SÖZÜN NAMUSLU OĞLU - MƏZAHİR ƏHMƏDOĞLU

 

N qədər səbəb

 

Məzahir Əhmədoğlunu müsahib seçməyin N qədər səbəbi var. Hamısını yazası olsaq, bizə ayrılmış səhifənin çox hissəsi "işğal" altına düşər. Ona görə qısa-qısa:

Məzahir Əhmədoğlu imzası sayılıb-seçilən jurnalist imzalarındandır. Həmin imza ilə o qədər qəzet-jurnalın qapısını aça bilərdi kig Ancaq düz 18 ildi bu imza yalnız və yalnız "Ədalət"də görünür. "Ədalət"in iki aydan sonra 20 yaşı olacağını fikirləşəndə məlum olur ki, Məzahir Əhmədoğlu "Ədalət" qəzeti baş redaktorunun müavinidi. Yəni bölgələr üzrə sorumlusudu.

Məzahir Əhmədoğlu istedadlı gənc həmkarlarının uğuruna sevinən adamdı. Maraqlı yazı oxuyanda elə sevinir ki, elə bil "əməkdar jurnalist" fəxri adına layiq görülməsi haqqında sərəncamı indicə elan ediblər.

 

Girişdən söhbətə.

Söhbətdən yazıya

 

- Saçının sayı qədər müsahibi sorğu-suala tutan Məzahir Əhmədoğlunun müsahibə verməklə arası necədi?

- Bu mənim qəzetlərə ilk müsahibəmdir. Düzdü, radioda müsahibəm olmuşdu. Hər halda qəzet üçün ilk müsahibəm də "Ədalət"də dərc olunacaq.

- Göyçayda doğulduğuna görə Rəsul Rza, Ənvər Məmmədxanlı, Əli Kərimlə həmyerli olan, dünya və Azərbaycan ədəbiyyatından yetərincə məlumatlı, ara-sıra şeir yazan həmsöhbətim poeziya ilə dostluğu yarımçıq kəsib niyə jurnalistikaya könül verdi?

- Seçdiyim ixtisas məni jurnalistika ilə ömürlük dost etdi. Amma ondan əvvəl şeirlər yazırdım. Bir dəfə hətta şeirimi redaksiyaya da apardım. Daha doğrusu, hər addımda qayğımı çəkən, bir növ böyüklük edən tanınmış gənclər - Nüsrət Kəsəmənli və Oqtay Məmmədov məni metronun o zamankı "Bakı soveti" stansiyasının qarşısından götürüb "Azərbaycan gəncləri" qəzetinin redaksiyasına apardılar. Məmməd Oruc yazdığım şeirləri heyranlıqla dinlədi, xeyli təriflədi. Elə bildim ki, artıq qəzetin sabahkı sayında şeirlərim dərc olunacaq. Geri qayıdanda şeirlərimin taleyi barədə soruşdum. Məmməd Oruc dedi ki, nə yaxşı şöbə müdiri Tofiq Mütəllibov bu şeirləri eşitmədi, yoxsa bizi redaksiyadan qovardı.

-Niyə?

- Bu sualı mən də o zaman Məmməd Oruca verdim. Məmməd Oruc dedi ki, bu şeirləri ancaq oxumaq olar, onlar qəzetdə dərc edilmək üçün deyil. Çünki dissident şeirləri heç kim dərc etməz. Həmin görüşdən sonra həvəsdən düşdüm. Həyat elə gətirdi ki, uzun müddət ədəbi mühitdə oldum, özümdən yaşca böyük Ramiz Rövşən, Vaqif Cəbrayılzadə kimi şairlərlə dostluq etdim. Gördüm onlar elə mənim yazmaq istədiklərimi yazırlar. Ona görə meydandan çəkildim. Amma meydanı məğlub kimi tərk etmədim. Sadəcə, özümü şair olmaq əzabından xilas elədim. Çünki mənim həyatda başqa planlarım var idi.

- Gündəlik söhbətlərinizdə, "Ədalət"dəki son yazılarınızda tez-tez xatırlanan "Baksovet"dəki çayxana, oranın məşhur insanları - Vidadi Məmmədov, Şahmar, Nadir Cabbarlı, Ağa Hüseynov barədə portret yazılarınızın davamı niyə gəlmədi?

- Əslində həmin o yazılar heç başlanğıc da deyildi. Filarmoniya bağındakı "Zülfünün çayxanası", "Baksovet" metrosunun yanındakı "Həbibin çayxanası" və sonra "Azneft"dəki çayxanaya toplaşan ziyalılar haqqında xatirələrim var. Dahi rəssamımız Səttar Bəhlulzadə ilə saatlarla söhbətim olub. Lakin həmin söhbətləri hələ yazmamışam. Aramızda olan söhbətlərdən qısa yaza bilərəm. Amma Səttar Bəhlulzadənin rəssamlığından yazmağa gücüm çatmaz.

Həmin mühitdə birlikdə olduğum digər insanlar, dostlar haqqında yazıların davamı gələ bilər. Sadəcə, həm redaksiyada daşıdığım vəzifəni yerinə yetirmək üçün xeyli vaxt, enerji sərf etməli oluram, həm də bəzən operativ mövzular daha önə keçir. Yəqin nə zamansa xatırlatdığın portret yazılara qayıdacam. Çünki həqiqətən də maraqlı insanlarla söhbətlərim olub. İnanıram ki, oxucular üçün darıxdırıcı olmayacaq.

- İndi iş elə gətirib ki, nə "Zülfünün çayxanası" var, nə "Həbibin çayxanası", "Azneft"dəki çayxana da artıq yoxdu. Bəs köhnə dostlarla harda görüşürsüz?

- Heç harda. Həmin günləri xatirələrimizdə, xəyallarımızda yaşatmaqla məşğuluq. Aramızdan vaxtsız gedən dostlarımız çox oldu. Həmin dostları xatırlamaq, itkiləri göz önünə gətirmək özü ağırdı. Hər halda həmin dövr olduqca maraqlı bir dövr idi. İstedadlı adama qiymət verirdilər. Özü də qiyməti təsadüfi adamlar yox, istedadlı insanlar verirdi. Amma indig Şəxsən mən gənc jurnalistlərin - təbii ki, söhbət istedadı, imzası olan jurnalistlərdən gedir - yazılarını maraqla izləyirəm. Məsələn, "Reytinq" qəzetini Seymur Baycana görə alıram. Yaşından və başından asılı olmayaraq bütün istedadlı qələm adamlarının uğuruna sevinirəm. Təəssüf ki, bu gün istər ədəbiyyatda, istərsə də mətbuatda paxıllıq var. Qələmi, istedadı olan insanlar birləşə bilmirlər. İstedadı olmayanlar, amma istedadlılara paxıllıq edənlər elə tez birləşirlər ki

- Bayaq söhbət əsnasında dostlarla bağlı məqamlara toxunduq. Deyəsən bəzi dostlarınız sizin imtahandan "5" ala bilməyiblər. Hər halda son yazılarınızın bəzilərində buna müəyyən işarələr var...

- İndi dostluğa münasibət 20-25 il əvvəlkindən çox fərqlənir. Adını çəkmək istəmədiyim dostlardan biri ilə bu yaxınlarda söhbətləşəndə dedi ki, sən hələ də məsələyə sadəlöhv yanaşırsan, amma indi dostluq da limitlə olan bir şeydi. Görünür həmin dostum müəyyən məqamlarda haqlıdı. İndi ortada maddi maraq, gəlir olmayanda bəzi köhnə dostlar adamdan uzaq qaçır, telefon zənglərinə cavab vermək istəmir. Əslində sənin vurğuladığın yazıları mənim kimi bəzi dostlardan yarımayan, dost görəndə əzab çəkən insanlara yazmışam. İmtahandan "2" alan dostlara belə yazılar onsuz da təsir etmir...

 

 

Aqil Abbas, İradə Tuncay və ... "Çətin söhbət"

 

- Özüm az qala hər fəsildə bir redaksiya dəyişdiyimdən mənim üçün çox maraqlıdı, Məzahir Əhmədoğlunun uzun müddət "Ədalət"də duruş gətirməyinin sirri varmı?

- Təbii ki, ortada bir sirr var. Amma bu sirri açmaq olar. Mən qısa fasilələrlə "AzərTac"da, "Həyat" qəzetində, "Kənd həyatı" juranlında işləmişəm. Bir ara həmin jurnalın bazasında Loğman Rəşidzadə "Biznes" qəzeti yaratdı, məni də redaksiyaya dəvət etdi. Lakin qəzet çox yaşamadı. Çünki o zaman biznes sözünü insanlar tam dərk edə bilmirdilər.

Həmin ərəfədə gənclik dostum, rəhmətlik qardaşımın tələbəlik yoldaşı Aqil Abbasdan bir tanışımıza işlə bağlı köməklik etməsini xahiş etdim, o da xahişimi yerə salmadı. Üstündən bir neçə gün keçəndən sonra gördüm dost-tanışlar hamı soruşur ki, iş yerini dəyişmisən, "Ədalət" qəzetində işləyirsən? Mənim də heç nədən xəbərim yox. Məlum oldu ki, dostum Aqil Abbas "Ədalət"də məni işə götürüb, bu barədə qəzetin birinci səhifəsində xüsusi məlumat da yerləşdirib. Özü də bu həmin dövrlər idi ki, bəzi adamlar "Ədalət"də işləmək nədi, Aqil Abbasa salam vermək üçün növbəyə dururdular. Belə təmtaraqlı təyinatdan sonra mənim "Ədalət"li dövrüm başladı. Aqil müəllim qələmimə bələd olduğundan belə demək mümkünsə "Ədalət"də yazıb-yaratmaq üçün hər cür şərait yaratdı. Özümə qarşı belə münasibəti görəndən sonra söz verdim ki, imzam yalnız "Ədalət"də görünəcək. Elə o vaxtdan da "Ədalət"dən başqa heç bir mətbuat orqanında imzam görünmədi. Digər qəzetlərdə baş redaktor işləyən dostlarım incisə də mən sözümün üstündə durdum.

- Söhbətimizdə dəfələrlə vurğulamısız ki, sizin üçün ən çətin iş yazı yazmaqdı. Bəlkə bu çətinliyin detallarını xırdalayaq...

- Həqiqətən də mənim üçün həyatda yazı yazmaqdan çətin iş yoxdu. Həmişə yaxşı yazmağa çalışıram. Ortabab, necə gəldi yazmaq mənlik deyil. Artıq yəqin istəsəm də bu məndə alınmaz.

- Sizi yazı masasına tərəf çəkməyə cəhd göstərən mövzu varmı?

- Bir mövzu çoxdandı məni narahat edir. Bizim ədəbiyyatda 60-cılar mövzusunu təhlil edən yazı işləmək istəyirəm. Düzdü, bu mövzuda çox deyilib, yazılıb. İndiyə kimi mətbuatda bununla bağlı gedən müzakirələrə baş qoşmamışam. Çünki ədəbiyyatşünas deyiləm. Amma mən bu müzakirəyə baş qoşsam, ürəyimdən keçənləri yazsam...

- Yazsanız...

- Bütün bu müzakirələrə son qoyulacaq. Çünki bilirəm onu necə yazacam. İstər ədəbiyyata yeni gələnlərin, postmodernistlərin, içtərsə də onları qəbul etməyən əvvəlki nəslin zəif və güclü tərəflərini gözəl bilirəm. Bilirəm, kim nəyə qadirdi.

- Sizinlə söhbət edərkən, məni bir məsələ düşündürür. Tanıdığınız istedadlı adamlar haqqında həmişə orijinal fikirlər söyləyir, maraqlı yazılar yazırsız. Bunun, necə deyərlər, ən cazibədar nümunəsi İradə Tuncayın özü və yaradıcılığı haqqında qələmə aldığınız "Çətin söhbət" yazısıdır. Bu yazı ətrafında sizinlə çox söhbətlərimiz olub. Yüksək intellekt sahibləri bu yazını yaradıcı adamın qeyri-adi istedadı və taleyi baxığından bənzərsiz hesab etdilər...

- Etibar bəy, görürsünüzmü, sualı verirsiz, istər-istəməz həm də dəyərləndirmə prosesi- cavab da alınır. Əslində İradə Tuncay publisistikasının oxucudan çox səmimi bir tələbi var: gəl, ucalıqlara gəl, buralara gəlib çıxa bilsən, ruhun da özün kimi rahat olacaq... Bax, beləcə səsləyir, qələminin ovsununa çəkir insanları. Bu, müasir publisistikanın yeni, mən deyərdim sehrli bir təcəssümüdür. Bu yazıların hər biri jurnalistika dərsliyidir. Mənim yazım İradə Tuncay yaradıcılığını müəyyən nüanslarla təqdim etsə də, bütövlükdə eləcə "çətin söhbət" olaraq qalır. Bu mövzuya yenidən qayıdacağam....

 

 

Ən sakit azarkeşin Uruqvay yığmasına xeyir-duası

 

- Sizi şəxsən tanımayanlar da bəzi yazılarınızda futbol bilicisi olduğunuzu hiss etməyə çətinlik çəkmirlər. Növbəti dünya çempionatı yaxınlaşır. Bəlkə müsahibənin bu yerində diqqətimizi topa yönəldək...

- Etiraz eləmirəm. Mən bəlkə də futbola azarkeşlik edən ən sakit adamam. Nə 10-15 yaşımda, nə sonra, nə də elə indi stadionda, televizor qarşısında matça baxanda qışqırmamışam. Lap uzağı qol vurulanda camaata qoşulub ayağa qalxmışam, amma heç vaxt qışqırmamışam. Dünyanı heyran qoyan bu oyunu gözəl bilirəm. Təəssüf ki, bu gün idman yazarları özlərindən başqa heç kimi oxumurlar.

- Cənubi Afrikada keçiriləcək dünya çempionatından nə gözləyirsiz?

- Təəssüf ki, Türkiyə CAR-da təşkil olunan çempionata gedə bilmədi. Onu da deyim ki, sovet dövründə də mən heç vaxt SSRİ yığma komandasına azarkeşlik etməmişəm. Həmişə onların məğlub olmasını istəyirdim. Nə isə, bu çox geniş mövzudu. Çempionatdan uzaq düşməyək. Bu dəfə bütün fikirlərimi Argentina millisinə yönəldəcəm. Çox istərdim ki, Çili, Uruqvay yığmaları bu dəfə maraqlı oyun nümayiş etdirsinlər. İstərdim Uruqvay millisi iki dəfə dünya çempionu olduğunu bir daha insanlara xatırlatsın.

 

 

Kitabi- Məzahir Əhmədoğlu

 

- Son zamanlar kitab çap etdirməyi elə gözdən salıblar ki, adam soruşmağa utanır. "Ədalət"dəki yazılarınızı bir kitabda nə zaman toplayacaqsız?

- Əvvəllər buna o qədər də yaxşı baxmırdım. Amma indi bu barədə düşünürəm. Çünki köşələrimin dərcindən sonra tanıdığım, tanımadığım insanlar zəng edir, fikirlərini bildirirlər. Hər halda həmin yazıları bir kitabda toplamağı fikirləşirəm.

Jurnalistikanın çox qəribə , bəlkə də bir qədər anlaşılmaz sehri var. Elə imza sahibləri var ki, oxucular onları həmişə axtarır. Axtarılan jurnalist xoşbəxt jurnalistdi.

Məzahir Əhmədoğlu imzası "Ədalət"in hər sayında axtarılan jurnalistdi. Deməli, dostumuz xoşbəxt jurnalistlərdən hesab edilir. Bu günlərdə qələm dostumuzun 60 yaşı tamam olur. Bolluca təbriklər...

 

 

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.- 2010.- 28 may.- S. 12-13.