ÖLÜMÜ İLƏ DÜŞMƏNİ DİZ ÇÖKDÜRƏN GƏLİN

 

Ziyəddin Sultanovun qəhrəmanı həm göylərdən gəlib, həm də bizim aramızdan döyüş meydanına atılmışdı

 

Həftə sonu bir təsadüfdən qatıldığım möhtəşəm tədbir məni ötən illərə çəkib apardı. Laçın uğrunda şəhid olmuş qəhrəmanların şərəfinə Taxtakörpü qəsəbəsində ucaldılan kompleksin açılış mərasimi idi. Özünəməxsus görünüşü olan bu kompleks üzərində Laçın uğrunda şəhid olmuş hər kəsin adı əlifba sırası ilə qeyd olunmuşdu. Mərasimin gedişatı zamanı rayon icra hakimiyyətinin başçısı əlindəki kitabı iştirakçılara göstərərək bildirdi ki, bu kitab laçınlı qızlarımızın, qadınlarımızın, bütövlükdə Azərbaycan xalqının dözmünü, ləyaqətini, qeyrətini, ismətini, qəhrəmanlığını əks etdirən bir əsərdir. Əgər oxusanız mənim dediklərimə özünüz də şahid olacaqsınız

Bu kitabı mən oxumuşam. Bu kitabın müəllifi Azərbaycan oxucusunun çox yaxşı tanıdığı, bir neçə kitab müəllifi, yazıçı-publisist Ziyəddin Sultanovdur. Öncə onu deyim ki, mən Ziyəddin Sultanovu tanıdığım gündən bu insanı, onun yaradıcılığını, onun jurnalist xarakterini, onun şəxsiyyətini, bütövlükdə etalon sayıla biləcək keyfiyyətlərini öyrənməklə məşğulam və açığı içimdə onun bu keyfiyyətlərinə bir həsəd hissi də var. Ziyəddin müəllim sənətini, qələmini, şəxsiyyətini sevdirən, saydıran insandır. Özü də bunun üçün hansısa bir cəhdi göstərmir, əlahiddə hərəkətlər etmir, sadəcə jurnalistə nə yaraşırsa, jurnalisti nə saydırırsa onları gözləyir və bir də insanlığın kriteryalarını yüksək tutur. Ona görə də çalışdığı bölgədə, işlədiyi kollektivdə, bütövlükdə cəmiyyətdə onu həm jurnalist, həm də insan kimi çox yüksək səviyyədə qəbul edirlər. Və bu da onun öz qazancıdı.

 

İndi gələk Ziyəddin müəllimin son kitabına

 

"Göylərdən gələn gəlin" sənədli povestini həqiqi mənada bir nəfəsə oxudum. Bəlkə də burada "oxudum" sözü heç yerinə düşmür. Çünki mən bu kitabı oxumadım, yaşadım. Özü də böyük bir zaman kəsiyi yaşadım. Laçınlı günləri, Laçınsız günləri yaşadım. Mənə də tanış, doğma olan o yerləri yenidən gəzdim, yenidən dizimi yerə qoyub o bulaqların gözündən su içdim, yenidən şehə baxdım, yenidən dağların başının üstünü alan Kirsə meydan oxuyan dumana, çənə üz söykədimg yenidən gördüm ki, burda hər çiçəyin öz qoxusu var, öz ətri var. Burdakı kəpənəklər də fərqlidir, burdakı arılar da daha zəhmətkeşdir. Və ən vacibi burdakı adamlar elə dağların özü kimidir, qayaların özü kimidir. Elə bil ki, Allah bu dağlara, bu qayalara baxıb yaradıb burdakı adamları. Bir az gor-gobud, bir az sərt, bir az dəliqanlı, amma həddindən də artır səmimi və xeyirxahg anlaya bilmədim bütün bunları. Bu qədər təzadlı və bu qədər də bütöv yaranmış bir insanlar Laçının sanki güzgüsü idig Laçının danışan dili idig Laçının vuran qoluydu Laçının yeriyən özü idi

Mən povesti oxuduqcan ilk öncə ağlıma gəldi ki, gör bu faciəni, həm də bu qəhrəmanlığı qələmə alan Ziyəddin müəllim nə qədər dözümlü, nə qədər dəyanətli imiş. Axı, adicə bu facinəi oxumaqla və yaxud dinləməklə ona dözmək olmur. Əgər belədirsə, bəs onu yazmaq nə qədər ağırdır. Özü də elə-belə, sıradan bir yazı kimi yox, bir əsər kimi yazmaq, tarixə tarixin yaddaşı kimi təqdim etmək, fakt kimi tarixə həkk eləmək. Bu həqiqətən dözüm və istedad tələb edir.

Ziyəddin müəllimin əsərin girişində yazdığı, yəni proloqun da qeyd etdiyi kimi, bu əsərdə baş verənlər, təsvir olunanlar həm nağıla bənzəyir, həm dastanı xatırladır, həm rəvayətə bənzəyir, həm də adama bir fantastik əsər, kino kimi gəlir. Elə bil ki, bu hadisələr yer üzündə yox, insanların xəbəri olmadığı, hətta Tanrının da unutduğu özgə bir məkanda baş verir. Amma əsərin qapısını açıb, içəriyə girdikcə, onu otaq-otaq gəzdikcə onda görürsən ki, sənin fantastik saydığın, sənin rəvayət hesab etdiyin, sənin nağıl bildiyin, sənin dastan kimi gördüyün bu qəhrəmanlıqlar və onun iştirakçıları mənim, sənin, hamımızın gözünün qabağında olan insanlardır. O insanlar ki, onların bir qismi bu gün də bizimlə xeyirdə-şərdə, yolda-irizdə qarşılaşır.

Namusunu qorumaq, düşmənə əyilməmək üçün adi saç sancağı ilə damarını deşib özünü öldürən gənc bir xanımın, gözəl bir gəlinin qəhrəmanlığı adamın ürəyini çəkib yerindən qoparır, damarda qanını dondurur. İnana bilmirsən ki. Əl boyda körpəsini bu dünyaya əmanət qoyub, özünün müqəddəs ana, müqəddəs gəlin adını qorumaq üçün, düşmən önündə sınmamaq üçün özünə əl qaldıran, özünü öldürən Səma xanım bu həyatdan könüllü sürətdə əl çəkib. Etiraf edək ki, insan heç bir yaşda, hətta ən ağır xəstə olduğu məqamda belə ölmək, dünyanı tərk etmək istəmir. Onun içindəki yaşamaq eşqi, yaşamaq istəyi onu bu fikirdən həmişə uzaq tutur. Amma torpaq, Vətən, namus, millət yolunda qürurunu uca tutmaq, əyilməmək naminə. Ölüm qərarını qəbul edəndə, şəhidlik yolunu seçəndə həmin o yaşamaq istəyi bir quş kimi bədəndən uçub gedir. Onda amal, əqidə ölümə qalib gəlir. Bax, Səma da bu yolu seçəndə ölümə qalib gələcəyini, ölümsüzlüyə qovuşacağını fəhm etmişdi. Anlamışdı ki, və həm də anlayaraq qərar vermişdi ki, o erməni əsirliyində yaşaya bilməz! O erməninin girovuna çevrilə bilməz!

Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin qəhrəmanları və eləcə də bu povestdə müəlliflə həmsöhbət olan insanlar bir laçınlı qızın, bir laçınlı gəlinin erməniyə meydan oxumasını, ölümü ilə onlara qalib gəlməsini həm fəxarətlə, həm də kövrələ-kövrələ niskillə danışırlar. Və oxucu da bu hadisələrin içərisində həm bir fəxarət duyur, həm də kövrəlir. Onun yaşını, onun övladını xatırlayır. Müharibəyə də, düşmənə də nifrətini gizlədə bilmir.

Çox nəfis şəkildə "Çinar-çap" nəşriyyatı tərəfindən mərhum Qoşqar İsmayıloğlunun qayğısı ilə işıq üzü görmüş bu sənədli povesti oxuduqca, kitabın vərəqlərini çevirdikcə burdakı şəkillərin nəm dolu baxışlarla yaddaşa köçürtdükcə istər-istəməz məni dünənimə, qarabağlı, laçınlı günlərimə aparan yazıçı-publisist Ziyəddin Sultanova içimdən dərin oxucu təşəkkürü gəlib keçir. Amma mən çox gözəl bilirəm ki, müəllif bu kitabını ortaya qoyada təkcə oxucu təşəkkürünü yox, həm də əsərin tariximiz üçün, Qarabağımız üçün, uğrunda savaşdığımız torpaqlarımız üçün bir xeyirxahlıq və gənc nəslin vətənsevərlik tərbiyəsi işində xidmət kimi nəzərdə tutmuş və onun maraqla qarşılanacağına inanmış və gözləmişdi.

Bu gün Laçının işğılandın 18 il keçir. 18 ildir ki, biz Laçınsızıq. 18 ildir ki, biz Laçını ancaq yuxularda görür, xatirlələrdə yaşadır, kitablarda oxuyur, köhnə lentlərdə, şəkillərdə gözümüzün önündən keçiririk. 18 il həsrətini çəkdiyimiz Laçının bir canlı xatirəsi də Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" kitabıdır. Mən bu kitabı oxudum və 18 illik həsrətimin qaysağı da qopdu, xatirələrim də təzələndi. Siz də oxuyun. Səmanın qəhrəmanlığının şahidi olun, laçınlı günlərə qaydın, laçınlı günlər üçün döyüşməyə hazırlaşın. Bax, bu kitabın bir məramı da bizi laçınlı günlərə yenidən bağlamaq, laçınlı günlərlə yaşatmaqdır.

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 18 may.- S. 7.