KAŞĞARİŞÜNASLIĞA
QİYMƏTLİ TÖHFƏ
2008-ci ildə "Elm" nəşriyyatı Cahid İsmayıloğlunun "XI yüzilliyin tarixi-onomastik leksikası (Mahmud Kaşğarlının "Divanü-lüğat-it-türk" əsəri əsasında)" adlı monoqrafiyasını çapdan buraxıb. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarına əsasən çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva, rəyçiləri filologiya elmləri doktoru Roza Eyvazova və professor Qara Məşədiyevdir. Professor Qəzənfər Kazımov "Müəllifinə uğur gətirən əsər" adlı ön sözdə yazır ki, monoqrafiyada təkcə Kaşğari divanını yox, habelə qədim türk yazılı abidələrini, Oğuznamələri, Yusif Balasağunlunun "Kutadqu-bilik" əsərlərini də müəllif tədqiqat obyekti kimi götürüb. Qəzənfər müəllim kitabı "bütövlükdə faktların təhlili və etimoloji araşdırmalar üzərində qurulmuş əsər" (səh. 6) kimi səciyyələndirir.
Monoqrafiya Giriş, 2 fəsil, nəticə, ədəbiyyat siyahısından və bir də ki, "Divanü-lüğat-it-türk"dəki onomastik leksikanın lüğəti" adlı əlavədən ibarətdir. Cahid İsmayıloğlu monoqrafiyanın Girişindəki ilk cümlələrdən bəhs etdiyi mövzuya belə aydınlıq gətirir: "Qədim türk onomastikası mürəkkəb, amma kifayət qədər dəqiq və mütəşəkkil bir sistem təşkil edir. Qədim türk onomastikası dedikdə, XIII yüzilliyə (Monqol hücumuna) qədərki lüğətlərdə və digər yazılı mənbələrdə öz əksini tapmış bütün xüsusi adların toplusu dərk edilməlidir" (s. 12).
Şərqi Qaraxanlılar
dövlətinə Şaş, yaxud Çaç (sonrakı
adı: Daşkənd), onun şərqində Talas,
şimalında İsficab (Çimkənd), Yeddisu bölgəsi,
Fərqanə vadisinin böyük bir qismi, Qaragölə
tökülən Kaşğar çayı
üzərindəki Ordu-Kənd, yaxud Kaşğar, onun
cənubunda Yarkənd, İssık-Kulun qərbindən axan Çu
çayının üzərində yerləşən
Kuz-Ordu, yaxud Balasağun, onun yaxınlığındakı
Qara-Ordu, Balxaş gölünə tökülən İli
çayının sahilindəki Almalıq,
cənub-şərqdə Cunqariya bozqırları, Alagöl,
İrtış çayı, Təklə-Məkan
səhrası, sərhədə yaxın Xotən şəhəri,
Hindiquş və Qaraqorum dağları arasındakı Gilgit
şəhəri daxil idi. Ölkənin əsas
mərkəzi Kaşğar, ikinci mərkəzi gah
Balasağun, gah da Talas idi. "Kutadğu bilig" və
"Divan" yazılan dövrdə paytaxt Kaşğar
idi".
Mövcud tarixi fakt və
bilgilərə istinad edən Cahid İsmayıloğlu bu
əsasda dilçilik görüşlərini inkişaf
etdirir, XI əsrin tarixi-onomastik leksikasını ətraflı
təhlilə cəlb edir, M.Kaşğari
lüğətindən və s. mənbələrdən
yetərincə faydalanır. Eyni zamanda müəllif Mahmud
Kaşğarlının hazırladığı və
"Divan"a daxil etdiyi xəritənin
əhəmiyyətindən bəhs açır:
"Divan"da
verilmiş dünya xəritəsi ərazi toponimlərini
əks etdirdiyi üçün böyük
əhəmiyyətə malikdir. Bu, ilk türk xəritəsi
və orta əsrlərin ən dəqiq
xəritələrindən biridir" (s. 19).
Daha sonra
"xəritədə adı "Ərzi-Azərbadqan"
kimi çəkilən Azərbaycanın coğrafi mövqeyi
və qonşu sərhədlərin də öz əksini
tapdığını" da qeyd edir. "Divan"dakı
coğrafi məlumatlarla o dövrün ərəb və
İran mənbələrinin də uyğunluq təşkil
etdiyini göstərən müəllif bir daha bu məlumatların
digər faktlar və sənədlər tərəfindən
də təsdiqləndiyini - mötəbərliliyini demək
istəmişdir.
Tədqiqatçı balık, oba, yazı, yurt, yış, yar, kaş və s. kimi ilk coğrafi apelyativlərin o dövrlərdən təşəkkül tapdığından danışır, "daha sonralar Göytürk dövlətinin yerini alan uyğur xanlığında Türk yer adları sisteminin formalaşdığını" göstərir. "Balık" sözünə münasibətdə isə yazır ki, "VII əsrdən etibarən türk dövlət və mədəniyyət işləri içərisində yer tutmuş, yerinə və qavranmasına görə xüsusi məna qazanmışdır. Bu söz (balık) dövlət idarələrində rəsmən "şəhər, qala" mənasında istifadə olunduğu halda, XI əsr Arğularında (arğu dilində) "çamur, balçık (palçıq) anlamında işlənmişdir. Eyni rəmzi söz köçəri türk dairələrində yurd sözü ilə dəyişdirilmişdir" (s. 20-21).
Onomastik vahidlərin toponimik vahidlərə çevrilməsi prosesinə də burda toxunulmuşdur: "Bəzi kişi və qadın adları digər obyektlərin adlarına da verilmişdir. Ümumiyyətlə, eyni adın müxtəlif obyektlərə verilməsi o dövrün toponimik vahidləri üçün başlıca xüsusiyyətdir. Məsələn, alimin sözlüyə aldığı Ayas kölə qadın adı daha sonrakı yüzilliklərdə Xarəzm bölgəsindəki bir qalaya da verilmişdir" (s. 21).
Elə burdaca
yuxarıdakı fikirlərə bir münasibət bildirim ki,
bu cür proses ta qədimdən əzəli-əbədi
qanunauyğunluqdur; yəni toponimik səciyyəli
sözlərin əksəri onomastik vahidlərdən
törəmədir, çünki ta əski çağlardan
insanlar özlərinə yurd etdikləri yerləri
qarışbaqarış gəzmiş, orada özlərinin
izlərini qoymuş, bu izləri
əbədiləşdirmək - müəyyənləşdirmək
məqsədilə söz naxışı - ad yaddaşı
(toponimik möhür) vurmuşlar. Bir
sözlə, toponimlər havadan (havayı yerdən) törəmirlər,
onları yaradan da, yaşadan da xalqdır (insandır) və
toponimlər də bilavasitə xalqın (dar
çərçivədə - insanın, hər hansı
şəxsin) əməllərini - izlərini
özlüklərində daşıyır - yaşadırlar.
Cahidin Çaç
(Daşkənd), habelə Kaşğar (Ordu-kənd) və s.
bu kimi adlara münasibətində də dəyərli
bilgilər üzə çıxır: "Çaç
müasir Daşkəndin ən qədim adıdır. Dillərində "ç" çəsi
olmadığına görə ərəblər onu
"Şaş" şəklində yazmışlar.
"Şaşkənd" sonralar "Daşkənd"ə
çevrilmişdir. Şəhərin adını çin
qaynaqları "Çö-Çi",
"Çö-Şi", yaxud sadəcə "Şi"
şəklində transkripsiya etmişlər ki, bu da
çincə "daş" deməkdir" (səh. 21-22).
"Bənidaş
şəhrinin sirri" adlı nağıl (yəni
"Daş insanın şəhəri"), yaxud insanların
daşa çevrilmələrindən bəhs edən mif,
əfsanə, rəvayət və nağıllar bu məqamda
nəzərdə canlanır. Necə olub ki, xalq elə
əski dönəmlərdə belə hətta
özlərinin mərkəzi şəhərlərinə -
baş kəndinə Daşkənd (daş kənd - daş
şəhər) adı verib yaşadıb? Yaxud hazırda
respublikamızdakı Daşkəsən rayonu, ya da
Cəbrayıl rayonundakı eyniadlı Daşkəsən
kəndi (eləcə də Daşbaşı kəndinin
adındakı "daş" sözü və s.) niyə
"daş" sözü ilə bağlanıb? Bəlkə insanların daş şəhəri
adlandırdıqları mifik məkan, yaxud tilsim
vasitəsilə daşa döndərilmiş -
daşlaşmış insanların məskəni elə bu
yerlər, bu yurdlar, bu ərazilərdir?!. Əlbəttə ki,
bunlar başqa bir söhbətin mövzusu olduğundan,
başqa bir yazımla bunlara münasibət
bildirəcəyəm!..
Tədqiqatçının
Kaşğarın tarixi və adı ilə bağlı
fikirləri də diqqəti çəkir:
"Kaşğarın
tarixi adı Ordu - kənddir. Bu ad onun paytaxt
olmasına işarədir. Qədim
Çin mənbələrində şəhərin adı
Solek və ya Sorak, çincə transkripsiyası Su-Lek,
çincə bugünkü adı Sufu, transkripsiyası
isə Ku-şa və ya Ka-şadır. İndiki
Kaşğar Atadağdan axan Qızılsu çayının
qolu olan Tümənin sağ sahilində yerləşir. Əsski Kaşğar isə bir qədər
uzaqdakı təpə üzərində salınmış,
qala divarları ilə əhatə edilmişdir. Qədim Kaşğarın xarabalıqları
hələ də qalır. Mühüm
karvan yollarının qovşağında yerləşən
bu şəhərin tarixi b.e.ə. 76-cı ildən
başlanır" (səh. 22).
Tədqiqatçı Cahid
İsmayıloğlu "Hicrətin 466-cı ilində (1072-3)
yazılmış "Divanü-lüğat-it-türk"
əsəri türk dili xəzinələrini qoynunda
daşıyan qədim əsərlərimizin ən
qiymətlilərindən biridir. Əsər Kaşğarlı
Mahmudun Qaraxanlılar zamanında yazdığı
Türkcə-Ərəbcə bir sözlükdür" (s.
26) deyərək kitabın təkcə dilçilik
üçün yox, folklorşünaslıq, etnoqrafiya və
s. üçün də mühüm dəyər
daşıdığını vurğulayır. Lakin
əsərin "Ərəbə türk dilini
öyrətmək üçün bir filoloq" dərsi
olduğunu qeyd etməklə, "Mahmud Kaşğarlı
"Ərdəmin başı dildir" demişdir" (s. 29)
cümləsini işlədir ki, bununla da sanki monoqrafiyanın
dilçilik aspektindən tədqiqata cəlb olunduğunu
oxucusunun diqqətinə çatdırır.
Giriş hissəsi
ənənəvilikdən bir qədər kənara
çıxan monoqrafiyada "Mahmud Kaşğarlı və
tarixi onomastika məsələləri" adlanan birinci
yarımbənddə Cahid Kazımov mövzunun obyekti, predmeti,
qarşıya qoyduğu məsələlərlə
bağlı ümumi icmal daşıyan məzmunda
çıxış edirsə, "Divan"dakı onomastik
leksikanın tədqiqində informasiya texnologiyalarının
rolu" adlı 2-ci yarımbənddə isə fikirlərini
belə tezisləşdirir:
"İnternetdə toponimin
4 xüsusiyyəti verilir: 1) qrafik, 2) struktur, 3) semantik, 4)
coğrafi.
Toponimin qrafik
əlaməti zəncirvari simvollardan, hərflərdən
ibarət olub, sözün səs cildinə uyğun gəlir. Bu
əlamət eynitipli fonetik quruluşda olur.
Toponimin struktur
əlaməti onun tipoloji sistemi ilə təyin olunur. Toponimin
quruluşu isə dildaxili faktorlarla əlaqədardır.
Toponimin semantik
əlaməti leksik mənalar əsasında meydana
çıxır. Toponimin semantikası ekstralinqvistik
faktorlarla bağlıdır. Toponimin
semantikasına əhatə olunan mühit (landşaft; onun bitki
və heyvanat aləmi), insanların təsərrüfat
həyatı, onların kosmoqonik təsəvvürləri
və estetik dəyərləri aiddir. Daha
sonra toponimin semantikasında demək olar ki, insanların
tarixə baxışı da əhatə edilir. Bu cəhətlərinə görə, yəni
semantik prinsiplərə görə M.Kaşğarlının
"Divan"ındakı toponimləri internet
səhifələrində iki qrupda birləşdirmək
təklif olunur: 1) obyektin fiziki-coğrafi
xüsusiyyətlərinin əksi, 2) insanın praktik
fəaliyyəti ilə bilavasitə əlaqədar olanlar"
(səh. 41).
Şakir ALBALIYEV
Ədalət.- 2010.- 21 may.- S. 5.