Ermənilərin viran qoyduğu ərazilər

 

Onlardan birinin anım günüdür

 

(Əvvəli ötən sayımızda)

 

Cəbhədə dönüş anı

 

F.İsmayılov deyir ki, 1992-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanın hərbi qüvvələrinin apardıqları hərbi əməliyyatlar nəticə etibarı ilə Laçın rayonu üzərində qələbəyə inamı xeyli artırmışdı. Bunu döyüşçülərimizin birinci Qarabağ müharibəsi tarixində göstərdikləri ən yüksək qəhrəmanlıq kimi xarakterizə edən müsahibimin sözlərinə görə o zaman Azərbaycan qələbənin bir addımlığında idi: "Bütün məsuliyyətimlə deyə bilərəm ki, Qarabağ müharibəsi dövründə buna qədər belə hadisə olmamışdı. Torpaqların geri qaytarılması prosesində bizim yenidən belə bir səhnənin şahidi olacağımız isə bəlli deyil. Həmin vaxt Azərbaycan döyüşçüləri Ermənistanın silahlı qüvvələri üzərində qələbə qazanmağa çox yaxın idi. Belə ki, Azərbaycanın hərbi bölmələri rayon mərkəzinin şimal və cənub hissələrinə nəzarəti ələ keçirərək ermənilərin bütün giriş-çıxış yollarını tamam bağlaya bilmişdilər. Azərbaycan ordusu müvəffəqiyyətlə irəliləyərək Qarabağın şimalında erməni işğalı altına düşmüş ərazilərin 31 hissəsini artıq azad etmişdilər. Ermənistanın hərbi ekspedisiya korpusunun bölmələri Laçın koridoru adlandırılan ərazilərdə xeyli geriyə-Ermənistanın içərilərindəki əsas bazalarına tərəf sıxışdırılmışdı. Bu isə sözsüz ki, erməni təcavüzkarlarının tamamilə Qarabağdan qovulub çıxarılacağını deməyə əsas vermirdi. Bunu həm Ermənistanda, həm də Azərbaycanda yaxşı başa düşürdülər. Sentyabr-oktyabr aylarında Laçın şəhəri ətrafında döyüşçülərimizlə erməni təcavüzkarları arasında qanlı mübarizə gedirdi. Döyüşçülərimiz Qubadlı-Laçın istiqamətindəki sərhədyanı kəndlərin əksəriyyətini öz nəzarətlərində saxlayırdılar. Güləbird kəndi burada rayon mərkəzi rolunu oynayırdı. Bu cinahdan hərbi bölmələrimiz yavaş-yavaş ancaq inamla irəliləyərək, Laçın şəhərinə tərəf Ağanus kəndi də daxil olmaqla daha dörd kəndi azad etdilər. Hərbi kəşfiyyatçılarımız artıq Laçın şəhərinə nəzarət edirdilər".

 

Qələbə-qələbə ardınca

 

"Azərbaycanın hərbi kəşfiyyatı hərdən gizli yolla Gorus-Laçın-Şuşa istiqaməti ilə Ermənistandan Qarabağa aparılan hərbi sursatı və texnikanı hücum edərək ələ keçirirdi. Oktyabr ayının əvvəllərində belə əməliyyatların biri zamanı Ermənistanın Artaşat rayonunun hərbi komissarı podpolkovnik Xanzaryan öz maşın karvanı ilə tutuldu, karvandan xeyli silah-sürsat müsadirə edildi. Komissarın səhra çantasının içərisindən Artaşat rayonundan Qarabağa səfərbər edilib aparılan 218 nəfər döyüşçünün adı, siyahısı və onlara məxsus silahların seriyasını əks etdirən sənədlər çıxdı. Bundan əlavə onun sənədlərinin içərisində Gorus-Laçın-Şuşa yolunun müxtəlif hissələrində Azərbaycan döyüşçülərinin döyüş mövqeləri və artileriya qurğularının yerlərini əks etdirən kəşfiyyat xarakterli xəritələr də aşkarlandı.

Lakin Laçının şimalındakı bir çox yüksəkliklərin hələlik düşmən əlində olması Azərbaycan döyüşçülərinin növbəti əməliyyatları davam etdirməsini çətinləşdirirdi. Həmçinin şimal qrupun hərbi bölmələri ilə respublikanın mərkəzi rayonları arasında əlaqə zəif idi. Çünki şimal istiqamətindən müharibə zamanı magistiral yolların çox hissəsi zədələnmişdi. Sentyabrın 17-də şimal qrupunun döyüşçüləri 2 ordu korpusu tərkibində birləşərək hərbi hissələri döyüş hazırlığına gətirdilər. Bununla yanaşı, döyüş tapşırığı gözləyən bir süvari polku və xüsusi təyinatlılardan ibarət batalyon şimal istiqamətindən hərəkətə keçməyə başladı. Bunun da nəticəsi olaraq Laçının şimal istiqamətindən daha bir kənd-Tığik-1 işğaldan azad olundu. Azərbaycanın şimal istiqamətindəki ordunun sol cinahı isə Qarabağ yüksəkliyi istiqamətində bir çox strateji cəhətdən böyük əhəmiyyətli olan yüksəklikləri ələ keçirdi. Bu yüksəkliklərdən İpəkdağ, Tərəbaş, Quruyal, Sarıbaba dağı və Şuşa rayonunun Xanalı, Camallar, Xanlıqpəyə, İmanqullar, Allahqullar və Zamanpəyəsi kəndləri işğaldan azad edildi. Bizim ordu bölmələrimiz irəliləyərək Şuşanın 5-6 kilometrliyində mövqe tutdular. Gorus-Laçın-Şuşa yolunun böyük bir hissəsi Azərbaycan artilleriyasının nəzarəti altına keçdi. Qeyd edim ki, ərazinin sərt relyefi ordu bölmələrinin maşın və texnikasının cinahlarda hərəkətlərini mümkünsüz edirdi. Minamyotlar, artilleriya silahları və digər hərbi sursatlar əllə və ya heyvanlarla daşınırdı. Sağ cinahın döyüşçüləri Ermənistanla Azərbaycan sərhədləri boyu bir çox kəndləri o cümlədən Hoçaz kəndini və Hoçaz yüksəkliyini erməni işğalından azad etdilər".

 

Məğlubiyyətə aparan qələbənin qarşısı alınmalı

 

Azərbaycan döyüşçülərinin müvəffəqiyyətlə nəticələnən əməliyyatları bu dəfə də erməni hiyləgərliyinin işə salınması ilə nəticələnir. Belə ki, işğal olunmuş torpaqların yavaş-yavaş geri qaytarılmasını həzm etməkdə çətinlik çəkən erməni tərəfi yalançı diplomatiyasını yenidən aktivləşlirməyə məcbur olur: "Ermənistan rəhbərliyi Rusiyaya müraciət edərək xahiş edir ki, Azərbaycan tərəfdən döyüşlərin dayandırılmasını tələb etsin. Bunun nəticəsi olaraq 1992-ci il sentyabrın 19-da Rusiyanın müdafiə naziri P.Qraçov Soçidə Cənubi Qafqaz respublikalarının və Abxaziyanın nümayəndələri ilə görüş təşkil etdi. Görüşdə regionların stabilliyinin qorunması və atəşin dayandırılması barədə məsələ müzakirə olunaraq razılıq əldə edildi. Bu görüşün davamı sentyabrın 24-25-də Moskvada həyata keçirildi. Moskva danışıqları nəticəsində əldə edilmiş razılıq daha da möhkəmləndirildi. Eyni zamanda Laçın "koridoru" statusuna baxıldı. Nəzərə alındı ki, Azərbaycan və Ermənistan prezidentlərinin gələcək görüşlərinin birində Laçın koridoru Ermənistana güzəştə gediləcəyi tədqirdə, Ermənistan da Mehri və Qafan istiqamətindən Azərbaycana yol verərək Naxçıvanın blokadasını aradan qaldıracaq. Bütün bunlar dar məqamdan Ermənistanı xilas etmək üçün suni surətdə yaradılan və müsbət nəticələnən gediş oldu. Ermənistanın xahişi ilə yüksək səviyyədə atəşkəs haqqında məsələ müzakirə olunaraq razılıq əldə edilsə də, erməni tərəfi verilən vədlərə əməl etmədi. Düşmən ölkə nəinki atəşkəsi dayandırmaq haqqında götürdüyü öhdəliyə sadiqlik nümayiş etdirmədi, əksinə öz hərbi bölmələrini daha da komplektləşdirərək, cəbhə bölgələrində silahlı qüvvələrinin sayını artırdı. Ermənilər sentyabr ayının 20-də, Soçi razılaşmasının ertəsi günü Gorus rayonundan qalxan Ermənistanın hərbi hava qüvvələrinə məxsus vertalyotları bizim Hoçaz kəndindəki mövqelərimizi bombardıman etdilər. 1992-ci il sentyabrın 21-də isə erməni tərəfi Mİ-24 hərbi vertolyotları ilə fasiləsiz olaraq Hoçazdakı mövqelərimizi atəşə tutdular. Ermənilərin bu əməliyyatı sentyabrın 30-a kimi davam etdi".

 

Müvəqqəti atəşkəs erməniləri dirildir

 

"1992-ci il sentyabrın 23-də ermənilər Laçın rayonunun işğal altında olan Mazutlu kəndindən tanklarla mövqelərimizi atəşə tutdular. Sentyabrın 23-də isə erməni artileriyası Fərəcan kəndini atəşə məruz qoydu. Sentyabrın 27-də Ermənistan prezidentinin mətbuat xidmətinin əməkdaşı Rusiyanın "İnterfaks agentliyi" nə verdiyi müsahibədə bildirirdi ki, Ermənistan silahlı qüvvələri Qarabağda ümumi vəziyyəti nəzərə alaraq, döyüşü dayandırmağı qərara alıblar. Lakin bu məlumatın doğruluğunu Ermənistan müdafiə naziri Vazgen Sərkisyanın əməlləri şübhə altına alırdı. Çünki Qarabağdakı bütün qüvvələr məhz V.Sərkisyana tabe idi. Sərkisyanın isə döyüşləri dayandırmaq fikiri yox idi. Qarabağdakı ermənilərin "özünümüdafiə qüvvələri" adlandıqları hərbi hissələrin müstəqil qərar qəbul etmək hüquqları da yox idi. Məhz buna görə də, atəşkəs rejimində Qarabağdakı erməni hərbi hissələri bütün cəbhə boyu hücumları davam etdirirdilər. Amma Azərbaycan hərbi birləşmələri 1992-ci ilin sentyabr ayının axırına qədər qərara alınan atəşkəs rejiminə əməl etdilər. Bu isə Azərbaycan ordusunda qarşısıalınmaz passivliyə səbəb oldu və davam edən passivlik üzündən döyüşçülərimiz zaman-zaman böyük itkilərlə üz-üzə qalmalı oldular. Cəbhədə döyüşçülərimizin düçar olduğu passivlik xəstəliyi Ermənistan ordu bölmələrinin Qarabağın bütün ərazisində üstünlük qazanmasına səbəb oldu. Ermənistan tərəfi "Laçın koridoru" danışıqları ərəfəsində Qarabağ cəbhəsinə əlavə qüvvələr yeritdi. Bundan əlavə Ermənistanın Gorus rayonundan Laçın istiqamətinə xeyli sayda zirehli texnika o cümlədən 60 tank yerləşdirdi. 15 erməni tankı isə Laçın şəhərinin içərisində keşik çəkirdi. Oktyabr ayında Laçın ətrafına və yaxın rayonların ərazilərinə yeni hərbi qüvvələrin hücumları başlandı. Ermənistanın Mehri və Qafan istiqamətlərindən Qubadlı rayonunun bütün əraziləri, Zəngilan rayonunun isə 30 kilometrlik hissəsi ermənilərin genişmiqyaslı atəşlərinə məruz qaldı. Bir gün sonra isə Ermənistanın Silahlı qüvvələri Azərbaycanın Dövlət sərhədlərini bir neçə yerdən keçərək, Zəngilan rayonunun Kolluqışlaq, Sarallı və Yuxarı Yeməzli kəndlərinə hücum etdilər. Bu hücum zamanı 5 nəfər öldürüldü, 16 nəfər yaralandı, 2 nəfər isə girov götürüldü. Öldürülənlərin meyidləri bir gün sonra ərazidən tapılmışdı. Bütün bunlar Laçın-Şuşa yolu uğurunda aparılan döyüşlərlə paralel aparıldığından hadisələr bütün cəbhə boyu döyüşçülərimizə öz mənfi təsirini göstərir və təhlükəli xarakter alırdı".

 

Laçının xilası Qarabağ iddiasına son demək idi

 

"Ermənistanın Xənəzək və Xoznavar yaşayış məntəqələrindən motoatıcı bölmələr, erməni tanklarının müşayəti ilə Hoçaz kəndindəki mövqelərimizi atəşə tuturdular. Oktyabr ayının 2 və 3-də sərhədyanı kəndlərin hamısı atəşə tutulurdu. Oktyabrın 4-5-də isə Ermənistanın Xənəzək, Xoznavar və Bayundur yaşayış məntəqələrindən Laçının şimal hissəsinə yeni hərbi qüvvələr yeridildi. Bu isə Laçının şimal istiqamətində yeni qanlı döyüşlərin başlanmasına səbəb oldu. Laçının Cənubundakı hərbi qüvvələrimiz, ermənilərin genişmiqyaslı atəşləri altında Laçın şəhərinə doğru irəliləyirdilər. Azərbaycan ordusu oktyabr ayının 6-da Susuzdağ, Qızartıdağı, Dəyirmandağı, Tərxanlı və Dəhyandağı yüksəkliklərini tutaraq, Mazutlu, Fətəlipəyə, Xanallar, Suarası, Malxələf, Baldırğanlı, Məlikpəyə, Mığıdərə, Dəyirmanyalı, Qayğı, Dəhyan, Xumarta, Unannovu, Ağanus, Zabux və Ərəbuşağı yaşayış məntəqələrini nəzarətə götürdü. Azərbaycan döyüşçüləri oktyabrın 7-də Gorus-Laçın yolundakı erməni hərbi qruplaşmalarını məhv edərək, irəliləyirdi. Artıq şimal tərəfdən ordumuzun mövqeləri ilə Laçın şəhərinin ara məsafəsi şimaldan 1, cənubdan isə 3 kilometr qalmışdı. Düşmənin Laçın şəhərində döyüşə hazırlıqlı cəmi bir qarnizonu qalmışdı. Ordu hissələrimiz Fətəlipəyə və Qarıkaha kəndlərindən Laçın şəhərinə döğru hərəkətə keçdilər. Şimal və Cənub qrupları qarşı-qarşıya irəliləyərək ya Laçın, ya da Ağanus kəndində birləşməli idilər. Şimal tərəfdəki ordu bölmələrimiz Kirov yaşayış məntəqəsindən Camışobası yüksəkliyinə qalxaraq Gorus-Laçın-Şuşa şose yolunu tamamilə nəzarətə götürdülər. Bununla da Ermənistanın Qarabağdakı hərbi bölmələrinin faktiki olaraq Ermənistandakı Rusiyanın hərbi bazaları ilə əlaqələri kəsilmişdi. Cəbhədəki qələbələri görən Azərbaycan xalqı səbrlə Laçın şəhərinin azad olunması müjdəsini gözləyirdi. Bu xəbər eyni zamanda Qarabağ müharibəsinin başa çatması demək olacaqdı.

 

Çaşqınlıq erməniləri mövqelərini möhkəmləndirməyə sövq edir

 

Lakin F. İsmayılovun sözlərinə görə belə bir həlledici anda Azərbaycanın hərbi bölmələri hücumu dayandırmalı olurlar. Qələbənin bir addımlığında ikən şimal qrupuna məxsus artilleriya qurğularına və tanklarına mövqelərini tərk etmək haqqında əmr verilir: "Həkəri çayı istiqamətindən Laçının işğal altında olan yağ-pendir zavodunu yenidən geri qaytarmış Laçın polisinin üzvləri, şimal tərəfdən isə Laçınkəndə (Yuxarı Laçın) daxil olmuş milli ordumuzun döyüşçüləri nə baş verməsindən xəbərsiz idilər. Onlara xəyanət ediləcəyini ağıllarına belə gətirmədən düşmən üzərinə hücuma keçmək üçün əmr gözləyirdilərg Ermənistanın hərbi komandanlığı gözlənilmədən Azərbaycanın şimal və cənub qruplarının qarşılışıcağı əraziyə-Gorus rayonunun Tuğ kəndi istiqamətindən cəbhəyə əlavə silahlı qüvvə yeritdi. Bildirim ki, yeni erməni qüvvələrinin tərkibinə xüsusi təyinatlılardan ibarət bir batalyon, motoatıcı döyüşçülərdən ibarət başqa bir batalyon daxil idi. Həmin qüvvələr ilk olaraq Azərbaycanın şimal və cənub cinahlarına yaxşı hazırlanmış iki zərbə endirdilər. Erməni batalyonlarını Gorus rayonunun sərhəd qoşunlarının tankları müşayət edirdilər. Ermənistan tərəfi döyüşün gedişini öz xeyirlərinə dəyişmək üçün İrəvan şəhərindən və Ermənistanın digər şəhərlərində xüsusi döyüş hazırlığı keçmiş daha bir neçə batalyonu Laçın ərazilərinə yeritdilər. Bu, azmış kimi Ermənistandakı rus bazalarına məxsus iki peşəkar döyüş batalyonu üç gün ərzində Laçın cəbhələrinə sarsıdıcı zərbələr endirərək öz bazalarına qayıtdılar. Bu zaman Ermənistanın Xınzirək yaşayış məntəqəsindən böyük bir təxribat qrupu Azərbaycanın sərhədlərini keçərək, Güləbird kəndi istiqamətindən Azərbaycanın mərkəzi rayonları ilə cəbhə bölgəsinin əlaqəsini kəsmək üçün, cənub qrupu döyüşçülərinin arxasına çıxarıldı. Cənub istiqamətindən Ermənistanın Silahlı qüvvələri Azərbaycanın Ermənistanla sərhəd kəndləri olan Qazıdərə və Cicimli kəndlərini işğal etdilər. Ermənilər Laçın şəhəri istiqamətindəki döyüşçülərimizin döyüş mövqelərinə yaxınlaşırdılar. Laçın şəhərinə daxil olmuş piyadalarımız itki verərək geriyə çəkilməyə məcbur oldular və həmçinin də cənub qrupundakı döyüşçülərimiz ağır vəziyyətə düşdülər. Cənub qrupunun döyüş bölmələri də Güləbird kəndini müdafiə etmək üçün geriyə çəkilmək zorunda qaldılar".

 

Laçın növbəti dəfə itirildi. Yenidən alınmaq üçün

 

"1992-ci il oktyabrın 10-da ordu bölmələrimiz Fərəcan, Aşağı Fərəcan, Türklər və Quşçular kəndlərini tərk etəməyə məcbur oldular. Geriyə çəkilən ordu bölmələrimiz Güləbird kəndi ətrafındakı Daşlıdağ və Topağac yüksəkliklərində mövqe tutaraq, oktyabrın 11-də hücuma keçib Cicimli, Qazıdərə, Fərəcan, Aşağı Fərəcan, Türklər və Quşçular kəndlərini erməni işğalçılarından təmizlədilər. Bu cinahdakı döyüşçülərimiz yenidən Laçın rayon mərkəzinin 14-16 kilometrliyinə qədər irəliləməyə nail oldular. Fasiləsiz olaraq döyüş meydanlarında biri-birini əvəz edən döyüşçülərimiz daha bundan artıq irəli gedə bilmədilər. Şimal qrupumuza qarşı Ermənistanın hərbi qüvvələri Xənəzək və Xoznavar yaşayış məntəqələrindən cinah zərbələri endirirdi. Bunun da nəticəsində Laçın şəhəri ətrafındakı mövqelərini tərk edən döyüşçülərimiz geriyə çəkilərək, Laçının 8-10 kilometrliyində Hoçaz və Tığik kəndlərində mövqe tutmalı. Ermənmstanın Silahlı Qüvvələri Azərbaycanın Dövlət sərhədlərini pozaraq Laçın şəhərini ikinci dəfə işğal etdilər.

Azərbaycanın ordu bölmələri tərəfindən bundan sonrakı döyüşlərin heç birində Laçın şəhərinin yenidən azad olunması mümkün olmadı. Laçın rayonunun şimal istiqamətində 60-a yaxın kənd Kəlbəcər rayonunun işğalına qədər Azərbaycan ordu bölmələrinin nəzarəti altında qaldı"...

 

 

Gültəkin Qəhrəmanlı

 

Ədalət.- 2010.- 19 may.- S. 3.