TÜRK DÜNYASININ BƏXTİYARI
Bir ildən artıqdır ki, xalq şairi, görkəmli dramaturq, akademik Bəxtiyar Vahabzadə aramızda yoxdur.
Adətən, böyük sənətkarlar haqqında çıxış etmək yüksək səviyyəli mütəxəssislərin işidir. Lakin şairə olan böyük el məhəbbətinə görə bu haqda danışmaq və yazmaq hər bir ziyalının mənəvi borcu və şərəf işi hesab olunur.
Nizamidən, Nəsimidən, Füzulidən, Sabirdən və digər başqalarından mənəvi qidasını alan Bəxtiyar Vahabzadə, müəllimi Səməd Vurğunun poeziyasına sığınaraq, qayəsinin əsasını həyata, sənətə fəlsəfi görüş və baxışlarını təşkil edən Azərbaycan fəlsəfi şerini daha yüksək zirvələrə qaldırmışdır.
Azərbaycan xalqı həqiqətən şair xalqdır. Azərbaycanın şairi də çoxdur. Lakin bunların içərisində Bəxtiyar Vahabzadə şeriyyatının özünəməxsus yeri vardır. Bəxtiyar Vahabzadənin müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri şəksizdir. Lakin bütün bunlara baxmayaraq, şair bu sahədəki xidmətlərinə necə də təvazökarcasına qiymət verir:
Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə ondan razıyam ki,
Özümdən narazıyam.
Bəli, şair ədəbiyyat sahəsindəki misilsiz, əvəzedilməz xidmətlərinə tənqidi yanaşaraq, gör necə də sadəlik nümunəsi göstərir.
Heç kəsdən gizli deyildir ki, bəzi yazarlar mətbuatda bir şeri də çap olunmamış ozünə ədəbi təxəllüs seçir. Lakin Bəxtiyar Vahabzadənin sadəliyi bir də ondan görünür ki, şairin heç vaxt təxəllüsü olmamış, o həmişə öz adı və soyadı ilə çıxış etmişdir.
Şairin yaradıcılıq palitrası çox zəngin və rəngarəng olmuşdur. Xalqı, cəmiyyəti düşündürən hər bir məsələ onun şerlərinin başlıca mövzusu olmuşdur. Azərbaycan xalqının tarixində zaman-zaman baş vermiş faciələrin əsasını qoymuş, Azərbaycanın ikiyə parçalanmasını təsdiqləyən Gülüstan müqaviləsinə həsr olunmuş "Gülüstan" poemasında şair belə deyir:
İpək yaylığı ilə o, asta-asta
Silib eynəyini gözünə
taxdı.
Əyilib yavaşca
masanın üstə,
Bir möhürə baxdı,
bir qola baxdı.
Kağıza həvəslə
o da qol atdı,
Dodağı
altından gülümsəyərək.
Bir qələm əsrlik
hicran yaratdı,
Bir xalqı yarıya böldü
qılınc tək.
Öz sivri ucuyla
bu lələk qələm,
Dəldi sinəsini
Azərbaycanın.
***
Qoyulan şərtlərə
razıyıq deyə,
Tərəflər qol çəkdi
müahidəyə ...
Tərəflər kim idi?
Hər ikisi yad!
Yadlarmı edəcək
bu xalqa imdad?!
Ötən əsrin
60-cı illərində, kommunist rejiminin kəsə-kəs
vaxtında bu mövzuda, bu ruhda poemanı mətbuatda çap
etdirmək sənətkardan böyük cəsarət tələb
edirdi. O zaman
gənc olan Bəxtiyar Vahabzadə həyatının, ailə
üzvlərinin, yaxınlarının böyük təhlükə
qarşısında qalacağından ehtiyat etməyərək,
"Gülüstan" poemasını keçmiş Nuxa
şəhər (indiki Şəki şəhər-İ.A.)
partiya komitəsi və icraiyyət komitəsinin orqanı olan
"Nuxa fəhləsi" qəzetində dərc etdirir və
bu böyük ictimai əks-sədaya səbəb olur.
Mənim həmin
vaxtlar 10-11 yaşım olardı. Lakin sonralar
böyüklərimizin söylədiklərinə görə
Bəxtiyar Vahabzadəni yüksək rütbəli vəzifəli
şəxs poemanın nəşri ilə bağlı söhbətə
çağırır. Həmin vəzifəli şəxs
şairi qəbul edərək deyir:
- Şair, xeyir ola, son vaxtlar "podbolnı poema" (gizli
poema-İ.A.) çap etdirirsən?
Şairin cavabı çox sərt
olur:
- Mən bilmirəm, "Nuxa
fəhləsi" qəzeti nə vaxtdan "podbolnı qəzet"
olub?
Həmin vaxt
şairi böyük çək-çevirə salırlar. "Nuxa fəhləsi"
qəzetinin redaktoru mərhum Məhyəddin Abbasov da ciddi
partiya cəzasına məruz qalır. Lakin
şairin özünün sonrakı müsahibələrindən
aydın olur ki, o zamanlar gözə-görünməz bir
qüvvə onu bu bəladan çəkib çıxarır
və xilas edir. Bu ümummilli lider Heydər
Əliyev idi.
Bəxtiyar
Vahabzadə yaradıcılığında heç vaxt
mövzuları böyük və kiçik mövzulara
bölməmiş, o, həmişə adi bir epizodu da öz sənətkarldığı
ilə yüksək səviyyəyə qaldıra bilmişdir. Onun
"Karusel" şeirini götürək. Şeirin qısa məzmunu ondan ibarətdir ki,
valideynlər uşaqlarını karuselə mindirirlər,
karusel fırlandıqca uşaqlar şənlənir və
sevinirlər. Lakin bir yetim uşaq isə kənarda
dayanıb karuseldə fırlanan uşaqların sevincinə
şərik olur:
Uşaqlar fırlanır...
baxır onlara
O gülür...
Onun da dəyişir halı.
Uzaqdan baxdıqca
Fırlananlara
Fırlanır onun da fikri,
xəyalı.
O da xoşhallanır,
həzz alır gendən.
Duyur fırlanmağın
xoş olduğunu,
Uşaq meydançaya
tək gəldiyindən
Yoxdur karuselə
mindirən onu.
Ancaq o xoşbəxtdir...
O qəlbə mən də
Heyranam...
Ey könül,
düşün, düşün sən.
O, həzz ala bilir
özgəsinin də
Həzzindən, zövqündən,
səadətindən!...
Bəxtiyar
Vahabzadə həmişə yerliçilik meyllərindən
uzaq olmuşdur. Təsadüfi deyildir ki, şair bununla bağlı
deyir:
Mən həm bakılıyam,
həm lənkəranlı,
Gəncəli, qubalı,
həm
naxçıvanlı.
Şəkili, şirvanlı,
qarabağlıyam,
Bütöv Vətənimə,
bütöv bağlıyam.
Bir dəfə
"Özünüz şəkili olduğunuz halda, hələ
Şəkiyə bir şeir həsr etməmisiniz" məzmunlu
oxucu məktubuna yazdığı "Şəki"
şeirində belə cavab verir:
Bir nəğmə qoşmadım
hələ mən sənə,
Dağlar bunu mənə
kəsir sanmasın.
Mən dedim vurğunam
Azərbaycana,
Deyirəm, heç zaman
Xırdalanmasın
Könlümdən ucalan
bu avaz,
bu səs.
Böyükdür,
ucadır məsləkim
mənim.
Bala anasına "sevirəm"
deməz,
Mən də deməmişəm,
a Şəkim, mənim.
Vaxtilə ayrı-ayrı
şairlərin, hətta, sonradan tanınmış,
sayılıb-seçilən şairlərin müsahibə və
xatirələrindən bizə aydın olurdu ki, onlar ilk
şeirinin çap olunması arzusu ilə
Yazıçılar İttifaqına gələrkən
yaxşı qarşılanmamış, bəzilərinə isə,
hətta, şeir yazmamağı məsləhət
görmüşlər. Lakin Bəxtiyar Vahabzadə gənc nəslə,
yenicə şeir yazmağa başlamış gənclərə
qayğı ilə yanaşmış, bununla bərabər,
öz nəsihətləri ilə onlara
yaradıcılıqlarında istiqamət vermişdir:
Siz ey bizdən sonra şeirə
gələnlər,
Bu çətin yollarda uğurlar
sizə!
Eşqiniz - gələcək.
Yaşınız - səhər.
Qəlbiniz işıqlı,
fikriniz
təzə!
Mərd olun!
Meydanda durun
mərd kimi,
Uymayın ötəri şöhrətə,
ada.
Bizim şeirimizin
dünəni kimi
Böyükdür,
şanlıdır istiqbalı da!
Bəxtiyar
Vahabzadə həm xalq şairi, həm də xalqın
şairi idi. Onun xidmətləri dövlətimiz tərəfindən
yüksək qiymətləndirilmişdir. O, yeri gələndə
ictimai ədalətsizliyə qarşı vulkan kimi
püskürməyi, zamanından və şəraitdən
asılı olmayaraq, haqq səsini ucaltmağı da
bacarırdı.
Şairin
yaradıcılığı keçmiş Sovetlər məkanında
da layiqincə qiymətləndirilmişdi. O, keçmiş SSRİ-nin
Dövlət mükafatına da layiq
görülmüşdü. Onun yaradıcılığı
Türkiyədə də, həmçinin, türkdilli ölkələrin
hamısında sevilir və yüksək qiymətləndirilir
Mən deyərdim
ki, şairin ölümü ilə böyük türk
dünyasının fəlsəfi şeirinin bel sütunu
qırıldı.
Təsadüfi
deyil ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycan
xalqının deyil, bütün türk dünyasının
böyük, sevimli və əbədiyaşar şairidir.
Şairin
"Atılmışlar" poeması əbədi bir
mövzuya - yaşlı nəsillə gənc nəslin
münasibətlərinə, valideyin-övlad münasibətlərinə,
bu münasibətlərin incəliklərinə, mənəvi
problemlərinə həsr olunmuşdur.
Həyatda oğul
övladının evə gəlin gələndən sonra onun
təhriki ilə anasını zorla kimsəsizlər evinə
- qocalar evinə aparıb təhfil verməsi, toylarda isə
xanəndəyə 100 dollar verib ana mahnısını
sifariş verərək, ağlaya-ağlaya mahnıyı qulaq
asmasını də eşitmişik. Lakin bu hal
azərbaycanlı milləti üçün səciyyəvi
hal deyildir. Şair bu haqda belə demişdir:
Azdır belələri yaxşı ki,
bizdə,
Ancaq qorxuludur olsa da
tək-tək.
Bəxtiyar Vahabzadə poemada
qocalar evini belə təsvir edir:
Əyləşir qocalar ikibir, üçbir
Qocalar evinin dəhlizlərində.
Ömür kitabları sətirbəsətir
Oxunur onların bənizlərində.
Böyük şair
poemanın sonunda nankor övladlar haqqında fikirini belə
tamamlayır:
Məhkəmə qurulsun!
Atılmışların
Uzaq, gözündən
uzaq
sığnacağında.
Vicdanlar əyləşsin o gün
Hakimin
Biri sol yanında,
biri sağında.
Məhkəmə qurulsun,
hökm verilsin,
Hər kəs haqqını yox,
borcunu bilsin!
Balasını atan analar ilə
Anasını atan balalar
gəlsin.
***
Məhkumun üzünə
oxunan hökmün
Məqsədi - qanmazı
qandırmaq olsun!
Qanmaqda cəza da,
ədalət də var.
Qansın!
Borcundan da
bir boy ucalsın!
Sevgiyə, qayğıya
möhtac olanlar
Ancaq sevgiylə də
haqqını alsın!
Yeri gəlmişkən,
söhbətin Azərbaycan poeziyasından getməsini nəzərə
alaraq, bir məsələ barəsində də oxucularla fikir
bölüşmək istəyirəm. Azərbaycan
poeziyası qədim tarixə malik olmaqla, özünəməxsus
ənənələri vardır. Son
zamanlar isə Azərbaycan poeziyasında sərbəst şeir
yazanların sayı çoxalıb. Bu ilk
baxışda pis hal deyildir. Lakin sərbəst
janrda şeir yazmaq o demək deyil ki, şeirdə Azərbaycan
dilinin qramatik qaydalarına əməl edilməsin. Bu janrda yazan bir çox şairlərin şeirlərində
bütün misralar balaca hərflə başlayır. Ola bilməz ki, bir şeirdə böyük hərflə
başlayan bir misra olmasın. Mən hələ
belə şeirlərin məzmununa toxunmuram. Ona görə də bu haqda şair, ədəbiyyatşünas,
ədəbi tənqidçi, bir sözlə, mütəxəssis
sözünə ciddi ehtiyac vardır. Onların
mövqeyini bilmək ədəbiyyatsevərlərin ürəyincə
olar.
Təbii ki, bir
məqalədə, özü də mütəxəssis
olmayan tərəfindən Bəxtiyar Vahabzadənin çoxcəhətli
yaradıcılığının bütün səciyyəvi
cəhətlərini əhatə etmək mümkün deyil. Və mən
bunu qarşıma məqsəd kimi də qoymamışam.
Sadəcə olaraq, bu Bəxtiyar Vahabzadə
yaradıcılığına olan oxucu məhəbbətinin
təzahürüdür.
Allah ona qəni-qəni rəhmət
eləsin.
İlham Abbasov
Ədalət.- 2010.- 22 may.- S. 18.