Şəhid Mübariz

 

Qeyrətin dözmədi bu haqsızlığa,

Düşmən yuvasına alov ələdin.

Qırdın düşmənləri öz səngərində,

Azğın dığaları qana bələdin.

 

Səni kim səslədi söylə, Mübariz,

Şəhidlərin ruhu, yoxsa ki, torpaq?

Vətəndaş yanğısı coşdu qanında,

Qalxdı tufanlar tək haray salaraq?

 

Babək hünərindən əzəmət aldın,

Cavanşir ürəyi yatıb köksündə.

Cavadxan vüqarın zirvələr aşdı,

Dayandı əbədi tarix önündə.

 

Ana öyüdünə baş əydin oğul,

Bu gün qan-qan deyir ağrı-acılar.

Ata nəsihəti cəsurluq yolun,

Beləcə adına dastan yazılır.

 

Sənin ürəklərdə əziz xatirən,

Üstünə səpilər güllər təzə-tər.

Nə qədər sənin tək oğullarım var,

Bu torpaq çalacaq həmişə zəfər.

 

Ulu millətimin fəxarətisən,

El-oba sevgisi coşqun bir dəniz.

Sən vətən andısan, sədaqətisən,

Mübariz ruhların adı Mübariz!

 

 

Ədalət EŞQİN

 

Ədalət.- 2010.- 4 noyabr.- S. 7.