Qədimiliyin
görüntüsü
Fakt! Fakt! Fakt!
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.
Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin
müxtəlif sənət növlərinin hər biri ayrı
ayrılıqda uzun və mürəkkəb inkişaf yolu
keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil
edərək Azərbaycan incəsənəti və mədəniyyəti
haqqında tam təsəvvür yaratmağa geniş
imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti
kimi rəngarəng, dolğun və zəngindir.
Azərbaycan
xalqının zəngin yaradıcılıq çeşməsində
ən mühüm yerlərdən birini onun həyat və məişəti,
gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri
tutur. Ən qədim dövrlərdən zəmanəmizədək
davam edən bu sənət növü xalqın geyimindən
tutmuş müxtəlif təsərrüfat məmulatı və
bəzəyinə qədər böyük bir sahəni əhatə
edir.
Təbiidir ki,
xalqımızın məişət xüsusiyyətləri,
estetik zövgü, bir sözlə milli siması, mənliyi bu
sənət növündə özünü xüsusilə
parlaq şəkildə büruzə verəcəkdi. Əbəs yerə olmayaraq
indi dünyanın ən zəngin muzeylərində Azərbaycan
xalq sənətkarlığının bir çox gözəl
nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və
Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın,
Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin
muzey kolleksiyalarına baxarkən, orada Təbriz,
Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki,
Şamaxı və Qarabağ ustalarının bacarıqlı
əlləri ilə yaradılmış sənət nümunələrini
görmək olar.
Xalqımızın əməyi
sayəsində yaranıb onun həyat və məişətində
geniş istifadə edilən el sənətimizin böyük və
zəngin bir tarixi var. Naxçıvan, Mingəçevir, Gədəbəy,
Qazax, Gəncə və s. yerlərdən əldə
edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin
yaşı 5000 ilə yaxındır. Bu ərazilərdən
tapılmış qab-qacaq, silah və bəzək nümunələri
tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın
ustalıq bacarığından məlumat verən qiymətli
mənbədir.
Azərbaycan ərazisində
qazıntılar zamanı tapılmış maddi-mədəniyyət
nümunələri göstərir ki, əcdadlarımız hələ
eramızdan əvvəl II minillikdə tuncdan zərif
formalı qablar, xəncərlər, baltalar, kəmərlər
və s. zinət şeyləri düzəldib öz həyat və
məişətində istifadə edirlərmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət
növlərinin qədimliyindən xəbər verir.
Metaldan düzəldilmiş
sənət nümunələri içərisində elələri
vardır ki, onların üzərində olan bəzək və
təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri,
dini görüşləri və hətta geyimləri ilə
yaxından
Xalq
yaradıcılığının tarixi, etnoqrafik və bədii
xusüsiyyətləri öz əksini geyimlərdə
tapır. Bu xüsusiyyət həm müəyyən
formalı geyim və onun bəzəklərində və həm
də bədii tikmə, toxuma və toxuculuqda özünü
büruzə verir.
Azərbaycanda aparılan
arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə
aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış
iynə və biz tapılmışdır. Bu tapıntılar
sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə
paltar tikməyi bacarırdılar. Kültəpədən və
Mingəçevirdən (eradan əvvəl II minillik)
tapılmış gildən kiçik heykəllər və
Mingəçevirdən tapılmış e.ə. V əsrə
aid möhür-barmaqçıllar o dövrün geyimləri
haqqında müəyyən təsəvvür yaratmağa
imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir
katakomba qəbirlərindən isə müxtəlif ipək
parçalardan tikilmiş geyimlərin qalıqları
tapılmışdır. E.ə. III-IV əsrlərə aid
qızıldan hazırlanmış çoxlu miqdarda bəzək
şeyləri və gildən ayaqqabı formasında
qayrılmış qabların tapılması azərbaycanlıların
hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə
malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.
Misdən, tuncdan,
qızıldan düzəldilmiş ev
avadanlığının və zinət əşyalarının
üzərinə həkk olunmuş müxtəlif rəsmlər
Azərbaycanda hələ qədim zamanlarda təsviri sənətin
mövcud olduğunu sübut edir.
Cənubi Azərbaycanın
Maku şəhərindən tapılmış gildən
düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində
gül-çiçək təsvirləri ilə bəzədilmiş
çul rəsmi, Urmiya gölü
yaxınlığındakı Həsənlu təpəsindən
aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində
üstünə çul salınmış şir təsviri
və başqa tapıntılar Azərbaycanda xalq sənətinin
bir qolu olan xalça sənətinin də nə qədər
qədim tarixə malik olduğunu göstərir.
Arxeoloji qazıntılar
zamanı Mingəçevirdən I-III əsrlərə aid
katakomba qəbirlərdən palas və xalça
qalıqları aşkar edilmişdir.
Arxeoloji materiallara və
yazılı mənbələrə əsasən Azərbaycanda
xalçaçılıqla hələ Tunc dövründən
(e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində)
məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın
inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və
başqa qədim dünya tarixçiləri məlumat
vermişlər.
Müxtəlif dövrlərdə
Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində
(Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz)
toxunulmuş xalçalar bu günədək öz gözəlliyi
ilə insanları valeh edir. Onların bir çoxu
dünyanın məşhur muzeylərində mühafizə
olunur.
Təsviri sənətin ən
qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən
qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər
rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı
və Pəriçınqıl dağlarındakı tunc
dövrünün başlanğıcına (e.ə. 3-cü
minillik) aid rəsmlər, Ordubad şəhərindən
şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər
müstəsna əhəmiyyətə malikdir. Qobustan
qayalarında həkk olunmuş rəsmlərdə, orada
yaşamış qədim insanların həyat tərzi, məişəti,
əməyi ilə əlaqədar təsvirlər xüsusi
maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik
və məişətin digər sahələri ilə
bağlı müxtəlif süjetlər, səhnələr,
insan və heyvan təsvirləri dinamik tərzdə həkk
olunmuşdur. Qobustan qaya rəsmləri - piktoqramlar ibtidai icma
quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik,
uzun tarixi dövrü əhatə edir.
Azərbaycan qədim
zamanlardan bəri təsviri sənət əsərləri ilə
yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri
ilə də zəngindir. Bakıdakı Qız qalası və
Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin
Naxçıvanda yaratdığı Möminə xatın və
Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli
xanın sarayı, Natəvanın evi, Şəki xanları
sarayının divarındakı rəsmlər və s.
memarlıq sənətinin nadir inciləridir.
Qobustan qayaüstü təsvirləri
arasında "Yallı" (rəqs) oynayan insanların təsviri
xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan
xalqının qədim dövrlərdən musiqiyə olan
marağından xəbər verir.
Zəngin mədəni irsə
malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu,
eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur.
Dünya musiqi mədəniyyəti
xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən
Azərbaycan musiqisinin çoxəsrlik ənənələri
vardır. Bu ənənələri nəsldən-nəslə
yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi
yaradıcılarının Azərbaycan musiqisinin
inkişafında böyük xidmətləri olmuşdur.
Azərbaycan milli musiqi sənətində
xalq mahnıları, rəqslər, aşıq
yaradıcılığı da özünəməxsus yer
tutur.
Azərbaycan milli musiqisinin təməl
daşı, onun bünövrəsini muğamlar təşkil
edir. Təsadüfi deyildir ki, 2003-cü BMT-nin
ixtisaslaşmış olan təşkilatı YUNESKO Azərbaycan
muğamını bəşəriyyətin mədəni irs
siyahısına daxil etmişdir.
Qədim zamanlardan milli
musiqimiz ədəbiyyatla birgə inkişaf etmişdir. Məsələn,
muğam Şərq poeziyası ilə birgə inkişaf
etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr
Azərbaycan xalqının Nizami, Xaqani, Füzuli, Nəsimi
kimi qüdrətli şairlərinin qəzəllərini
oxumuşlar. Milli poeziyanın janrları olan qoşma, müxəmməs,
ustadnamə, qəfilbəndlə yanaşı, onun poetik
formaları olan gəraylı, divani, qoşma, təcnis
aşıqların sevimli formalarıdır.
Klassiklərimizin və
müasirlərimizin yaratdıqları ədəbi əsərlər
dünya mədəniyyəti xəzinəsində özünəməxsus
şərəfli yer tutur. M.F.Axundovun, N.Vəzirovun, M.S.Ordubadinin,
Q.Zakirin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, M.P.Vaqifin,
M.V.Vidadinin və bir çox başqa şair və
yazıçılarımızın yaratdığı əsərlər
indi də öz yüksək bədii-estetik əhəmiyyətini
itirməmişdir.
Azərbaycan ədəbiyyatı
ilə sıx bağlı olan sənət növlərindən
biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin
kökləri xalqın fəaliyyəti, məişəti,
şənlik və toy ənənələri, həmçinin
dünyagörüşü ilə bağlıdır. Mərasim,
ayin və oyunlardakı tamaşa elementləri müstəqil
xalq teatrının yaranmasında mühüm rol oynamışdır.
Azərbaycan xalq teatrı realist özəllik
daşımış və əməkçi təbəqələrlə
bağlı olmuşdur. Xalq teatrının repertuarını
müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar)
təşkil etmişdir. Azərbaycan professional
teatrının təşəkkülündə xalq teatrı
əhəmiyyətli rol oynamışdır.
Kökləri qədim
zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun
1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə
qoyulan "Lənkəran xanının vəziri" və
"Hacı Qara" tamaşalarından başlanır.
Mürəkkəb inkişaf
yolu keçmiş Azərbaycan teatrının repertuarı bu
gün daha genişlənib. Tamaşaçıların
zövqünü oxşayan müxtəlif tamaşaları bu
gün Azərbaycanda fəaliyyət göstərən Akademik
Milli Dram Teatrında, Bələdiyyə teatrında, Pantomim
teatrında, Gənc tamaşaçılar teatrında və
digər teatrlarda seyr etmək mümkündür.
Müasir
dövrümüzün ən maraqlı və ən populyar
incəsənət növü hesab edilən kino
xalqımızın həyatına nüfuz etmiş və onun
ayrılmaz hissəsinə çevrilmişdir. Digər sənət
növlərinə nisbətən yeni olan kinematoqrafiya
tamaşaçı qarşısında insan qəlbinin dərinliklərini
və yeni həyat üfüqlərini açıb göstərir.
Milli kinomuz ildən-ilə zəngin təcrübə
toplamış, xalqımızın həyatını və
problemlərini əks etdirən müxtəlif növ və
janrda xeyli əsər yaradılmışdır. Bu filmlər
gələcək nəsillər üçün saxlanılmış,
xalqımızın mənəvi sərvətinə
çevrilmişdir.
Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri milli mədəniyyətimizin dünyaya çatdırılması istiqamətində daim səy göstəriblər və qismən də olsa buna nail olublar. Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilməsi, görkəmli kino ustası, kinodramaturq və kinorejiisor R.İbrahimbəyovun "Oskar" mükafatına layiq görülməsi və ümumiyyətlə, müxtəlif zamanlarda el sənətkarlarının düzəltdiyi əl işlərinin və toxuduğu xalçaların dünyanın məşhur muzeylərində mühafizə olunması buna əyani sübutdur.
Anar İsaoğlu
Ədalət.- 2010.- 18 may.- S. 5.