AZƏRBAYCANIM, YAŞA!

 

Yaşa, yaşa, Azərbaycanım, yaşa,

Sənsən mənim dinü imanım, yaşa!

 

Günəş kimi nurun saçır hər yana,

Gözəl vəsfin gəlməz sənin bəyana,

Canlar qurban sənin kimi məkana,

Şərafətli mənim məkanım, yaşa,

Yaşa, yaşa, Azərbaycanım, yaşa!

 

Torpağın mişki-ənbərdən yaxşıdır,

Daşların ləli-gövhərdən yaxşıdır,

Suların abi-Kövsərdən yaxşıdır,

Sənsən mənim baği-cinanım, yaşa!

Yaşa, yaşa, Azərbaycanım, yaşa!

 

Sən Babəklər, Koroğlular yurdusan,

Yatıb sənin hər guşəndə min Aslan,

Sən yetirdin Səttarxan tək qəhrəman,

Oldun mənim ruhi-rəvanım, yaşa,

Yaşa, yaşa, Azərbaycanım, yaşa!

 

Vətən qədri bilən insan var olsun,

Oğlu, qızı onun bəxtiyar olsun,

Vətənin sevməyən daim xar olsun,

Daim şərəfli aşiyanım, yaşa,

Yaşa, yaşa, Azərbaycanım, yaşa!

 

Qızıl bayraq, qızıl ləşkər yaşasın,

Bizim əziz, şanlı rəhbər yaşasın.

Bu millətə olan sərvər yaşasın,

Bir onadır mənim gümanım, yaşa,

Yaşa, yaşa, Azərbaycanım, yaşa!

 

 

ƏLİ FİTRƏT

 

Ədalət.- 2010.- 28 may.- S. 20.