AZƏRBAYCAN BAYRAĞINA

 

Türküstan elləri öpüb alnını,

Söyləyir dərdini sana, bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən,

Ərməğan yolla sən yara, bayrağım!

 

Gedərkən Turana çıxdın qarşıma,

Kölgən dövlət quşu, qondu başıma.

İzin ver gözümdə coşan yaşıma,

Dinlətsin dərdini ahə, bayrağım!

 

Qayıxan soyundan aldığın rəngi,

Qucamış İlxanla müsəlman bəgi.

İlxanın övladı, dinin dirəyi,

Gətirdin könlümə səfa, bayrağım!

 

Köksümdə tufanlar gəldim irəli,

Öpüm kölgən düşən mübarək yeri.

Allahın yıldızı, o gözəl pəri,

Sığınmış qoynunda aya, bayrağım!

 

 

MAYIS

 

Mən hər ildə bir mayısa

Lap çox ümidlər bağlaram.

Hər gələcək mayıs üçün

Nisan ağlar, mən ağlaram.

 

Düşdüm çorluq biyabana,

Sığınamam bir insana.

Gözəl mayıs ümid səna

Hər yan ağlar, mən ağlaram!

 

Bax dumana - dağ başında,

Dərdə düşmüş - gül yaşında,

Coşmuş gözlər - yaz başında,

Duman ağlar, mən ağlaram!

 

Sənsiz bir gül, ya bir şer

Hərdən məni məmnun edir.

Sorsa bir kəs dərdin nədir?

Soran ağlar, mən ağlaram!

 

Açmazmı gül sağda, solda,

Görünməzmi bəyaz alda?!

Sənsiz böylə, yarı yolda,

Qalan ağlar, mən ağlaram!

 

Olmadan axşam əzanı,

Yola çıxart yol azanı.

Kəsmiş yolu dərd tufanı,

Karvan ağlar, mən ağlaram!

 

Səccadəyə alın sürtəm,

Birlikdə bir cənnət görən,

Haqq yolunda Xəlil verən

Qurban ağlar, mən ağlaram!

 

Boş çıxarsa bunca əmək,

Babalarca bu nə demək?!

Qədərmidir, yoxsa fələk,

Duyan ağlar, mən ağlaram!

 

Xoş hər mayıs batmaz yasa,

Hər zamanmı mənə taza?!

O gün də bir gün olmasa,

Vicdan ağlar, mən ağlaram!

 

 

ƏHMƏD CAVAD

 

Ədalət.- 2010.- 28 may.- S. 20.