"Bir çiçək axşamı"kitabından

 

Azərbaycan bayrağı

 

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,

Ulduzunu,ayını göydə mələklər ötər,

Hər rəngində "ya qazi, ya şəhid" bir mən bitər,

Sən ey İstiqlalımın əbədiyyət sancağı

Azərbaycan bayrağı!

 

Yağının min hiyləsi küydən, kələkdən keçər,

Sən sancılan ucalıq min-min ürəkdən keçər,

Dağlar yerindən oynar, daşlar ələkdən keçər,

Göylərin nur yağmuru, yerlərin göy qurşağı-

Azərbaycan bayrağı!

 

Sən Arazın, Samurun umuduna bələndin,

Çəni ağlar Göyçənin buluduna bələndin,

Dərbəndin dərd hıçqıran sükutuna bələndin

O tayımda Savalan, bu tayımda Şah dağı,

Azərbaycan bayrağı!

 

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,

Barışda gül çələngim, savaşda qan yerimsən,

Sən mənim and yerimsən, mənim iman yerimsən,

Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-

Azərbaycan bayrağı!

 

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,

Ən son nəfəsimdə sənə şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı!

Azərbaycan bayrağı!

 

 

Bu çiçək axşamı,

bu gül axşamı

 

Gəzirəm şeirimin gül ləklərini,

Heyrətim könlümü qana çevirir.

Gül elə soyunur ləçəklərini,-

Arılar üzünü yana çevirir.

Bu çiçək axşamı,

bu gül axşamı.

 

Qızılı təllərə yaşıl şeh düşür,

Ay quzey qarında bəyaz gül açır.

Çiçəklər zoğalın sarı gülüşü,

Göyəm ağacları göm-göy dil açır

Bu çiçək axşamı,

bu gül axşamı.

 

Üşüyür qum üstə yarpız çiçəyi,

Meh öpür lillənən dodaqlarından

Quru qarağacların sarıköynəyi

Asılıb səsinin budaqlarından

Bu çiçək axşamı,

bu gül axşamı.

 

Ələnir nur üstə nur narın-narın,

Bir tonqal göyərir al zərrələrdən.

Gözləri qamaşır qarışqaların,-

Qaldırır dən kimi Günəşi yerdə

Bu çiçək axşamı,

bu gül axşamı.

 

Bənövşə gözündə nazlı bir giley,

Sıxdım bir laləni,

gördüm qan çıxır.

Şairlik adında varsa hər şey

Süzülüb bu axşam canımdan çıxır ...

Bu çiçək axşamı,

bu gül axşamı.

 

Daddım bu axşamın şirinliyini,

Bu balı arı, şan gətirər.

Yaşıl su çiçəyim yaşıl şam kimi,

Mənə bir yaşıl axşam gətirər

Bu çiçək axşamı,

bu gül axşamı ...

 

 

Yaşıl göz yaşları

 

Bu sükut yaman durub qəsdimə,

mən "zirehliyəm",

"yağı" yalın...

Yollar uşaq kimi qaçır üstümə,

Qaçır əli yalın, ayağı yalın.

 

Baxdım, bu gül yolu,

bu çiçək yolu,

Düşüb ölə bilsəm bəsdimi, burda?!

Üstdə arı yolu, kəpənək yolu,

Yol basıb güllərin üstünü, burda...

 

Yol azan kəpənək tüldən yapışır,

Kəpənək günahı yuyulan deyil.

Güllər bir-birini öpüb yatışır,

Güllər bu yuxudan ayılan deyil...

 

Sükut yelkənini sözümdən asır,

Sularda səs yarır avarın üzü.

Gətirib divarı gözümdən asır,

Şəkildən asılan divarın üzü...

Ulduz yağışına bax,

narın-narın,

Ulduzlar yağışdan yalqız çıxacaq.

Ulduz yağışında çimən suların

İçindən işarıb ulduz çıxacaq...

 

Bacalar baş-başa,

çiyin-çiyinə,

Tüstülər ev boyu,

ev nələr boyu?!

Daş atıb sükutun dərinliyinə

Üzürəm yayılan çevrələr boyu.

 

Yollara boylanır qız ağacları,

Düşəcək sorağa, izə adamlar.

Yolları çırpacaq qoz ağacları

Yola töküləcək təzə adamlar...

 

Yaşıl göz yaşında islanan tənək,

Özünü ağlayan dilə dönəcək.

Gülün yarpağında ölən kəpənək

Yarpağın üstündə gülə dönəcək..

 

Gül gülə ötürər,

sünbül sünbülə,

Yaşıl heydən salar, al vurar məni.

Elə durulmuşam, elə yüngüləm,

Bir quş dimdiyində qaldırar məni.

 

Bir sükut yaman durub qəsdimə,

mən "zirehliyəm",

"yağı" yalın.

Yollar uşaq kimi qaçır üstümə,

Qaçır əli yalın, ayağı yalın...

 

 

Çartəpə lövhələri

 

Elə bil çəməndə toy-düyün olub,

Heyrətim güllərin gözündən öpür.

Arılar o qədər ərköyün olub

Qönçə açılmamış üzündən öpür.

 

Sünbüllər tellənir meh tumarıyla,

Lalələr bir yanda özünü çəkir.

Ərköyün kəpənək işlək arıyla

İkisi bir gülün nazını çəkir.

 

Nərgizlər məst olub öz qoxusundan,

Hər naxış üstünə yüz ilmə düşüb.

Bir arı oyanıb qış yuxusundan

Bir gülün canına üşütmə düşür.

 

Bir ləçək üstündə arı izləri,

Bir ləçək altında xəzəl görünür.

Gözümdən çəkilmir şehli gözləri,

Güllər ağlayanda gözəl görünür.

Uğunur budaqda tumurcuq çatlar,

Gönçələr dartınıb qınından çıxır.

Cücərən toxumla, uzanan otla

Torpağın ağrısı canından çıxır.

 

Sancılıb yamacın gül taglarına,

Marağım yolumdan saxlayır məni.

Cığırlar dolanır ayaqlarıma

Elə bil özünə bağlayır məni.

 

Duman bir dərənin dodaqlarında,

Bulud bir zirvənin qaşı üstədi.

Ürəyim quzeydə qalan qarın da

Qaralan rəngini yaşıl istədi.

 

Sarmaşıq salxımı saçaqlı sehir,

Daşlar da gözümə çiçək göründü.

Bağrıma basardım daşları bir-bir,

Neynim ki, qollarım kiçik göründü.

 

 

Bir ovuc torpaq

 

Professor Vaqif Arzumanlıya

 

Bu suyun ağzını özüm çevirdim,

Suyumu arx tutmur mənim indi.

Mehrimi meh əyən bir gülə verdim

Min çiçək nazlanır önümdə indi.

 

Hər tağda nur teli,

yaşıl yelən tək,

Ayırmaz o nurdan mənə baxanlar.

Dağların dalından gün əyilən tək,-

Əyilir dalımca günəbaxanlar.

 

Söz şimşək qılıncı,

şeir daş qanı

Dərinlik görmədim bu lallıq kimi.

Ürəyim böyüyür bir qarışqanın

Dənindən boylanan halallıq kimi

 

Pöhrələr uzanıb əl açır göyə,

Gül gülə allanır,

dil-dilə gəlir.

Qoymuram üstünə kölgə düşməyə,-

Kölgədə bitənlər tez ələ gəlir...

 

Altda kotan yeri,

üstdə xış yeri,

İrəvə yanına irəvə düşür.

Elə ki, boş qoydun bir qarış yeri

Ot-alaq əlinə girəvə düşür.

 

Bir ovuc torpaqdı,

üstə min yazı,

Hər iki adamın bir cəmiyyəti...

bir oyunu var, partiyası,-

Torpağın hər yerdə birdi niyyəti !

 

Yaşınır gözümdə ağlayan sular,

ay ovundurur,

bulaq məni,

Həsrəti dilimdə çağlayan sular,

Haqqımdı eyləsə daş-qalaq məni.

 

Bu suyun ağzını özüm çevirdim,

Suyumu arx tutmur mənim indi,

Mehrimi meh əyən bir gülə verdim

Min çiçək sayrışır önümdə indi.

 

 

Dən daşı

 

Gedəsən dünyanın axırınacan,

bir misra xətrinə ölüb gedəsən.

Qaçıb adamından naxırınacan

izini, toxunu silib gedəsən...

Səhərin zərində üzən lək kimi,

düzəsən sətrinə gül adlarını.

Tikana sancılan kəpənək kimi

meh döyə şeirinin qanadlarını.

 

Yemşan çiçəyində iynə gəzəsən,

tel-tel ləçəklənə arı köynəyi.

Buludlar içindən ayı süzəsən

yarpaqlar içindən sarıköynəyi...

 

Alasan könlünü şehli nərgizin,

bənövşə ovlaya hər kolda səni.

Coşa yamacların yovşan dənizi

yuyub dalğa-dalğa durulda səni.

 

... Üyütmə bu dərdi,

dən daşı çəkməz,

dərdini quzu tək qırpıb gedəsən.

Bu mizan-tərəzi mən daşı çəkməz

özünü daşlara çırpıb gedəsən...

 

Gedəsən, hər şeyi yarımçıq qoyub,

bir təbiət ola,

bir bu ürək.

Dünyanın sonuna alaçıq qoyub

İşini qurasan qarışqalar tək...

 

 

Ramiz Qusarçaylı

 

Ədalət.- 2010.- 26 may.- S. 7.