Əlibaba Məmmədov:
"Muğamı Şamaxı,
Bakı ləhcəsində
oxumaq olmaz"
Azərbaycanın xalq artisti, ustad xanəndə Əlibaba Məmmədovun
Milli.az xəbər portalına müsahibəsi
- Əlibaba müəllim,
bu gün muğamdan müəyyən
parçalar ifa edib, özlərini xanəndə kimi göstərənlər var. Sizcə,
həmin şəxs muğamdan müəyyən
parçalar ifa etməklə xanəndə
adına layiqdirmi?
- Əvəlla, xanəndə
də 4 amil olmalıdır: səs, xırdalıq, həncərə,
günnə. Bundan sonra istedad, çalışqanlıq, söz
bilmək, musiqiyə və muğamata həvəslə yanaşmaq...
Hazırda vəziyyət necədir?
Xanəndə 1-2 gün öz
üzərində işləmirsə,
sonrakı günlərdə
isə o, artıq hər şeyi itirir. Xanəndə tar, kamança ifaçıları
kimi hər gün öz üzərində çalışmalıdır.
Zəngulələr vurmalıdır ki,
səsi açılsın.
Rəhmətlik Cabbar əmi
həmişə deyərmiş
ki, səs belə bənzəyir, işlətdikcə ağarır.
Bu, kobud söz
də olsa, düz sözdür.
Xanəndədə sima, geyim, danışıq, dinləmə
mədəniyyəti olmalıdır.
Mən xanəndəlikdən çətin
sənət tanımıram.
Bu elə bir
sənətdir ki, onu gərək hər zaman öyrənəsən. Mənim 80 yaşım
var. Hələ də
öyrənirəm, yenə
də qurtarmır.
Çünki muğamat elə
bir musiqidir ki, bunun sonu
yoxdur. Kimi bir qaşıq
götürür, kimi
bir nimçə.
Bax, bu muğamat da belədir. Heç kəs deyə bilməz ki, mən muğamatı bilirəm. Heç mən də
deyə bilmirəm.
Doğrudur, bu saat məni muğam bilicisi kimi təqdim
edirlər. Amma etiraf
edirəm ki, muğamatı heç kəs sona qədər
bilməz. Bir də gördün sabah muğamatda
elə bir hissə, elə bir guşə çıxdı ki, bilmirəm. Onun üçün çalışıram ki,
balaca bir hissə də olsa öyrənim.
- Muğam yalnız
Azərbaycanda deyil, o cümlədən Şərqdə
də geniş yayılıb. Sizcə, muğamın vətəni
haradır?
- Bəzi
söhbətlər gəzir
ki, muğamatı kim və
nə vaxt yaradıb? Onu heç kəs
deyə bilməz.
Bu, mümkün deyil. Mən bu qədər
mənbələrə baxıram,
amma yenə də bilmirəm. Düzdür,
muğamat olub, yalnız hərə bir hissə və hərə bir ruhda ifa
etməklə kifayətlənib.
Biri tarda, o biri kamançada... Muğamat hissə-hissə olub.
Amma haradan gəldiyi məlum deyil. Öz-özümə deyirəm ki,
yüzə yaxın mahnım var. Bu mahnılarım
40 ildir ki, oxunur və yenə də oxunacaq. Amma mən bir hissə də olsa, muğam yaza bilməmişəm.
Mən kiməm? Üzeyir bəy o boyda
opera yazıb. O, musiqinin
elə bir sahəsi olmayıb ki, orada qələmini
sınamasın. Amma bir parça muğam yazmayıb. Muğamat ilahi musiqidir.
Doğrudur, bu, hissə-hissə
günümüzə gəlib
çatıb. Üzeyir bəy,
Cabbar əmi və başqaları bunu dəstgah şəklinə sala biliblər. Məsələn, 7 muğamı Üzeyir
bəy hazırlayıb.
Ancaq bizim 7 muğamımız yoxdur. Onlar köməkçi muğamlardır. Biz Azərbaycan musiqiçiləri
başda Üzeyir bəy olmaqla, bunu dəstgah şəklinə salmışıq,
özümüzünküləşdirmişik.
Allah Mehriban xanımın
canını sağ eləsin ki, bütün dünyaya tanıtdırdı ki, muğam Azərbaycanındır.
Muğam
elə bir musiqidir ki, ondan
həmişə istifadə
olunur. Böyük əsərlərimiz muğamdan yaranıb.
Üzeyir Hacıbəyov,
Fikrət Əmirov, Qara Qarayev muğamdan
istifadə ediblər.
Operettalarımız, cazımız muğam
üstündədir. Muğam olmayan
yerdə musiqi yoxdur.
"Faiq Ağayev
"Dəşti" təsnifini
qardaşıyla göndərdi
ki..."
- Adətən,
müğənnilər muğamı
estrada musiqisinə
çevirirlər. Hətta,
elə olur ki, ifa zamanı
yerli-yersiz zəngulələr
vururlar...
- Nə qədər çevirsələr
də muğam öz qüvvəsini itirmir. Hansı musiqi muğam
üstündədirsə, o musiqi həmişə qalib gəlib. Muğam elə bir şeydir
ki, bu saat
dünya çalışır
öyrənsin ki, bu, nə olan
şeydir? Tapmayıblar və tapmayacaqlar da. Sizcə, müqəddəs "Qurani-Kərim"dən böyük
kitab gələr yer üzünə? Gəlməyəcək. Əgər gəlsə, ondan
sonra muğamata da yol tapa
biləcəklər. Bu
isə mümkün deyil. Allah-Taala
buyurub ki, "Qurani-Kərim"dən böyük
kitab yer üzünə gəlməyəcək.
Məhəmməd Peyğəmbər
(s.ə.s) isə deyib: "Məndən sonra nə peyğəmbərlər,
nə də "Quran-Kərim"dən sonra
kitab gələcək".
Gəlib?
Yox! Muğam da elə bir şeydir. Muğamı
da Allah göndərib.
- Əlibaba müəllim, sizin yüzdən çox bəstələriniz var. Ən
çox ifa olunan "Dəşti"
təsnifinin, həmçinin
digər təsniflərinizi
bir çox müğənnilərin ifasında
eşitmişik. Siz başqa müğənnilərin
ifasında bəstələrinizdən
razı qalırsınız?
- Razıyam,
deyim niyə? Çünki hər xanəndənin
boğazında bir şirinlik var. Bəzən aləmi qarışdırırlar ki,
niyə filankəs filankəsin mahnısını
oxudu. Onu
da bildirim ki, dünyada insan səsindən gözəl, ürəyə
yatımlı səs yoxdur. Nə skripkanın, nə də pianinonun səsi insan səsi kimi deyil. İnsanın səsi çox gözəldir. Hər bir insan müxtəlif
cür səsə malikdir. Eşidirsiniz, xanəndələrin səsləri
başqa-başqa səslərdir.
Məsələn, mənə
dörd xanəndə
gətirin. Dördünə
də "Rast" muğamını oxutdurum.
Ancaq hamısında eyni səs alınmayacaq.
Niyə? Çünki
birinin səsində xırdalıqlar, digərlərinin
səslərində isə
zəngulələr olacaq.
"Dəşti" təsnifinə
gəldikdə isə,
həmin təsnifimi Faiq Ağayev ifa edib. Bunun da kiçik bir tarixçəsi var: Bir gün dərsdə
idim. Faiq oxuduğu "Dəşti"
təsnifini qardaşıyla
göndərdi ki, əmi ifama qulaq assın və xeyir-duasını versin. Çünki bu mahnıya
klip çəkdirirəm.
Mən də qulaq asdım və dedim ki,
klipi çəkdir, səni təbrik edirəm. Və yaxud saksafon
ifaçısı Akif
Süleymanbəyli də
bu mahnını çalıb. Mənə zəng
vurub deyirlər ki, bu nədir?
Niyə qoymusan bu gündə
oxusun? Onun saksafondakı ifasına
qulaq asdım, gördüm ki, heç nəyə əl vurmayıb. Çünki musiqinin ruhuna
toxunmaq olmaz. Ümumiyyətlə, mahnılarımı oxuyanlara çox gözəl baxıram.
"Xanəndəni cavan
və gözəl saxlayan təzə söz, təzə mahnıdır"
- 7 əsas və
3 köməkçi muğamımız
var. Xanəndələr bu
muğamların hamısını
ifa edə bilirlər?
- Bizim gözəl məktəblərimiz
var. Mən neçə
illərdi ki, Asəf Zeynallı adına orta
ixtisas musiqi məktəbində dərs
deyirəm. Respublikamızın xalq artistlərinin
70-80 faizi həmin məktəbin tələbələri
olub. İstər tar, istər kamança,
istərsə də oxuyanlar. Bilirsiz, məktəb var. Sadəcə, öyrənmək
lazımdır. Adam var, səsi yoxdur, amma gəlir
muğam oxuyur. Dəfələrlə qeyd etmişəm
ki, ilk növbədə
səs lazımdır,
sonra isə istedad. Bir də müəllimdən
çox şey asılıdır. Bu saat
tədris Asəf Zeynallı adına
orta ixtisas musiqi məktəbində yüksək səviyyədədir.
Çox
yaxşı müəllimlərimiz
var. Ağsaqqal kişiyəm,
80 yaşım var. Həmişə
imtahanı mən götürürəm, sədr
oluram. Müəllimlər mənim yanımda
otururlar. Onların səhvlərini
tələbələrin yanında
demirəm. Tələbələr çıxandan sonra deyirəm ki, sən bunları səhv öyrətmisən.
Bəzi adamlar deyir ki,
muğamlarımız inkişaf
edir. İnkişaf yoxdur. İnkişaf etmək üçün yeni muğamlar yazılmalıdır. Yeni bir şey olanda inkişaf olur.
- Deməli, muğamlarımızda
da dəyişikliklər
ola bilər.
- Muğamda
heç vaxt dəyişiklik yoxdur. Olmayıb və ola da bilməyəcək. Bir nəfər mənə zəng eləmişdi ki, deyirlər, Əlibaba müəllim, Şirvan, Bakı, Qarabağ yolu... Dedim ki, oğlum,
bunlar hamısı səhvdir. "Segah"
bir dənədir.
İstər o Şirvanda oxunsun,
istər Bakıda, istərsə də Qarabağda. Burada dialektika
məsələsi var. Bu dialektikanı
irad tutmaq lazımdır. Muğam ədəbi
dildə oxunmalıdır.
Muğamı Şamaxı, Bakı
ləhcəsində oxumaq
olmaz. Əgər bir, iki, üç gün oxumadınsa, bu, artıq getdikcə özündə büruzə
verəcək. Çalışqan, səsi olan, istedadlı insan yaxşı oxuyacaq. Yenə də xatırladıram və həmişə də deyirəm ki, çalışmaq, çalışmaq, yenə
də çalışmaq
lazımdır. Onu da bilin ki, həmişə
xanəndəni cavan və gözəl saxlayan təzə söz, təzə mahnıdır.
Ədalət.- 2010.- 22 may.- S. 22.