Şərəfli ömür yolu
ƏHLİMAN TAPDIQ OĞLU ƏMİRASLANOV 65
saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən
Milli Məclis üzvlüyünə namizəd
Müasir Azərbaycan ziyalısından söhbət
düşəndə gözlər önünə ilk gələnlərdən
biri də dünya miqyasında tanınan alim, məşhur cərrah-onkoloq
Əhliman Əmiraslanov olur. Əhliman Tapdıq oğlu Əmiraslanov
1947-ci il noyabrın 17- də qədim Azərbaycan
torpağı olan indiki
Ermənistanın
(Göyçə mahalının) Basarkeçər rayonunun
Zod kəndində ziyalı ailəsində dünyaya gəlib.
1965- ci ildə orta məktəbi qızıl
medalla bitirən Ə.Əmiraslanov həmin il N.Nərimanov
adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil olub. İnstitutda təhsil alarkən
fitri istetadı, yüksək erudisiyası ilə fərqlənən
gənc Ə.Əmiraslanov onkologiya sahəsinə daha
çox meyl göstərib və 1969- cu ildə, hələ tələbə
ikən, Bakı şəhər onkologiya klinikasında tibb
qardaşı vəzifəsində əmək fəaliyyətinə
başlayıb.
O, 1971-ci ildə institutu
fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1971-74
-cü illərdə Bakı şəhər onkologiya
klinikasının cərrahiyyə şöbəsinin
müdiri vəzifəsində çalışıb. Əhliman
Əmiraslanov onkologiya sahəsi üzrə ilk müəllimi
olan professor Arif Abbasovun əziz xatirəsini həmişə
böyük məhəbbətlə yad edir, onun
gördüyü işləri yüksək dəyərləndirir.
Ə.Əmiraslanov
1974-cü il oktyabrın 1-də müvəffəqiyyətlə
imtahan verərək Moskva şəhərində SSRİ Tibb
Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzi
nəzdində aspiranturaya daxil olub. 1977-ci ildə aspiranturada təhsil
vaxtı hələ başa çatmamış, vaxtından əvvəl,
"Bədxassəli şişlərlə əlaqədar
aşağı ətrafların ampultasiyasından sonra xəstələrin
reabilitasiyası" mövzusunda namizədlik dissertasiyası
müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsinə
layiq görülübdür.
Ə.Əmiraslanov 24
noyabr 1977- ci ildən Moskvada Ümumittifaq Onkoloji Elmi Mərkəzinin
ümumi onkologiya şöbəsində kiçik elmi
işçi, 16 sentyabr 1981-ci ildən həmin şöbədə
böyük elmi işçi vəzifələrində
çalışıb. Bu dövrlərdə çoxlu
miqdarda mürəkkəb cərrahiyyə əməliyyatlarını,
o cümlədən dünyanın yalnız bir neçə məşhur
klinikalarında icra olunan və SSRİ miqyasında ilk dəfə
Azərbaycan alimi Ə.Əmiraslanov tərəfindən həyata
keçirilən "Rotasion plastika" cərrahiyyə əməliyyatını
böyük məharətlə yerinə yetirərək,
ümidverici göstəricilər əldə edibdir. Gənc
alim elmi axtarışlarını uğurla davam etdirərək
1984- cü ildə, 36 yaşında ikən, "Osteogen
sarkomalı xəstələrin kompleks müalicə
üsulları" mövzusunda doktorluq dissertasiyası
müdafiə edib və tibb elmləri doktoru elmi dərəcəsinə
layiq görülübdür.
Sümük sarkomasının
bütün incəliklərini dünya mətbuatında
geniş şərh edən və Beynəlxalq elmi
yığıncaqlarda sanballı çıxışları
ilə fərqlənən alimin adı, tezliklə, nəinki
keçmiş Sovetlər İttifaqının ayrı-ayrı
respublikalarında, eləcə də dünyanın hər
yerində tanınıb və şöhrətlənib.
Ə.Əmiraslanov
1979-1985- ci illər ərzində Moskvada apardığı səmərəli
elmi-tədqiqat işlərinə görə ardıcıl
olaraq SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq
Onkoloji Mərkəzinin rəhbərliyi tərəfindən
müxtəlif mükafatlara layiq görülübdür. Həmin
illər ərzində ümumi onkologiya şöbəsində
"Sümük şişlərinin müalicə
metodlarının təkmilləşdirilməsi"
mövzusu üzrə cavabdehlik görkəmli alim Ə.Əmiraslanova
tapşırılıb və o, bu vəzifənin öhdəsindən
bacarıqla gəlibdir. Dünya şöhrətli mütəxəssislərdən
akademik N.N.Trapeznikov qeyd edib ki, "Əhliman Əmiraslanovun
onkologiya elmi sahəsində əldə etdiyi nəticələrin
böyük əksəriyyəti SSRİ-də ilk dəfə
əldə edilən son dərəcə dəyərli yeni
elmi nəticələrdir. Bu nəticələr xarici ölkə
alimlərinin həmin sahədəki elmi nəticələrini
ya qabaqlayır, ya da onları tamamlayır".
Ə.Əmiraslanov
ardıcıl olaraq bir neçə elmi işləmələri
müvəffəqiyyətlə səhiyyə praktikasına tətbiq
edib. Belə işləmələr sırasında dayaq - hərəkət
aparatı şişləri zamanı bərpa müalicəsi
metodları əsas yer tutur.
Ə.Əmiraslanov
iyirminci yüzilliyin 70-80-cı illərində "Dayaq - hərəkət
aparatı şişləri olan xəstələrin müalicəsi
və reabilitasiyası" üzrə Ümumittifaq məktəbinə
rəhbərlik edib və dəfələrlə SSRİ Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin qızıl medalları ilə
təltif olunub.
Ə.Əmiraslanovun
"Uşaq, yeniyetmə və yaşlılarda osteogen
sarkomanın kompleks müalicə metodu" adlı işləməsi
SSRİ Səhiyyə Nazirinin 1162 saylı əmri ilə
1983-cü il 3 oktyabr tarixində tibb elminin səhiyyə
praktikasında qazanılan mühüm nailiyyətlərin tətbiqinin
Ümumittifaq perspektiv planına daxil edilib.
1985-ci iin noyabr ayında
ABŞ-ın Orland ştatında keçirilən beynəlxalq
simpoziumda Əhliman Əmiraslanovun çıxışı
dünya alimlərinin böyük marağına səbəb
olub. Elə həmin ildə Ə.Əmiraslanovun məhsuldar fəaliyyəti
"Sümük sarkomaları" adlı monoqrafiyada öz əksini
tapıb və bu orijinal monoqrafiyaya görə o, SSRİ Tibb
Elmləri Akademiyasının 5 ildə bir dəfə təqdim
edilən nüfuzlu "N.N.Petrov adına" mükafat və
medalı ilə təltif edilib.
Dünyada tanınan və
layiqli nüfuz qazanan alim 1986-cı ildə elm və texnika sahəsi
üzrə "Onkoloji xəstələrin bərpa müalicəsi
metodlarının işlənib hazırlanması və
onların klinik təcrübədə tətbiqi"
haqqındakı silsilə elmi - texnoloji işlərinə
görə SSRİ Dövlət mükafatı laureatına
layiq görülüb.
1987-ci il iyunun 18- də Ə.Əmiraslanov
Ümumittifaq Onkoloji Elmi Mərkəzin ümumi onkologiya
şöbəsində aparıcı elmi işçi vəzifəsinə
təsdiq edilib. 1988-ci ildə SSRİ Tibb Elmləri
Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin
"Dayaq-hərəkət aparatı şişləri"
şöbəsində professor vəzifəsinə
seçilib.
Professor Ə.Əmiraslanov
Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzində
praktik işlə bərabər böyük elmi-təşkilati
işlərlə də məşğul olub. O, həmin illərdə
"Onkologiya" ixtisası üzrə İxtisaslaşdırılmış
elmi şuranın, həmçinin Rusiya Tibb Elmləri
Akademiyasının Onkoloji Elmi Mərkəzinin Elmi
Şurasının üzvü olub. Professor Ə.Əmiraslanov
Moskvada işlədiyi müddətdə 12 tibb elmləri namizədi
və 5 tibb elmləri doktorunun yetişməsinə bilavasitə
rəhbərlik eləyib.
Professor Ə.Əmiraslanov
1991-ci ildə yüksək ixtisaslı tibb kadrları
hazırlığındakı, eləcə də tibb elminin və
səhiyyənin inkişafındakı görkəmli xidmətlərinə
görə "Əməkdar elm xadimi" fəxri adına
layiq görülüb.
Keçən əsrin
80-ci illərinin sonu, 90-cı illərin əvvəlləri Azərbaycan
üçün çox çətin, ağır illər
idi. Bu illərdə başqa sahələrdə olduğu kimi
tibb sahəsindən olan bir çox mütəxəssislər
Azərbaycanı tərk edib başqa ölkələrə
gedirdilər. Azərbaycanda beyin axının gücləndiyi
bir dövrdə Əhliman Əmiraslanov Moskvadakı rahat
iş yerindən çıxıb Bakıya gəlməyi və
Azərbaycanın ağır illərində ona öz peşəsi
ilə, öz peşəkar həkimliyi ilə dayaq
olmağı, kömək olmağı qərarlaşdırıb.
O, öz xeyirxahlığı, təmənnasız xidməti
ilə tezliklə əhalinin hörmət və rəğbətini
qazanıb. Alim öz doğma xalqına xidmət etməkdən,
çətin günlərdə öz xalqının
arasında olmaqdan zövq alıb. Əhliman Əmiraslanov bu
ünsiyyəti, bu münasibəti indi də davam etdirir.
Rektorluqdakı işləri çox olsa da, o, hər gün səhərlər
öz həkimlik peşəsi ilə məşğul
olmağa üstünlük verir və xəstələrə
şəfa verməkdən məmnunluq duyur. Ona görə də
xalq onu təkcə dünya şöhrətli alim,
bacarıqlı təşkilatçı, səriştəli
təhsil işçisi kimi deyil, həm də
qayğıkeş və ünsiyyətli bir həkim kimi sevir.
Əhliman Əmiraslanov xalqına, vətəninə xidmət
etməyi özünə övladlıq borcu hesab edir.
Akademik Ə.T.Əmiraslanov
18 ildən artıqdır ki, Azərbaycan Tibb Universitetinin
rektoru vəzifəsində çalışır və bu vəzifəni
şərəflə yerinə yetirir.
Ə.Əmiraslanov eyni
zamanda 1993- cü ildə müsabiqə yolu ilə Azərbaycan
Tibb Universitetinin onkologiya kafedrasının müdiri vəzifəsinə
seçilibdir.
Akademik Ə.Əmiraslanovun
elmi-tədqiqatlarının əsasını dayaq - hərəkət
aparatı, süd vəzisi və digər orqanların bədxassəli
şişlərinin öyrənilməsi, eləcə də
onların effektli müalicə metodlarının və
profilaktikasının işlənib hazırlanması, bu
metodların praktikada uğurla tətbiq edilməsi təşkil
edir. Professor Ə.Əmiraslanovun bu sahədə təklif
etdiyi yeni müalicə metodları artıq sınaqdan
çıxaraq praktik səhiyyədə müvəffəqiyyətlə
tətbiq olunub və hazırda ondan müxtəlif klinikalarda
geniş miqyasda istifadə edilir. Onun təklif etdiyi müasir
müalicə metodu xəstəliyin uzaq nəticələrini
yaxşılaşdırır, əlillik dərəcəsini
azaldır, qısa müddətdə xəstələrin aktiv
əməyə və məişətə qayıtmalarına
kömək edir. Professor Ə.Əmiraslanovun təklif etdiyi
konstruksiya əsasında hazırlanan və Bakıda ilk dəfə
tətbiq edilən endoprotezlər, xaricdə hazırlanan
endoprotezlərə nisbətən həm xeyli ucuz başa gəlir,
həm də daha praktik hesab olunur.
Akademik Ə.Əmiraslanovun
elmi işləri nəinki ölkəmizdə və yaxın
xaric sayılan MDB ölkələrində, eləcə də
dünyanın digər qabaqcıl ölkələrində
geniş yayılıb və onkologiya elmində yeni mərhələnin
başlanmasına əsaslı zəmin yaradıb. O, dəfələrlə
Amerika Birləşmiş Ştatlarında, Fransada, Yaponiyada,
İtaliyada, İsveçdə, Yunanıstanda, Macarıstanda,
Bolqarıstanda, Çexoslovakiyada, Almaniyada, Sinqapurda, Türkiyədə,
Rusiya Federasiyasında, Polşada, İsraildə, Pakistanda,
Kanadada, İranda, Avstriyada və digər ölkələrdə
keçirilən qurultay, simozium, konqress və konfranslarda elmi məruzələrlə
çıxışlar edərək, onkologiya sahəsində
əldə etdiyi yenilikləri beynəlxalq miqyasda böyük
müvəffəqiyyətlə nümayiş etdirib.
Akademik Ə.Əmiraslanov
SSRİ dövründə sovet nümayəndə heyətinin,
hazırda isə ölkəmizin nümayəndə heyətinin
rəhbəri kimi dəfələrlə bir çox xarici
ölkələrdə elmi ezamiyyətlərdə olub, xarici
ölkələrlə elmi və pedaqoji əlaqələrin
möhkəmlənməsi yolunda təqdirəlayiq işlər
görüb. Hazırda dünyanın ən məşhur
onkoloq-cərrahlarından biri kimi tanınan professor Ə.Əmiraslanov
bir çox nüfuzlu xarici klinikalarda dərin məzmunlu və
dəyərli mühazirələr oxuyaraq, Azərbaycana layiqli
başucalığı gətirib. O, həmçinin bir
neçə dəfə ABŞ- da Hyüston tibb mərkəzindəki
M.D.Anderson onkologiya klinikasında uzunmüddətli elmi ezamiyyətdə
olub.
Akademik Ə.Əmiraslanov
həm Moskvada fəaliyyət göstərdiyi vaxtlar SSRİ
Tibb Elmləri Akademiyasının (TEA) Ümumittifaq Onkoloji Mərkəzində
(ÜOEM), həm də hazırda Bakıda ATU-nun Onkoloji
Klinikasında böyük praktik işlər apararaq çoxlu
miqdarda xəstə qəbul edir, məsləhətlər verir
və bilavasitə özü mürəkkəb cərrahi əməliyyatlar
aparır.
Akademik Ə.Əmiraslanov
Moskvada Mərkəzi Təkmilləşdirmə İnstitutunun
kursantlarına, SSRİ TEA- nın ÜOEM- nin aspirant və
ordinatorlarına, Bakıda isə Azərbaycan Tibb Universitetinin
tələbələrinə, dinləyicilərinə
ixtisası üzrə maraqlı və məzmunlu mühazirələr
oxuyaraq təcrübəli pedaqoq kimi dərin hörmət və
böyük nüfuz qazanıb. O, 1997- ci ilin noyabr
ayının 19- da Respublikanın və xarici ölkələrin
tibb alimləri, səhiyyə işçiləri
qarşısında "Dayaq - hərəkət
aparatının bədxassəli şişlərinin müasir
müalicə metodlarının işlənib
hazırlanması və təcrübəyə tətbiqi"
mövzusu üzrə Akt nitqi söyləyib və həmin
nitq tibb ictaimayyətinin böyük marağına səbəb
olub. Professor Ə.Əmiraslanov az vaxt ərzində ATU-nun təhsil
sistemində bir sıra islahatlar keçirib və kadr
hazırlığının təkmilləşməsinin əsasını
qoyubdur.
Akademik Ə.Əmiraslanov
SSRİ TEA-nın ÜOEM-ində təşkil edilmiş
hospitalizasiya üzrə daimi komissiyanın üzvü olub və
1988-ci ildə SSRİ TEA-nın ÜOEM-də keçirilən
"Sümük sarkomlarının müalicəsi"
adlı Onkoloqlar Məktəbinin Beynəlxalq Təşkilat
Komitəsi tərkibində aktiv fəaliyyət göstəribdir.
Akademik Ə.Əmiraslanov
350-dən çox elmi əsərin müəllifidir. Onun əsərlərinin
böyük əksəriyyəti dünyanın bir çox
ölkələrinin nüfuzlu jurnal, toplu və məcmuələrində
nəşr edilibdir. Əsərlərindən 17-si monoqrafiya,
16-sı ixtira və səmərələşdirici təkliflər,
28-i dərslik və dərs vəsaiti, 8-i metodik tövsiyədir.
O, həmçinin onlarla elmi-kütləvi məqalələrin
və görkəmli şəxsiyyətlərin həyat və
yaradıcılığından bəhs edən məqalələrin
müəllifidir. Akademik Ə.Əmiraslanovun
hazırladığı "Onkologiya" adlı ilk orijinal dərslik
azərbaycanlı tələbələr üçün əvəzsiz
töhfə olub və onların, eləcə də həkimlərin,
aspirantların stolüstü kitabına çevrilibdir.
Professor Ə.Əmiraslanov 1995-ci ildə Ankarada çapdan
çıxan "Bədxassəli sümük şişlərinin
proqnozu", 1999- cu ildə çap olunan "Onkoloji
kaxeksiya" adlı monoqrafiyaları da geniş oxucu kütləsi
tərəfindən rəğbətlə
qarşılanıb. Alimin həmmüəlliflərlə birgə
yazdığı "Mədə və qida borusu xərçəngi
olan xəstələrdə kaxeksiya" adlı kitab həm
rus dilində, həm də Türkiyədə ingilis dilində
nəfis şəkildə çap olunub və dünya
oxucularının istifadəsinə verilib. Bunlardan əlavə
1987-ci ildə Nyu- Yorkda, 1989-cu ildə Tokioda müvafiq olaraq
dünyanın məşhur onkoloqlarından W.F.Enneking və
T.Yamamura kimi görkəmli alimlərin redaktorluğu ilə
çap olunmuş sanballı rəhbərliklərin hər
birinin böyük bir bölməsində Azərbaycan alimi Ə.Əmiraslanovun
onkologiyanın müasir problemlərinə dair ümumiləşmiş
işlərinin dəyərli nəticələrini əks
etdirən yazılara geniş yer verilib.
Akademik Ə.Əmiraslanov
elmi-pedaqoji kadrların hazırlanması məsələsinə
xüsusi diqqət yetirir və bu sahədə də məhsuldar
çalışaraq öz yetişdirmələrinə tələbkarlığı
bir an belə azaltmadan, böyük qayğı, yüksək
həssaslıqla yanaşır. Əhliman Əmiraslanov məktəbinin
yetişdirmələri nəinki Azərbaycanın, eləcə
də keçmiş SSRİ- nin müxtəlif
klinikalarında çalışaraq, onun yolunu davam etdirirlər.
Professor Ə.Əmiraslanovun bilavasitə rəhbərliyi
altında 41 nəfər dissertasiya müdafiə edib və
onlardan da 30 nəfəri tibb elmləri namizədi, 1 nəfəri
tibb elmləri doktoru elmi dərəcəsinə layiq
görülüb.
Akademik Ə.Əmiraslanov
Ümumdünya Ortoped-Travmatoloq və Onkoloqlar
Assosiasiyalarının, Yunanıstan, Çexiya, Macarıstan
Onkoloqlar Cəmiyyətlərinin, üzvü Avropa Bərpa Cərrahlığı
Assosiasiyasının üzvü, Amerika Klinik onkoloqlar Cəmiyyətinin
üzvü, Polşa Tibb Elmləri Akademiyasının həqiqi
üzvüdür.
1998-ci ildə professor Ə.Əmiraslanovun
adı dünya tibb elminə verdiyi dəyərli töhfələrə
görə Kembricdə çapdan çıxan "XX əsrin
2000 görkəmli şəxsiyyəti" məcmuəsinə
daxil edilibdir. O, həmçinin həmin ildə tibb elminin,
tibb təhsili sisteminin inkişafı yolunda, eləcə də
onkologiya sahəsində əldə etdiyi nailiyyətlərin səhiyyə
praktikasında geniş tətbiqi yolunda qazanılan yüksək
nəticələrə görə Amerika Bioqrafiya
İnstitutunun "Qızıl Heykəl" mükafatına,
1999-cu ildə isə Polşa Tibb Elmləri
Akademiyasının Albert Şvaytzer adına Böyük
qızıl medalına və mükafatına layiq
görülübdür. Professor Ə.Əmiraslanov 1998-ci ilin
yanvarında aparılan sorğuya əsasən "1997-ci ilin
elm adamı" fəxri adına layiq görülüb.
1999-cu ildə YUNESKO xətti
üzrə Azərbaycan Milli "Bioetika, elm və texnologiyaların
etikası" Komitəsinin sədr müavini seçilib, 2000
-ci ildə Azərbaycan Respublikasının "Şöhrət"
ordeni ilə təltif olunub, 2001 - ci ildə Rusiya Tibb Elmləri
Akademiyasının akademiki və Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü seçilib,
2006-cı ildən YUNESKO-nun "Bioetika, elm və
texnologiyaların etikası" Komitəsinin Rəyasət Heyətinin
üzvüdür, YUNESKO-nun ekspertidir. O, 2007-ci ildə Azərbaycan
Milli Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin
akademik- katibi seçilib.
Akademik Ə.Əmiraslanov
2007-ci ildə RTEA- nın akademik N.N. Bloxin adına
qızıl medalına, 2009-cu ildə Rusiyanın "XXI
yüzilliyin liderləri" proqramı çərçivəsində
"Millətin intellekti" adlı beynəlxalq təltifə
layiq görülüb, 2010-cu ilin aprel ayının 30-da
ölkə Prezidentinin sərəncamına əsasən
akademik Ə.Əmiraslanovun adı Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun Himayədarları Şurasının, həmçinin
Azərbaycan Respublikasının Elm, mədəniyyət və
ədəbiyyat üzrə Dövlət Mükafatları
Komissiyasının üzvləri siyahısına
salınıb.
Akademik Əhliman Əmiraslanov
1995-ci ildən Azərbaycan-İran İslam Respublikası
Dostluq Cəmiyyətinin sədridir.
Görkəmli alim
1990-cı ildə Azərbaycan Respublikasının xalq
deputatı (millət vəkili) seçilib. 5 il ərzində
o, deputat səlahiyyəti ilə dövlət səviyyəli
nümayəndəliklərin tərkibində bir sıra xarici
ölkələrdə olub, Azərbaycanı müdafiə edən
siyasi məsələlərin müzakirəsində, ərazi
bütövlüyümüz, dövlət müstəqilliyimiz
və dövlətçiliyimizin qorunmasında fəal
iştirak edib, Müstəqil Dövlətlər Birliyinin
iştirakçı dövlətlərinin Parlamentlərarası
Assambleya Şurasının üzvü kimi səmərəli
fəaliyyət göstərib.
Görkəmli alimlər akademik Əhliman Əmiraslanov
haqqında
Nikolay Nikolayeviç Bloxin, SSRİ TEA-nın prezidenti,
SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji
Elmi Mərkəzinin baş direktoru, akademik:
- Məmnunam ki, son dərəcə
çətin əməliyyat sayılan "Rotasion
plastika" əməliyyatını Sovetlər
İttifaqında ilk dəfə, dünya miqyasında isə
birincilər sırasında yerinə yetirməyi bacaran cərrah-onkoloq
bizim yetirməmiz olan azərbaycanlı alim Əhliman Əmiraslanov
olub. Mən SSRİ miqyasında kiminsə risq edib "Rotasion
plastika" əməliyyatını aparacağına əmin
deyildim, ona görə də belə risqi münasib
saymırdım. Lakin Əhliman Əmiraslanov gənclik
entuziazmı ilə bu növ təsəvvürləri
yaxşı mənada dağıdaraq onkologiyada inamla inqilabi
sıçrayış etdi. O, əsl qalibdir! Qaliblər
mühakimə olunmurlar!
Nikolay Nikolayeviç Trapeznikov, Rusiya Tibb Elmləri
Akademiyasının Onkoloji Elmi Mərkəzinin baş direktoru,
akademik:
- Çox şadam ki, mənim
Əhliman Əmiraslanov kimi bir tələbəm var.
Arxayınam və şərəf duyuram ki, istənilən
anda o məni Onkoloji Elmi Mərkəzin baş direktoru vəzifəsində
əvəz edə bilər.
Ə.Əmiraslanovun
onkologiya elmi sahəsində əldə etdiyi nəticələrin
böyük əksəriyyəti SSRİ-də ilk dəfə
əldə edilən son dərəcə yeni elmi nəticələrdir.
Bu nəticələr xarici ölkə alimlərinin həmin
sahədəki elmi nəticələrini ya qabaqlayır, ya da
onları tamamlayır.
Ş.Edxad, Amerika Birləşmiş
Ştatlarının Los-Anceles Ştatının Onkologiya
İnstitutunun direktoru, professor:
- Hər sahədə
yaxın dostum və məsləkdaşım olan professor Əhliman
Əmiraslanov görkəmli alim, dünyada tanınan cərrah-onkoloq
olmaqla yanaşı, həm də qəlb genişliyinə
malik büllur kimi saf insandır.
İhsan Doğramacı, Türk dünyasının
dünya şöhrətli alimi, professor, doktor:
- Əhliman müəllim
dünya miqyasında tanınan çox böyük alimdir. O,
20 il Moskvada çalışdığı dövrdə
onkologiya sahəsində çox böyük şöhrət
qazanıb. Lakin onun Moskvada çalışdığı
uğurlu fəaliyyətindən sonra Bakıya - Azərbaycana
qayıtması onun öz xalqına, vətəninə
bağlılığının təntənəsinə
çevrildi. Belə vətənpərvərlik alqışa
layiqdir.
A.Mürey, Amerika Birləşmiş
Ştatlarının Hyüston Onkologiya Klinikasının rəhbəri,
professor:
- Professor Əhliman Əmiraslanov
son dərəcə istedadlı, işgüzar, əməksevər,
təvazökar, xeyirxah alimlərdən, nadir şəxsiyyətlərdəndir.
Ənvər Həsənoğlu, Türkiyənin Qazi
Universitetinin rektoru professor, doktor:
- Əhliman bəyi mən
xeyli vaxtdır tanıyıram. O, dünyada məşhur bir alimdir. Uzun müddət Moskvada çalışdı.
Sonra Bakıya gəlib işləməyi isə
böyük bir fədakarlıqdır. O, dünya
çapında məşhur bir alim, məşhur bir həkimdir.
Əhliman bəy Türkiyədə də
yaxşı tanınır. Onun adı istər Ankarada,
istər İstanbulda, istər Hacəttəpədə, istər
İzmirdə, İstər Adanada, istərsə də
Türkiyənin digər şəhərlərində hörmətlə
çəkilir, rəğbətlə qarşılanır.
Pyotr Proskurin, Rusiyanın görkəmli dramaturqu:
- Akademik Ə.T.Əmiraslanov
tibb üzrə istənilən Akademiyanın fəxri
sayıla bilinən dünya şöhrətli alim, bəşəri
duyğulara malik əsl insandır.
Mixail İvanoviç Davıdov, Rusiya Tibb Elmləri
Akademiyasının prezidenti, RTEA-nın Onkoloji Elmi Mərkəzinin
baş direktoru:
- Dünyanın
bütün məşhur onkoloqları Əhliman Əmiraslanovla
sıx əlaqə saxlayır, onu öz ölkələrində
görməkdən qürur duyurlar. O, həm keçmiş
SSRİ dövründə, həm də hazırda beynəlxalq
əlaqələri genişləndirərək onkologiya elmini
yeni nailiyyətlərlə zənginləşdirir. Bunun
müqabilində akademik Əhliman Əmiraslanov onkologiya sahəsində
ən yüksək təltiflərə, ən yüksək
mükafatlara layiq görülüb. O, bunlara layiqdir!.
Ağabəy Sultanov, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, əməkdar elm
xadimi, professor:
Məni hər vaxt
insanda iki xüsusiyyət valeh etmişdir. Bu xüsusiyyətlərdən
biri yaxşı mütəxəssis, ikincisi isə xeyirxah və
mədəni insan olmaqdır. Bu xüsusiyyətlərin hər
ikisi görkəmli alim, tanınmış cərrah-onkoloq Əhliman
Əmiraslanovda bərqərardır. O, həm Moskvada işlədiyi
müddətdə, həm də Azərbaycandakı
elmi-pedaqoji fəaliyyəti dövründə öz
xeyirxahlığı və yüksək səviyyəli xidməti
ilə xalqın hörmət və rəğbətini
qazanmışdır. Akademik Əhliman Əmiraslanov kimi
mütəxəssislərə heç də hər yerdə,
hər vaxt rast gəlinmir. O, elm aləmində, praktik həkimlikdə,
eləcə də ictimai həyatda nadir inci kimidir.
J.N.Abdrahmanov, Qazaxıstan Elmi-Tədqiqat Onkologiya və
Radiologiya İnstitutunun direktoru, akademik:
Akademik Əhliman Əmiraslanovun
elm sahəsində və kliniki praktikada əldə etdiyi
nailiyyətlər dünya miqyasında yüksək dəyərləndirilir
və bu, mənim də ürəyimcədir. Onun dayaq-hərəkət
aparat şişlərinin müalicəsində tətbiq etdiyi
metodlar Qazaxıstan alimlərinə, həkim-onkoloqlarına
yaxşı tanışdır və bu metodlardan
Qazaxıstanın onkoloji klinikalarında da geniş istifadə
olunur. Dünya şöhrətli Azərbaycan alimi Əhliman Əmiraslanov
eyni zamanda bacarıqlı təşkilatçı, görkəmli
ictimai xadimdir.
Ədalət.- 2010.- 3 noyabr.- S. 4.