ÖLMƏYƏN SƏS...

 

ÜRƏKLƏRDƏN KEÇƏN YOLUN YOLÇUSU

 

 O vaxtlar bizə yalnız sovet dövlətinin icazə verdiyi, məsləhət gördüyü müğənniləri dinləməyə icazə verərdilər. Həmin dövrü yaşayanların əksəriyyəti təsdiq edə bilər ki, bu, sosialist düşüncə tərzinə sığmaq istəməyənlər inqilabçı olmasalar da sərbəst düşünməyi bacaran şəxslər hesab edilirdilər. Və biz də o dövrün ən dəbdə olan radioqəbuledicisi sayılan "VEF"-lərin vasitəsi ilə hansı ölkəni, hansı cəmiyyəti təmsil etməsinə baxmayaraq bəyəndiyimiz, sevdiyimiz səslərə qulaq asardıq. Heç şübhəsiz ki, "KQB"-dən xəlvət olaraq. Zəki Müreni, Emel Sayını, Homeyranı, Ququşu... dinləməkdən doymazdıq. Bir neçə il İranda işləmiş şərqşünas dostum Müqəddəs Bağırovun özü ilə gətirdiyi nadir müğənnilərin lent yazıları yaxınların, dost-tanışın arasında əl-əl dolaşardı. Bu lent yazılarında kimlərin səsi yox idi, İlahi?..

İlk dəfə onun mahnılarına qulaq asanda orta məktəbin son sinfində oxuyurdum. Və bu ecazkar səsin sahibini heç tanımırdım da. Sonralar tanıyıb-bilənlərdən öyrəndim ki, dilini belə başa düşmədiyim bu müğənni bütün dünyanı öz səsi ilə məftun edən ərəb qızı Ümmü Gülsümdür. Çox maraqlıdır, illər keçəndən sonra məhz rus mətbuatında onun haqqında bir məqalə oxudum. Və bu müğənni barəsində bir çox şeyləri öyrəndim. Bir müddət keçəndən sonra daha çox, sonra daha çox məlumat əldə etdim. Uzun illər ərəb musiqisinin primadonnası, Nilin incisi, səslərin ən gözəli... adlandırılan bu müğənnini bacardığım qədər tanıdım və bacardığım qədər də oxucularımıza tanıtdırmaq istədim.

 

 

KİÇİK ƏRƏB QIZI

 

Ümmü Gülsüm anadan olanda 1904-cü il mayın 4-ü idi. (Bir sıra hallarda onun doğum tarixi 1898-ci il kimi də göstərilir). Onların ailəsi Misirdə - Nilin deltasında yerləşən Dakhaliyə əyalətində Sinbillaveyin yoxsulluq içərisində yaşayan kəndlərinin birində - Tamay Zahayrada yaşayırdı. Buradakı evlərin çox böyük əksəriyyəti samandan və qamışdan düzəldilmişdi. Ailədə sonuncu uşaq olan kiçik Ümmünün atası şeyx İbrahim əl-Səid əl Vud məscidin imamı, anası Fatimə əl Maliji bütün müsəlman qadınları kimi evdar idi. Həm də hafiz olan atası İbrahim xoş səsinə, avazına görə kəndlərində ilahilər və dini qəsidələr oxuyaraq ailəni keçindirirdi. Gözlərini bu dünyaya açan kiçik Ümmü də bu səsin sehri ilə böyüdü. Bir müddət sonrasa o, belə demək mümkünsə, ilk musiqi təhsilini məhz atasından aldı. Altı yaşlarından başlayaraq Qurani-Kərimi xüsusi avazla oxumağa başladı. İbtidai təhsilini isə qızcığaz məhəllə məktəbində aldı. Burada o, Müqəddəs kitabın məqamlarla oxumsını da öyrəndi və bundan sonra atası ara-sıra onu özü ilə mərasimlərə aparıb oxutdurmağa başladı. Yalnız oğlan paltarında. Çünki qızların belə yerlərdə oxuması günah sayılardı.

Əgər bu cür çıxışlarını da nəzərə alsaq, demək mümkündü ki, gələcəyin əvəzsiz, ecazkar müğənnisi Ümmü Gülsüm ilk ifaçılığını lap erkən yaşlarından başlayıb. Çox qısa zamanda bu məlahətli səs bütün Deltada yaşayan insanların diqqətini çəkməyə başladı. Artıq bölgənin hər yerində insanlar bu səsin gözəlliyindən danışırdı. 1920-ci illərdə Ümmünün səsindəki məlahət, qızın bacarığı atasını məcbur qoydu ki, onu Qahirəyə aparsın. Əlbəttə, bu o dövr üçün heç də asan məsələ deyildi. Şəriət qanunları bir maneə kimi onların yolunu kəsirdi. Amma görünür bu qızın teleyinə bu yazı yazılıbmış. Qahirədə ona qulaq asan dövrünün məşhur musiqiçisi şeyx Əbülula Məhəmməd bu yeniyetmə qızın ifasındakı məlahəti, səsində olan imkanları gördü. Ona bir sıra vacib tövsiyyələr, məsləhətlər də verdi. Çox yəqin ki, təcrübəli bəstəkar bu səsin, bu ifanın sahibinin nələrə qadir olacağını qabaqcadan bilmişdi. Həqiqətən də çox keçmədi ki, Ümmü Gülsümün ecazkar səsi və ifası qarşısına çıxan bütün maneələri aşaraq sürətlə irəliləməyə başladı. Və ötən beş il ərzində elə ilk peşəkar sənətçi müəllimi hesab ediləcək bəstəçi Əbülüla Məhəmmədin doqquz mahnısını ifa etdi.

 

YÜKSƏLİŞ

 

Misir sənət dünyasına yeni atılmış bu gənc sənətçinin ifası onu yüksəltməkdəydi. Belə demək mümkünsə, məhz o, populyar ərəb musiqisini şöhrətləndirdi, romantik eşq mahnılrına yeni nəfəs, yeni çalar, yeni xarakter verdi. Əsilzadələrin, rütbəli məmurların məclislərinə dəvətlər başladı və qısa vaxt ərzində elə həddə çatdı ki, Ümmü Gülsüm özünü bu dəvətlərin hamısına çatdıra bilmədi. Maraqlı idi, Gülsüm ərəb musiqisinin və ümumiyyətlə, mədəniyyətinin nəhəng mərkəzlərindən biri olan Qahirədə elə bir sürətlə məşhurlaşdı ki, hətta o dövrün tanınmış ifaçılarını belə arxada qoydu. Misirli Münirətül Mehdiyyəni belə üstələdi. Belə demək mümkünsə, o artıq 30-cu illərdə Misirin birinci müqənnisi olmuşdu. Hətta vəziyyət elə bir həddə çatdı ki, Ümmü Gülsüm müğənni kimi kral Faruqun ad gününə çağırıldı və orada mahnılar oxudu. Bu hər bir sənətçi üçün ölkəsində başarının ən yüksək həddi idi. Və Ümmü Gülsüm bunu da fəth etdi.

30-cu illərdən başlayan möhtəşəm şöhrət çox uzun illər, hətta onillklər boyu onu tərk etmədi. Bu hər sənətçiyə nəsib olmayan bir bacarıq idi. Misirdə radionun yaradılması onun daha da sürətlə məhşurlaşdırdı. Hətta ərəblər Ümmü Gülsümü bütün zamanların müğənnisi adlandırırlar. Onu təkcə Misirdə deyil bütün ərəb dünyasında, dünyanın hər yerində sevirdilər. Şöhrətinin pik dövrlərində onun konsert verdiyi salonlara bilet tapmaq hər kəs üçün müşkül iş olardı. Ümmü Gülsümün sənətinin vurğunu olan, onu dinləmək üçün bu şəhərdən digərinə, bu ölkədən başqa birisinə gedən bir çox imkanlı şəxslər artıqlamasıyla xərc çəkib əvvəlcədən daimi yer məşğul edirdilər ki, konsertin hansı salonda verilməsindən asılı olmayaraq zalın münasib yerində oturub bu möhtəşəm ifaya qulaq assınlar. Hətta onun mahnı ifa etdiyi saatlarda ərəb ölkələrinin liderləri çalışardılar ki, çıxış etməsinlər. Vətəndaşlarsa onu dinləmək üçün ya evindəki, ya da küçələrdəki radioların ətrafına toplaşardılar. Ümmü Gülsümün səsi hər kəsi sehirləmişdi.

 

O SEVİLDİYİ QƏDƏR DƏ SEVƏRDİ...

 

Mənə elə gəlir ki, ərəb dünyasının Ümmü Gülsümə olan möhtəşəm sevgisinin bir səbəbi də onun vətənpərvər, insanpərvər, səmimi olması ilə bağlı olub. Məlum olduğu kimi, həmin dövrlərdə İsraillə Misir arasında toqquşmalar olurdu. Bu savaşların birində ərəb ordusunun biabırcasına məğlubiyyətə uğraması iliyinə qədər ərəb olan Ümmü Gülsümü dərindən sarsıtdı. Ərəb dünyasına böyük bir turneyə çıxan Ümmü Gülsüm öz ölkəsinin güclənməsi, qələbələrə ruhlanması, uğradığı ziyanların ödənməsi üçün xeyriyyə konsertləri verdi və buradan qazanılan 3 milyona yaxın vəsaiti hökumətə bağışladı. Ümmü Gülsüm heç vaxt çıxdığı mühitə yuxarıdan aşağı baxmamışdı. Bir kəndli qızı olması ilə həmişə fəxr eləmişdi. Ərəb ədəbi dili ilə adi xalq danışığını yaxınlaşdırdığına görə bəzi gözügötürməyənlərin təpkilərindən sınmadı, geri çəkilmədi. Həmişə ucqar kəndlinin də anlayacağı sadə dildə danışmaqda davam elədi. Ehtiyacı olan insanlara əl tutmaq Ümmü Gülsümün həyat tərzinə çevrilmişdi.

Xalqın sevimli yazarları, şairləri Əhməd Rami, Məhəmməd Əbdülvahab, Bayram əl-Tunisi... böyük bəstəkarları Riyad əl Sonbati (onun 89 şərqisini ifa edib), Məhəmməd əl-Qasabçı, Zəkəriyə Əhməd, Mahmud Şəriflə işlədi, onların hər birinin onlarla mahnısını ərəblərin ürəyinə həkk etdi. Gülsüm filmlərə də dəvət aldı. Və bir neçə filmə də çəkildi. Amma harada olursa-olsun, nə edirdisə-etsin, o öz möhtəşəm səsi ilə hər yerdə təkrarsız Ümmü Gülsüm idi. Ərəb ölkələrində xalqının qarşısında çıxış etməkdən yorulmaq bilməyən Ümmü Gülsüm tək bircə dəfə Fransa da böyük bir konsert verib, illərlə bu konserti müzakirə mövzusuna çevirib.

 

HƏYATIN DƏRDLƏRİ ONU DA TAPDI

 

Qeyd edək ki, 1937-ci ildən bu möhtəşəm müğənin şəxsi həyatında ağrı-acılar biri-birini əvəz etməyə başladı. Müğənninin səhhətində ciddi problemlər yarandı. Uzun müddət müalicə olundu. Bu ərəfələrdə, yəni 40-cı illrdə onunla ailə qurmaq istəyən kralın əmilərindən biri Şərif Səbri Paşaya razılıq versə də bu istək baş tutmadı. Belə ki, o, "Ərəb musiqisinin primadonna"sı, "Nilin İncisi" adlarına sahib olsa da kral nəsli adi bir kənddən gəlmiş sadə ərəb qızı ilə evliliyi qəti şəkildə rədd etdi. Bu da Ümmü Gülsümü bir tərəfdən sarsıtdı. Bəlkə də bu sarsıntının səbəbi ilə də Ümmü Gülsüm bəstəçi Mahmud Şəriflə evlənməyə qərar verdi. Amma həyat göstərdi ki, bu lazımsız bir addım imiş. Çünki iki musiqi adamının bu izdivacı cəmi bir neçə gün sürdü. Onlar ayrıldılar. Amma şəxsi həyatındakı itkilər heç də bunula bitmədi. 1947-ci ildə daim onunla birlikdə yaşayan anası vəfat etdi. Və Ümmü Gülsüm üçün bu itkini adlatmaq asan olmadı. Uzun müddət özünə qapıldı. Bundan özünə gəlməmiş qardaşı öldü. Və bütün baş verənlərin ardınca onun depressiv həyat tərzi başladı ki, bu da uzun müddət sürdü. Hətta bu pessimizm elə bir həddə çatdı ki, müğənni ümumiyyətlə, sənət dünyasında görünmək istəmədi.

Bütün bu üzücü hadisələrdən sonra müğənni xeyli müalicə olundu. 1954-cü ildə sənətçi dostu Əhməd Raminin onunla tanış etdiyi və əslən o da Nilin deltasındakı kəndlərdən olan doktor Həsən əl Hifnəvi ilə evləndi. Ümmü Gülsüm uzun zaman səhhətindəki problemlərdən əziyyət çəksə də sonucda sənətdən ayrılmadı. Həmişəyaşar mahnılar yaratdı. Ərəb dünyasının sevimli müğənnisi olaraq yaşadı. Hər kəs onun oxuduğu mahnılarına məftun oldu. Şair Əhməd Şefiq Kamilin şeirinə bəstəkar Əbdülvəhabın bəstələdiyi "Sən mənim ömrümsən", Riyad əl-Sonbatinin "Gecənin gətirdikləri"ni... sevə-sevə dinləməmək mümkündürmü? Ümumiyyətlə, Ümmü Gülsüm yaradıcılığı boyu 300-dən çox mahnıya öz möhürünü vurub.

 

BU DA SON

 

1972-ci ildə sənətçinin səhhətindəki köhnə problemlər yenidən baş qaldırdı. Yanvar ayında təşkil edilmiş konsert onun həyatında sonuncu konsert oldu. Bundan sonra, Gülsüm bir daha səhnəyə çıxmadı. Və xəstəlikləri getdikcə onu daha çox yatağına bağladı. Bu illər ərzində Gülsüm özü bir neçə dəfə radio üçün mahnı yazdırmaq istəsə də bu alınmadı. 1975-ci ildə xəstəliyi daha da şiddətləndi. İnsanlar günlərlə sevdiyi Ümmü Gülsümünün yaşadığı evin qarşısında toplaşaraq ona mənəvi dəstək olmağa çalışdılar. O vaxt yaxın adamları onu xəstəxanaya aparmaq istəsələr də müğənni onlara etiraz etmişdi. Demişdi: "Xəsətxanaya getsəm, öləcəyəm". O xəstəxanaya getmədi. Amma ölüm onu elə öz mənzilində yaxaladı.

Bəlkə də Qahirə belə cənazə, dəfn görməmişdi. Ümmü Gülsümün ucqar bir kəndə dünyaya göz açmasını yalnız öz ailə üzvləri bilsə də dünyadan köçməsindən bəlkə də bütün dünya xəbər tutdu. 4,5 milyon insan Qahirə küçələrinə çıxaraq ərəb dünyasının ən ecazkar səs sahibini, Misirin səsi adlanan Ümmü Gülsümü son mənzilə yola salırdı. Ərəblərin lideri sayılan Camal Əbdülnasirin dəfninə 3 milyon insanın qatıldığını nəzərə alsaq, Ümmü Gülsümlə möhtəşəm son vida mərasimi ona olan sevginin, hörmətin bariz göstəricisi idi. Suriya, Liviya, İraq... bütün ərəb ölkələrinin radioları, televiziyaları bu hüznlü xəbəri yaymaqdaydılar. Dünyanın bir çox ölkələrindən dövlət adamları, nüfizlu şəxsləri, bəstəkarlar, şairlər, müğənninin vurğunları Qahirəyə axışdılar. İnsanlar onun tabutunu əlləri üstə özünün ən çox sevdiyi əl Seyid Hüseyn məscidinə götürdülər, cənazə namazından sonra torpağa tapşırıldı. 1975-ci il 4 fevralda...

...Beləliklə nəinki ərəblərin, habelə bütün dünyada onu sevənlərin ürəyində, yaddaşlarında yaşayan gözəl, ecazkar səsli Ümmü Gülsüm də bu dünyaya əlvida dedi...

  

  

BABƏK YUSİFOĞLU

 

Ədalət.- 2010.- 2 noyabr.- S . 5.