Həyat rejissoru haqqında üzü kitab

 

Və ya Əliqismət Lalayevlə daha yaxından tanışlıq imkanı

 

Kitabın vizit vərəqəsi

 

"Əliqismət Lalayev- həyat rejissoru" kitabı "Qanun" nəşriyyatında çap olunub. Tərtibçisi Qulam Sadıq, redaktoru Samir Sədaqətoğlu, rəyçi sənətşünaslıq namizədi Vidadi Qafarlıdı. Ön söz yerinə "Zaman insan" məqaləsini əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə yazıb.

Məryəm xanım həmin məqaləsində kitabın qəhrəmanı haqqında yazır: ... Azərbaycan mədəniyyətində, özəlliklə teatr sənətində uzun illərdir ki, uğurlu fəaliyyətdə bulunan əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Əliqismət Lalayev (vaxtilə sevimli tələbəm olmuş, indi isə Azərbaycanın görkəmli teatr xadimi!) haqqında düşünərkən, onun tükənmək bilməyən enerjisinin qaynağını axtararkən və hər dəfə yeni-yeni işlərində, əməllərində təzahür edən yüksək elmi və yaradıcı səviyyəsinin təməllərini aşkarlamağa çalışarkən fikrim "...o mehriban, o əziz tələbəlik illəri"nə qayıdır..."

"... Ə. Lalayev M. Əliyev adına İncəsənət İnstitutunu 1980-ci ildə bitirib. Arxada qalan iyirmi doqquz il ərzində mən artıq bir teatrşünas gurultulu çıxmasın, teatrın təəssübkeşi kimi sevimli tələbəmin çox səmərəli fəaliyyətini (Naxçıvan Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində. Mədəniyyət Turizm Nazirliyində rəhbər vəzifələrdə) izləmişəm. İndi isə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında direktor kimi uğurlu fəaliyyət göstərir. Artıq bu illər mənə "mehriban əziz" olub. Onları xatırlayıb danışmağa kifayət qədər dolğun tutarlı "materialım" var.

İnşallah, yeri gələndə bu haqda söhbət açarıq..."

 

Tanış və tanınmış qəhrəman

 

Adından və Məryəm xanımın ön söz yerinə yazdıqlarından başa düşülür ki, kitab tanış və tanınmış bir şəxsə - Əliqismət Lalayevə həsr olunub. Əliqismət Lalayev 1956-cı il iyulun 4-də Salyan şəhərində, Muğanda ad-san qazanan Hümmət kişinin ailəsində dünyaya göz açıb. Orta məktəbi əlaçı kimi bitirən Əliqismət klub müdiri, yerli "Qələbə" qəzetində korrektor işləyib. 1975-ci ildə Dövlət İncəsənət İnstitutuna qəbul olunub. Ali məktəbi fərqlənmə diplomu ilə bitirəndən sonra Naxçıvana göndərilib. Muxtar Respublikanın Mədəniyyət Nazirliyində çalışıb. 6 il Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında müxtəlif tamaşalara quruluş verib. Aktyor kimi məharətini göstərib. Əliqismət Lalayev səhnədə böyük Hüseyn Cavidin obrazını yaradan ilk aktyordu. O, Kəmalə Ağayevanın yazdığı "Mənim tanrım gözəllikdir, sevgidir" tamaşasında səhnəyə Hüseyn Cavid rolunda çıxmaqla bu ilkə imza atıb.

Sonra doğma rayona qayıdan Əliqismət Lalayev bir müddət yenə qəzetçi kimi fəaliyyət göstərib. "Qələbə"nin məsul katibi olub. Rayon Mədəniyyət Şöbəsinin müdiri təyin edilib.

1993-cü ilin sentyabrından qəhrəmanımızın paytaxt həyatı başlayıb. M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsinə dəvət olunan Ə. Lalayev 3 il sonra daha məsul vəzifəyə irəli çəkilib. Mədəniyyət Nazirliyinin İncəsənət Baş İdarəsinin rəisi, yenidən formalaşdırılan Mədəniyyət Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri kimi mühüm postlarda çalışıb. Bu gün isə böyük bir yaradıcı kollektivə rəhbərlik edir - Dövlət Musiqili Komediya Teatrının direktorudu.

Milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə 1986-cı ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Əliqismət Lalayev 12 yaşından mətbuatda çıxış edir. Bu illər ərzində yüzdən çox məqaləsi qəzet jurnallarda çap olunub. Teatr sənətinin nəzəri problemlərini dərindən bilir. "Azərbaycan - Orta Asiya teatr əlaqələri" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcə alıb.

 

O - həyat rejissoru

 

Kitabda tanınmış teatr xadimi Əliqismət Lalayevin mətbuatda dərc olunan çoxsaylı müsahibələrindən bəziləri yer alıb. Görkəmli sənət adamlarının onun barəsində fikirləri bu kitabda toplanıb. Qəhrəmanın yaşadığı mənalı ömür yolunun fotolarda əks edilən anları oxucuya çatdırılıb.

Filologiya elmləri doktoru, professor Timurçin Əfəndiyevin kitabda yer alan fikirləri maraqlıdı: "Azərbaycan - Orta Asiya teatr əlaqələri" namizədlik işi zəngin faktlara əsaslanan çox dəyərli əsərdir. Ə. Lalayevin belə bir qiymətli əsər yazması isə heç də təsadüfi deyil, çünki o, bütün həyatını teatrla bağlamış yaradıcı bir insandır".

Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, xalq artisti Azər Paşa Nemət Əliqismət Lalayevi belə xarakterizə edir: "... Mənə elə gəlir ki, zaman keçdikcə Əliqismət məni sənətsevərləri özünün yeni-yeni işləri ilə daha artıq təəccübləndirəcək. Çünki o, təəccübləndirməyi bacaran sənətkarlarımızdandır. Allah bizə ömür versə, çox güman ki, gələcəkdə onun maraqlı işlərinə baxıb sevinəcək təəccüblənəcəyik".

Xalq artisti Cənnət Səlimovanın baxışı isə belədi: "Teatra rəhbərlik etmək olduqca çətindir. Ancaq o, teatra gəldiyi gündən qısa bir vaxtda özünü göstərə bildi. Onun kimi bir insanla işləmək çox asandır. O olduğu yerdə yaradıcılıq mühiti yarada bilir".

Şair Əlisəmid Kürün dünyasında Əliqismət Lalayev belə görünür: "O, harda olur - olsun, hansı vəzifədə olur-olsun (söhbət incəsənətdən gedir), hansı məmur postunda oturur-otursun o postu dirildəcək, o yeri ali mərtəbəyə mindirəcək. Çünki təpədən-dırnağa qədər səmimiyyətlə yoğrulmuş bu savadlı, sanballı, istedadlı rejissor həm də bir həyat rejissoru kimi yetişdi".

Kitabda son söz yerinə verilən "Vətəndaş" məqaləsinin müəllifi əməkdar incəsənət xadimi, tanınmış rejissor Bəhram Osmanov nöqtəni belə qoyur: "O, kiməsə atadır, kiməsə həyat yoldaşı, kiməsə baba, kiməsə dost... Amma ölkə üçün o, böyük hərflə yazılacaq bir VƏTƏNDAŞDIR".

"Əliqismət Lalayev- həyat rejissoru" adlı qara rəngli bu kitab yəqin ki, oxucuların imtahanından üzü ağ çıxacaq. Qəhrəmanı Əliqismət Lalayevin sasysız-hesabsız imtahanlardan üzü ağ çıxdığı kimi...

 

 

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.- 2010.- 2 noyabr.- S. 6.