VERİLMƏYƏN ŞANS
(Romandan parça) Rasim Garayoğluna
Bədənə
dar gələn köynək, pencək kimi qatı qaranlıq
adamı sıxırdı. Azad buralara
yaxşı bələd olan Rabilin hənirinə onun
arxasınca addımlayırdı. - Ehtiyatlı ol, pilləkənlərdən
düşürük - dedi Rabil. Aşağıda yeməkxananın
qapısı açılanda pilləkənlər azacıq
işıqlandı, o, sözünə davam elədi -
Respublikaya işıq verən Mingəçevirg Burda
ataların çıraq öz dibinə işıq salmaz
deyimi yada düşür...
Buz kimi soyuq,
cansıxıcı vaqona bənzər yeməkxananın balaca
pəncərəsindən baxanda uzaqda qaranlığın
udduğu suların bir parçası
göründüyündən, gölün
böyüklüyünün zəhmi Azadı basdı, pənəcərədən
düşən işıqda qumlu, torpaqlı qara, bozumtul
qatı mazuta bənzər ləpənin ləngərlə
yoğrularaq gəlib yeməkxananın altına keçəndə
Azad geri çəkilərək kondinsionerin pultuyla əlləşən
Rabilə baxıb həyəcanla - Ə, qağa, bilirsən
biz hardayıq, suların üstündə! - dedi. Rabil pultu masanın üstünə atıb
etinasız "işləmir" - söylədi.
Öz qabındakı
qızardılmış bütöv kütüm
balığı yeyib yarısına çatmamış qaranlıq
gecənin və Mingəçevir gölünün
azmanlığının vahiməsi hələ də
canından çıxmamış Azad göy-göyərtiyə
iştahla girişən Rabilə baxanda keçən il yayada
"Pirşağa" çimərliyində çimərkən
nə qədər cəhd eləsə də onun heç
olmasa suyun qurşağa çatan yerinəcən cürət
edib irəliləmədiyi vaxtı xatırladı, - A
qağa, üzəmmədiyini bilirəm, boy vermiyən suyun
üzündə nə qədər qala bilərsən? - Rabil
başını yeməkdən qaldırmadan dərhal -
Ştangistlərn qaldırdığı çəki
daşı var e, on altı kiloluğu demirəm, otuz iki kiloluq
nə qədər dayanarsa, mən də o qədər -
bunları ciddi desə də Azadı gülmək tutdu. - Bəs
nə ürəyinən, hansı risklə burada oturmusan,
heç olmasa gündüz olsaydı - Azad bunları deyəndə
Rabil yenə də başını qaldırmadan - Nə olub
ki? - soruşdu. Azad əlini
yeməkdən çəkib - Belinin qrijasından
yatırdın e, sizə gəlmişdim, yadında? -
Azad əlini solfetka ilə sildi, Rabil bir an
başını qaldırıb Azada baxdı, sonra
balığın başını götürüb
orasına-burasına baxa-baxa - Nar gətirmişdin mənə,
həyətimizdə çoxlu nar var. Ancaq sənin gətirdiyin
o iri, gözəl narlar heç vaxt yadımnan
çıxmır - dedi, Azad - Hə, onlar Toğrul Nərimanbəyovun
narlarındandı. Mən onu demirəm. Televizora baxırdıq, yadındamı? Rabil yenə də başını yeməkdən
qaldırmadan - Yox, yadımda deyil - söylədi. - Nə
əcəb yadında deyil. İsrail kimi ölkədə... Toyuydu, adamlar oynadığı yerdə döşəmə
çökdü. Altımız dərin
göldü, iki dəmir dirəyin üstündəyik, bəlkə
bunlar çürüyüb, bir himə bənddi... - Azad
sözünü tamamlamamış Rabil əlini solfetkaya
uzadıb dik ayağa qalxdı - Qadan alım, ağzını
xeyrə aç, getdik - deyib ofsiantı
çağırdı.
Maşının
faralarının işıqlandırdığı dar asfalt
yoldan başqa hər yan zülmət içindəydi. Sükutu Azad
pozdu - Sən bilən gecə niyə qorxulu olur? Həmin
yol, həmin daş-torpaq, ağaclar, dağlar, sular...
Gündüz qorxmursan, ancaq gecə... Azad Rabilin cavab vermədiyini
görüb - Yazıçı Xanəmir var... Rabil onun sözünü kəsdi - Nə bilim
qağa, dünya sirlə doludu. Xan... necə
oldu? - soruşdu - Sən
tanımırsan cavan şairdi, yazıçıdı. Romanı var, bir yerində yazır,
"yatmış, qaçıb gizlənmiş şər
qüvvələr qaranlıq düşəndə fəallaşırlar.
Gözlə görünməsə də adamın
ağlına-şüuruna təsir edirlər..."
Xeyli sükutdan sonra Rabil -
Azad müəllim, - dedi- Biz tərəflərdə Seyid Mir
Haşım ağa olub, onun dədəsi yolunan gedirmiş,
qabağına çıxan iki cavan oğlan ona
sataşır. Rəhmətliy bunlara baş
qoşmur. Cavanlar əl çəkmir
hırıldayıb kişini dolamaq istəyirlər.
Uçan göyərçinləri göstərib - Kəramətin
varsa, onların birini endir aşağı tutub kabab eliyək sənin
cəddinin sağlığına da yüz-yüz vuraq... Seyid incimiş halda, onların üzünə
baxmadan ağır-ağır - A bala, Allah
günahınızdan keçsin - söyləyir. Bir an susduqdan sonra sözünə davam edir -
Cavanlığınıza bağışlayıram - deyib azca
aralıda tarlanın qırağındakı iri qayanı
göstərib - Gedin onun üstündə oturun, göyərçinlər
dövrə vurub qayıdanda mənimlə belə şit
zarafat elədiyinizə peşman olacaqsınız. Gənclər
itələşə-itələşə qaçıb
qayanın üstündə oturur, uzaqda görünən tək
çinarın başına dövrə vurub qayıdan
göyərçinlərə baxan cavanların biri - Seyid, elə
elə ikisi düşsün - deyir, o biri cavansa, - Yox, yox
üçü düşsün, hərəmizə bir...
Göyərçinlər ucadan, oğlanların başı
üstündən uçanda o boyda qaya ortadan necə
çatlayıb aralanırsa, oğlanların hərəsi bir
tərəfdə qalır, heyrətdən, qorxudan uşaqlar
uzun müdədt yerlərindən tərpənə bilmirlər...
- Rabil bəy, bilmirəm bu həqiqətdi,
şişirtmə, uydurmadı?.. Biz tərəflərdə Zəngəzur
zonasında, qabaqlar Zəngilan da Zəngəzurun ərazisində
olub. Rəhmətlik Seyid Həsənağa
olub. Yeri gəlmişkən, mənim
beş-altı yaşım olanda bizim yayalaq yerinə gəlmişdi.
İndiki kimi gözümün
qabağındadı, çal buxara papaqlı,
yaraşıqlı, nurlu bir kişiydi, kəhər atın
belindəydi, bilmirəm seyid olduğumuza görəmi, atam
kolxoz sədri olduğuna görəmi, bizim qapıda atdan
düşdü. Xəbər tutan kənd
adamı tökülüşüb gəlmişdi. Atam o qədər yox, anam çox inanclı,
imanlıydı. Anamın təkidiylə
ağzımı açdım, Seyid Həsənağa
ağzıma tüpürdü. Elə
bilirdim onun tüpürcəyi nəsə şirin, dadlı
olmalıydı. Üz-gözümü
bürüşdürüb yerə tüpürmək istəyəndə
anam həyəcanla "Olmaz! Olmaz! Qadan alım" -
deyib tez evimizə aparıb qonşu aran kəndindən bizə
səvərədə-səbətcikdə pay gəlmiş və
biz tərəfdə təbərrirk sayılan dəymiş,
şip-şirin incirdən birin mənə verdi.
Fürsətdən istifadə edib
üzümü turşudaraq birini də alıb yedim. Nə demək istiyirəm. O vaxtlar danışırdılar,
Seyid Həsənağanı müharibəyə aparmaq istəyəndə
nə qədər eləsələr də
- Azad müəllim, o nə sözdü, Allaha qurban olum!
- İncimə, sənin kimi adamlara, axı necə deyim,
xətrinə dəyməsin...
- Necə istəyirsiniz deyin, incimərəm.
- Qurana inanırsan? Onun Allah kəlamı
olduğuna inanırsan?
Xeyli sükutdan sonra Rabil - Əlbəttə
inanıram...
- Mən istəyirdim belə cavab verəsən. Mənim balaca oğlum, bir dəfə məni necə
susdurdu. Adi məntiqlə. Dedi ata,
namaz qılıb Həccə gedən, nə bilim, zəkat
verib özünü müsəlman sayan yüzlərlə adam nə müsəlmandı, nə də
Allaha inanandı. Deyir, adicə İcra
başçısının, yaxud şirkət prezidentinin
qabağında ştık kimi dayanan, bir sözünü iki
eləməyən... lap elə Respublika Prezidentinin
qarşısında müticəsinə dayanıb, hər
sözünə baş üstə deyən məmurlar
Allahın, Quranın dediklərini yerinə
yetirmirlər. Bax, deyirsən Allaha inanıram, ancaq nə namaz
qılırsan, nə Həccə gedirsən... Müdirinin
sözünnən çıxammırsan, ancaq Allahın
buyurduğunu eləmirsən, zina eliyirsən, araq içirsən,
bir "meşox" pul arzulayırsan, televizorda veriliş
aparan o gözəl xanıma villa tikdirmək ürəyindən
keçir...
Azad
danışa-danışa Rabilgilin kənd qəbrstanlığındakı
sığallı üzlüklü, fiqurlu daşlardan olan
mühəccərli hasarın içərisində su
qırağında bir-birinin həvəsinə pərvazlanıb
ucalan qələmə ağaclarını xatırladan qara mərmərdən
olan dörd başdaşı və sinə daşını
bir tərəfdə oturmaq üçün parlaq
xınayı boyaya çəkilmiş sığallı
reykalardan düzəldilmiş skamya, divarboyu əkilmiş
calaq qızılgül kolları gəlib gözünün
qabağında durdu. "Bax, dəbdəbə nəyə
lazımdı, İslama görə bunlar qəbul olunmazdı,
onların halal zəhmətlə başa gəlməsinə
inanmıram" - demək istədi. Arvadının
söylədiyi "qocalmısan, yenə də harda nəyi
deyələlr, nəyi deməzlər bacarmırsan"
sözlər, bir də Rabilin təkcə öz gorgahları
üçün deyil, məzarlığa gələn
bütün insanların istifadəsi üçün düzətdirdiyi
iyirmi tonluq su çənini, məzarlıqdan azca aralıda
tikdirdiyi ayaqyolunu xatırlayıb bir an
susdu. Rabil ağzın açıb danışmaq istəyəndə
- Qoy fikrimi tamamlayım - dedi Azad. Sən, sənin
kimi milyonlarla Allaha inandığını deyən adamlar
Allahın buyurduqlarına niyə əməl eləmir? Bir nəfər deyir on yeddi dəfə Həccə
getmişəm. Deməli bu adam hər
il günahlar içində üzür, öz aləmində
ziyarət vaxtı gedib "təmizlənib"
qayıdır. Allahla gizlin-paç oynamaq olar?..
Bilmədiyi, dərk etmədiyi Varlğın həm
olduğunu, həm də olmadığını sübut eləməyə
çalışanlara həm gülməyim tutur, həm də
yazığım gəlir...
- Azad müəllim, Siz Allaha inanmırsınız?
- Allaha inananlar da xoşbəxtdi, sənin çox istədiyin
bir söz var e "bir cür çıxmasın",
inanmayanlar da xoşbəxtdi. Ona görə mən
bədbəxtəm ki, ortalıqda qalmışam, əzab
içində, nə onlardanam, nə bunlardan. İnanmamağım bilirsən nədəndi?
Milyonlarla insan müsəlman, milyonlarla insan xristian, buddist,
iduist, qriqoryan... Kim hansı mühitdə
doğulur, tərbiyə alır, o dinə inanır, yaxud meyl
edir. İnsanın quruluşunda, strukturunda
binədən nəyəsə inanmaq mexanizmi, var, adamı təlqinlə,
psixoloji söhbətlərlə inandırıb kamikadze,
manqurt edirlər, yaxud yaponlardakı xarakiri məsələsi.
Lap adi misal - orta məktəb şagirdlərinin peşə, sənət
seçmə məsələsi, uşaqların beyninə-ağlına
fikrin, ideyanın toxum kimi səpiləmsi, yaxud hər hansı
əqidəyə inam, onun uğrunda ölümə getməsi...
Rabil Azadı kəndlərinə
dəvət edəndə Azad şəhərin, daha doğrusu
özünün yeknəsəq həyatından (tezdən
işə get, axşam qayıt) heç olmasa ikicə gün
xilas olacağına, ayağı torpağa dəyəcəyinə,
payızın gözəlliyinə baxıb hissiz-passız, tər-təmiz
havanı bal kimi udacağına, əlini cibinə salıb bir
manat xərcləməsinə Rabilin imkan verməyəcəyini,
maşınla aparıb, maşınla gətirəcəyini, səhərlər
təbii süd, qaymaq, bal, yumurta yeyəcəyini, bunlardan da
çox hələ sovetlər dövrü Daxili İşlər
nazirini və onun müavinini güllələyib elə oradaca
özünü də öldürən milis mayorunun məzarını
ziyarət edəcəyini (o vaxtlar cəmiyyətdə bomba
kimi partlayan bu olayı yazmaq həvəsinə düşsə
də, çap olunmayacağına ümidi
olmadığından fikrindən
daşınmışdı.), bunlardan da vacibi Bakının
Botanika bağında Rabilin anasıyla bağlı
danışdığı mifə, rəvayətə bənzər
o söhbəti yenidən söylətdirməsi idi. Dörd il
öncə yay axşamlarının birində botanika
bağında yanlarından ötən,
qarşı-qarşıya gələn bir-birinə bənzəməyən
su sonası kimi gözəllər, skamyalarda sarmaşaraq
bir-birini çiçək kimi qoxulayan yeniyetmə oğlanla
qızlar, yiyəsinin əlindən qayışını
dartaraq özünü ağacın dibinə verərək
qıçını qaldırıb tələsik işini
görən erdelteryer, buldok, ofçarka cins itlər,
budağa qonub bəzən hansısa həyəcandan, bəzən
də yarışırmışlar kimi cəh-cəh vurub
ötən torağaylar, bildirçinlər, bülbüllər
Azadın diqqətini yayındırdığından o
nağıla bənzər söhbəti yenidən,
bütün təfsilatı ilə eşitməkdə məqsədi
Rabilin başına gələn əhvalatın həqiqətmi,
yoxsa özünün şişirdib uydurması olduğunu dəqiqləşdirmək
idi. Tanışlıqlarının on doqquz ili
ərzində istər görüşdükləri vaxt, istərsə
telefonla uzun-uzadı söhbət edəndə mübaliğə
olmasın, elə vaxt olmamışdı Rabil heç olmasa
bir dəfə anasının adını çəkməsin.
Onun yeddi yaşı olanda hər dəfə məktəbdən
qayıdanda, bəlkə yeməkdən qabaq anasını əmdiyinə
görəydi ki, beş qardaş,
üç bacının son beşiyi olaraq uşaqların
içində ən canlısı, yaraşıqlısı,
diribaşı idi. Oynaq, zarafatçıl, yeyib-içən,
kefqom, Araz aşığından, Kür topuğundan olan dəllək
atasından çox, uşaq üstündə on səkkiz
yaşında rəhmətə getmiş qızından sonra
ürək xəstəliyinə tutulmuş, nəinki
güldüyünü, dodağının qaçıb
gülümsədiyini görmədiyi, qaraqabaq, ibtidai sinif
müəllimi olan anasını hər il özüylə
götürüb Soçi, Yalta, Minvoda, bəzən eyni ildə
ikinci dəfə Bilgəh, Mərdəkan sanatoriyalarına
aparan, anasının xəstəliyi
ağırlaşdığı vaxtlar nəinki öz
arvadını, hətta doğma bacılarını yaxına
qoymayıb, stulun üstündə oturdaraq ayağından
başınacan belini, qarnını, məmələrini
ustufca, səliqəylə yuyub özü çimizdirdiyini,
metri otuz rubl olan tünd göy rəngli ingilis bastonundan
yubka-kostyum sifariş verərkən, oğlunun xərcə
düşməsinə razı olmayacağını bildiyindən,
anası soruşarsa, dərzi ilə qabaqcadan sözləşib
on beş manatlıq olduğunu dedirtməsi, kastyum hazır
olanda anasına çox yaraşdığını, ürəyincə
olduğunu, evlərinə qayıdanda kostyumu yenidən geyinib
güzgü önündə arxayınca baxanda qaraqabaq sifətinin
işıqlandığını görəndə
anasının kədərli gözlərinin düz içinə
baxıb birdən "Zəriş, sən bir həftədən
sonra öləssən" - deməsini, qəfil çevrilib
qapıdan həyətlərinə, oradan da götürülərək
alaqapılarından çıxıb aralıdan axan arxın
qırağında cəviz ağacanın altındakı
daşın üstündə oturaraq hönkürüb
ağlamasını, altı gündən sonra bayram
axşamı martın iyirmi birində anasının
dünyadan köçməsini; başqa bir vaxtsa
nişanlı olarkən "səninlə dünyanın o
başına gedərəm, hər şəraitə dözərəm"
deyib kəndə gəlin gəlmış, doqquz aydan sonra
oğlan doğmuş bakılı qızının günlər
ötdükcə dəyişməsi, ayağının yer
alması, günlərin birində mələk simalı, on səkkiz
yaşlı qızının ölümündən sonra qəlbi
qırıq anasıyla balkonda dilləşməsini, söz
qaytarmasını görəndə otaqdan çıxıb
kimin haqlı, kimin haqsız olmasının fərqinə
varmadan arvadının qucağındakı
yaşyarımlıq oğlunu alıb xalçanın
üstünə qoyan, soyuqqanlıqla yaxınlaşıb
arvadının hörüklərini əlinə dolayaraq uzun
balkonlarının yarısınacan sürüyüb aparanda
ata-anasını, yeddi arxa dönənini kişi
söyüşləri ilə yağlayan, bu mənzərəyə
dözməyən qaynana gəlib "öldürdün
qızı, burax, ə gədənin balası" deyib
yalvaran, anasını da eşitməyib gözü
qızdığından nər-nər nərildəyən
Rabil "demişdin səniynən dünyanın o
başına gedərəm, dünyanın o başına beləcə
aparacam səni" - söyləyib bir-iki addım da
sürüyəndən sonra anası özünü gəlinin
üstünə atıb qucaqlayanda buraxmış, o gündən
sonra şəhərli qızı yumşalıb muma
dönmüşdü.
Hər fikrə,
hər məsələyə həmişə münasibətini
bildirən Rabilin indi susmasına Azad təəccübləndi,
- Rabil bəy, üşüdüm deyib əlini bir-birinə
sürtdü - mümkünsə sobanı yandıraydın -
söylədi.
Rabili kökləyib hala gətirmək, anasıyla
bağlı həmin əhvalatı yenidən ona həvəslə,
bütün xırdalığıyla söylətmək
üçün - Bilirsən, demirəm rəhmətlik Seyid
Mir Haşımın dədəsinin o gücü, o qüdrəti
ola bilməz. Dünya, dünyanın
özündən qat-qat böyük, sonu görünməyən
açılmaz kələfdi, insanlıq onu aça-aça
gedir. Elmin, tarixin dediyinə görə
insanlar min illər, milyon illər keçəndən sonra odu
kəşf edib. Min illər ötəndən
sonra dairəvi təkəri kəşf edib. Bir azdan sonra
bərk gedən oğlanlar, şəxsi peyklərə yiyələnib
başqa planetlərə səyahətə çıxacaqlar,
bəlkə də adamlar min kilometr aralıdakı
tanışı, doğmalarıyla mobil telefonsuz
danışacaqlar... Universitetdə oxuyanda bir
müəllimimizin dediyi fikri heç vaxt unuda bilmirəm.
Deyirdi nağıllar, mifoloji mətnlər, əfsanələrə
qeyri-ciddi baxmaq olmaz. Bunların
kökündə bir həqiqət, gerçəklik olub.
Sadəcə onlar bizdən çox-çox uzaqlarda
qaldığından, ağızdan-ağıza
ötürüləndə nəsə artırılıb,
şişirdilib, nəsə qısaldılıb
özlüyündən, kökündən uzaqlaşıb,
izi zamanın qatı dumanına, tozuna-torpağına, xaosuna
qarışdığından kodlar şəklində bizlərə
çatdığından heç cür aça bilmirik...
Bir neçə il qabaq Türkiyədə
nəşr olunmuş bir kitab əlimə keçmişdi. Orda kəramətli insanlardan, təsəvvüfdən
bəhs olunurdu. Adlarını unutmuşam, deyək ki,
Şam şəhərində birisi qəlyanını
yandıranda çaxmağını tapa bilmir, bu vaxt oradan
uzaqda olan deyək ki,
Bayaqdan susub
qulaq asan Rabil nəhayət - Doğurdan da Azad müəllim,
biz dərk olunmayan sirlər aləmində yaşayırıq
- dilləndi.
Azad yenə əlini-əlinə sürtüb -
Bax sənin özün ananın bir həftədən sonra rəhmətə
gedəcəyini, hardan bildin? Bunu qəddarcasına onun
özünə necə və niyə dedin?
- Hə, dedim Zəriş, bir həftədən
sonra öləsəsn.
- Nədən bildin?
- Bilmirəm... Sonra da getdim eşikdə cəviz
ağacı var e, onun dibində daşın üstündə
oturub hönkür-hönkür ağladım - deyib Azada
sarı çevrildi. - İnanırsız, Azad müəlllim,
düz bir həfətədən sonra martın iyirmi birində
rəhmətə getdi...
- Allah rəhmət eləsin! Mən onu deyirəm də,
sən heç sonradan fikirləşmədin mən bu
sözü anamın üzünə niyə dedim? Bəlkə onu sənə dedirdən olub. Şeytan, şeytan deyirik, çoxumuz onun
varlığına inanmırıq, bəlkə doğrudan da
o sözü sənə Şeytan dedirdib. Məncə,
insan nə düşünürsə, ağlına nə gəlirsə,
yəni fantast, xülya kimi görünən, təsəvvür
edilən bütün şeylərin hardasa reallığı,
gerçəkliyi var. Axı, bu havanı, elmi dillə desək
oksigeni, suyu, torpağı, günəşi - canlıların
yaşaması üçün bu mühiti, bu şəraiti
kim yaradıb? Yemək-içmək bir yana,
hər çəkdiyimiz nəfəsdə nələri qəbul
etdiyimizdən kimin xəbəri var? Cin-Şeytanların
əməlləriylə bağlı hələ
uşaqlıqdan başlayaraq bəzən bir-birinə bənzər,
bəzənsə yeni eşitdiyim onlarla, yüzlərlə rəvayət
olub. Yenə deyirəm, bunların
hamısı bilinməz, naməlum mənbələrdən,
ağızdan-ağıza ötürülə-ötürülə
hər kəs öz təsəvvürünə,
fantaziyasına görə artırıb əskildərək
bu günəcən gəldiyindən bəzən inanır, bəzən
də şübhələnməli olursan. Ancaq sən...
Söhbətin
bu yerində artıq məqamın yetişdiyini hesab edən
Azad "sənin başına gəlmiş o əhvalatı
danışanda əstağfurulla, Allahdan da çox istədiyin
ananın ruhuna and içdiyindən mən inandım" demək
istədi, bir anın içində fikrini dəyişib -
Rabil, on minlərin yox e, on milyonlardan, deyərdim bəlkə
dah çox adamdan birinin başına gələ bilən o
möcüzə birbaşa sənin öz başına gəlib,
bu, artıq danılmaz faktdı. Deyirdin Hacıqabula çatanda...
bax, o yeri tələsmədən, bütün incəliyiylə,
pis çıxmasın, artırıb əskiltmədən dəqiqliyi
ilə bir də danışa bilərsən?..
Xeyli vaxt susan Rabil sanki yuxudan
ayıldı, ayağını bir anlığa "qaz
pedalından" çəkdi, maşının sürətinin
azaldığı hiss olundu, yan pəncərədən
çölə baxdı, bir şey görə bilmədiyindən
maşının saatına baxdı, sonra çevrilib bir an
Azada baxıb gur səslə - Gör e, Azad müəllim, bu Əli
yolu haqqı, söz vaxtına çəkər deyiblər, elə
bu vaxtlar olardı, Hacıqabula yaxınlaşanacan mən
hirsimdən partlayır, maşını necə
sürdüyümü bilmirdim, məni qəzalardan Allah
qurtardı, pulu harda itirdiyimi, kimin
oğurladığını heç cür ağlıma gətirmirdim.
Bir il qabaq da avtokalonda kassirin
otağından yeddi min yoxa çıxmışdı. İki ay sonra maşın aldığıma görə
oğurluqda mənim də adım hallanmışdı. Bundan sonra mən kimi inandıra bilərdim ki, on mini
itirmişəm. Turist səfəri baş
tutmasaydı, gedənlərin içində elə tərs, təkcə
adımı eşidəndə dəli olan, başından
tüstü qalxan elə adamlar vardı, adamı diri-diri yeyərdi.
Hər yerdən əlim
üzülmüşdü, hirsimdən hönkürüb
ağlamaq istiyirdim, partiyaya keçmək məsələm də
bir yannan, o dəyqələrdə bu dünyada olmasa da mənə
ən doğma, ən əziz olan anamı xatırlayır,
"Zəriş, mən neyniyim, başıma nə çarə
qılım, dərdimi kimə söyləyim" deyirdim.
Deyirdim deyəndə ürəyimdə anamla
danışırdım, bəlkə də
pıçıldayırdım. Bir də
gördüm lap uzaqdan ulduz boyda bir işıq sürətlə
düz üstümə gəlir. Ağlım
başımda olmadığınnan o işığın
maşınmı, yoxsa təyyarəmi işığı olduğunu
seçə bilmədim. Mayaq kimi, ancaq daha tez-tez
yanıb sönən o işıq yaxınlaşdıqca məni
qorxu bürüdü, artıq pul məsələsi
yadımnan çıxmışdı, maşina yüz,
yüz əlli metr qalmış həmin işığın
azca yuxarı qalxdığını hiss elədim,
"maşınla toqquşacağını bildiyindən
yuxarı qalxdı", düşündüm, bir az məndə
arxayınlıq yarandı, getdikcə yaxınlaşan,
yaxınlaşdıqca böyüyən o
işığın şəffaf, ancaq uzun, titrək
qanadlarını gördüm, vertalyota oxşayır e,
gözləri lampışqa kimi iri... bizlərdə
cırcırama deyirlər. Məndə bir dinclik,
rahatlıq, arxayınlıq yaranmışdı. Azca qəlbidən uçan həmin məxluq qar dənəsi
kimi yüngüllüklə padpresin üstünə qondu.
Onun şəffaf, uzun, sürətlə hərlənən
qanadları ventilyator pərləri kimi tərpənirdi,
arxası sanki min bir rəngə çalan, tovuz quşunun açılıb
enlənmiş quyruğuydu. Azad müəllim, şəkilçəkənlər,
nə deyillər ona, plyonkanı - o kağızı suya
salıb, bizim dildə necə deyirlər - proyavit eləyirlər
e, xətlər, cizgilər, sifət yavaş-yavaş
aydınlaşır, bax o sayaq həmin işığın
baş hissəsi tədricən aydınlaşıb Zəriş
oldu. Üzündə bir mülayimlik vardı, mən
sizə danışmışdım, ona bahalı, gözəl
bir kostyum tikdirmişdim, güzgüdə gördüyüm o
mülayim, xoş sifət anam idi. Mehribanlıqla
soruşdu: "Niyə qanın qaradı a gədənin
oğlu?" Başıma gələni
danışdım. Danışdım deyəndə
səsimiz çıxmırdı, ancaq bir-birimizi başa
düşürdük. Dedi paçkanın biri
yanındakı oğlanın şalvarının arxa cibində,
biri də pencəyinin döş cibindədi. Sakitcə əlini
atıb çıxararsan, ancaq dalaşıb eləmə...
Bu an
gözlərini yumub diqqətlə dinləyən Azad qulaqlarının
uğuldadığını, sifət dərisinin yuxarı
dartıldığını, başındakı tüklərin
iynə kimi, kirpi tikanlarıtəkin qabarıb
qalxdığını hiss etdi. Rabil
sözünə davam elədi - Gözümü yumub
açanda heç nə görmədim. Ürəyim
yerinə gəldi, bütün həyəcanım, gərginliyim
yox olmuşdu. Özümü yüpyüngül hiss
edirdim. Qoydum üstünə yüz, yüz iyirmiynən Ləkəcən
sürdüm... Azadın susduğunu görəndə - Azad
müəllim, bir şair var, Sərxan... familyası necəydi,
yadıma salammıram...
- Səyavuş Sərxanlı, rəhmətə gedib.
- Analarla bağlı bir söz deyib... "İnsan
ömrü boyu Allahınan bircə dəfə
görüşə bilər.-deyib çevrilərək
gözləri böyümüş halda bir an Azada baxıb
sözünə davam elədi- anasının ruhu vasitəsiylə".
Çağırsa, istəsə də, hər
evlada ananın ruhu gəlməz. - söyləyib
qürurla yenə Azada sarı çevrildi.
Ehtirasla,
qışqıra-qışqıra danışdıqca hər
bir söz elə bil od parçasıtək
Rabilin boğazını dağlayıb
çıxırdı...
AZƏR ABDULLA
Ədalət.- 2010.- 22 may.- S. 12-13.