"İçimdə ağlayan Krım"
Zəlimxan Yaqubun yeni kitabı çapdan
çıxdı
Bu günlərdə
Almatıda xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri
Zəlimxan Yaqubun "İçimdə ağlayan
Krım" kitabı çapdan çıxıb.
Bu, şairin 2010-cu ilin
yanvarında Almatıda çap olunan "Sürgün"
kitabının davamı kimi dəyərləndirilir. Həmin
kitabda şairin Azərbaycan və Ahıskalı türklərin
keçən əsrin 1932-37-38-44-50-ci illərində Azərbaycan,
Qərbi Azərbaycan (indiki Ermənistan), Gürcüstandan
Orta Asiya və Qazaxıstan çöllərinə
sürgünü və şairin o illərin canlı
şahidləri ilə keçirdiyi görüşlər
öz əksini tapıb.
Aşıqlar Birliyindən
Lent.az-a verilən məlumata görə, "İçimdə
ağlayan Krım" kitabı isə bu ilin may-avqust
aylarında Zəlimxan Yaqub Krımda - Yaltada müalicə
aldığı zaman ərsəyə gəlib. Şairin
ürək çırpıntıları və daxili iniltiləri
ilə müşayiət olunan hər bir misrada Krım
türklərinin doğma yurdlarından zamanın hakimləri
tərəfindən ədalətsizcəsinə,
zorakılıqla sürülməsi və nə vaxtsa Krım
türklərinin vətənə tam sahib olacaqlarına
inamı ifadə olunur.
Z.Yaqub bu əsərini
Krım türklərinin böyük dərd çəkəni,
60 ildir Vətən həsrəti ilə qürbətdə
sızlayan və hazırda Londonda yaşayan 91 yaşlı məşhur
yazıçı Çingiz Dağçının adına
bağışlayıb.
"İçimdə
ağlayan Krım" kitabının tərtibçi müəllifləri
və çapa hazırlayanları "TÜRKEL", "VƏTƏN"
qəzetləri, "ALTIN KÖPRÜ" Dərgisi sahibləri,
Ahıska Mətbuat Mərkəzinin həmsədrləri
Hökümə Xəlilova və filologiya elmləri namizədi
Ramiz Məşədihəsənlidir.
3 min nüsxə ilə
çapdan çıxan kitabın maliyyə dəstəyi isə
Almatıda yaşayıb fəaliyyət göstərən
soydaşlarımız İsa İsayev və Hilal Vəliyevə
aiddir.
Ədalət.- 2010.- 2 noyabr.- S. 8.