A.S.Puşkinin "Qafqaz" şeiri haqqında

 

Poeziya aləmi ulduzları sırasında öz parlaqlığı ilə söz və şeir xiridarlarını həmişə cəlb etmiş dahi rus şairi Aleksandr Sergeyeviç Puşkin həm də öz dövrünün üsyankar bir azadlıq carçısı olmuşdur.

Məlumdur ki, Rusiyanın despot çar rejiminə, ölkədə hökm sürən krepostnoyçuluq hüququna qarşı rus dvoryan gənclərinin - hərbi zabit korpusunun 1825-ci ilin dekabrında Peterburqda həyata keçirməli olan silahlı üsyanı qəddarcasına yatırılmış, 500-dən çox hərəkat üzvləri tutulmuş, üsyana rəhbərlik edən 4 nəfər asılmaqla edam edilmiş, qalan gənc zabitlərin hamısı Sibirə ömürlük sürgün edilmişlər. Dekabristlərin bir çoxu ilə yaxından dostluq etmiş A.S.Puşkinə bu hadisə çox təsir etmiş, onda hələ lap gənclikdən yaranmış azadlıq və demokratiya ideyalarını alovlandırmışdır. 1-ci Nikolayın taxta çıxması ilə paytaxtda və bütün Rusiyada güclü represiya rejiminin hökm sürməsinə baxmayaraq A.S.Puşkin sürgündə olan dekabrist dostlarına alovlu şeirlər həsr edir, onları azadlıq mübarizəsində sınmamağa, gələcəyə ümidlə baxmağa səsləyir (Çadayeva həsr olunan şer).

Belə bir müstəbid rejimə qulluq etməyi özünə sığışdırmayan şair raport verib hərbi qulluqdan tərxis olunur.

Azğınlaşmış çar üsul idarəsi, xüsusilə onun jandarm şefi və gizli xəfiyyə şöbəsinin rəisi Aleksandr Benkedrof hər cür azadlığa, humanizmə, demokratik dəyişikliklərə azacıq belə çağırışları olan yazıların, şeir və bədii əsərlərin çap olunmasına gizli qadağa qoymuş, bundan ötrü xüsusi senzura orqanı yaradılmışdı. Hər hansı jurnal və ya qəzetlərdə belə yazıların senzuranın icazəsi olmadan çap olunması həmən naşirlərin fəaliyyətinə son qoyulması ilə nəticələnirdi. Bütün bunlara baxmayaraq üsyankar şair öz kəskin şeir, pamflet, nəzm əsərlərində öz ideallarına sadiq qalıb azadlığa, xüsusilə müstəmləkə boyunduruğunda əzilən millətlərin hürriyyətə qovuşmaq yolunda duran şər qüvvələri lənətləyirdi. A.S.Puşkinin bu səpkidə yazdığı şeirlərinin ən bariz nümunəsi onun 1929-cu ildə Qafqaza gəlib buradan Ərzuruma etdiyi səyahət vaxtı yazdığı "Qafqaz" şeridir. Yəqin ki, bu şeirlə çoxları tanışdır və hətta onu sovetlər vaxtı ədəbiyyatdan, dərsliklərindən oxuyub əzbərləmiş o dövrün gəcnləri indinin isə ağsaqqalları (mənim kimi) az olmamışdır.

"Qafqaz" şeirini və A.S.Puşkinin seçilmiş əsərlərinə daxil edilmiş digər şeirlərinin hələ XX əsrin əvvəllərində hamımızın çox sevdiyi vətənpərvər şair Abbas Səhhət olduqca rəvan, şirin türk ləhçəsində bədii və poetik bir duyumla tərcümə etmişdir. Mən qəti əminliklə deyirəm ki, əgər rus ədəbiyyatşünasları, ziyalıları, Puşkin sevərləri Azərbaycan türkcəsini, onun ləhcəsini bizim bildiyimiz kimi anlasaydılar, inanın ki, Abbas Səhhətin tərcümə etdiyi bu şeirlərə görə ona heykəl qoyardılar. Bu gözəl şeirin məzmunu təxminən belədir: Qafqazın uca zirvələrinin birində qərar tutan şair ətrafı böyük heyrətlə və diqqətlə seyr edir, başı üstündə uçan qartalı, buranın gözəlliklərini, təbiətini, çeşmələrini, sıldırım qaya və uçqunlarını, dağ çaylarını, bu yerlərin sadə insanlarını vəsf edir və budur...onun diqqətini bu daşın sıldırım qayalarının altından dar keçiddən axan Terek çayını sahildəki qayalara necə cərəyanla çırpılarak sularını qəltan-qəltan edib geri qayıtmasını fövran dərdli Qafqazın da öz azadlığı uğrunda bu çay kimi coşmasına lakin, onun bu arzularının yad qüvvələr tərəfindən əzilməsinə bənzədir. Baxın nə qədər böyük cəsarət! Ölkədə dekabristlərin üsyanından sonra hökm sürən represiyalar dalğasında hakimi-mütləq rejiminə qarşı belə açıq-saçıq etiraz.

Əlbəttə A.S.Puşkinin bütün şeirləri jurnallarda çap edilməmişdən əvvəl ciddi senzuradan keçirdi. Odur ki, onun bu şeirdəki axırıncı dörd misra, yəni yuxarıda göstərdiyimiz Terek çayının dar keçiddən keçərkən qayalara hücum etməsini Qafqaz xalqlarının azadlığa çıxmaq arzusuna, lakin bu arzunun yad qüvvələr tərəfindən əzilməsinə bənzətdiyi hissə çıxarılaraq çap edilməmişdir. Və bundan sonra da şairin nəşr edilən bütün külliyyatlarında "Qafqaz" şeirinin axırıncı dörd misrası heç vaxt yazılmayıb. Əlbəttə A.Səhhət A.S.Pişkinin seçilmiş əsərlərindən tərcümə üçün götürdüyü Qafqaz şeirinin axırıncı dörd misrası barədə məlumatı olmamışdır və şeir kitabda necə verilmişsə onu gözəl bir poetik zövqlə tərcümə etmişdir.

1937-ci ildə A.S.Puşkinin ölümünün 100 illiyinin geniş qeyd edilməsi ilə əlaqədar Sov.İKP Mərkəzi Komitəsinin qərarı çıxdı. Bu qərarla bütün mərkəzi və milli respublikalarının partiya və dövlət qurumlarına tapşırılmışdır ki, A.S.Puşkinin külliyyatının rus və milli dillərdə nəşr edilib yayılması təşkil edilsin. Puşkinin o vaxta qədər SSR daxilindəki respublikalar və muxtar respublika və vilayətlərin milli dillərində nəşr olunmamış əsərlərini tərcümə edilib bu külliyata daxil edilməsi xüsusi vurğulanırdı. Odur ki, bütün respublikalarda olduğu kimi Azərbaycanda da həmən dövrdə çox böyük iş görülmüşdür. Şairin mənzum dramları, poemaları, şeirləri, nəzm əsərlərinin bir çoxu Azərbaycan dilinə tərcümə edilib onun 3 cilddən ibarət seçilmiş əsərlərinə daxil edilmişdir. Onun "Yevgeni Onegin" mənzum poeması böyük xalq şairi Səməd Vurğun tərəfindən o qədər gözəl poetik bir dildə tərcümə edilmişdir ki, onun bu tərcüməsi A.S.Puşkinin milli dillərə tərcümə edilmiş əsərləri sırasında ən yüksək qiymət almışdır. Xalq şairləri Məmməd Rahimin, Nigar Rəfibəyli, Mirmehdi Seyidzadə və başqaları da şairin lirik şeirlərinin tərcümələri çox uğurlu olmuşdur. İndi isə qayıdaq "Qafqaz" şeirinə. Bu qərarın çıxdığı dövr hələ bolşeviklərin dünyanı yeni qütbə bölən 1917-ci ilin Oktyabr İnqilabı dalğalarının təsir gücünün qüvvətli bir zamanına təsadüf edirdi. Odur ki, dünya proletariatının rəhbəri V.İ.Leninin məşhur tezislərində səslənən "Xalqlara və millətlərə azadlıq" ideyaları hələki qüvvədə idi (əlbəttə ki, sözdə). A.S.Puşkinin bütün əlyazmaları araşdırılır və vaxtı ilə senzuranın çıxarıb atdığı əlavələr ortaya çıxırdı. Burada yadıma məşhur rus yazıçısı M.Bulqakovun "Usta və Marqarita" romanının aparıcı surətlərindən biri olan Volandın "əlyazmaları yanmır" ifadəsi yadıma düşdü. Eləcə də şairin "Qafqaz" şeirində axırıncı dörd misra tapılıb və şeirdə öz yerini tutub.

A.S.Puşkinin "seçilmiş əsərlərini hazırlayan" redaksiya heyəti bu dörd misranın tərcüməsini gənc və istedadlı şair Mikayıl Müşfiqə tapşırır. İlahi, M.Müşfiq bu dörd misranı nə qədər əzəmətli, poetik, şirin türk ləhcəsində tərcümə etmişdir, həm də Abbas Səhhətin tərcüməsinin ruhunu və ləhçəsini saxlamağa müvəffəq olmuşdur. Gəlin "Qafqaz" şeirinin iki şair tərəfindən tərcümələrinə diqqət yetirək:

 

Abbas Səhhətin tərcüməsində şeirin başlanğıcının dörd misrası:

 

Qafqaz altımdadır,

ən yüksək olan

zirvədə mən,

Tutmuşam tək ucurum,

qarlı dağ üstündə qərar.

Qara quş uçmağa

qalxarsa uzaq bir təpədən,

Nə qədər yüksək uçarsa,

yenə devrəmdə uçar.

 

İndi isə çar senzurasının ləğv etdiyi və sonralar əlyazmasında tapılmış və şeirin leymotivinə çevrilmiş sonluqdakı dörd misranın M.Müşfiqin tərcüməsinə nəzər salaq:

 

Coşğun azadlığı qanunlar əzib, böylə sıqar,

Vəhşi bir qövmi höküm böylə yaqar, böylə yıqar.

Dərdli Qafqaz da bu gün

böylə coşur hiddətlə,

Onu yad qüvvələr əzdikcə ağır dəhşətlə.

 

Bəli, o vaxtdan çox illər keçib, nə mütləqiyyət dövründə A.S.Puşkinin nəşr edilən külliyyatlarında, nədə sonralar sovetlər dövrünün BVM-dən sonrakı vaxtlarda onun çoxsaylı nəşrlərində "Qafqaz" şeirinin axırıncı dörd misrasına heç yerdə rast gəlməzsiniz. Çünki, bu sərf etmir, nə ondakı çar mütləqiyyətinin, nə kommunist partiyasının hakim olduğu sovetlər dövründə və nəhayət müasir, müstəqil Rusiya Federasiyasında da dahi rus şairi A.S.Puşkinin "Qafqaz" şeiri müəllifin yazdığı bütövlükdə dərc olunmur, bilərəkdən şairin azadlığa səsləyən axırıncı dörd misrası qəsdən dərc olunmur.

Baxın, şairin 180 il bundan öncə qələmə aldığı o mənfur çarizm siyasətinin doğurduğu müstəmləkə ağrıları, xalqların azadlıq arzularını vəhşicəsinə boğulması barədəki fikirləri necə də indiki həqiqətlərlə həmahəng səslənir. Artıq 20 ildən çoxdur ki, Qafqaz təlatümdədir. Çeçenistan, İnquşetiya və Dağıstan xalqlarını azadlıq mücadiləsi və onun Rusiya federal qoşunları tərəfindən amansızlıqla yatırılması bütün dünya ictimaiyyətinin gözü qabağında baş verir. Qarabağın qəsb edilməsi, Azərbaycan - Ermənistan münaqişəsi, torpaqlarımızın 20%-nin işğal edilməsi, 1 milyondan çox qaçqın və məcburi köçkünün öz doğma diyarlarından didərgin düşməsi məhz bu siyasətin davamıdır. Özlərini dünyanın demokratiya və azadlıq ideallarına bağlı olmaları barədə car çəkən Avropa, ABŞ və xalqların müstəqilliyinin təəssübkeşi rolunda çıxış edən BMT bütün bu siyasi, ictimai və sosial ədalətsizliklərə göz yumur, biganə qalırlar. Onlar yalnız ölkələrinin korporativ maraqları olan məqamlarda hərəkətə gəlir və həmdə bundan, guya köməyə gəldikləri ölkə və xalqlara olmazın canlı və maddi ziyanlar vururlar (Vyetnam, Əfqanıstan, İraq və s.).

Səhv etmirəmsə 1992-ci ilin yayında Bilgəh kardeoloji sanatoriyada müalicə alır və istirahət edirdim. Burada bir çox ziyalı ilə, o cümlədən görkəmli şair Nəriman Həsənzadə ilə tanış oldum. Söhbətlərimizin əsas hissəsi klassiklərin yaradıcılığından gedirdi. Biz şairlə razılaşıb onun sanatoriyada istirahət edənlərlə görüş gecəsinin keçirilməsini də təşkil etdik, çox maraqlı bir tədbir alındı. Mən bir dəfə onunla söhbətimiz əsnasında A.S.Puşkinin "Qafqaz" şeirindəki 4 misra barədə, onun çox sonralar M.Müşfiq tərəfindən tərcüməsi haqqında məlumatı çatdırdım və şeiri səsləndirdim. Bu parça Nəriman müəllimə o qədər maraqlı gəldi ki, sanatoriya müddəti bitdikdən sonra o kitabı ona göstərməyi xahiş etdi. Mən, ədəbiyyat müəllimi olmuş mərhum atamdan mənə yadigar qalan kitablardan A.S.Puşkinin "Azərnəşr" tərəfindən 1937-ci ildə nəşr edilmiş 3 cildlik "Seçilmiş əsərləri"ndən, 1-ci, yəni şeirləri dərc olunmuş cildi götürüb onun yanına getdim. Nəriman müəllim o vaxtlar Azərbaycan Respublikası Dövlət Nəşriyyat Komitəsi sədrinin 1-ci müavini vəzifəsində işləyirdi. Nəriman müəllim özü bu şeiri oxudu və heyrətini gizlətmədi. O, da "Qafqaz" şeirinin gözəl poetik məziyyətlərini, xüsusilə M.Müşfiqin tərcümə etdiyi axırıncı misraları barədə xüsusi bir şövqlə fikirlərini bildirirdi. Çox təəssüf edirəm ki, bizim sonralar görüşümüz olmayıb. Sonralar, bir müddət keçdikdən sonra eşitdim ki, Milli Dram Teatrında xalq şairi N.Həsənzadənin "Pompeyin Qafqaza yürüşü" dramı səhnəyə qoyulmuşdur. Mən çox böyük gümanla fikirləşirəm ki, mənim Nəriman müəllim göstərdiyim A.S.Puşkinin "Qafqaz" şeirindəki azadlığa çağırış, onun bu dram əsərinin yazılmasında müəyyən təsir göstərib. Çünki Roma imperiyası və onun məşhur sərkərdəsi olan Pompey hələ yeni eradan əvvəl Qafqazın çox mühüm bir coğrafi məkanda yerləşməsini bilib böyük qüvvə ilə bura yürüş etmiş, müəyyən uğurlar qazansa da kökləri türk soyundan olan və bizim indiki vətənimizdə məskunlaşmış albanların ciddi müqavimətinə rast gəlmişdir. Öz doğma torpaqları uğrunda ölüm-dirim mübarizəsinə qalxmış bizim sələflərin qəti həmlələrini görən Pompey öz qoşununu geri qaytarmışdır. Albanların Vətən uğrunda fədəkarlıqla apardıqları bu tarixi mübarizə yəqin ki, əsərin leytmotivinə çevrilmişdir.

Hələ o dövrdə Əhəmənilər sülaləsi, sonralar Sasanilər sülaləsi, Vizantiya, ərəb xilafəti, monqol yürüşləri, daha sonralar İran, Osmanlı Türkiyəsi və Rusiya kimi güclü qonşular həmişə müxtəlif xalqların məskun olduğu və bu səbəbdən qüvvətli bir dövlət yarada bilməyən Qafqaza yiyələnmək, buranın sərhədlərini, ticarət yollarını ələ keçirmək siyasətini həmişə davam etdirmişlər. Buradakı xalqlar öz müstəqilliklərini, azadlıqlarını qorumaq üçün bütün dövrlərdə yadelli işğalçılarına qarşı mübarizə aparmışlar. Qazqaza, onun xalqlarına qarşı aparılmış bu işğalçılıq siyasəti bu sətirlərin müəllifi tərəfindən "Zerkalo" qəzetində dərc etdirdiyi (26 dekabr, 2009-cu il, ¹237) "Kafkaz: borba Dobra i Zla" publisistik məqaləsində ətraflı şərh edilmişdir.

Sonda bir daha vurğulamaq istəyirəm ki, A.S.Puşkin həqiqətən, sözün əsl mənasında azadlıq carçısı olub, millətindən, dilindən və dinindən asılı olmayaraq bütün xalqların müstəbüd, zülm əsasında qurulan monarxiya üsul-idarəsi rejimindən qurtulub hüriyyətə qovuşmağa səsləyən vətəndaş bir şair olub. Bir azərbaycanlı kimi vüqar hissi və fəxrlə yada salıram ki, xalqımızın da M.F.Axundov, H.Zərdabi, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, Əlibəy Hüseynzadə, M.Ə.Sabir, H.Cavid, A.Səhhət, C.Cabbarlı, M.Şəhriyar, S.Rüstəm, B.Vahabzadə, Xəlil Rza Ulutürk kimi görkəmli yazarları xalqını xurafat, cəhalət, avamlıq bataqlığından çıxıb mütiliyin, cəsarətsizliyin, ələbaxımlığın daşını atıb, mübarizəyə, hüriyyətə, azadlığa qovuşmağa səsləmişlər.

 

 

Akif Muxtarov

 

Ədalət.- 2010.- 20 may.- S. 7.