RESPUBLİKA GÜNÜ
Çox da uzaq olmayan
tarixdə indiki adları 28 May olan metro stansiyasının
və küçənin
adı "28 Aprel"
idi. 28 Aprellə 28 May arasında 30 günlük məsafəni
qət edib, tarixi ədaləti bərpa etmək üçün 70 il vaxt lazım oldu. Mən tarixi ədalət dedim, amma ədalət
məsələsi də
nisbi olduğundan hansı ədalətin prizmasından baxmaq problemi meydana çıxacaq. Təbii ki, 1918-ci ildə istiqlaliyyətin elan edilməsi tariximizdə mühüm hadisə idi. Rusiyada baş
verən inqilablar imperiyanı dağıtmışdı.
Ucqarlarda cərəyan
edən hadisələrə
müdaxilə edəcək
qüvvə yox idi. Deməli, ya öz Milli
dövlətini yaratmalı
idin, ya da kiminsə müstəmləkəsinə çevrilməli
idin. Amma dövlət yaratmaq üçün kadrlar var idimi və
bu kadrlar belə mürəkkəb
zamanda fəaliyyət
göstərə biləcəkdilərmi?
İndinin indisində
bütün parametrlərə cavab verə biləcək kadr
qıtlığı mövcuddur. O ki
ola XX əsrin başlanğıcında, əhalinin
böyük əksəriyyətinin
hətta yazmağı-
oxumağı bacarmadığı
bir dövrdə dövlət yaratmaq fikrinə düşəsən.
O vaxt da, lap indi olduğu
kimi müxtəlif istiqamətlərə meyllənən
qüvvələr mövcud
idi. Rusiya yönümlü, Avropa yönümlü, Osmanlı,
İran yönümlü.
Üstəlik də dünya yenidən bölüşdürülməyə çalışılırsa, sən
də bu dünyada "yağlı
tikə" statusundasansa
necə olacaq? Təbii, cümhuriyyəti
yaradanlar ağır yükün altına girmişdilər. Tam olmayan iki ildə
onların çəkdiyi
əziyyət heç
nə ilə müqayisə olunası deyil.
Müstəqillik elan
etməklə ADR beynəlxalq münasibətlərin
iştirakçısına və beynəlxalq hüququn
subyektinə çevrilmişdi. Və
Rəsulzadə öz
çıxışlarında dəfələrlə qeyd
etmişdi ki, Azərbaycan məsələsi
beynəlxalq bir məsələdir. Bu gün dünyada baş verən hadisələrin fonunda bu sözlərin nə qədər doğru deyildiyinə bir daha əmin
oluruq. Bu dövləti quranların
hər biri partiya mənsubiyyətindən,
meyllərindən asılı
olmayaraq böyük arzu və ideallarla
yaşayırdılar. Rəsulzadə
"Əsrimizin Səyavuşu"
əsərində yazırdı:
"Azərbaycan
cümhuriyyətinin əsas idarəsi, bütün
vətəndaşlarının bərabər hüquqla
yaşaması üzərində qurulmuşdu. Burada hər bir insanın
möhtərəm şəxs,
Azərbaycan vətəndaşı
olduğu üçün
hüququ saxlanılırdı.
Kişi-qadın, müsəlman-xristian,
türk-türk olmayan,
cins və milliyyət fərqi qoymadan, varlı-kasıb, sahibkar- işçi, torpaq sahibi -muzdur, öyrətmən -
tələbə, möhtərəm-cahil,
sinif, məslək, təbəqə, rütbə,
vəzifə, nəsil,
bilgi imtiyazı aramadan bütün vətəndaşlar məmləkətin
idarəsində iştirak
edir, qanun verən qurumlara girmək haqqında sahib idilər. Burda bir sinif digər
sinfə hakim deyildi. İnsan nə varına görə haqlı, nə də yoxsulluğuna görə haqsız görünürdü.
Bunun kimi nə yoxsulluğu üçün sayğılanır,
nə də zənginliyi üçün
alçaldılırdı. Millət məclisi məmləkətin bütün
sinif və millətlərini təmsil edib dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç
bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir barışıq bağlanmazdı. Hökumət
məclisin etimadını
qazananda qalır, itirəndə düşürdü.
Ortada hakim olacaq vasitə - vəzifə də yox idi. Parlament
hakimi - mütləq idi. Burada Avropada
tətbiq edilməyən
həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu".
Bu fikirlərə inansaq
düşünmək olar ki, o zaman Azərbaycanda utopik
sosialistlərin belə xəyalına gətirə
bilməyəcəyi bir rejim qurulmuşdu. Amma arzu və
ideya bir şeydir, həyat - başqa bir şey. Ordusu və dövlətçilik
tarixi olmayan bir məmləkətdə
bütün bunları
yaratmaq üçün
uzun zaman lazım idi. Və nəzərə alsaq ki, bu məsələlərin
həllində müttəfiq
demək olar ki, yox idi,
hər kəs enerji ehtiyatları ilə zəngin bu ölkədən nə isə qoparmağa çalışırdı,
onda beynəlxalq münasibətlər müstəvisində
də vəziyyətin
nə qədər
gərgin olduğu aydın görünür.
Müstəqilliyin elan
edilməsi tarixi dövlətlər içərisində
ilk olaraq Rusiyanı və İranı narahat edirdi. Dəqiq müəyyən edilməmiş sərhədlər
daxilində yeni yaradılmış dövlətin
- Azərbaycan Demokratik
Respublikası adlandırılmasından
İran narahat idi ki, Türkiyənin
köməyi ilə Cənubi Azərbaycanı
onlardan ala bilərlər. İranın
narahatçılığına son qoymaq üçün
Azərbaycan hökuməti
tarixi yazışmalarda
Qafqaz Azərbaycanı
ifadəsi işlədirdi.
Dövləti idarə
etməyə məsul
milli şuranın Türk ordusunun burdakı nümayəndəsi
Nuru paşa ilə münasibəti gərgin idi. Hətta Nuru paşa Xoyski hökumətinə etinasızlığı
bildirməklə kabinet
böhranı da yaratmışdı. Nuru paşa özünün təklif etdiyi şəxslərdən ibarət
hökumət fikrində
israrlı idi.
Tam olmayan 2 ildə
5 dəfə kabinet dəyişikliyi olmuşdu.
Əslində kabinet dediyimiz kabinə üzvləri bu 2 ildə heç bir kabinetdə oturmaq imkanında olmadılar. Danışıqlar,
sazişlər, dünyanı
gəzib Azərbaycan həqiqətlərini dünyanın
eşitməyən qulaqlarına
söyləmək lazım
idi. Onlar öz borclarını yerinə yetirdilər. Qalanı isə dövrün və bizim vicdanımıza qalır. 1920-ci ilin aprelin 27-də parlamentin sonuncu iclasında Rəsulzadə öz tarixi çıxışını
etdi.
"Qardaşlar, qarşımızda
bir ultimatum durub, burada təslimdən
bəhs edilir. Fəqət, qardaşlar, təslim nə deməkdir? Kimə görə mövqeyimizi tərk edirik? Bizə deyirlər ki, hüdudlarımızdan
keçən ordunun başında Nicati adlı bir türk
komandanı var. Rusiyadan gələn bu təcavüzkar ordu təxminən bilirəm ki, həyatla ölüm mübarizəsi aparan Türkiyəni xilas etmək üçün keçir. Bizi aldadırlar, yalandı, gələn rus ordusudur. Anadolunun imdadına getmək bəhanəsiylə yurdumuza
girən işğal ordusu burdan bir
daha çıxmaq istəməyəcək. Rusiyadan anlaşmaq
üçün hökuməti
mütləq bolşeviklərə
təslim etmək ultimatumunu qəbul etməyə ehtiyac yoxdur. İstiqlalımızı
göz bəbəyi kimi müdafiəyə qərar verən bir məclis dinlədiyi bir ultimatumu qəbul etmək. Hökuməti
öz əli ilə dost cildinə
girmiş düşmənə
təslim etməkdir. Biz buraya millətin
iradə və arzusu ilə gəldik. Bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır".
Təsvir belə olmalıdır. Və çox sonralar o deyirdi ki,
yazıqlar olsun ki, biz daha
səpələnmiş iqtidarımızla
bir kərə yüksələn bayraq bir daha enməz
ideyalarına etdiyimiz afərinləri unutduq. Canımız və malımızın qorxusundan
bu istiqlal bayrağını bir qırmızı bezə dəyişdik.
Əsas
məsələ düşünürəm ki, budur- bezlə
bayraq arasında fərq anlamı. Lövhələri və adları dəyişmək asandır.
28 Apreli 28 Mayla əvəz etməyə
70 il vaxt lazım oldu. İstiqlal bayrağımız
yenə göylərdə
dalğalanır. Biz
bu bayrağı da, müstəqilliyin də dəyərini anlamalıyıq. Və bu tarixi bizə
qoyub gedənlərin də, bu gün
yaşadanların da qədrini bilməliyik!
İradə TUNCAY
Ədalət.- 2010.- 28 may.- S. 6.