək humanizm var ki, Kanada və ABŞ-da da onları minlərlə oxucu alıb oxuyur və aydan-aya oxucuların sayı artır" ("Sovetskaya literatura" curnalının ingilis dilində nəşriyyatının məsul redaktorunun məktubu. Moskva. 21. VI. 1965).

R.Rza XX əsr Azərbaycan poeziyasında ilk modernist şairdir. Modern şeir dünyanı, gerçəkliyi yeni poetik təfəkkürlə qavramaq, əks etdirmək deməkdir. R.Rzanın "Rənglər" silsiləsi Azərbaycan poeziyasında Qərbə açılan ilk pəncərə idi. Böyük Nazim Hikmət yazırdı ki, R.Rza "Rənglər" silsiləsində bir şair kimi özü-özünü ötüb keçmişdi.İlya Selvinski isə "Rənglər"i rəsmdən fəlsəfəyə doğru hərəkət adlandırırdı.O illərdə "Rənglər" silsiləsinə görə R.Rzanı tənqid edənlərin sayı onu təqdir edənlərin sayından çox idi. R.Rza sanki üzünü bu adamlara tutub deyirdi:

 

Aydındır şeirin dili;

istəyirsən sevincdən,

istəyirsən qəmdən yaz.

Elə aydındır bu dil,

nadan yüz yol oxusun,

yenə bir şey anlamaz.

 

R.Rza ədəbi məktəb banisidir (XX əsr Azərbaycan poeziyasında M.Ə.Sabirin və S.Vurğunun da poetik məktəbləri olmuşdur). Altmışıncı illərdən başlayaraq şeirimizdə yeni meyl, yeni tendensiya yaranır, o zaman cavan şairlərin bir çoxu -Əli Kərim, Fikrət Qoca, Fikrət Sadıq, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Abbas Abdulla, Camal Yusifzadə, Tofiq Abdin bu yeni meyl və tendensiya ətrafında birləşirlər.

Rəsul Rza poeziyası həmişə müasirdir. Ədəbiyyata gələn hər yeni nəsil üçün R.Rza yenidən doğulur.

 

 

"DÜNYADAKI BÜTÜN İNSANLARI SEVİRƏM"

 

Bu həftə gözəl şairimiz Abbas Abdullanın da yetmiş yaşı tamam oldu. Şair, tərcüməçi, publisist Abbas Abdulla ömrünün səkkizinci onilliyinə qədəm qoydu.Bu münasibətlə Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda yubiley tədbiri keçirildi.

 

Üzlər ağlayırsa

Gözlər neyləsin?

Dağlar dərddən əriyirsə

Düzlər neyləsin?

Sular torpağın altda

Çağlayırsa

Quru çaylar neyləsin?

İllər ömrü talayırsa

Günlər, aylar neyləsin?

İnsan insanı tapdayırsa

Qoca dünya neyləsin?

Arzu, dilək öz yerini

Tapmayırsa

Xəyal, röya neyləsin?

 

Mən deyərdim ki, bu şeir Abbasın şair kimi səciyyəsini müəyyən mənada əks etdirən bir nümunədir.

Abbas Abdulla saz-söz mühiti olan Borçalıda, Kəpənəkçi kəndində dünyaya gəlib, bir sıra şeirlərində də həmin diyarın nəğmələrinin, aşıq havacatının ahəngini duyursan. Amma Abbas həm də modern şairdir, şeirlərində müasir poetik təfəkkürün izlərini hiss edirsən. Kitablarının birinə yazdığı müqəddimədə deyir ki,Səməd Vurğun poeziyası mənim üçün ana südüdür,Rəsul Rza poeziyası isə havadır, sudur, çörəkdir. Körpəlikdə mayası ana südü ilə tutulmayan cocuğun cılız böyüyəcəyinə, sısqa olacağına şübhəm yoxdur; havası, suyu çatmayan, çörək tapmayan böyüyün də yaşayacağına ümidim

Vaxtilə, sovet dönəmində türkçülüyü təbliğ eləmək mənəvi və bəzən də fiziki təqiblərə yol açır. Amma Abbas Abdulla elə o dövrdə bir türkçü kimi tanınırdı (sonralar, müstəqillik dövründə A.Abdulla Türkiyədə konsul işlədi). O, təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə, Gürcüstanda və Ukrayna da yaxşı tanınır.Bu xalqların şairlərindən çoxlu tərcümələri var, M.Rılski adına mükafatı da tərcüməçilik fəaliyyətinə görə alıb.

Ümumiyyətlə, Azərbaycan ədəbi cəmiyyətini və son əlli ilin poeziyasını Abbas Abdullasız təsəvvür etmək qeyri-mümkündür.

 

Bu Vətən elə böyük ki

Yumruq boyda

qəlbimə yerləşir.

Bu Vətən elə ağır

bir yük ki

Yaş artıqca

onu daşımaq şirinləşir.

Bu Vətən çeşmə-çeşmə

gözümdən axar,

Bu Vətən irmaq-irmaq

içimdə çağlar.

Bu Vətən özünü qəlbimdə,

Qəlbimi özündə saxlar.

 

Bu misralar da Abbas Abdullanındır.

 

 

YERƏ, GÖYƏ, TANRIYA YAZILAN ŞEİRLƏR

 

Bu il, aprelin sonuncu günündə istedadlı bir şairənin-Nisə Bəyimin "Ürək simfoniyası" adlı şeirlər kitabının da təqdimatı oldu. "Natəvan" klubunda bəzən ortabab, hətta şeirə, sənətə çox az dəxli olan müəlliflərin də yubileyləri, ya da yeni kitablarının təqdimatı da olur, amma iclas zalında iynə atsan yerə düşməzgO zəif, ortabab "şair"lərin ünvanına tərif yağışları yağır. Elə təriflər ki, həmin müəllif tədbir qurtarandan sonra zaldan az qala Nizami, Füzuli, Nəsimi, Səməd Vurğun kimi çıxır...

Nisə Bəyimin, Sabirabadda , rayon mərkəzində ürəyiylə baş-başa verən, Yerə, Göyə, Tanrıya şeirlər pıçıldayan bu şair bacımızın tədbirində isə cəmi otuz adam iştirak edirdi. Xatırlayıram ki, neçə il öncə Əli Kərimin xatirə gecəsində elə bu sayda iştirakçı vardı.

Deyim ki, Nisə Bəyimin səkkiz şeir kitabı çıxıb və bu şeirlər qətiyyən "şeir bazarı"nın məhsulu ola bilməz.

 

Eh, dünya özü him-cimsə,

Biləmməz sirrini kimsə.

Onu sevə bilmədimsə,

Bu, mənim günahım deyil.

 

Varmı göydə, yerdə həyan,

Olmadı haqq mənə əyan.

Bəndəsini tanımayan

Haqq mənim allahım deyil.

 

Qəm buludları qat-qatsa,

Dağılacaq ahım çatsa.

Hələ göylər salamatsa,

O ah mənim ahım deyil.

 

Nisə Bəyimin şeiridir bu, birinci kitabında verilib.O, dərddən, kədərdən yazır, amma bu dərdin, kədərin içində bir işıq var. O, vaxtdan yazır, vaxtın ritmini tutmağa çalışır. Vaxt macəraları, vaxt duyğuları, vaxt ağrıları onun dünya və zamanla sorğularının predmetinə çevrilir.

Mən haçansa bir yazımda cavan qadın yazarlarının şeirlərindəki "seksual mənzərədən" söz açmışdım və onların bu tipli yazılarını tənqid eləmişdim. Belə açıq-saçıqlığı, yorğan-döşək prozasının şeirə gətirilməsini poeziya üçün məqbul saymamışdım. Sonra Nisə Bəyimi xatırlayıb könül ahlarını şeirə çevirən, sevgini insan hisslərinin poeziyası kimi dərk edən sabirabadlı şairəmizdən misal gətirmişdim. İndi də o fikirdəyəm ki, qadının həyatı, taleyi əgər tənhalıqdırsa və o, bu tənhalıqda ümidlə yaşayırsa, elə isə yaşasın TƏNHALIQ!

 

Könül, nə vaxt çatdın

segah yaşına,

Nə vaxt məndən keçdin,

vaxt qocaldın?

Nə vaxt yaşa doldun, nə

vaxt böyüdün,

Göyün "ah" qatına nə

vaxt ucaldın?

 

Nə tez kaman kimi əyildi

qəddin,

Sən "Sarı gəlin"i heç

oxudunmu?

Oyanıb dünyanın

eşq yuxusundan,

Vaxtın köynəyini

heç toxudunmu?

 

Oxuma bu dərdi,

dilə gətirmə,

Ağrıtma dərd tutmuş

ağır xəstəni.

Bağı da, dağı da

qara bağlamış,

Oxuma dərd kəsmiş

bu şikəstəni.

 

Hər dərdi oxuma,

oxuma, şair,

Dərdin də günahı,

haqqı, ahı var.

Dərd də haqdan gəlir,

dərd əlacı da,

Dərdin də dərd

boyda bir Allahı var.

 

Mən bu şeirdə fərdin ağrı-acılarını duyuram və bu fərdi ağrılarda dünya kədərini hiss edirəm. Nisə Bəyim deyir ki: Dərdi sinəsinə sığası deyil, Kimin umuduna qaldı bu dünya!

Çox təəssüf ki, Nisə Bəyimin şeirləri haqqında biz az danışmışıq. Halbuki, onun səkkiz kitabında şeirimizin örnək olası nümunələri az deyil. Qoy şeirə paltar yumaq, yun daramaq, səhni-sənanı süpürmək, xörək bişirmək kimi baxan bir çox qadın yazarlarımız Nisə Bəyimin şeirlərini oxusunlar, əsl şeir necə olmalıdır sualının cavabını onun şeirlərində arasınlar.

 

 

VAQİF YUSİFLİ

 

Ədalət.- 2010.- 15 may.- S. 19.