TOPQAPI SARAYININ QİYMƏTLİ
İNCİSİ...
(əvvəli ötən şənbə
sayımızda)
Lunolikanın - Mehri
şahın sarayda yetərincə sədaqətli
qulluqçuları və dostları vardı. Əlbəttə
ki, saraylarda yaşayırsansa, "sədaqətə",
"dostluğa" çox da etibar etməməlisən.
Mehri şah bunu bilirdi, amma onun ağıllı
olmasını, yeri gələndə dəhşətli
qisasçıya döndüyünü onun yaxın ətrafı
yaxşı bilirdi.
Bu "yaxın
dostların" sırasında Əlcəzair əmiri də
özünə mərhəm yer tutmuşdu. O, vassal
olduğunu bir an belə unutmurdu və onu da unutmurdu ki, Lunolika
- Mehri şah nə olur-olsun oğlu Səlimi sultanlıq
taxtına oturdacaq. Elə Eme de Riveri də məhz Mehri
şahın tapşırığı olaraq sultana təqdim
edilmək üçün əsir
götürülmüşdü. Eme Mehri şahın əsiriydi,
o, neynəsəydi, artıq düşdüyü tələdən
yaxa qurtara bilməyəcəkdi. Üstəlik ən
yaxşı halda onun çıxış yolu ondan ibarət
idi ki, bir "xarici" gözəl xanım kimi ondan nə tələb
etsələr, dinməz-söyləməz həmin tələbləri
yerinə yetirsin.
İyul ayında Əlcəzair
əmiri Mehri şaha xəbər yollayır - onun
tapşırığı yerinə yetirilib, "gözəllər
gözəli xarici xanım əsir götürülüb və
bu xanım onun tapşırdığı kimi həm də
bakirədir".
Lunolikanın
tapşırığı əsasında qara dərili 4 xacə
Emenin arxasınca yollanırlar. Onu İstanbula gətirən
gəmini isə bərayi-ehtiyat iki gəmi də müşayət
edir. Emeni Mehri şahın özü qarşılayır və
elə ilk görüş anından başlayaraq
özünü mərhəmətli bir ana kimi aparır.
Emeni təcili
olaraq Əbdül Həmid üçün hazırlamağa
başlayırlar. Əlbəttə ki, ilkin tələb təcili
türk dilini öyrənmək məsələsi olur.
İkinci məsələ isə saray adət-ənənələrini
öyrənmək, saraydaxili qanunları dəqiqliyi ilə
bilmək idi və Eme de Riveri bunları az vaxt içərisində
öyrənməyə bir növ məhkumdu.
Üçüncü əsas tələb isə kişini
özünə vurulmağı məcbur etmək tələbiydi
və bunun üçün Emeyə xüsusi dərslər
keçirilirdi.
Türk tarixçisi Səlim
Çələbi yazır:
"Hərəmxana
elmini ona öyrədirdilər, o, bədəni ilə elə rəftar
eləməyi bacarmalıydı ki, hətta yaşlı və
o qədər də sağlam olmayan bir kişini özündən
çıxara bilsin. Emeye bunları xüsusi bir şəkildə
tədris edirdilər və o, fərqli bir qaydada, məxsusi bir
şəkildə bu "elmi" öyrənirdi - əsrarlı
baxışlarla baxmaqdan tutmuş, xüsusi şəhvətli
sözlərdən ötmüş, duruş-oturuşdan
keçmiş yataqda özünü aparmağa qədər...".
Bu hazırlıq gedən
arada Mehri şah "qızlarağasına" - hərəmxana
başçısına bilərəkdən "sirr"
ötürür: - onun qızılı saçlı bir hədiyyəsi
var və bu hədiyyəni sultana təqdim etmək pis
olmazdı.
Bu xəbər
Lunolikanın - Mehri şahın ağzından
çıxar-çıxmaz Əbdül Həmid həmin
qızılı saçlı gözəllə
maraqlanmağa başlayır. Mehri şah sultana eyhamla tələsməməyi,
bir az da gözləməyi məsləhət görür. Əbdül
Həmid isə bir həftə keçər-keçməz
fransalı gözəli görmək tələbini ortaya
atır və Eme de Riveri Əbdül Həmidə təqdim
olunur.
Yaşlı və o qədər
də sağlam olmayan sultan Əbdül Həmid Emenin
qarşısında sanki yenidən bir dəliqanlıya
dönür və təbii ki, bunda Emenin də məxsusi rolu
olur. Həmin ilk
görüşdən sonra Eme de Riveriyə yeni bir ad verilir: -
Nəxşi-dil. Tezliklə yeni bir xəbər Əbdül Həmidə
qol-qanad açdırır: - Nəxşi-dil hamilədir və
vaxt tamamında o, dünyaya sultanlığın yeni bir
varisini gətirir.
Beləliklə, gələcək
sultan - Mahmud dünyaya göz açır və Nəxşi-dil
də ikballar hüququnu qazanmış olur. Bu o demək idi ki,
Sultanın dörd qanuni arvadının biri də artıq Eme
de Riveri sayılır.
Eme de Riveri isə Mehri
şahın - Lunolikanın qarşısında verdiyi
sözü unutmamışdı və onun oğlunun - Səlimin
sultanlığın sahibliyinə yiyələnməsi
üçün əlindən gələn köməyi əsirgəmirdi.
1789 - 90-cı illər
Türkiyə sultanlığının yeni bir dövrü
kimi xarakterizə edilməlidir: - Səlim nəhayət ki,
taxta oturur.
Gözləmək bacarığı
Əsl həqiqət
bunda idi ki, Eme - Nəxşi-dil hərəmxanaya düşər-düşməz
çox şeyi öyrənmişdi və özünün də
imkanlarının hansı həddə olduğunu çox
gözəl anlayırdı. Onun gözü qarşısında Topqala sarayında baş
verənlər böyük bir ibrət kitabıydı və
o, yaxşı anlayırdı ki, burada bir anın içində
hər şeyi itirmək mümkündü, hətta
başını da. Günlərin bir günü səni ilan
və pişik yerləşdirilmiş bir kisəyə
salıb Bosfora ata bilərlər - bunu Nəxşi-dil unutmurdu
və onun gözü qarşısında bu cür işlər
az baş verməmişdi...
Bütün bunlarla bərabər
Nəxşi-dil ən dəhşətli hadisələrin,
çəkişmələrin içərisində olsa belə
sonacan öz xristian təriqətinə, tərbiyəsinə
sadiq qala bildi və özünü, həm də dünyaya gətirdiyi
övladını qorudu. Yadınıza salaq ki, Sultan
Süleyman Qanuninin xanımı Roksalana (1506 - 1588)
qarşısına çıxan bütün rəqiblərini
məhz bu səbəbdən - "rəqiblik"
üzündən qətlə yetirdərək öz hakimiyyətini
"qoruya" bilmişdi. Nə qədər gizləmək
istəsələr belə danılmaz faktdır ki, Süleyman
Qanuninin bütün varisləri də elə Roksalananın əmriylə
qətlə yetirilmişdilər...
Hansı ana bu cür aqibətin
övladının başına gəlməsini arzulayardı
ki? Eme de Riveri də bu cür aqibətin hər an onu və
oğlu Mahmudu haqlaya biləcəyini unutmurdu. O, Mehri şaha
"itaət" göstərməklə ağıllı
bir iş görürdü, necə deyərlər, gələcəyini
hifz edirdi. Həm də Eme - yəni Nəxşi-dil bununla bərabər
öz ətrafını da möhkəmləndirir, təcrübə
toplamaq fürsətini fövtə vermirdi...
III Səlim...
Səlim adlı iki
sultan Osmanlı imperiyasını idarə etmişdi. I Sultan Səlim
qorxunc bir şəxsiyyət kimi "Qəzəbli"
tituluyla yaddaşlarda indi də qalmaqdadır. Özü də
unutmayaq ki, o, cəmi-cümlətanı 8 ilə (1512 - 1520) bu adı qazanmış,
dünyanı səksəndirməyə macal
tapmışdı. İraqı, Suriyanı, Misiri fəth etməyə
"macal tapan" Sultan Səlimin adı bu gün də səksənə-səksənə
çəkilir və bəziləri bu adı çox hallarda
fəxrlə çəkirlər...
II Sultan Səlim isə tarixdə
daha çox "Sərxoş" ləqəbiylə
qalmaqdadır. 1566 - 1574-cü illər arasında Osmanlı
imperiyasının idarəedicisinə dönən II Səlim
bayaq adını çəkdiyimiz kinli Roksalananın
oğluydu və bu alkaqolikin əliylə onlarla vəliəhd
boğulub öldürülmüş, qətlə
yetirilmişdilər.
Taxt-taca sahiblənən II Səlim
həm də Türkiyə tarixində ən böyük dəniz
döyüşünü uduzmağıyla "məşhurluğunu"
qorumaqdadır. 1571-ci ildə Lepanto uğrundakı
döyüşü bir anlıq yadınıza salsanız, məncə
kifayət edər. II Səlimin ölümü də çox
qəribə bir şəkildə baş verir. Türk
tarixçisi Nimaün Ərdoğan yazır: "Bir gün
Sultan II Səlim kiçik bir ziyafət təşkil edir. Bu
ziyafət hərəmxanadakı hamamda həyata keçirilir.
Sultanı çimizdirmək üçün nədənsə
təcrübəli qadınlar yox, iki nəfər gənc
qız dəvət edilir. Hamama kefli halda daxil olan Sultan II Səlim
burada həmin qızlarla eyş-işrətə
başlayır. Onlardan birini tutmağa çalışanda o,
sürüşərək mərmər döşəməyə
yıxılır. Tərs kimi nədənsə döşəməyə
onun hər bir əzasından çox başı dəyir.
Huşunu itirən sultanı qalxızıb yatağa
uzadırlar, onu özünə gətirməyə
çalışsalar da artıq hər şey gec olur və o,
həyatla vidalaşır".
Eme bu "tarixi hadisələri"
Lunolikadan eşitmişdi və həm də o,
görürdü ki, Lunolikanın oğlu III Səlim
özündən əvvəlki Səlimlərdən ciddi
şəkildə fərqlənir. Bu Səlim hər şey cəhənnəmə,
qadınlar əvəzinə oğlan uşaqlarıyla daha
çox bir yerdə olmağı xoşlayır, eləcə
də xarici ölkələrin vətəndaşlarına az
qala səcdə edirdi.
Səlim taxt-taca sahiblənəndən
az sonra - 1879-cu ildə Fransada inqilab baş verir, hər şey
əks istiqamətdə təzahür etməyə
başlayır. Kralın başını kəsirlər və
indi yeni: - Lafayet, Marat, Danten, Robespeyer adları dillər əzbərinə
çevrilir.
Eme isə köhnə
Fransanın xatirələriylə yaşamaqda davam edir, elə
həmin köhnə Fransa üçün darıxır.
Topqapıdakı qətllər...
1798-ci ildə Eme həyəcanlandırıcı
bir xəbər eşidir: - Fransız ordusu Türkiyə
sultanlığına məxsus Misirə sahibləniblər. Bu
hücuma rəhbərlik edən şəxs isə Napoleon
Bonapart adlı generaldır. Özü də bu general
inqilabçılar tərəfindən
1799-cu ildə Napoleon Bonapart
Fransaya qayıdır və dövlət çevrilişi sayəsində
hakimiyyəti ələ alır. Əvvəlcə
özünü baş konsul adlandıran Bonapart bir azdan
özünü imperator elan edir və falçı qarı
Karenin birinci peyğəmbərliyi özünü
doğruldur: Artıq Jozefina Qərb dövlətlərinin
birində imperatriçəyə çevrilir..
Az vaxt içərisində
Fransa və Türkiyə arasındakı münasibətlər
də normallaşmağa başlayır.
Təbii ki, Napoleon
monarxları hakimiyyətdən salmaq fikrində deyildi, əksinə
o, daha çox monarxiya sahiblərinin tərəfdaşıydı...
Eme de Riverinin qanuni olaraq
baş hərəm olması üçün onun müsəlmanlığı
qəbul etməsi vacib idi. Eme - Nəxşi-dil üzdə
müsəlmanlığı qəbul etsə də sonadək
bir katolik xanımı olaraq qalır. Elə onun Nant şəhərindəki
monastra iri məbləğdə pul yardımları göstərməyi
də daxilən onun dininə sadiq qaldığına bir
sübut idi.
Napoleon və III Səlim
arasında bağlanan saziş Rusiya və İngiltərənin
ürəyincə olmur. İngiltərənin Dardanel
boğazını ələ keçirmək istəyinin
qarşısını türk donanması sərtliklə
alır, amma Rusiya ilə başlayan silahlı münaqişə
Türkiyə üçün uğursuz başlayır.
Admiral Senyavinin eskadrası Bosforda Türkiyə
donanmasını darmadağın edir, İstanbulun ərzaqla təmin
olunmasının qarşısını alır. İstanbulda
başlanan aclıq yeniçərlərin üsyanı ilə
nəticələnir. Sonluq III Səlim üçün
yaxşı qurtarmır - 1807-ci ilin mayında o, taxtından
salınır və hakimiyyətə onun
qardaşlığı IV Mustafa sahiblənir. Bu şəxs
qorxunc bir adam idi və daha doğrusu, bir müsəlman
fanatıydı.
(Ardı var)
Tərcümə və təqdim edəni Alim Məhərrəmli
Ədalət.- 2010.- 28 may.- S. 16.