Yeni mənzillərin yeni sevincləri

 

Sabirabadda Kür daşqınlarından evlərini itirmiş sakinlərə yeni mənzillər inşa edilib

 

Yaşadığımız ilin baharını yəqin ki, ölkə əhalisi, eləcə də rəsmilər hələ uzun zaman unutmayacaq. Son illər müəyyən qayğılar, bəzən də problemlər yaradan Kür çayı bu il dəlilik elədi. Respublikanın aran bölgəsi olan Şirvan şəhəri, Zərdab, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Saatlı, Sabirabad, İmişli, hətta Ağcabədi rayonu belə Kür çayının törətdiyi fəsadlardan xeyli ziyan gördü. Insanlar günlərlə çay sularının həyət-bacalarına, evlərinə dolması nəticəsində qohum-əqrəbanın evlərində, yaxud müəyyən inzibati binalarda yaşamalı oldular. Sən demə ən böyük fəlakət, bəlkə də faciə qabaqda imiş.

2010-cu il mayın 7-də, hələ sübhə xeyli qalmış Kürü cilovlamaq mümkün olmadı. Çay Sabirabad rayonu ərazisində sonuncu bəndi öz sularına qərq edərək çox sürətlə kəndlərə hücum etdi. Qabağı yaya gedən bu aran rayonunun fəlakətli günləri başladı. Sabirabad rəsmilərinin bildirdiklərinə görə rayonun 22 kəndi bu təbii fəlakətdən əzab-əziyyət çəkib. Ulacalı, Mürsəlli, Azadakənd, Çağırğan, Xankeçən, Ələmbəyli, Çölbeşdəli, Minbaşı, Yaxadəllək, Bala Həşimxanlı, Qasımbəyli kimi kəndlər isə demək olar ki, əsil fəlakət yaşamışlar. Minlərlə sakin evsiz-eşiksiz qalmışdır. Respublika prezidenti cənab İlham Əliyevin hadisəyə dərhal reaksiyası faciənin daha böyük nəticəsini aradan qaldırdı. Fövqəladə Hallar Nazirliyi bütün imkanlardan istifadə edərək digər nazirlik və təşkilatları səfərbər edib Dəli Kürü ram edə bildi. Dənizi xatırladan çay daşqınları isə artıq Sabirabadda amansız izlərini qoymuşdu. Həmin daşqınların izləri sentyabrın ortalarına kimi Azadakənd ərazisində qalmaqda idi.

 

***

 

Sabirabaddan Azadakəndə qədər 65-70 kilometr yol var. Ancaq bu yolu getmək doğrudan qəhrəmanlıqdır. Onsuz da çala-çuxur olan bu avtomobil yolu təbii fəlakətdən sonra doğrudan keçilməz olub. Ona görə bu ətrafda yaşayan insanlar ancaq hansısa rəsmi sənəd, yaxud vacib üçün Sabirabada gedirlər. Gündəlik qayğı, alış-veriş üçün qonşu Şirvan şəhəri daha əlverişlidir. Bu məsafə az deyil, hətta 30-40 kilometr məsafə qət etmək lazım gəlir.

Yarpaqları tökülməkdə olan kəndin - Azadakəndin - uzaqdan görünən qırmızı dam örtüklü yeni evləri diqqəti həmin dəqiqə cəlb edir. Müxtəlif yerlərdə, müxtəlif məsafələrdə inşa edilmiş bu evlər kənddəki ən müasir, baxımlı evlərdən belə seçilir. Öyrəndim ki, bu yaraşıqlı evləri inşa edən qərargah da Çağırğan, Xankeçən, Poladtoğay kəndlərini özündə birləşdirən elə Azadakənddə yerləşir.

Qələbəlikdir, adamların ən müxtəlif qayğılarla üz tutduqları qərargahda insanlar narahatdır. Qərargahın lap yaxınlığında demək olar ki, inşası başa çatmış mənzilin sahibi ilə söhbətimiz mənzildə də oldu. 5 nəfər ailə üzvü olan Azadakənd sakini Əliyar Fətullayev taxta döşəməli 3 otaqlı mənzili otaq-otaq gəzməklə sevincini də gizlətmir:

-Bu ilin 19 mayında kəndimiz suların qurbanı oldu. Düz bir ay evlərə yaxın düşmək mümkün olmadı. Su çəkiləndən, yer quruyandan sonra evlər tikilməyə başladı. Şəxsən mən belə mənzili heç vaxt tikə bilməzdim. Bir o qalır ki, yorğan-döşəyini, taxta-tuxtanı evə yığıb yaşayasan. Plastik pəncərə, alt üst döşəmələrə müxtəlif materialların əlavə edilməsi bizi qışın soyuğundan qoruyacaq. Görkəminə söz ila bilməz. Bu mənim villamdır, elə beləcə yazarsınız. Axı xeyli hündür, qırmızı dam örtüklü bu evlər elə villaya bənzəyir.

Əliyar kişinin bir vaxtlar çiy kərpicdən tikilmiş, daşqından sonra palçığa dönmüş köhnə evinə baxanda qonşusu Çinani Arif də gəlib çıxdı. Arif kişi də onun ailəsi üçün inşa edilmiş 3 otaqlı, mətbəxli evini göstərib söhbətə qoşuldu:

-Müəllim, bu kənddəki evlərin demək olar ki, hamısı çiy kərpicdən idi. Bir ay sularda üzən evlərdən elə bu palçıqlar qalar da. Mənim hesabımla bu kənddə 107 ev dağılıb. Onlardan 82-si su çəkilməmiş suya qarışmışdı. Su görmüş evlərin elələri də var ki, quruduqca müxtəlif fəsadlar verir. Bunların da işi ayrı cürdür. Ancaq bizə olunan köməyi yatsaq yuxuda görə bilməzdik. Soyuqdur, bir stəkan çayımızı için, təzə mənzillərə hələ köçməsək də bax bu balaca komalarda isti çayımız var.

Mənzilləri üçün gözaydınlığı verib sağollaşıram.

 

***

 

"Real-İnşaat" MMC-nin Azadakənd, Çağırğan, Xankeçən, Poladtoğay kəndlərində Dəli Kürün daşması nəticəsində evlərini itirən və onlar üçün az vaxtda çox gözəl mənzil inşa edilən sakinlərin heç birindən narazılıq eşitmədim. Bir də nə narazılıq, bütün bu işlərdən sonra narazılıqmı olar? "Real-İnşaat"ın mühəndisi, bu geniş və rahat mənzillərin tikintisinə rəhbərlik edən Qılıncxan Baxşıyev də ən cüzi narazılığa belə yer qoymadıqlarını bildirdi:

-Bizə yaradılan şərait, verilən tapşırıq da belə olub ki, heç kimin heç nədən narazılığı olmamalıdır. Fövqəladə Hallar Nazirliyi Komissiyasının yekun qərarından sonra biz bu 4 kənddə 129 mənzil inşa etmişik. Ailə tərkibinə görə inşa edilən 2, 3, 4 otaqlı mənzilləri özünüz gəzib gördünüz. Bir döşəməni silib yatmaqları qalır. Mənzilləri də briqadalar, ayrı-ayrı adamlar tikir. Pulunu da kvadrat metr hesabı ilə biz veririk. Hətta elə adam olur ki, öz evinin, məsələn, hörgü işini özü görür. Biz onun işi müqabilində elə onun özünə pul veririk. Bunların hamısı rəsmi müqavilə əsasında olur. Hər işin də öz qiyməti var. Hələ işlərimiz çoxdur, ancaq şəxsən məni əldən salan bu 4 kəndi hər gün gəzməkdir. Pərakəndə çox çətindir, bir massivi tikməyə var ki? Hələ qədər çıxacaq, qədər mənzillərin bərpa işləri olacaq. FHN-nin işçiləri demək olar ki, hər həftə kəndlərdə olur. Sakinlərin evləri ilə bağlı ortaya çıxan ən kiçik belə narahatlığını, narazılığını qeydə alırlar. Biz görən tərəf kimi onların sifarişlərini yerinə yetiririk.

 

***

 

"Okean-Servis" MMC-nin Sabirabad rayonundakı işləri isə daha çoxdur. Ona görə ki, onun əhatə etdiyi kəndlər - Yaxadəllək, Beşdəli, Minbaşı, Çiçəkli, Bala Həşimxanlı, Ələmbəyli, Çölbeşdəli, Zalqarağac, Ağaməmmədli, Nəsimikənd kəndləri bir-birindən xeyli aralı olmaqla relyefi fərqlidir. Fərqli daha bir cəhəti varsa da, o da dam örtüyünün yaşıl rəngdə olmasıdır. Hələ tamam solmayan təbiətin yaşıllığına sığınan bu yaraşıqlı evlər pərakəndə tikildiyindən lap uzaqdan belə seçilir. Görünür hər tikinti təşkilatı öz rəngi ilə seçilməyə üstünlük verir.

Yaxadəllək kəndində inşa edilmiş 53 mənzilin hər biri bir ailənin sevincidir. Qarabağ müharibəsi veteranı Vahid Həsənovun da bu günlərdə divarlarını isidəcək 2 otaqlı mənzili sakinlərini gözləyir:

-Doğrudan, belə mənzillərin tikilib bizlərə veriləcəyini gözləmirdik. Indi hərdən oturub fikirləşirəm ki, bu evin həyət-bacasında nəyi necə tikim ki, bu evə yaraşsın. Kəndçi babalarıq, malımız, heyvanımız, toyuq-cücəmiz var axı. , indi gəl uyğunlaşdır görüm necə uyğunlaşdırırsan? Ancaq başqa çarəmiz yoxdur. Razısan nədir? Yerdən göyəcən!

Yuxarıda sadaladığımız kəndlərdə inşaat-bərpa işlərini aparan "Okean-Servis"in baş mühəndisi Şahin Hüseynovla bu kənddə təsadüfən rastlaşdıq. Üst-başından toz-torpaq, üz-gözündən yorğunluq yağmasına baxmayaraq xeyli uzaq kəndə- Ələmbəyliyə tələsirdi. Ayaqüstü qələm əhlinə vaxt ayırmağı unutmadı:

-Yazsan da heç kim inanmaz ki, 80 günə 196 mənzili tikib qurtarmışıq. 2010-cu il 10 avqustda işə başladıq, 30 oktyabrda da sona yetirdik. Elə vaxt olub li, 1300 nəfərlə işləmişik. Qarşıdan qış gəlir, evi olmayanlar harada yaşasınlar axı? Mənzillərlə bərabər imkan, vaxt tapıb Bala Həşimxanlı kəndində orta məktəbi, tibb məntəqəsini bərpa etmişik. Onlar da lazımdır, vacibdir. Çünki, biri təhsilə, biri sağlamlığa xidmət edir. Bu 80 gündə o qədər gərgin işləmişik ki, o günlərdən yadımda heç qalmayıb. Işlədiyimiz müddətdə elə böyük problemimiz olmayıb, ancaq elektrik enerjisinin bəzən fasilələrlə verilməsi işimizi bir qədər ləngidirdi. Bizim işimizin çoxu elə elektriklə bağlıdır. Amma fikirləşəndə ki, inşa etdiyimiz bu gözəl, yaraşıqlı, əla keyfiyyətli mənzillərdə bu gün yaşamağa yeri olmayan sakinlər məskunlaşacaq sevinirsən, yorğunluğun yaddan çıxır. Gör neçə ailənin rahat mənzili olacaq.

 

***

 

Heç şübhəsiz ki, Dəli Kürün ağuşuna aldığı nəticədə minlərlə sakinin ev-eşiksiz qaldığı Sabirabadın bütün kəndlərini gəzib-dolaşmaqla bu gün orda aparılan işləri bir yazıya sığışdırmaq mümkün deyil. Ancaq gəzib-gördüyüm kəndlərdəki insanlarla söhbətdən xeyli rahatlandım. Çünki, çalışıb yazıya gətirdiklərim az şeydən xəbər vermir. Əsas odur ki, Sabirabad rayonunda Kür daşqınlarından zərər çəkən hər bir kəs mənzil sarıdan qayğılar, problemlər yaşamayacaq. Əgər hər bir kəsin başının üstündə tavanı varsa, demək yaşamaq üçün əsas stimulu var.

Mənziliniz mübarək, sabirabadlılar! Bir heç vaxt Dəli Kürün qəzəbinə gəlməyəsiniz!

 

 

Səxavət Məmmədli

 

Ədalət.- 2010.- 3 noyabr.- S. 7.