Silahlarımızı Amerikaya da
satacağıq
Yavər Camalov: "ABŞ şirkətləri Azərbaycana
döyüş sursatları sifariş veriblər"
Azərbaycanın müdafiə sənayesi naziri Yavər
Camalovun APA-ya eksklüziv müsahibəsi
- Cənab nazir, öncə bu gün başa çatan
SOFEX-2010 xüsusi qüvvələr sərgisini dəyərləndirmənizi
istərdik. Bu sərgidə Azərbaycanın Müdafiə Sənayesi
Nazirliyi də təmsil olunurdu...
- SOFEX bizim üçün
uğurlu bir sərgi oldu. Sərgidə 34 dövlətdən
350-dən artıq şirkət iştirak edirdi. Biz də bu sərgidə
55-dən artıq adda müdafiə təyinatlı məhsulumuzu
əyani olaraq nümayiş etdirdik. Onu da deyim ki, sərgidə
həm təmsil olunan şirkətlər, həm də ziyarətçi
kimi qatılan şirkətlər, dövlət qurumları Azərbaycanın
məhsullarını maraqla qarşıladılar. Sərgi
çərçivəsində bir sıra şirkətlərlə
niyyət protokolları da imzalandı. Onlardan üçü
ABŞ şirkətidir. Belə ki, bu şirkətlərdən
biri Azərbaycana 82 mm çaplı minaatanlar, PKM
pulemyotları, 7,62x54 çaplı patronlar, həmçinin
2,5 milyon ədəd 7,62x39 mm çaplı patron, 82 mm
çaplı minaatanlar üçün döyüş
sursatları, eləcə də lüləaltı qumbaraatanlar
üçün 4 min ədəd VOG-25 tipli döyüş
sursatı sifariş verdi. Bu layihənin reallaşması
üçün artıq müvafiq niyyət protokolu da
imzalandı. Yaxınlarda həmin şirkətin nümayəndələri
Azərbaycana gələrək öz testlərini keçirəcəklər.
Bundan sonra qeyd olunan məhsulların alınmasına dair
müqavilələr bağlanacaq.
İkinci Amerika şirkətinin
isə 500 min ədəd 12,7x108 mm çaplı, 250 min ədəd
14,5x110 mm çaplı patron və lüləaltı
qumbaraatanlar üçün VOG-25 döyüş
sursatlarına böyük ehtiyacı var. Bu şirkətlə
də niyyət protokolu imzaladıq. Onlar bildirdilər ki
yaxın zamanlarda nümayəndələrini Azərbaycana
göndərəcəklər. Bizim istehsalatla tanış
olandan sonra intensiv əməkdaşlıq edəcəyik.
Üçüncü Amerika şirkəti isə 5 il ərzində
60 milyon ədəd 9x19 mm çaplı patron almaq istəyir. Artıq bizdə rotor xətti
qurulub. NATO standartlarına uyğun patronlar istehsal olunur. Bu
şirkətlə niyyət protokolu imzaladıq və yaxın
günlərdə alğı-satqı müqaviləsini
imzalayacağıq. Bundan əlavə Türkiyənin Makina və
Kimya Sənayesi (MKE) şirkəti ilə 10 min ədəd
RPQ-7V qumbaraatanı, 120 mm-lik minaatanlar üçün 10 min ədəd
döyüş sursatı, 7,62x39 mm çaplı patronlar
üçün 40 milyon ədəd kapsul və bu patronlar
üçün 400 tona yaxın içlik sifarişini qəbul
etmişik. Bununla bağlı da bir niyyət protokolu
imzalanıb. Yaxın vaxtlarda MKE-nin nümayəndələri
Azərbaycana gələcək. Bizim bu şirkətlə
müştərək işlərimiz də var. Bizim ekspert
qrupu da yaxın günlərdə MKE-nin zavodlarına səfər
edəcək. MKE ilə bir neçə atıcı
silahın müştərək istehsalına dair müqavilə
imzalayacağıq.
- MKE-nin rəhbəri Azərbaycan mühəndislərinin
yaratdığı 14,5 və 12,7 mm çaplı snayperlərin
birgə istehsalına maraqlı olduqlarını ifadə edib.
Bu silahların birgə istehsalı barədə nə deyə
bilərsiniz?
- MKE-nin hər iki snayper
tüfənginə marağı böyükdür. Onlar istəyir
ki, 12,7 mm çaplı snayper tüfənglərini MKE ilə
birgə istehsal edək. Biz bu məsələyə
baxırıq.
- İordaniyanın kralı
II Abdullahın Layihə Bürosuna (KADDB) daxil olan "NP
Aerospace Jordan" şirkəti ilə imzalanmış
müqavilə barədə də məlumat verməyinizi
xahiş edirik.
- İordaniya ilə Azərbaycanın
münasibətləri yüksək səviyyədədir.
İki dövlət arasında müxtəlif istiqamətlərdə
əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq
inkişaf edir. Cari ilin 3 ayında ölkələr arasında
ticarət dövriyyəsi ötən ilin müvafiq
dövrü ilə müqayisədə 38,5% artıb. Biz iki
layihə üzrə müqavilə imzaladıq. Bunlardan
birincisi zirehli mühafizə köynəklərinin, ikincisi isə
dəbilqələrin birgə istehsalı ilə
bağlıdır. Həmçinin bir neçə istiqamətdə
danışıqlar davam gedir. Yəqin ki yaxın vaxtlarda həmin
layihələr üçün müqavilələr
imzalanacaq.
- Belə demək olarmı ki, artıq Azərbaycanın
silah və sursatı Amerika bazarına da çıxır?
- Buna qədər Azərbaycanın
hərbi təyinatlı məhsulları Amerika bazarlarına
çıxarılmayıb. Əslində o şirkətlər
bu döyüş sursatlarını İraqda istifadə etmək
üçün alır. Bu sursatların məsafə və
daşınma baxımından Azərbaycandan alınması
daha səmərəlidir.
- Türkiyə ilə 30 milyon ədəd patronun
alqı-satqısına dair razılaşmanız vardı. Bu
sahədə hansı yeniliklər var?
- Türkiyə ilə
müqavilə imzalanıb və hazırda biz maliyyələşmənin
başlanmasını gözləyirik. Müqaviləyə əsasən
qarşı tərəf başlanğıcda 30% ödəniş
həyata keçirməlidir.
- Bu gün Azərbaycan müdafiə sənayesinin
inkişafını necə qiymətləndirmək olar?
Ötən 4 ildə müdafiə sənayesinin ümumi sənaye
istehsalında payı hansı səviyyəyə
çatıb?
- Bununla bağlı bir
faktı qeyd etmək istəyirəm ki, prezident İlham Əliyev
tərəfindən müdafiə sənayesinin
inkişafına böyük diqqət və qayğı
göstərilir. Bunun nəticəsində müdafiə sənayesi
inkişaf edir. Bütün zavodların rekonstruksiyadan sonra
açılışlarında dövlət
başçısı şəxsən özü iştirak
edib. İstehsal olunan məhsulların çeşidləri və
keyfiyyəti ilə şəxsən maraqlanır. Dövlət
başçısı bizim qarşımıza yeni
texnologiyaları Azərbaycana gətirməyi, müasir, beynəlxalq
standartlara cavab verən məhsul istehsal etməyi
tapşırıq olaraq qoyub. Artıq belə məhsullar
istehsal olunur. İstehsal həcminin artımına gəldikdə
isə deyə bilərəm ki, 2009-cu illə müqayisədə
istehsal 2,7 dəfə çox olacaq.
- Müdafiə sənayesinə rəhbərlik edən
bir şəxs kimi fikrinizi bilmək istərdik. Azərbaycan
müdafiə sənayesi ölkənin Silahlı Qüvvələrinin
ehtiyaclarını nə zaman tam qarşılamağı, hərbi
texniki asılılığı minimuma endirməyi hədəfləyir?
- Bu gün iqtisadi cəhətdən
səmərəli olan bütün layihələri qısa
müddətdə həyata keçirəcəyik. Amma elə
layihələr də var ki, onların Azərbaycanda
reallaşdırılması çox çətindir və zəruri
deyil. Məsələn, tank istehsalı. Tank istehsal edən
zavodun tikintisi və belə texnikanın yaradılmasına
külli miqdarda vəsait tələb olunur. Azərbaycanın
tələbi isə çox azdır. Məqsədəuyğundur
ki həmin tank texnikasını, təyyarə və helikopterləri
inkişaf etmiş ölkələrdən alaq. Perspektivdə
zəruri olan silahlar, döyüş sursatları, artilleriya
silahları, artilleriya silahları üçün mərmilər,
pilotsuz təyyarələr və s. layihələr tam həyata
keçdikdən sonra belə layihələrə də
baxıla bilər. Buna baxmayaraq MSN-in müəssisələri
tərəfindən bu gün tanklar, helikopterlər, təyyarələr
üçün ehtiyat hissələri istehsal edirik. Hətta təyyarə
və helikopterlər üçün istehsal etdiyimiz hissələr
Rusiyanın müəyyən şirkətlərinə də
satılır.
- Xəzər regionunda son illər sürətli silahlanma
yarışı gedir. Bəzi sahil dövlətləri tərəfindən
çoxlu sayda hərbi gəmilərin, üzmə vasitələrinin
sifarişləri verilməsi barədə məlumatlar
mövcuddur. MSN-in dəniz-naviqasiya qurğuları, gəmi,
sürücüsüz üzmə vasitələri və s. bu
kimi texnologiyaların istehsalı ilə bağlı layihələri
varmı?
- MSN Azərbaycanda Müdafiə
Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar
və digər qurumların sifarişləri əsasında
layihələr həyata keçirir. Əgər həmin
qurumlar tərəfindən sifarişlər olarsa, təbii ki,
biz dünyanın tanınmış şirkətlərini də
cəlb etməklə belə bir layihələri həyata
keçirməyə hazırıq. Hələ ki bizə belə
bir sifarişlər daxil olmayıb.
- Azərbaycan və Türkiyənin müdafiə sənayesi
sahəsində yeni layihələri varmı? Ötən
gün Türkiyənin müdafiə naziri APA-ya müsahibəsində
bildirib ki, Azərbaycan tərəfi istərsə, ATAK zərbə
helikopteri, "Altay" milli tankı və digər əhəmiyyətli
layihələrdə iştirak edə bilər.
- Belə layihələr var.
Mən qeyd etdim ki, MKE ilə 12,7 mm çaplı snayper tüfəngi
də daxil olmaqla 3 atıcı silahın birgə
istehsalının həyata keçirmək üçün
müəssisə yaratmağı planlaşdırırıq.
Ötən gün Türkiyənin müdafiə naziri Vəcdi
Könüllə görüşümüzdə də əməkdaşlığın
perspektivlərini müzakirə etdik. Gələcəkdə
Türkiyənin bir sıra layihələrində biz də
iştirak edəcəyik.
- Azərbaycan stendində nümayiş etdirilən 14,5
mm çaplı "İstiqlal" snayper tüfənginə
əcnəbi hərbçilər tərəfindən daha
çox maraq vardı. Bu snayper tüfəngi barədə məlumat
verməyinizi istərdik. "İstiqlal"ın yeni modelinin
nə zaman seriyalı istehsalına başlanılması
planlaşdırılır?
- "İstiqlal"
yarımavtomatik snayper tüfəngidir. Bu silah snayper tüfənglərinin
əksəriyyətindən bu özəlliyi ilə fərqlənir.
Darağı 5 patron tutur və patronlar lülə qutusuna
avtomatik şəkildə ötürülür. Dəqiqliyi də
sınaqdan çıxarılıb və 2200 metr məsafədə
hədəfi məhv etmə qabiliyyətinə malikdir. Bu
gün elə bir snayper tüfəngi yoxdur ki, bu məsafədə
hədəfi məhv etmə qabiliyyəti olsun. İndi
"İstiqlal"ın 12,7 mm çaplı versiyası
yaradılıb və hazırda sınaqdadır. Eyni zamanda 23
mm çaplı snayper tüfənginin yaradılması üzərində
iş gedir
- Azərbaycanın istehsalı olan avtomat tüfəngi
barədə nə deyə bilərsiniz? "Kalaşnikov"
avtomatına "bənzəyən, həm də bənzəməyən"
bu silahın seriya ilə istehsalına nə zaman
başlamağı planlaşdırırsınız?
- Bu silah əslində AK-74M
silahının bazasında yaradılıb. Ancaq bir sıra
özəlliklərinə görə "Kalaşnikov"
avtomatından fərqlənir. Məsələn, AK-larda gecəgörmə
cihazları, nişangah və işıqlandırma sistemi
qurmaq üçün əlavə detallar qoymaq
lazımdır. Bizim avtomatın üzərində bunlar nəzərə
alınıb. Həmçinin silahın qundaq hissəsi dəyişdirilib.
Silahın seriyalı istehsalı üçün hazırda
Rusiya tərəfi ilə danışıqlar gedir. Türkiyənin
MKE şirkətinin verdiyi məlumata görə, xaricdə bu
avtomatlara tələbat böyükdür. Daxili tələbatı
ödədikdən sonra biz bu silahı da ixrac etməyi
planlaşdırırıq.
- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında
imzalanmış müqaviləyə əsasən müharibə
yenidən başlarsa, üzv ölkələr Ermənistana
güzəştli şərtlərlə silah, sursat və hərbi
texnika sata bilər. Azərbaycanın hərbi sənaye
kompleksi necə, başlana biləcək hər hansı
müharibədə Silahlı Qüvvələrin
ehtiyacını qarşılaya biləcəkmi?
- Müdafiə Sənayesi
Nazirliyi Müdafiə Nazirliyi və digər hərbi
qurumları istənilən sayda döyüş sursatı və
silahla təmin etmə imkanına malikdir. Hərbi əməliyyatlar
başlanarsa, təchizat məsələlərində
heç bir problem olmayacaq.
Ədalət.- 2010.- 15 may.- S. 18.