ATATÜRK SEVGİSİ
Mənim dəyərsiz
bədənim əlbəttə bir gün torpaq olacaqdı;
ancaq Türkiyə Cümhuriyyəti əbədiyyətə
kimi yaşayacaqdı.
Mustafa Kamal ATATÜRK
Dünyaya gəlib,
boya-başa çatdığım İgdir vilayətinin Dizə
(bəzi nadan məmurlar 60-cı illərdə onun
adını dəyişib Koçqıran eləyib) kəndində
kasıb, ancaq xoşbəxt bir ocağımız vardı. İbtidai
məktəbi yenicə bitirmişdim. Ailənin salamat
qalmış yeganə övladı olmağım, atamla
anamın qocalmış olmaları səbəbiylə
xüsusilə atam məni oxutmağa heç cürə meyil
göstərmirdi. Mən, oxuyacağam deyə
ayağımı dirədikcə o da "əsla olmaz, kəndimizdə
qalacaqsan və yerlərimizi əkib biçəcəksən,
burada ömür sürəcəksən, bizə
baxacaqsan" deyirdi. Biraz da üstələyəndə hiddətlənib
özündən çıxırdı, rəhmətlik onsuz
da əsəbani bir kişi idi. O vaxtlar xırmanı vəl ilə
sürərdik. Bir neçə dənə
camışımız vardı, vələ onları
qoşardıq. Ay yarım işləyib xırmanı eliyər,
samanı samanlığa, buğdanı da evə
yığardıq. Hər il ancaq yeyəcəyimizə və
toxumluğumuza görə buğda götürə bilərdik.
Avqust ayının
cır-cıraması idi və kölgədə 45 dərəcə
isti vardı. Atama, "məni orta məktəbə
yazdır, oxumaq istəyirəm" dedim, kişi özündən
çıxdı. "Dünya dağıla səni məktəbə
qoymaram, dədə-baba ocağımızı kor qoyub hara
gedirsənə!" deyə sözümü ağzıma təpdi.
Gördüm belə olmayacaq əlimdəki çubuğu
tulazladım və gedib kölgədə oturdum, sonra da
atama;" əgər məni oxutmasan mən də işləməyəcəyəm,
sabah birigün evdən də çıxıb gedəcəyəm,
hər payız gələndə gəlib bir
camışımızı oğurlayıb aparıb
satacağam, camışlarımızın sayı orta məktəbi
və liseyi qurtarana kimi mənə kifayət edər.."dedim.
Kişinin gözləri kəlləsinə çıxdı
və vəldən düşən kimi əlində
çubuq üstümə cumdu. Yeyəcəyim qarağac
çubuğunun yanğısını duyub
götürüldüm, o da məni qovalamağı
buraxdı. Bu dəfə məni dilə tutmağa
başladı və nə illah etdi isə qəti fikrimi
bildirdim. Axırda razı oldu və ertəsi günü
xırmanı yarlı-yarımçıq qoyub məni
aparıb İgdirdə orta məktəbə qeyd etdirdi.
Orta məktəbi, liseyi əyani
oxudum (təəssüf ki, liseyi bitirdiyim il atamı əbədilik
itirdim, hətta toyumu da görmədi) və müəllim məktəbini
qiyabi bitirib müəllimliyə başladım. Yeddi il müəllim
işlədikdən sonra da imtahanlarda iştirak edib İstanbul
Universitetinin ədəbiyyat fakültəsini qazandım. Ailəmi
və uşaqlarımı kənddə qoyub üz tutdum
İstanbula, həm oxudum həm müəllimlik elədim. Gecələri
ən böyük əyləncəm dərsləri mütaliə
eləmək, kitab oxumaq və dostlarımla müəyyən
günlərdə tariximiz, ədəbiyyatımız, dilimiz və
keçmişimizlə bağlı söhbətləri eləməkdi.
Marağımı ən çox cəlb edən məsələ
isə xüsusilə qədim tariximizdi. O illərdə
tariximizlə bağlı xeyli geniş məlumat yiyəsi
oldum. Mərhum Prof. Dr. İbrahim Kafəsoğlunun müəllimimiz
olması bizə Tanrının bir lütfü idi. Sonrakı
illərdə mərhum alimimiz Prof. Dr. Bahəddin Ögəli
tanıdım və hər iki elm xadimimizin əsərlərini
dönə dönə oxudum, tədqiq etdim.
İbtidai məktəb, orta
məktəb və liseydə oxuyarkən dərsliklərimizdə
Atatürklə bağlı yazılanlar və deyilənlər
məni heç cürə qane etmirdi. Universitet illərində
bu marağımı biraz olsun aradan götürdüm.
Təbii olaraq Atatürkü
sevənlər də var, sevməyənlər də. Sevmək
mövzusu subyektivdir və hərənin öz xarakterindən,
anlayışından, biliyindən, təmayülündən
asılıdır. Ancaq Atatürk kimi bir liderin Türkiyədə
sözün əsl mənasında başa
düşüldüyünə isə qəti inanmıram. Onun
fikir dünyasını və şəxsiyyətini həqiqi
mənada başa düşən ziyalıların
sayının həddən artıq az olduğu qənaətindəyəm.
Bəzi şər qüvvələr,
müharibə meydanlarında məğlub edə bilmədikləri
və qarşısında diz çökməli olduqları
Atatürkü xalqın gözündən salmaq
üçün illərdir var qüvvələriylə
işlədilər və işləyirlər. Onların
könüllü qulları və muzdlu əsgərləri,
Atatürkün irqpərəst, dinə qarşı
olduğunu dillərinə dolayıb cahil xalqa təəssüflər
olsun ki, az da olsa qandıra, onları aldada biliblər. Bu
cür məxluqatların bəziləri də şüurlu
şəkildə Atatürkü özlərinə qalxan edib,
onun düşüncə dünyasını, fikirlərini və
həyata keçirdiklərinin mahiyətini pozmağa cəhd
etmişdir və hələ də bundan əl çəkməyiblər.
Türk
dünyasının müstəsna guşəsi olan Azərbaycanı
kənd-kənd dolandım və ordakı
bacı-qardaşlarımızı düşüncə
yönündən çox yaxşı tanıyıram. Onlardakı
Atatürk sevgisi və şüuru, açıq deyim
Türkiyədəkindən azı on qat artıqdır. Onlar
müstəqilliyi itirməyin, özgəsinin qapazı
altında yaşamağın nə demək olduğunu bilirlər
və bu səbəblə Atatürkü bizdən neçə-neçə
qat daha yaxşı analiz ediblər və başa
düşüblər. Mən bu həqiqəti bütün
çılpaqlığı ilə müşahidə etdim. Hətta
bunu deyə bilərəm ki, Azərbaycanda orta məktəbi və
ya iki illik ali məktəbi bitirən bir şəxs də
Atatürkü, bizim bilmirəm hansı titrə malik
ziyalılarımızdan daha yaxşı analiz edib, başa
düşüb və sevir. Azərbaycanda xalqın
arzularına tərcüman olaraq onları bir yerə
yığan, onlardakı müstəqillik həsrətini daha
da alovlandıran və bu münasibətlə də Sovet
İmperiyasının boynuna ipi salıb dara çəkdirən
mərhum əbülfəz Elçibəy, Azərbaycan
Dövlət Başqanı sifətiylə Atatürkün məqbərəsini
ziyarət etdiyində xüsusi dəftərə Atatürkə
xitabən "sənin əsgərin" şəklindəki
sözlərini desinlər deyə və ya Türkiyədəkilərin
xoşuna gəlsin, münasibətilə də siyasi gediş
olsun deyə yazmamışdı. Bizim təmtəraqlı,
paqonlu professorlarımız Atatürkü başa düşmək
yönündən Elçibəyin yanından yel olub ötə
bilməyəcəklərini səmimi duyğularımla bəyan
edə bilərəm.
Azərbaycanın
böyük dövlət xadimi Heydər Əliyevin Atatürklə
bağlı sözləri də sadəcə olaraq siyasi
mülahizələrlə söylənmiş sözlər
deyildir. Sovetlər Birliyi dövründə bütün
xalqların, ən başda da rusların təpəsinə
basa basa politbüroya kimi yüksəlmək hər igidin
görəcəyi iş deyildi. Mərhum prezident Heydər Əliyev
bunu bacarmış bir liderdi və Atatürklə bağlı
həddən artıq gözəl fikirlər
daşıyırdı. Atatürk Anadolunu
türklüyünü nə cür azad etdisə, Türkiyə
torpaqlarını yad çəkməsindən təmizlədisə,
Heydər Əliyev də Azərbaycanı böyük bəlalardan
xilas etdi və illər uzunu onun hər cürə sərvətini
oğurlayanlara elə bir şillə çəkdi ki,
onların üzündə barmaqlarının əbədilik
izi qaldı.
Türkiyədəki bir
dini qrupa (səhv başa düşülməsin deyə o
qrupun adını yazmıram) mənsub olan, dəfələrlə
millətvəkilliyi, nazirlik və güclü bir partiyanın
bir müddət liderliyini yeritmiş bir ailə dostumuz ilə
bir gün söhbət edərkən üzünü mənə
tutub.
"Bilirsən
ki, mən Atatürkə nifrət edirdim. Əlbəttə
kifayətli məlumata sahib olduğuma görə
şüurlu şəkildə yox.. İllərlə
iştirak etdiyim yığıncaqlarda, söhbətlərdə
daim onun əleyhində deyilən sözləri
eşitmişdim və bu fikrim də, deyilənlərin təsiri
altında yaranmışdı. Ancaq Atatürkə duyduğum
nifrət məni narahat edirdi. Nəhayət bir gün
Atatürkü tədqiq etmək qərarına gəldim.
Özgələrinin onun barəsində
yazdıqlarını, söylədiklərini bir kənara
qoydum və Atatürkün həyatını,
gördüyü işləri, əsərlərini, nitqlərini,
bəyanatlarını oxudum. Bunun axırında da məndə
bu qənaət hasil oldu. Atatürk məncə bir
övliyadır və Tanrı onu Türk millətinə bir ərməğan
kimi yollayıbdır. Onun vaxtında dini bütöv, mömin
komandirlər vardı, hətta bəzilərinin rütbəsi
Atatürkdən də yüksəkdi, ancaq Tanrı, Türk
millətinin qurtuluş davasının məsuliyyətini
Atatürkün çiyinlərinə qoydu, Allah onu seçdi,
o seçilmiş bir insandı, məkanı cənnət olar
inşallahg" dedi.
Onun bu sözləri
qarşısında daxili dünyamda üsyan təlatümləri
yaransa da heç nə deyə bilmədim, eləcə
dayanıb düz gözlərinin içinə bir müddət
baxdım. Deyilə bilər ki, hər
görüşümüzdə Atatürk barəsində kəskin
sözlərlə mübahisə etdiyim bu ziyalı
böyüyüm, nəhayət özülündəki
keyfiyyətlə tutduğu səhv yoldan
yayınmışdı, sağ əli digərlərini
başına.
Atatürk,
mümkünsüzü mümkün hala gətirmiş bir
liderdir. Onu heç olmasa Azərbaycandakı
qardaş-bacılarımız qədər Türkiyə
torpaqlarının yetirdiyi insanlar niyə ki, başa
düşmür!ə Mənə görə bunun yeganə səbəbi
Türkiyədəki təhsil sistemidir və bu problem qaysaq
tutmayan, daim qanayan bir yaradır. Onu gələcək hakimiyyətlər
mütləq sağaltmalıdır.
Atatürkü məlumatsızlıq
ucbatından başa düşməyən və sevməyənlərə
"qafil", bilərək başa düşməyənlərə
isə "bizdən olmayan" və ya "satqın" desəm,
elə zənn edirəm ki, heç kəsə
haqsızlıq eləmiş olmaram.
Seyfəddin Altaylı
Ədalət.- 2010.- 22 may.- S. 22.