SƏNİN ÜÇÜN

 

Hamıya zəhər kimi,

Şəkərəm - sənin üçün.

Yollarında boynumu

Bükərəm, sənin üçün.

 

Çəkmə məni sınağa,

Sinəm dözməz bu dağa.

Özüm üçün bir ağa,

Nökərəm, sənin üçün.

 

Əldən vermə dəmini,

Üzmə bəxti- kəmini.

Fələyin dərd-qəmini

Çəkərəm, sənin üçün.

 

Əsdi xəzan yelləri,

Bada verdim illəri.

Qəlbimdə qəm gülləri

Əkərəm, sənin üçün.

 

Hicran duymaz hər naşı,

Yandı bağrımın başı!

Ağlayaram, göz yaşı

Tökərəm, sənin üçün.

 

Aldadıram özümü –

Vüsal bilən dözümü.

Ümidlərə gözümü

Dikərəm, sənin üçün...

 

 

BİLMƏDİM

 

Zaman ötdü yuxu kimi,

Meh gətirən qoxu kimi.

Gün keçirib - çoxu kimi,

Başımı qata bilmədim.

 

Baxdığım məni görmədi,

Qapımdan sevinc girmədi.

Gündüzü gözüm görmədi,

Gecəni yata bilmədim.

 

Üzüm günbatana Sarı,

Tükəndi könlümün varı...

Getdi bir ömrün qatarı,

Çalışdım, çata bilmədim!..

 

 

DÜŞÜNCƏ

 

Bülbül gül üçün,

Ahu çöl üçün,

Qərib el üçün

Canından keçər.

 

Kasıb doğula,

Nə ola, ola –

Mərdlik oğula

Qanından keçər.

 

Gülərsə insan,

Gülərsə həyat...

Namiq də rahat

Dünyadan köçər!

 

 

Namiq ZAMAN

 

Ədalət.- 2010.- 3 noyabr.- S. 7.