Ermənilərin viran qoyduğu ərazilər
Onlardan birinin anım
günüdür
XX əsrin ikinci on illiyində Azərbaycanın çar Rusiyasının caynağından xilas olub Cümhuriyyət qurması və həmin möhtəşəm hadisənin may ayına təsadüf etməsi bəlkə də hər bir kəsdə bu ayla bağlı xoş hisslərin yaranmasına səbəb olur. Amma etiraf edək ki, elə həmin əsrin sonunda Cümhuriyyətimizin qurulmasının elan olunduğu may ayının əvvəlllərində Şuşa və Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalması sevincimizi parçalamış oldu. Nə yaxşı ki, istər Cümhuriyyətin işğalı, istərsə də müstəqillikdən sonra Şuşa və Laçının təcavüzə məruz qalması kimi müvəqqəti məğlubiyyətlərimiz qalibiyyətdən əvvələ düşür. Bu bir təsadüf, yoxsa zərurətdir, onu tarix sübut edəcək. Amma bu bir həqiqətdir ki, işğal olunmuş ərazilərin azad olunması bu Vətənin övladları sayəsində mümkün olacaq.
Hələlik, bizim taleyimizə torpaqlarımızın mənfur qonşularımız tərəfindən işğala məruz qaldığı günləri bir daha anmaq, həmin tarixi günə aydınlıq gətirmək düşür. Qeyd edək ki, bir həftə öncə Şuşanın işğal gününü hər bir azərbaycanlı dərin kədər hissi ilə anmışdı. Nə yazıqlar ki, bu həftənin də payına Laçının işğal günü düşür. Mayın 8-də Şuşanın işğal olunması Laçının da ermənilərin əlinə keçməsinə şərait yaratmış oldu.
Qeyd etdiyimiz kimi Şuşanın işğalından sonra fəlakət təhlükəsi Laçının başı üzərini almışdı. Həmin günlərdə vəziyyətin gərginliyini Azərbaycan vətəndaşı olaraq hər birimiz dərk etsək də, amma hadisələrin birbaşa içərisində və iştirakçısı olan laçınlılar qədər hiss etmiş ola bilmərik. Bu mənada hadisələrin nəinki iştirakçısı, həm də araşdırıcısı olan Faiq İsmayılov digər bir tərəfdən də Azərbaycanın İşğal Olunmuş Ərizilərinin Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin rəhbəri kimi hər şeydən daha artıq məlumatlıdır. Onun sözlərinə görə Laçın millətçi İrəvanla separatçı Stepanakert arasında böyük əhəmiyyətə malik, ermənilərin dili ilə desək, Ermənistan və Qarabağ arasında çox vacib bir "koridor" idi. Məhz bu strateji əhəmiyyətinə görə ermənilər Laçını "həyat yolu" adlandırır, Gorus-Şuşa arasında olan bu geniş həm də tarixi cəhətdən çox əhəmiyyətli və maraqlı olan Laçın massivini işğal etmək haqqında ciddi düşünürdülər.
Z.Balayan-R.Koçaryan-S.Sarkisyan Üçlüyü
"Lakin ermənilər
Laçının işğalını Şuşanın və
Qarabağın bir çox strateji məntəqələrinin
işğalından qabaq mümkün olacağını
düşünmürdülər. Çünki
Laçın koridoru Qarabağın erməni
separatçı qüvvələrini Ermənistana birləşdirən
bir ərazi və eləcə də ermənilərin təbiricə
desək, bir "həyat yolu" idi. Odur ki, bu koridorla Ermənistandan
Qarabağa keçən yüklərin yüksək təhlükəsizlik
təminatı olmalı idi. Bu təminat isə
Gorus-Laçın-Şuşa yoluna nəzarət edə bilən
bütün strateji yüksəkliklərə sahib olmaqdan
keçirdi. Onu da qeyd edim ki, təcavüzkarlar
arzularını gerçəkləşdirmək
üçün 70 ildən çox fasiləsiz mübarizə
aparsalar da hər dəfə uğursuzluğa düçar
olmuşdular. 90-cı illərdə isə erməni
terrorizminin strateqləri-Z.Balayan, R.Koçaryan və S.Sarkisyan
Laçın üzərinə hücumu Şuşanın
süqutundan sonraya planlaşdırmışdılar. Onlar
düşünürdülər ki, Xocalının və
Şuşanın faciəsindən sonra şoka düşən
əliyalın Laçın xalqı erməni silahlılar
qarşısında duruş gətirə bilməyəcəklər.
Belə də etdilər. Laçın şəhəri 18 may
1992-ci ildə ermənilər tərəfindən işğal
olundu. O dövrdə Laçının işğalı bir
çox cavabsız və müəmmalı suallar
doğurdu... 8 may 1992-ci il tarixdə Şuşa şəhəri
ermənilər tərəfindən işğal edildi. Bundan cəmi
10 gün sonra yozumu müəmma yaradan Laçının
işğalı başa çatdırıldı. Bu
işğalla bağlı haqlı bir sual ortalığa
çıxır, doğurdanmı, Şuşa uğurunda
döyüşən erməni döyüşçülərinin
başı Şuşada və onun işğal olunmuş digər
kəndlərində qarətə və
soyğunçuluğa qarışdığı halda, ordu rəhbərliyi
tez bir zamanda hərbi qüvvələrini komplektləşdirərək,
qısa müddətdə Laçın kimi sərt coğrafi
relyefə malik bir rayonu asanlıqla işğal edə bildi?
Könüllü hərbçilərin "siyasətçilik"
sevdası
F.İsmayılov deyir
ki, hərbi baxımdan da 10 gün ərzində Ermənistanın
Qarabağa yeritdiyi hərbi bölmələri Şuşa
üzərindəki ağır döyüşlərdən
sonra Laçını işğal etmək gücündə
ola bilməzdi: "Belə olan halda Laçının
işğalının daha böyük, ikinci bir qüvvə
tərəfindən həyata keçirildiyi barədə
fikirləşməli olursan. Bunun izahını bir az sonra verməyə
çalışacağam. Mayın 9-10-da Azərbaycan
tərəfi Qubadlı-Laçın-Turşsu istiqamətindəki
bölmələrini gücləndirmək üçün cəbhə
xəttinə əlavə qüvvə və texnika göndərdi.
Lakin Şuşanı azad etmək
üçün göndərilən bu əlavə qüvvələr
qarşıya qoyulan tapşırığı həll etmədən
özləri ilə gətirdikləri silah və texnika ilə
geriyə döndülər. Çox cəhdlər
edilsə də onları saxlamaq mümkün olmadı. Belə ki, o zamankı Azərbaycanın prezidenti Ayaz
Mütəllibovu dəstəkləyən həmin
döyüşçülər AXC liderılərinin hakimiyyəti
ələ almaq ərəfəsində olduğu
üçün xaincəsinə döyüş mövqelərini
tərk edərək Bakıya qayıtdılar. Bu faktlar
bir daha
Qayğının "qayğısı"
daralırdı
Siyasi nöqteyi-nəzərdən
bu hadisənin Ermənistanın Azərbaycan dövlətinə
qarşı hərbi təcavüz olduğunu vurğulayan
qurum sədri bildirir ki, həmin vaxt Ermənistanın Gorus,
Qafan, Mehri rayonları istiqamətlərindən Azərbaycanın
100 km ərazisi atəş altında saxlanırdı: "Şuşa
üzərinə belə genişmiqyaslı hücum
planının hazırlanıb həyata keçirilməsi
işi Qarabağda mümkün olmadığından, bu
planlar əsasən Ermənistandakı mərkəzdə
hazırlanaraq Qarabağdakı hərbi qərargaha göndərilirdi.
Elə o zaman da bu hadisələri qiymətləndirərkən
Xankəndinin Qarabağdakı Ermənistan
artilleriyasını və digər silahlı qüvvələrini
müstəqil şəkildə idarə etməsinin o qədər
də inandırıcı görünmədiyi bəlli idi.
13-14-may 1992-ci il tarixdə gecə yarısı Gorus rayonunun sərhəd
xidmətinə məxsus Mİ-24 vertalyotları BMP və BTR-ləri
Azərbaycanın Qayğı qəsəbəsindəki
mövqelərini atəşə tutdular. Laçın-Qubadlı
yolu saat 17-dək bağlı qaldı. Bu qəsəbə Ermənistanın
Gorunzor (Kornidzor) kəndi ilə üzbəüz yerləşdiyindən
hərdən ermənilərin avtomat və pulemyot atəşləri
də qəsəbədən yan keçmirdi. Qayğı qəsəbəsi
cənub tərəfdən Laçını Respublikanın mərkəzi
ilə bağlayan Laçın-Qubadlı yolu üzərində
1988-ci ildə salınmışdı. Laçın şəhərinə
daxil olan bütün yüklər bu qəsəbədən
keçdiyindən ermənilər həmin yolu
vaxtaşırı atəş altında saxlamaqla gediş - gəlişi
dayandırmağa, Laçın şəhərini mühasirəyə
salmağa çalışırdılar. Məhz bu səbəbədən
də bu qəsəbə Azərbaycanın həmin ərazidə
çox vacib strateji məntəqələrdən biri
sayılırdı.15 may 1992-ci il tarixdə
Laçın-Qubadlı yolu uğurunda döyüşlər
yenidən başlandı, düşmən bu dəfə bir
neçə istiqamətdən hücuma keçərək
Laçın şəhəri ətrafında muhasirə həlqəsi
yaratmağa çalışırdı. Amma hələlik bu
yolun Azərbaycan hərbi bölmələrinin nəzarətindən
çıxarılması mümkün olmurdu".
Laçın Qubadlıya yol açdı
Ona görə də ermənilər
Gorus rayonunun Dığ kəndi istiqamətindən
Laçın cəbhəsinə əlavə qüvvələr,
o cümlədən xüsusi təyinatlı
döyüşçülərdən ibarət
"ARABA" adlı batalyonu birbaşa Laçın üzərinə
yeritməli olurlar: "Həmin batalyonun
döyüşçüləri Livan və Suriya kimi ərəb
ölkələrindən əksəriyyəti erməni əsilli
vətəndaşlardan təşkil olunmuşdu. Yaxın
Şərqin qaynar nöqtələrində böyük təcrübə
yolu keçmiş döyüşçüləri səfərbərliyə
alan Ermənistan silahlı qüvvələri
Laçın-Qubadlı yolunu bağlamaq üçün Zabux
və Cağazur kəndlərinə hücuma keçdilər.
Mayın 16-da
Laçın-Qubadlı yolu istiqamətindəki Cağazur kəndinə
Mİ-24 hərbi vertolyotunun müşayəti ilə
güclü tank zərbələri endirildi.
Laçın
şəhərinin taleyi demək olar ki, artıq həll
olunmuşdu. Həmin anlarda Laçın şəhərinin və
ona yaxın bir neçə kəndin müdafiəsini
Laçın polkunun döyüşçüləri həyata
keçirirdilər. Hətta, onlar cəhd
edirdilər ki, Qayğı qəsəbəsinin ətraf ərazilərini
azad etsinlər. Bu istiqamətdən
Laçın şəhərini nəzarət altında saxlamaqla
ermənilərə Laçından koridor kimi istifadə etmələrinə
yol verməsinlər. Yalnız mayın
19-da Laçın şəhəri tamamilə mühasirəyə
düşdü. Bundan sonra Laçın
polku döyüşlə Qubadlı və Laçının
şimalı istiqamətində döyüşərək
geri çəkilməli oldular. Beləliklə
də Laçın rayonu faktiki olaraq iki hissəyə
bölündü. Mayın 17-dən etibarən
Qubadlının onsuz da ağır olan vəziyyəti daha da
ağırlaşırdı. Rayonun
bütün əraziləri Laçının
işğılından sonra Ermənistanın Gorüs və
Qafan rayonları tərəfdən iki istiqamətdən
güclü atəşə məruz qalırdı".
Şaiyələr sonda doğruldu
"May ayının
18-də Əliquluuşağı yaşayış məntəqəsində
ermənilərin 20 tankı BMP-si və xeyli canlı qüvvəsi
ilə bizim döyüşçülərimizlə
güclü toqquşması oldu. Laçının cənubunun
və Qubadlı rayonunun ermənilər tərəfindən işğal
olunduğu ilə bağlı şayələr
yayılmağa başladı. Qubadlı ətrafındakı
özünümüdafiə dəstələri sağ cinahla
Laçın istiqamətinə nəzarəti itirməmək
üçün, Ermənistanın sərhədlərinə
tərəf irəliləməyə məcbur oldular. Bu zaman
çox yaxşı düşünülmüş bir plan həyata
keçirildi, Laçının Qubadlıya tərəf geriyə
çəkilmiş hərbi hissələri Cəbrayıl
istiqamətindən döyüşə girərək ermənilərin
hücumlarını dəf etməyi bacardılar. Bununla da
Laçının cənub hissəsinin və
Qubadlının işğal edilməsi ilə bağlı
yayılan şayələrə son qoyuldu. Amma bu müvəqqəti
mahiyyət daşıdı. Beləliklə, Ermənistan
silahalı qüvvələri qarşılarına
qoyduqları məsələlərdən birini də həll
etməyə müvəffəq oldular. Belə ki,
Gorus-Laçın-Şuşa yolu bütünlüklə erməni
hərbçilərinin nəzarəti altına keçdi. Ermənistanın
Hərbi Hava Qüvvələri, zirehli texnika, və
artilleriyasının iştirakı ilə genişmiqyaslı
təcavüz planı cəmi on gün ərzində həyata
keçirildi. Ermənilər Gorus-Laçın-Şuşa
yolunu nəzarətə götürən kimi, Qarabağa
böyük həcmdə hərbi ləvazimat,
döyüş sürsatı, zirehli texnika ərzaq və
canlı qüvvə daşımağa başladılar. Bu
yüklərin ən böyük partiyalarından biri 1992-ci
ilin iyul ayında aparıldı. Belə ki, bu partiyaya
Rusiyanın Ermənistandakı hərbi bazalarından 100-dən
çox tank daxil idi.
1992-ci ilin yayında
özündə güc tapan Azərbaycanın hərbi
bölmələri Tərtər Goranboy rayonlarının
işğal altındakı ərazilərinin və
Qarabağın şimalını azad edilməsi istiqamətində
əməliyyat tədbirləri həyata keçirməyə
başladılar".
Hakimiyyət dəyişikliyi cəbhədə fəallıq
yaratmışdı
Qeyd etmək
lazımdır ki, Dağlıq Qarabağa iddialı olan Ermənistana
işğaldan sonra onu əldə saxlamaq üçün bir
neçə ətraf əraziləri də işğal etməklə
girov saxlamaq zəruri idi. Belə də oldu və Ermənistanın
hərbi müdaxiləsi DQMV-nin sərhədlərini
aşaraq Azərbaycanın içərilərinə doğru
irəlilədi.Müasir dünyanın çox sürətlə
inkişaf etdiyi və istənilən bir hadisə barəsində
həmin an məlumatların əldə olunması hər bir
kəsə bəllidir. Bütün bunlardan da dünya xəbərsiz
deyil: "Lakin dünyanın gözü qarşısında
baş verən bu hadisəni Beynəlxal ictimaiyyət bir
ölkənin digər suveren bir dövlətin ərazisinə
hərbi təcavüzü kimi nəinki qiymətləndirmir,
hətta, bəzən ərazisi işğal olunan tərəfi
işğalçı qarşısında güzəştə
getməyə məcbur edirlər. Bunun xristian
dünyasının Dağlıq Qarabağ probleminə qərəzli
yanaşmasından başqa adı yoxdur"-deyən
müsahib diqqəti yenidən cəbhə hadisələrinə
yönəldir: "Cəbhədəki müəyyən
müvəffəqiyyətlərdən fəallaşan
döyüşçülərimiz Tərtər və
Goranboy hərbi hissələri erməni təcavüzkarlarının
əsas hissələrinə qarşı müvəffəqiyyətlə
mübarizə aparırdılar. Azərbaycanın hərbi
hissələri Qubadlının və Laçının
işğal olunmuş ərazilərini, eləcədə
Laçın şəhərini azad etmək üçün
dislokasiya və ordunun komplektləşdirilməsi tədbirlərini
həyata keçirirdilər. 1992-ci ilin sentyabr, oktyabr aylarında
Azərbaycanın hərbi qüvvələrinin
apardıqları hərbi əməliyyatlar nəticə
etibarı ilə Laçın rayonu üzərində qələbəyə
inamı xeyli artırmışdı. Bu bizim
döyüşçülərimizin birinci Qarabağ
müharibəsi tarixində göstərdikləri ən
yüksək qəhrəmanlıq mübarizələrindən
biri idi. Bütün məsuliyyətimlə deyə bilərəm
ki, Qarabağ müharibəsi dövründə buna qədər
belə hadisə olmamışdı. Torpaqların geri
qaytarılması prosesində bizim yenidən belə bir səhnənin
şahidi olacağımız isə bəlli deyil".
Ardı növbəti sayımızda
Gültəkin Qəhrəmanlı
Ədalət.- 2010.- 18 may.- S. 3.