TƏLƏSİRİK
Özümü,
gecənin
qaranlığına
sürtə-sürtə,
üzümdə
abır-həyanın
boyası,
qəlbimdə
vulkan təlatümü.
Vuruşa-vuruşa
fikrin
qaranlığından,
gecənin
qaranlığını
zəbt edirəm.
Bu gecənin
başqa
sərnişini yox,
bir qaranlıq,
bir də mən.
O, səhərə tələsir,
Mən
bir qız dodaqlarına
qonaq olmağa.
GEDƏSƏN
Bu dərdlərin
başçısının,
Başını kəsib
gedəsən.
Qazanı yana
çevirib,
Aşını
töküb gedəsən.
Dərdləri
başından aşa,
İşi
çoxalıb, dolaşa.
Sonra da kotana qoşa
Yerini əkib gedəsən.
Gözünə dolan dərdləri,
Əlində ölən
dərdləri,
Dərində qalan dərdləri,
İp salıb, çəkib
gedəsən.
Qalib ŞƏFAHƏT
Ədalət.- 2010.- 4 noyabr.- S. 7.