AZƏRBAYCAN BAYRAĞINA

 

Buraxınız seyr edəyim, düşünəyim,

oxşayayım,

Şu sevgili üç boyalı, üç mənalı

bayrağı.

Mələklərin qanadının üzərinə

kölgə salan

imiş bu? Aman Allah!

Od yurdunun yaprağı.

Göy yapraqlı, al çiçəkli,

yaşıl otlar topasımı?

Xeyir, Xeyir, çiçək solur,

otlar yerdə tapdanır.

Fəqət bizim bayrağımız

ucaları pək seviyor –

Ulduzlardan, hilaldan da

yüksəklərdə fırlanır.

Bu ay-ulduz, boyaların

qurultayına demək?

Bizcə böylə söyləmək:

Bu ay-ulduz, boyaların

qurultayına demək?

Bizcə böylə söyləmək:

Bu göy boya göy moğoldan qalmış

bir türk nişanı –

Bir türk oğlu olmalı.

Yaşıl boya islamlığın

sarsılmayan imanı,

ürəklərə dolmalı.

Şu al boya azadlığın,

təcəddüdün fərmanı

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu ulduz da

səkkiz hərfli "Od yurdu"

Əsarətin gecəsindən

fürsət bulmuş quş kimi

Sərhədlərə uçmuşdur.

Şu hilal da türk bilgisi,

düzgün sevgi nişanı

yurdumuzu qucmuşdur.

Allah əməllərini edib

şu bayrağa intiqal

Birər-birər doğru olmuş, bir ad almış:

"İstiqlal".

Ürəyimdə bir dilək var,

o da doğru kəsilsin, -

O gün olsun bu göy bayraq

Turan üstə açılsın.

 

 

CƏFƏR CABBARLI

 

Ədalət.- 2010.- 28 may.- S. 20.