Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim

 

O, öz ürəyinin sözlərini çox vaxt qələminin dililə deyərdi. O, öz xalqının, vətəninin, torpağının o qədər vurğunu idi ki, qürbətdə də, gecə-gündüz onun Allah tərəfindən verilən nemətlərindən danışırdı. Həmişə başı bəlalı torpağının yamyaşıl meşələri, saf, təmiz havası, qaynar, durnagözlü bulaqları, qıjıltıyla axan çayları, yeraltı-yerüstü sərvətləri, səfalı, gözqamaşdıran dilbər güşələri, istedadlı, ismətli, namuslu, mətin xalqına heyranlığı haqqında yazmaya, danışmaya bilmirdi. Hərtərəfli bir insan idi. Demək olar ki, əksər elmlərdən hali idi. Çox şeylərdən başı çıxırdı. Hər hansı bir vəziyyətdən tez çıxmağı bacarırdı. Hədsiz hazırcavab idi. Gözəllik aşiqi idi. Hər şeydə bir gözəllik axtarırdı. Onun yazdığı hər bir şeirdə vətəni Azərbaycanı o qədər gözəl tərənnüm edib ki, təkrarən oxumaya bilmədim.

Amma, özü həmişə deyirdi ki, mən şair deyiləm, mənim əlimə qələm almağım sadəcə millətimin qanındandır, torpağım yetişdirir

Bu istedadlı insan mütaliəni çox sevirdi. S.Vurğunun "Vaqif"- ini əzbərdən deyir:

 

 

Böyük bir ölkənin oğluyam məndə,

Az-az uydururam, yeri gələndə.

 

Yenilikləri, sürpiriz etməyi hədsiz sevirdi. Böyüklə-böyük, kiçiklə-kiçik kimi davranırdı. Musiqini, incəsənəti çox sevirdi. Tez-tez ailəsilə bərabər təbiətin qoynunda dincəlməyi üstün tutur, onu seyr etməklə sakitlik tapırdı.

Fərəcov Ənvər Səyyad oğlu 1952-ci il 28 iyunda Goranboy rayonunun Sarov kəndində gözəl bir ailədə dünyaya göz açdı. O,ailənin ilk övladı idi. İllər keçir, Ənvər yavaş-yavaş böyüyürdü. Hər şeylə maraqlanırdı. Həddindən çox məntiqli və ağıllı idi. 1966-cı ildə, Sarov kəndində 8-illik orta məktəbi, 1968-ci ildə isə, Dəliməmmədli qəsəbə orta məktəbini bitirir. 1974-cü ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirir və öz kəndlərindəki "Azərbaycan" kolxozuna təyinat alır. Bir müddət burada mühəndis işləyir. Hələ institut illərində Emma adlı ağıllı və mədəni tovuzlu qızı ilə tanış olmuşdu.1975-ci ildə valideyinlərin xeyir duası,elin adət-ənənəsi ilə evlənirlər. Bu gənc ailə,həyatının üç ilini İmişlidə yaşayırlar. Çünki Emma xanımın təyinatı İmişliyə verilmişdi. O, məktəbdə müəllimə, Ənvər isə,meliorasiya tikinti idarəsində böyük mühəndis vəzifısində çalışırdılar. 1979-cı ilin avqustunda Gəncəyə köçürlər. Gəncə DAM-da mühəndis-mexanik kimi çalışır. Texnika və mexanika sahəsində geniş biliyə malik idi.

Amma Ənvərin arzusu, istəkləri daha böyük idi. Buna çatmaq üçün o,bir dostunun vasitəsilə 1981-ci ilin oktyabrda Türkmənistana-Bezmein şəhərinə gedir. Burada onu yenə də nailyyətlər qarşılayır. Onun uşaqlıqdan arzusu milis orqanlarında xidmət etmək olmuşdu. O, burada işləyə-işləyə Daşkənd Ali Milis məktəbinə daxil olur və buranı müvəffəqiyyətlə bitirir. Bir neçə il burada sahə müvəkkili işləyir. Bacarığı və istedadı sayəsində rütbəsi artır, böyük hörmət qazanır. Bu nailiyyətləri ona öz vətənini unutdura bilməzdi. Hər il ailəsi ilə bərabər vətəninə doğma Sarov kəndinə gəlirdi. O qədər şən insan idi ki, bütün yol boyu çalışırdı ki,heç kim yolun uzunluğunu hiss etməsin. Hamını özünə cəlb edirdi, hədsiz sevinirdi. Mahnının əvvəlini başlayır, arxasını uşaqlara oxutdurardı. Şeirlər, maraqlı əhvalatlar danışar, yanındakıları özünə qoşardı. Beləcə deyə-gülə vətəninə çatardı.

 

Gəlirdim uça-uça, ürəyimdə

min sevinc,

Dodağımda təbəssüm,

qollarımda qüvvətim.

 

Vətəndən qayıdanda bir az qəmgin olsa da, yenə də çalışırdı ki, uşaqlar bunu sezməsin. Özünü yenə də şən aparmağa çalışırdı.

Artıq Azərbaycanın başının üstünü qara buludlar almışdı. 1990-cı ildə Bakıda baş vermiş "Qanlı Yanvar" hadisəsi ona çox ağır təsir etmişdi. O, başa düşürdü ki, vətən dar gündədi. Onun harayına,dadına çatmaq lazımdı. Türkmənistanda olarkən o, tez-tez Azərbaycandakı hadisələrlə maraqlanırdı. Gündəlik hadisələrin gedişatı haqqında məlumat alırdı.

Bir gün evə qanı qara gəlir. Hamı elə bilir ki, yenə də işlə əlaqədar nə isə olub. Axı o, milisdə sahə müvəkkili işləyərkən tez-tez müxtəlif xoşəgəlməz hadisələr olurdu. Amma, uzun sürən sakitlikdən sonra nəhayət ki, Ənvər müəllim ağır-ağır danışmağa başlayır.

- Todanda vəziyyət ağırdı! Kolxoz sədrini və sürücünü ermənilər vəhşicəsinə öldürüblər, neçə ev yandırıblar. Təcili vətənə qayıtmalıyıq.

Ermənlərin təcavüzü haqqında xəbəri eşidəndə daha orada qala blmirlər. Qəti qərara gəlirlər ki, mütləq vətənə qayıtsınlar.

 

Mən ana yurdumun varlığı üçün,

Gərəksə torpağa, daşa dönərəm.

Atamın, anamın, məhəbbətimin,

Nurlu gözlərində yaşa dönərəm.

Zirvələr ucadır, ona əl çatmaz,

Vətən təhqir olsa oğullar yatmaz

Bilirəm Goranboy məni unutmaz,

Əbədi tarixə yaşa dönərəm.

Mənə dedilər ki, Todan yanıbdı,

Qarabağ, Goranboy alovlanıbdı

Ənvər, ürəyinə nəsə danıbdı

Demə ki, əbədi huşa dönübdü.

 

Fərəcov dəfələrlə nazirliyə ərizə yazır ki, onu vətənə göndərsinlər. Azərbaycanda qızğın döyüşlər getdiyi zamanda o, heç cür bu qərib ölkədə rahatlıq tapa bilmirdi. Halbu ki, bu dövlət ona hər cür qayğı göstərirdi. Rahat yaşamaq üçün çox gözəl şərait yaratmışdılar. Şəhərin ən gözəl yerlərindən birində ona dörd otaqlı geniş və yaraşıqlı mənzil vermişdilər. O, öz işinin ustası idi. Daxili işlər orqanlarında işlədiyi müddət ərzində,uğurlu əməliyyatlar apararaq neçə-neçə ağır təhlükəli cinayətlərin üstünü açmış, cinayətkarların zərərsizləşdiriməsində böyük xidməti olmuşdur. Öz dürüstlüyü və halallığı ilə türkmənlərin doğmaları olmuşdu. Türkmənlərlə qaynayıb qarışıb, onların ictimai həyatında, xeyir və şərlərində yaxından iştirak edirdi. Dəfələrlə yazılı və şifahi təşəkkürlər alır, fəxri fərmanlarla təltif olunur. Fərəcov artıq doqquz il idi ki, Türkmənistanda idi. Lakin, vətən həsrəti nigarançılığı onu daima narahat edirdi.

 

Mənim gözəl-göyçək ətirli gülüm,

Səndən nigarandı sevdalı könlüm.

Yolumu kəssədə fəlakət ölüm,

Səhralar, dənizlər aşıb gələrəm,

Coşub çaylar kimi daşıb gələrəm .

 

Niyə qaşlarını çatan görürəm?

Mavi örpəyini atan görürəm.

Kəpəzin qoynunda yatan görürəm.

De, niyə qəmlisən vəfalı Göy-göl?

Hanı toy düyünün səfalı Göy-göl?

 

Gəncədən ayrımı düşübsən yenə?

Dumanmı gəlibdi ayna hüsnünə?

Baxmaram yollara, dumana, çənə,

Sorağın yetişsə uçaram Göy-göl.

Səfalı qoynuna qaçaram Göy-göl.

 

Sən ana olmusan,onlarda övlad,

Sarısu, Todana, Hacıkənd, Azad,

Gəlir qulağıma Todandan fəryad,

Analar saç yolur, fəryad eyliyir.

Erməni əlindən imdad istiyir.

 

Todan fəryad edir, deyir,"dardayam!"

Hanı oğullarım? İntizardayam!

Bugün Aşqabadda, sabah ordayam.

Haraya- imdada çataram Göy-göl.

Gecələr Todanda yataram Göy-göl.

Ömürlük Todanda qalaram Göy-göl.

 

Axır ki, günlərin birində Ənvər müəllim evə sevincək gəlir. Hamını qucaqlayıb bağrına basır, gözləri yaşarır. Azərbaycanda işini dəyişməyi ona icazə vermişdilər. Evdə hər kəs sevinirdi. Vətəninə gələrkən yenə qələminin dili ilə deyir:

 

Dumanlı-çiskinli Todanım mənim,

Sinəmi sinənə qalxan eylərəm.

Düşmən top tüfənglə üstünü alsa,

Özümü özünə qurban eylərəm.

 

Gecəli gündüzlü səngərdə olsam,

Hələ yüz şəhidin qisasın alsam,

Erməni yüz olsa mən təkcə qalsam,

Vallah od ələrəm, tufan eylərəm.

 

Dağlar çayı kimi sərt axaram mən,

Göydə şimşək kimi qıy çaxaram mən,

Ölümün gözünə dik baxaram mən,

Elə bu baxışla cövlan eylərəm.

 

Vətənin dərdini bilməyə gəldim,

Onun göz yaşını silməyə gəldim,

Ağlayıb sonrada gülməyə gəldim,

Bir qan əvəzinə yüz qan eylərəm.

 

O, uşaqları hədsiz çox sevirdi. Onların hər xırda suallarını belə cavabsız qoymurdu. Çalışırdı ki, onların başa düşəcəyi bir formada məntiqlə başa salsın. Həttda bir dəfə balaca Nemət soruşur:

-Ata, niyə sən öz peşəni dəyişib paqonlu iş seçdin?

O, isə oğlunu başa salır ki, bu iş onun ürəyincədi, sevdiyi peşədi. Bu işlə mən xalqıma daha çox fayda verə bilərəm. İnsanlara dinclik, əminamanlıq, sakitlik lazımdı. Cinayət, oğurluq, hərc-mərclik olan yerdə, xoşbəxtlik, sakit həyat ola bilməz. O, vaxtdan balaca Nemət böyüyəndə atası kimi bu peşəni seçəcəyini fikrində, qəlbində gəzdirirdi. Çünki,atasını o qədər çox sevirdi ki, onun hər bir hərəkəti onun üçün bir örnək idi. Bir sözlə o da atası kimi sayılıb seçilən milis işçisi olmaq istəyirdi.

Nəhayət, Türkmənistandakı evlərini də Azərbaycanda dəyişərək vətənə gəldilər. Gəncəyə... Əvvəlcə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Daxili İşlər İdarəsinin Gəncə dəmiryolu milis bölməsində rəis müavini işləyir. Bu vaxt kapitan rütbəsində idi. Ancaq o, istəmirdi ki,burada ilişib qalsın.

O, Goranboya getmək istəyirdi. Azğın ermənilər günü-gündən daha da ağır fəlakətlər törədirdilər.

İnsanlara vəhşicəsinə divan tutur, ev-eşiklərini yandırırdılar. Fərəcovun artıq səbri tükənmişdi, deyirdi: "Axı, mən Türkmənistandan gəlməmişəm ki, Gəncədə işləyim."

1991-ci ilin iyul ayında onu Goranboy rayonuna pasport masa rəisi vəzifəsinə təyin edirlər. Üç həftə bu vəzifədə işləyir. Bu vaxtlar artıq o, mayor rütbəsində idi. Lakin Nazirliyə ərizə yazır, bu vəzifədən yenidən könüllü olaraq imtina edir. Nahayət, nazirlik onu Todan milis bölməsinə, bölmə rəisi vəzifəsinə təyin edir. Cəbhə bölməsində işləmək təklifi onu sevindirirdi. Artıq o,ölümü gözə alaraq əlindən gələni edir, özünü oda-közə vururdu. Dəfələrlə azğın düşmənlərin döyüş planlarını alt-üst edib.

Döyüşqabağı, ömür-gün yoldaşı Emma xanıma belə bir şeir yazır. Sonralar bu vəsiyyətə bənzər şeir onun maşınından tapılır.

 

Bizim taleyimiz gələrsə qara,

Tab gətir sevgilim, çətinə dara.

Səni and verirəm pərvərdigara.

Ağlayıb əbədi yasa bürünmə,

Çalış səbirli ol, qəmli görünmə.

Nemət bir atadır, qızın bir ana,

Allah özü çatsın sənin dadına.

Nəvələr bir zaman gələr başına.

Sevgilim, qələbə bizə yar olar,

Düşmən başdan-başa tarı-mar olar.

 

O, Emma xanımla həm də yaxın dost idi sanki. Bir-birinə arxa, dayaq, sirdaş,yoldaş idi. Yenə də başqa bir döyüşdən əvvəl, qələm kağızını götürür.

 

Döyüşə gedirəm, vətən yolunda,

Sinəmdə şeirimlə, sazımlayam mən.

Yollarım boranlı, tufanlı olsa,

Gül-çiçək ətirli yazımlayam mən.

Vətənin şərəfi mənə əzizdi,

Müqəddəs adımla, sözümləyəm mən.

Keçdiyim yollara baxın,arayın,

Hardan keçsəm orda, izinləyəm mən.

Dağlıq Qarabağda vuruşub ölsəm,

 

Qanımla Goranboy düzündəyəm mən.

Gəlməsəm sevgilim bəlkə ömürlük,

Səninlə, Nemətlə, qızımlayam mən.

 

Məntiqli düşünürdü, sakitlik axtarırdı. İşdə hərdən tək qalanda, otaqda pəncərənin qabağına keçər, bir müddət çölə baxardı. Sonra öz-özünə dodaqlarının altında sakit-sakit nəsə söyləyərdi.

 

Günlər nə tez düşür yola,

İllər axır sağa-sola.

Ömür keçir bu minvalla,

Qocalırıq bala-bala.

 

Amma qocalmadı. Həmişəlik,əbədi olaraq cavan qaldı. Qocaltdı ata-anasını.

Yenidən qayıdıb öz stuluna oturur. Gözlərini istər-istəməz yenidən pəncərəyə tərəf döndərir.

Sanki, pəncərədən və onun qarşısındakı dibçəkdə təzəcə açılmış tər güllərdən soruşur:

 

Neyçün dayanmayıb ötüşür illər,

İstili-soyuqlu fəsillər kimi.

Neyçün bu dünyadan tez köçür ellər,

Ömür gödək olur, tər güllər kimi.

 

O, öz düşüncələrinə, öz suallarına heç cür cavab tapa bilmir. Bütün bu suallar yorur onu. Otaqda bir müddət gəzişir. Artıq gecdir, evə getmək lazımdır. Maşına əyləşir. Yenə fikirli pəncərədən çölə baxaraq, bayaqkı düşüncələrlə məşğul olur.

 

Düşünüb bunları hər axşam,səhər,

Gecələr sübhəcən yata bilmirəm.

Xəyalım gəzsədə şəhərbəşəhər,

"Dünyanın sonuna"çata bilmirəm.

 

O, işinin təşkili üçün var gücü ilə çalışırdı. Buzluq istiqamətində keçirilən uğurlu əməliyyat erməniləri daha da qəzəbləndirir. Onun başına bir milyon manat pul qoyurlar. Çünki Fərəcovun şəxsi şücayəti nəticəsində quldurların əlindən mühasirəyə düşmüş çoxlu sayda döyüşçülərimiz xilas olunur.

 

Ermənilərin Çaykəndə yürüş planı pozulub. Fərəcov bunu belə deyirdi:

 

Ölmək yaraşarmı mənim şəstimə,

Erməni qulduru durub qəsdimə.

Güllə dolu kimi yağır üstümə,

Todanın göyləri bəm-bəyaz olub.

 

Bu əməliyyata görə DİN tərəfindən mükafatlandırılır.

1991-ci il sentyabrın 13-dən 14-nə keçən gecə ermənilər hücum planı hazırlayır. Erkəc, Mənəsid və Buzluq kəndlərinə soxulmuş quldurlar, həmin kəndləri mühasirəyə alırlar. Mühasirədə qalanlar hədsiz qəhrəmanlıqla doyüşsələr də, artıq sursat bitirdi. Hava telefonu vasitəsilə kömək istəyirdilər. Fərəcov tez lazımı tədbirlər görərək polis əməkdaşları ilə birlikdə sursat dolu yük avtomobilləri ilə mühasirədəkilərin köməyinə tələsirlər. Lakin Zəli gölü deyilən bir ərazidə quldurların pusqusuna düşürlər. Qeyri-bərabər qüvvə ilə qızğın döyüşlər başlayır. Döyüş yoldaşlarını xilas edərkən, cəmi 39 il ömür sürən,cəsur milis mayoru Ənvər Səyyad oğlu Fərəcov faciəli sürətdə, qəhramancasına həlak oldu. O, qısa, mənalı, qeyrətlə, namusla, şərəfli bir ömür yaşadı.

Hamı Ənvərin valideyinlərinin evliliyinin 40-illiyinə yığışmışdı. O, isə gəlmədi. Üç gün xəbər olmadı. Sentyabrın 17-də bu ağır xəbər nəhayət ki, təsdiqləndi. Onu doğulub boya-başa çatdığı Sarov kənd qəbiristanlığında torpağa tapşırdılar. Xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirildi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Oxuduğu Sarov kənd orta məktəbi qəhrəmanın adını daşıyır. Goranboyda, Dəliməmmədlidə adına küçələr var. Goranboy rayon polis idarəsinin həyətində, rayonun mərkəzində, Gəncə şəhərində oxuduğu Kənd Təsərrüfatı Akademiyasının həyətində qəhrəmanın büstü qoyulmuşdur. Beləcə şəhidliyin ən yüksək zirvəsinə ucaldı Ənvər Fərəcov.

Oğlu Nemət hal-hazırda onun yolunu davam etdirərək Daxili İşlər orqanlarında işləyir. Qızı Jalə xanım da, həmişə atasının adına layiq övlad olmağa çalışır. Emma xanım öz nəvələri, Ənvər (oğul) və Ülkərlə (qız) xoşbəxtdir. Təkcə onu düşünür : "Yerin görünür Ənvər!"

Həmişə məzarı ziyarət olunur, xatirəsi əziz tutulur. Xalqımız belə cəsur, mərd oğulları qürur hissi ilə xatırlayır. Təki vətən sağ olsun. Allah rəhmət etsin. Biz şəhidlərimizin qanının yerdə qalmayacağına, nəyin bahasına olursa-olsun, torpaqlarımızın geri qaytarılacağına inanırıq. İnanırıq ki, inşallah o, gün uzaqda deyil.

 

 

Elnurə Valeh

 

Ədalət.- 2010.- 4 noyabr.- S. 6.