ALLAHI KÖVRƏLTMƏ BU GECƏ VAXTI

 

Niyə ağlayırsan, ay ömrüm-günüm,

nədir qəlbindəki bu qorxu belə?

Yoxsa səadətin yuxu kimidir,

səni qorxudurmu bu yuxu belə?

 

Allah bəxş eləyib bizə bu eşqi,

Allah həmin Allah, baxt həmin baxtdı,

Ayrılıq nə gəzir, ölüm nə gəzir,

Allahı kövrəltmə bu gecə vaxtı.

 

Axı məni səndən kim ayırar, kim!?

Gözünün suyu da aradan ötməz.

Bəsdir məni qoydun dəli yerinə,

Ölümdən qayıdan ölümə getməz.

 

Ölüm nə karədir yaxına gəlsin,

Ürəyim sevgimin sıxlığındadır.

Eşqinin yoxluğu yoxdursa qorxma,

Ölümüm eşqinin yoxluğundadır.

 

 

DİVAR SAATI HAQQINDA BALLADA

 

Anam, bu saat daş salır

Hər gün daşımın üstdən.

Bu başımla oynayanı

Asma başımın üstdən.

 

Neçə ömürlər dolanır

Dövrəsinə saatın.

Görən neçə adam düşür

Övnəsinə saatın?

 

Bu saatı çox qudurtduq –

Olduq, öldük təbiynən.

Ömrümüzü hədələyir

Hələ də əqrəbiynən.

 

Səsi, küyü, çıkhaçıkı

Ömrü boyaboy tutur.

Günümüzə sinə döymur,

Ömrümüzə toy tutur.

 

İlişdirib əqrəbinə

göz yaşımı aparır.

Bu çıkhaçık həm ömrümü,

Həm başımı aparır.

 

 

SƏNİ BELƏ BİLMƏZDİM

AY MƏNİM GÖZƏL ANAM!

 

Bu yolun bu üzündən

sən idin yola salan.

Bu yolun o üzündə

Gözləyir qara qəbir.

 

Bu yol-bu buyruq nədir?

Mənə necə qıyırsan?

Öz əlinlə balanı ölümlə yollayırsan?

Bir ömür yol gedəcəm,

Ölümə gedən canam.

Səni belə bilməzdim,

Ay mənim gözəl anam.

Gəlmişdim - gözün aydın!

Gedirəm - gözün aydın!

Məni sevirdin əgər,

Bətnində saxlayaydın.

 

 

TƏKƏM, DANIŞA BİLMİRƏM

 

Yanır qəzəbli yumruğum,

Hikkəm əlimdən qayıdır.

Dərd-qəm içimə yol tapır,

Sevinc çölümdən qayıdır.

 

Küsdüm, barışa bilmirəm.

Qoram, alışa bilmirəm.

Təkəm, danışa bilmirəm,

Sözüm dilimdən qayıdır.

 

Ölümüm ömrümdən baha,

Acıq getməsin Allaha.

İlham yurdsuz yaşamır ha,

Ölür-ölümdən qayıdır.

 

 

YOLMA SAÇLARINI, RUHUM İNCİYƏR

 

Yolma saçlarını, ruhum inciyər,

Gətir əllərimlə darıyım, ölüm.

Min şeytan başına papaq tikmişəm,

Bir mələk işinə yarıyım ölüm.

 

Ürəyim qurumaz sevgi quyusu

"Allah" adlandırdım eşqin çoxusun.

Bir az Allahın da hirsi soyusun –

Bir az acı-acı zarıyım ölüm.

 

Qəlbin - qəbir yerim, gözün - tabutum...

Götür, bu sövdəyə içək bir udum.

Bəsdir gözlərinin yaşıynan yudun,

Di, as kirpiyindən quruyum ölüm!

 

 

ÜRƏYİNDƏ

 

Çöl yaman soyuqdur gülüm,

Yatır məni ürəyində.

Sən ümman ol, mən bir qayıq

Batır məni ürəyində.

 

Dərdə yara düşən kimi,

Qəlbə qara düşən kimi,

Bir az dara düşən kimi,

Atır məni ürəyində.

 

Ömrə, günə bəxti tən kəs.

Bir az uzun, bir az gen kəs.

Məni səndə axtaran kəs

Tapır məni ürəyində.

 

Ağıllı bil, ya divanə

Yolum qəlbində yubana.

Son mənzilə, son ünvana

Çatdır məni ürəyində.

  

  

İlham İSMİXANOĞLU

 

Ədalət.- 2010.- 4 noyabr.- S. 7.