ƏDƏBİ HƏYAT
"BAKIDAN BAXANDA ÇADIR
GÖRÜNMÜR"
Onu bircə kərə
də görmədim.Amma dərdli şeirlərini tez-tez
oxuyurdum, "Ədalət" və "525-ci qəzet"
onun dərdinin kürsüsünə çevrilmişdi. Bu
yaxınlarda qəzetlərin birində oxudum ki, dünyadan
köçüb. Müxtəlif qəzetlərdə
çap olunan şeirlərini bir yerə yığdım,
şair Əbülfət Mədətoğludan isə iki
kitabını aldım. Və bu şeirləri
və bir də "Söndürülmüş telefonlar"
adlı povestini oxuyandan sonra öz-özümü
qınadım ki, niyə vaxtında Vahid Əlifoğlunun
şeirləri barədə bir yazı yazmamışam? Əslində, dərddən şeir yazarlar, məqalə
yox, amma yenə onun dərdli şeirlərinin incəliklərinə
varmaq olardı.
Füzuli
rayonunda dünyaya göz açan Vahid Əlifoğlunun tərcümeyi-halı
barədə heç nə bilmirəm və əslində,
bu, mənə lazım da deyil. Mən onu yalnız
şair kimi tanıyıram, onun tərcümeyi-halı
şeirlərindədir. Bu şeirlərdə
vaxtilə Qarabağın bülbüllü
bağçalarını tərk edib çadır həyatı
yaşayan soydaşlarımızın mənəvi əzabları,
maddi məhrumiyyətləri əks olunub. Qətiyyətlə
deyə bilərəm ki, müasir poeziyamızda əgər
belə demək mümkünsə, bir çadır şəhərciyi
var və o çadır şəhərciyinin əsasını
qoyanlardan biri Vahid Əlifoğludur. Mən
çadırlarda yaşayan insanların həsrətli
duyğularını, keçirdiyi hiss və həyəcanlarla
Əşrəf Veysəllinin, Elçin İskəndərzadənin,
Rəfail Tağızadənin, Mətləb Misirin şeirlərində
də
Vahid Əlifoğlu yazanda
utanıram.
Bu imzada şeir oxuyanda
öz-özümdən soruşuram ki, kimdi bu Vahid Əlifoğlu?
Füzulidə
Seyid Əşrəf var idi, Özü gəldi, ocağı
qaldı.
Seyid Əşrəf! Allah zərrəsi, yüz min adamın
and yeri..
Ermənilərin dirisiynən
bacarmadığı yüzlərlə şəhidin qəbri
qaldı..
Qaraköpək qaldı, Məngələnata
qaldı, Ərgünəş qaldı..
Quruçayın,
Köndələnin başı qaldı, ayaqları bizdədir.
Mən bilmirəm Füzulidə
neçə kənd, neçə ev,
neçə çayxana var idi. Mən bilmirəm Füzulidə
neçə bulaq, neçə quyu, neçə kəhriz var
idi..
Bilənlər
Bakıdadır"
Bakıdan baxanda isə
çadırlar görünmür.Vahid Əlifoğlunun belə
bir şeiri var və mən bu şeiri dünən də, bu
gün də Qarabağ mövzusunu yalnız dildə vətənpərvərlik
şüarına çevirən, əməldə isə bircə
qaşıq qanını verməkdən çəkinən
çox-çox "mötəbər" insanların
ünvanına tənə daşları
yağdırılır.
Hər körpü başında
təzə bərə var,
Bu yol
batır görünmür.
Arada o qədər dağ var,
dərə var,
Bakıdan baxanda
çadır görünmür.
Ölü yaddaşlarda
Qarabağ qalıb,
Geniş saraylarda çoxdu
Qarabağ.
Bircə çadırlarda
Qarabağ qalıb,
Çadırdan kənarda yoxdu
Qarabağ.
Kim verib, kim alar yurdunu, qardaş,
Əlləri dizində qalan
nə bilsin?
Qolu kəsilmişin dərdini
qardaş,
Qolları yerində qalan
nə bilsin?
Bakıdan baxanda çadır görünmür...
Yenə
qayıdıram "Söndürülmüş
telefonlar"a. Bu əsərin janrı əslində,
qarışıqdır. Burada süjet var, müəyyən hadisələr də
təsvir olunur, obraz da var,povest demək
olar. Amma mənim fikrimcə bu, kədərli
esselər silsiləsidir, çünki esseyə xas olan fəlsəfi
düşüncələr, emosional mühakimə tərzi əsərin
bütün mahiyyətinə çöküb. Amma nə adlandırırsınızsa
adlandırın, "Söndürülmüş
telefonlar" həm acı fəryaddır, həm də
ittiham. "
Şuşanın
nə günahı var?
Küldən od
törəyər, oddan kül...
Ey Pənahəli xan, Məhəmməd
bəy cavanşir...
Batmanqılınc
götürəsi nəvələrin indi yardım
bağlamalarını quş kimi oynadır əlində..."
Bu əsər
vaxtında yazılmışdı, VAXTIN ƏSƏRİYDİ
"Söndürülmüş telefonlar". O günləri indi kədərlə
xatırlayırıq.
Vahid Əlifoğlunun onlarla
şeirini oxuyuram və düşünürəm ki, bu
şeirlər təkcə dərddən, qəmdən
yaranmayıb,həm də bu dözülməz
vəziyyətlə barışmayan,
qaçqınlığı, köçkünlüyü
qüruruna sığışdırmayan bir insanın
harayıdır. Vahid Əlifoğlu torpaq itkisinə,
işğala dözmür, məğlubiyyətlə
barışmır, o, sadəcə, gördüklərini,
müşahidə etdiklərini şeirə çevirir.
Bu şeirlər isə həm adamı göynədir,
sızıldadır, həm də içində qəzəb
qığılcımları şölələndirir.
Vahid deyirdi ku: "Satılmış torpaqlar papaq istəyir,
Tapdanmış papaqlar torpaq istəyir". Deyirdi ki: "Bu
çadır kişilər, çadır uşaqlar, Bu
çadır arvadlar, çadır gəlinlər, Yerimir,
ağlamır, gülmür, danışmır". Əlbəttə, çox sərt misralardı
bunlar, amma həqiqətdir. Bundan da daha sərt
şeirləri oxuyuram və fikirləşirəm ki,
Qarabağı satanları bircə-bircə həmin misralarla
güllələyəsən. Ya da həmin misraları
bu gün "mənim Qarabağım" deyib kürsülərdən
dil-dil ötən, amma ürəyində Qarabağ
duyğusundan milyon verstlərlə uzaq düşən bəzilərinin
gözünün içinə oxuyasan
Vahid şeirlərinin birində yazırdı:
cəhənnəmdən keçər,
cənnətdən keçər,
Bircə Qarabağdan keçməz
bu yollar.
Başqa bir şeirindəsə
deyirdi:
Nədən nə kəsmisən,
kəm yaratmısan,
Bizə dərd yazmısan,
qəm yaratmısan.
Bütün millətləri
sən yaratmısan,
Allah, bu millətin
axırı yoxdu.
Vahidə min rəhmət
deyirəm, amma bu misralarla razılaşmıram. Həddən artıq
inamsızlıqla yazılıb və təbii ki, bu tipli pessimist
düşüncədən doğurdu, Vahidin şəxsi, fərdi
pessimizmindən doğurdu.Vahid o günü görmədi, amma
biz görəcəyik və Xalq şairi Qabilin də iki
misrasını xatırlayıram:
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!
ƏLLİ YAŞIN SEVİNCİ VƏ...
Rəşid Behbudov adına Mahnı teatrında tanınmış
şair Sərvaz Hüseynoğlunun 50 yaşı qeyd olundu.
Ömrün "ekvator xətti"ni
keçən hər bir sənət adamı üçün
bu əlli yaşın təntənəsi heç vaxt
unudulmur. Yəqin ki, Sərvaz da o günü
unutmayacaq. Zarafat deyil, bu yubiley gecəsinə
Azərbaycanın tanınmış ziyalıları, şairlər,
alimlər, Sərvazdan yaşlı və Sərvazdan cavan qələm
sahibləri toplaşmışdı.
Sərvaz
Hüseynoğlu "Ədəbiyyat qəzeti"ndə
şöbə müdiridir, Azərbaycan Yazıçılar
Birliyi Aran filialının rəhbəridir və təbii ki,
özünə və yazılarına görə müəyyən
auditoriyası da var. Elə məclisin çoxsaylı tərkibi
də bunu sübut edirdi. Budur,gecənin aparıcısı Ənvər
Əhməd hamını salamlayır, Sərvaz haqqında
ürək sözlərini məclisdəkilərlə
paylaşır. Sonra çıxışlar,
arada mahnı, saz havası. Amma...
Bir xeyli
çıxış oldu. Bu professor, bu millət vəkili, bu tənqidçi,
bu şair, bu İmişlidən gələn dost-icra hakimiyyətinin
şöbə müdiri, bu Xalq artisti... Onların
çıxışları, Sərvaz haqqında söylədikləri
yalan deyildi, səmimi idi. Amma..Di gəl
ki, az qala otuz illik yaradıcılıq yolu
keçən, müasir ədəbiyyatımızda bir
kiçik də olsa cığır açan şair-publisist
Sərvaz Hüseynoğlu unudulmuşdu. Doğrudur, ümumi
sözlərlə onun istedadlı şair olmasından
danışıldı, hətta Ramiz Məmmədzadə Sərvazın
hansı şeirininsə adını çəkdi,amma..iki saatdan artıq davam
edən gecədə "Ədəbiyyat qəzeti"nin
şöbə müdiri, Yazıçılar Birliyi Aran
filialının rəhbəri, hamının dostu və
sevimlisi Sərvaz Hüseynoğlu Şair-publisist Sərvaz
Hüseynoğlunu məğlub elədi.
Mən israr etmirəm, bəlkə
də 50, 60, 70 illik yubileylər elə bu sayaq keçirilməlidir.Amma
unutmayaq ki, istənilən yubilyarın ünvanına söylənilən
o tərif yağışları əvəzinə durub o
yubilyarın gözəl şeirlərindən oxunaydı, o təriflər
öz yerində, heç olmasa, bir şair kimi keçdiyi
yolun enişləri-yoxuşları bəlirlənəydi...
Öncə qeyd etdim ki, Sərvaz
Hüseynoğlu istedadlı şairdir və istərdim ki, bu
yazıda qısaca da olsa, onun şairliyindən söz
açım
Sərvaz neçə il öncə
yazdığı şeirlərinin birində deyir:
Könlümdə bir misra
bitirmişəmsə,
Ən böyük şairi
mənəm dünyanın.
O zaman cavan şairlərə
həsr etdiyim bir yazıda demişdim ki, bunlar şair
misralarıdır. Özünə inamdan yaranan şaair
misraları...
Bu neçə ildə Sərvazın
xeyli şeir kitabları işıq üzü görüb,
S.Rüstəmxanlıya, Anara, Ənvər Əhmədə və
İmamverdi Əbilova həsr etdiyi elmi, publisistik
monoqrafiyaları çapdan çıxıb və "Ədəbiyyat
qəzeti"ndəki əsl Sizif əməyini də bura
qatsaq, doğrudan da həyatını, gecəsini-gündüzünü
SÖZƏ həsr edən, arı inadcıllığı ilə
çalışan bir zəhmətmevər ziyalı ilə
qarşılaşarıq.
Amma onun
Şair obrazı ön plandadır. Şeirlərində
lirik "mən"in duyğu və düşüncələri,
dünya, həyat, cəmiyyət, günün
reallıqları, yurd yanğısı, Vətən məhəbbəti,
ana sevgisi, məhəbbət duyğuları...onun şeirlərinin
əsas motivləridir. O, yaşıdlarının
müraciət etdiyi əksər mövzularda yazır, amma onun
şeirlərindəki poetik ab-hava özünündür.Budur,onun üç-dörd il əvvəl
yazdığı şeirlərdən biri:
Hərə bir zülüm çəkir,
Qarışıbdı rəng, boya.
İştahım ölüm çəkir,
Bax bu qəmli tabloya.
Göz önündə nələrdi,
Əl qalxıb qoşa, qalıb.
Ömrüm daşı dələrdi,
Dirənib yaşa, qalıb.
İnsan və ölüm..məncə, Sərvaz bu mövzuda yazılan
onlarla, yüzlərlə şeirdən öz şeirini fərqləndirməyə
cəhd edib. Hər halda, uğurludur. Belə
uğurlu şeirlər az deyil. Amma təbii ki, uğursuz alınan şeirləri də
var. Və mən tutaq ki, heç cür fəhm edə bilmirəm
ki, Sərvaz "Son güman yeri" şeirində nə demək
istəyir? Başqa bu tipli şeirlərinin
də adını çəkə bilərdim.
İndi isə başqa bir şeiri:
Bir mənəm, bir də boş küçə,
Ayrılıb getməyim ağır.
Buludlar çoxdan kiriyib,
Ağaclar hələ də
yağır.
Damcılayır addım səsi
Küçələrin
yanağına.
Kainat bir bağa kim
Çəkilibdi
çanağına.
Yarpağın üstəki şehi
Elə bil yüz əl qoruyur.
Buludların xatirəsin
Ağaclar gözəl qoruyur.
İnsan və
təbiət...Bu mövzuda da yenə minlərlə şeirlər
ərsəyə gəlib. Bu da Sərvazın özünəməxsus
poetik düşüncəsini ifadə edir .
Sərvaz yaşıdları
ilə müqayisədə az yazır, bəlkə
elə bu səbəbdəndir şeirlərində bir səliqə-səhman
var, sözə ciddi yanaşır.
Bu qısa söhbətimi Sərvaz
Hüseynoğlunun "Oğluma" şeirinin son
misraları ilə bitirmək istəyirəm:
Sən qorxma ki,
şəkk gətirir bəşər tarixə,
Neyləsələr yapışmayır
bu şər tarixə.
Hökmdarın hökmlüsü
düşər tarixə,
Şairlərin, mənim balam,
piri qalacaq.
Arzulayaq ki, Sərvaz Hüseynoğlu da o pir şairlərdən
olsun!
VAQİF YUSİFLİ
Ədalət.- 2010.- 22 may.- S. 19.