BARIŞMA OĞLUM

 

Sənə ata kimi deyirəm hər gün;

Çıx şad xəbərlərlə qarışma, oğlum!

Ömrünü havaya sovuranlara

Ömründə qoşulub qarışma, oğlum!

 

Oyun günəşinlə hər səhər yarış,

Gələcək günlərdən ver xəbər, yarış,

Yarış dostlarınla, çal zəfər, yarış,

Lakin nadanlarla yarışma oğlum!

 

Həyatı əyləncə bilənlərlə sən,

Zəhmətə xor baxıb gülənlərlə sən,

Bəli, sağlığında ölənlərlə sən,

Bir addım yol getmə, barışma, oğlum!

 

 

ANA DİLİMƏ DƏYMƏ

 

Mən, sənin dilinə dəymirəm, cəllad,

Gəl sən də bu ana dilimə dəymə!

Sənin də bağın var, gülün var, çəkin,

Bağımda əkdiyim gülümə dəymə!

 

Həsədlərlə baxdım çəmənimə sən,

Gör bir nələr etdin vətənimə sən.

Yan deyib, od vurdun bədənimə sən!

Altında atəş var, külümə dəymə!

 

Mən ağa dedim, qaraya qara,

Sən məni istədin çəkəsən dara.

Yenicə sağalır vurduğun yara,

Mənim bu yaralı könlümə dəymə!

 

 

VƏTƏNİM ÖL DESƏ, ÖLƏN ŞAİRƏM

 

Kim nə deyir desin, kim gülür gülsün,

Mən də öz yerində gülən şairəm.

Azğın süd qoxuyur, körpəsən hələ,

Mən xalqın dərdini bilən şairəm!

 

Sanma taleyindən küskündür şerim,

Qılıncdan itidir, kəskindir şerim,

Dərdli könüllərə təskindir şerim,

Zalımın bağrını dələn şairəm!

 

Yollarda baş əyir söyüdlər mənə,

Dost olub qoşulur igidlər mənə,

Hər nadan verməsin öyüdlər mənə,

Dərdin öhdəsindən gələn şairəm!

 

Baş döndərən xülya nəyimə gərək,

İşıqsız bir dünya nəyimə gərək,

Göz yaşından dərya nəyimə gərək?

Xalqın göz yaşını silən şairəm!

 

Sön desəm, göylərdə sönər ulduzlar,

Yerlərə en desəm, enər ulduzlar,

İşıq karvanına dönər ulduzlar,

Günəşli ölkədən gələn şairəm!

 

Hər şey satılsa da ürək satılmaz,

Əgər tapmasa da çörək, satılmaz.

Könüldə bəslənən dilək satılmaz,

Vətənim öl desə, ölən şairəm.

 

 

TƏBRİZİM!

 

Baxdıqca hüsnünə

doymayır gözüm,

Təbrizim, Təbrizim,

gözəl Təbrizim!

 

Qoymaram yadları girsin qoynuna,

İzn ver, qolumu salım boynuna!

Sənin bayramına, sənin toyuna

Dili bir, qanı bir qardaşın gəlib,

Dərdinə aşina sirdaşın gəlib.

 

Sən çıxdın qarşıma duzla, çörəklə,

Bağından dərdiyin, güllə, çiçəklə,

İkiyə bölünməz saf bir ürəklə.

Təbrizim, Təbrizim, aman Təbrizim,

Yox olsun başından duman, Təbrizim!

 

Qədrini ayrılıq çəkənlər bilir,

Hicrinlə göz yaşı tökənlər bilir,

Ömrünə qaranlıq çökənlər bilir;

Bağından gül, çiçək dərdim, Təbrizim

Yenə təzələndi dərdim, Təbrizim.

 

Nə qəşəngdir yol boyunca söyüdlər,

Söyüdlərin kölgəsində igidlər

Babalardan dinləyirlər öyüdlər, -

Coşur damarlarda qanı, Təbrizim,

Yoxdur bu mərdlərin sanı, Təbrizim!

 

Atımı yol boyu çapıb sürürəm,

Hər keçən yolçuya salam verirəm.

Nələr eşidirəm, nələr görürəm!

Nədir bu qaranlıq gecə, Təbrizim,

Buna necə dözüm, necə, Təbrizim!

 

Ağlarsan ağlaram, gülsən gülərəm,

Yaşasan yaşaram, ölsən ölərəm

Varımı səninlə yarı bölərəm.

Gəl, bir də üzündən öpüm, Təbrizim,

Başına gül, çiçək səpim, Təbrizim!

 

Nədir o mənalı, dərin baxışlar?

Nədir gözlərindən yağan yağışlar?

Nədir qəlbindəki payızlar, qışlar?

Yetim tək boynunu burma, Təbrizim,

Məlul-məlul baxıb durma, Təbrizim!

 

Sənin çiçəyinə, gülünə qurban!

Mənə qardaş deyən dilinə qurban!

Vətəninə qurban, elinə qurban!

Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!

 

 

QARDAŞIMIN DƏRDİ

 

Dərdim bir olsaydı, olmazdı qəmim,

Gör nə günə saldı zəmanə məni.

Üstümdə saç yolub ağlayan ana,

Nə üçün gətirdin cahana məni!

 

Kinimdən quruyub gözümdə yaşım,

Gəlsin köməyimə dostum, qardaşım,

Əyilməz kimsəyə bəlalı başım,

Yadlar boyasa da al qana məni.

 

Haqsız döyülməkdən üzüm göyərib,

Öz ana yurdumda qəribəm, qərib.

Damlarda bayquşlar səs-səsə verib,

Bu dərddir gətirən fəğana məni.

 

Cəlladlar boyamış qana vətəni,

Zülmdən gətirib cana vətəni,

Satmaram milləti, ana vətəni,

Tutub salsalar da zindana məni.

 

Ayağımda zəncir, qolumda zəncir,

Səslənir sağımda, solumda zəncir,

Qalanıb dağ kimi yolumda zəncir,

Qoy ellər bilməsin divanə məni.

 

Çoxdandır bir şirin dilə həsrətim,

Bir doğma qardaşa, elə həsrətəm,

Yuvasız bülbüləm, gülə həsrətəm,

Tanıyır xaraba, viranə məni.

 

Nədir bu ayrılıq bilə bilmirəm,

Nədən bülbül qonmaz gülə, bilmirəm,

Gülmək istəyirəm, gülə bilmirəm,

Aparın şimala, loğmana məni.

 

Dinləsin arzumu yaslı durnalar,

Dərdi çox, söhbətli, sazlı durnalar,

Alıb qanadına nazlı durnalar

Aparsın o gözəl məkana məni!

 

 

DİNLƏ

 

Dinlə şairini, təbrizli gözəl,

Yenə həsrətinlə alışır sinəm.

Tarixi uzundur bu ayrılığın,

Əzizdir qəlbimə, doğmadır bu qəm.

 

Dünyanı versələr, etmərəm qəbul,

Könlüm vüsalını istəyir ancaq.

Səni qul doğmayıb təbrizli anan,

Sənindir qan sızan o ana torpaq.

 

Silkin, qoy dağılsın başının üstdən

Sənə gün verməyən qara buludlar,

Torpağın altından boylansın bir-bir

Bahar müjdəçisi çiçəklər, otlar.

 

Mənə elə gəlir, vüsalın yolu

Gözümlə gözünün arasındadır.

Yox, mümkün deyildir səni unutmaq,

Eşqin ürəyimin yarasındadır!

 

 

ORALIYAM MƏN

 

İllərdir üzünə həsrət qaldığım,

Doğma qardaşımdan aralıyam mən.

Qoy düşmən də bilsin, qoy dost da bilsin

Hələ ölməmişəm, yaralıyam mən.

 

Harda alnıaçıq insan görsəniz,

Harda ürəklərdə üsyan görsəniz,

Harda məktəbdən çox zindan görsəniz.

Bilin, o yerliyəm, oralıyam mən.

 

 

Çoxdandır toy-düyün görməyib obam.

Xırmanda özgəyçün iş görür yabam.

Səttarxandır atam, Babəkdir babam,

İndi bildinizmi haralıyam mən?!

 

 

TANIŞDIR

 

Qəfəsdən qurtulmuş yaralı şirəm,

Zəncir vura bilməz cəlladlar mənə.

Yox, yox, vura bilməz bir də yaralar –

Nə düşmənlər mənə, nə yadlar mənə!

 

İstəsən hər kəsi danışdır burda,

Göz yaşı elə bil yağışdır burda.

Hər addım başında tanışdır burda

Nalələr, fəqanlar, fəryadlar mənə!

 

Vətənsiz bir şair cansız bədəndir.

Sevdası başımdan getmir nədəndir,

İlhamım, qüdrətim, eldir, Vətəndir,

Canımdan əzizdir bu adlar mənə!

 

 

ÜRƏYİMİN QULAĞI VAR, GÖZÜ VAR

 

Mən ürəyi atəş dolu şairəm,

Hələ yaram sağalmayıb, gözü var.

Aman cəllad, sən vurduğun yaranın

Ürəyimdə hələ dərin izi var.

 

Əlimdədir bu kainat, bu dünya,

Kilid vurmaq olmaz axar bir çaya.

Ürəyimdə dalğalanan bir dərya,

Millətimin, vətənimin sözü var.

 

Qartal kimi süzüb uçan nəğməmdə,

Sellər kimi axıb coşan nəğməmdə,

Bahar kimi könül açan nəğməmdə

Qan ağlayan bu ellərin özü var.

 

Cəllad! Yetər, çək əlini vətəndən,

Ayıraram dik başını bədəndən.

Daha məni sata bilməz hər yetən,

Ürəyimin qulağı var, gözü var!

 

 

DƏDƏLƏR, BABALAR OCAĞINDAYAM

 

Könlümdə bir dərya nəcib arzular,

Yenə dərdli Araz qırağındayam.

Xeyli var üzünü görmədiyimin –

Cənublu dilbərin sorağındayam.

 

Deyirəm silinsin sinəmdən bu dağ,

Qəlbləri oxuyum mən varaq-varaq,

Hər iki sahildə deyiləm qonaq,

Dədələr, babalar ocağındayam.

 

Gəzirəm qol-qola həqiqətimlə,

Üz-üzə gəlirəm səadətimlə.

Dünyaya sığmayan məhəbbətimlə,

Öz anam torpağın qucağındayam.

 

Könlümə doğmadır mənim bu yerlər

Sizindir yazdığım bütün şeirlər.

Süleyman Rüstəməm, belə deyirlər,

Mahnımla ellərin dodağındayam!

 

 

EY VƏTƏN, EY VƏTƏN

 

Mən səni qəlbimin gözüylə görürəm

Bağından ətirli gül-çiçək dərirəm,

Mənimçin hər şeydən əzizdir torpağın,

Qanımdan rəng alıb müqəddəs bayrağın.

Ad aldım, aldım, güc aldım səninlə,

Boy atdım səninlə, ucaldım səninlə.

Adım da sənindir, sanım da sənindir,

Qanım da sənindir, canım da sənindir!

Bu yazan qələmi sən verdin əlimə,

Yolunda getməyə hazıram ölümə

Eşqini sinəmə yazmışam qanımla,

Adını borcumdur qorumaq canımla.

Üzünü görməmək mənim üçün dərd olar.

Dar gündə düşmənlər sevinib kam alar –

Sən mənim, mən sənin əlindən tutmasam!

Ölərəm bircə gün havanı udmasam.

Mən səni bəxtiyar görməyə can atdım,

Qoynunda əbədi bir dövlət yaratdım.

Qismətim bu oldu, nə əskik, nə artıq:

Azadlıq, azadlıq, azadlıq, azadlıq!

Bu dilim ürəkdən

Yorulmaz deməkdən:

Mənimsən, mənimsən,

mənimsən, mənimsən

Ey vətən, ey Vətən, ey Vətən,

ey Vətən!

 

 

SÜLEYMAN RÜSTƏM

 

Ədalət.- 2010.- 22 may.- S. 20.