Azərbaycanda içməli su
problemi: dövlət nəzarəti və ictimai məsuliyyət
2010-cu il Azərbaycanda Ekologiya ilidir
Bu gün bütün
dünyada müzakirə olunan ən aktual və bir neçə
qlobal məsələdən biri də ekoloji durum və ətraf
mühitin mühafizəsidir. Təsadüfi deyil ki, ölkə
başçısı İlham Əliyev tərəfindən
2010-cu il Azərbaycanda Ekologiya ili elan olunub. İçməli
su amili isə ekologiyanın ən başlıca komponentlərindən
biridir.
Dünya əhalisinin yüksək
artım tempi, ətraf mühitin çirkləndirilməsi və
suyun qeyri-səmərəli istifadəsi nəticəsində
mövcud ehtiyatlar sürətlə tükənmək üzrədir.
Ümumi su balansı sabit saxlanıldığı halda son 50
ildə məişətdə su sərfi 31, sənayedə 39,
kənd təsərrüfatında isə 28 dəfə
artıb. Beynəlxalq təşkilatların hesablamalarına
görə, su ilə bağlı xəstəliklər hər
8 saniyədə 1 uşağın ölümünə səbəb
olur. İnkişaf etməkdə olan ölkələrdə
80% xəstəliklər və ölüm hadisələri məhz
içməli su ilə bağlıdır. Ümumdünya Səhiyyə
Təşkilatının açıqlamasına görə,
hazırda dünya əhalisinin 80%-i keyfiyyətsiz sudan istifadə
edir.
Cənubi Qafqazın ümumi su ehtiyatının 10%-i Azərbaycanın
payına düşür
İçməli su problemi
bütün dünyada olduğu kimi ölkəmizdə də
mövcuddur. Araşdırmalara görə, bizim yerüstü
su ehtiyatımız orta illik 32,3 mlrd. kubmetrdir. Quraqlıq illərdə
(az sulu illərdə) isə bu göstərici 23 mlrd.kubmetrə
qədər azalır. Ölkədə adambaşına orta
illik 3800 kubmetr su düşür. Yeraltı içməli su
mənbələrində isə 23 764,28 mln. kubmetr/gün su
ehtiyatı var. Azərbaycan ərazinin hər kv.km-nə və
əhalinin hər nəfərinə düşən
yerüstü su ehtiyatları göstəricisinə görə
Cənubi Qafqaz dövlətləri və Rusiyadan geridə
qalır. Cənubi Qafqazın ümumi su ehtiyatının (310
mlrd.kubmetr) 62%-i Gürcüstanın, 28%-i Ermənistanın,
yalnız 10%-i Azərbaycanın payına düşür.
Su
çatışmazlığı həmçinin mövcud
su ehtiyatlarından rasional istifadə edilməməsi ilə də
izah edilir. Bakının su təsərrüfatı,
infrastrukturu 1,3-1,7 mln. insan üçün nəzərdə
tutulsa da, hazırda paytaxt sakinlərinin sayı 2 dəfə
artıb.
Su çatışmazlığının digər səbəbi
isə su anbarlarının az olmasıdır.
Azərbaycan ətraf
mühitin mühafizəsi üzrə 17 beynəlxalq
konvensiyanın iştirakçısıdır
Bu gün respublika ərazisinin
3/4-ü Kür çayı hövzəsinə
düşür və bu çay ölkə əhalisi
üçün əsas içməli su mənbələrindən
biri olaraq qalır. Azərbaycana bu çay vasitəsilə
daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan
ərazisində formalaşır və hər iki dövlətin
şəhərlərinin təmizlənməmiş
tullantı sularının Kür çayına
axıdılması onun hidrokimyəvi reyiminə və suyun
keyfiyyətinə güclü təsir edir. Şirin su
ehtiyatlarımızın daha bir qismi Araz çayı
hesabınadır ki, bu çay da İran və Ermənistan ərazisində
çirklənməyə məruz qalır. Şimaldan -
Rusiyanın Dağıstan ərazisindən gələn Samurda
da vəziyyətin yaxşı olduğunu söyləmək
mümkün deyil.
Maraqlı və bizim
üçün təhlükəlisi budur ki, nə Ermənistan,
nə də Gürcüstan ətraf mühitin mühafizəsi
üzrə heç bir beynəlxalq konvensiyaya
qoşulmayıb. Halbuki Azərbaycan bu sahədə 17 müxtəlif
beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd
suların mühafizəsi üzrə Konvensiyanın iştirakçısıdır.
Məhz transsərhəd çirklənmənin səviyyəsinə
nəzarət üçün Qazax (Kür çayı) və
Beyləqan (Araz çayı) rayonlarında regional
laboratoriyalar-monitorinq mərkəzləri yaradılıb. Sərhədlərarası
su hövzələrinin problemlərinin regional səviyyədə
beynəlxalq normalar çərçivəsində həlli
üçün Azərbaycan "Sərhəddən keçən
su axınlarının və beynəlxalq göllərin
mühafizəsi və istifadəsi üzrə" Helsinki
Konvensiyasını ratifikasiya etmişdir. Lakin digər
qonşu dövlətlərin bu konvensiyaya qoşulmaması
problemin həllini çətinləşdirir.
Azərbaycanın yeraltı su ehtiyatları antropogen təsirlərə
məruz qalır
Bu gün Azərbaycanın
11-12 yeraltı içməli su ehtiyatı mənbəyi var.
Bunların cəmi ehtiyatları təqribən 24 mln.
kubmetr/sutka təşkil edir. Elmlər Akademiyasının
Geologiya İnstitutunun Hidrogeologiya və mühəndis-geologiya
şöbəsinin rəhbəri elmlər doktoru Yusif
İsrafilovun fikrincə, yeraltı su yataqları səmərəli
istifadə edildikdə uzun illər boyu mövcud ola bilir. Lakin
bu su yataqlarından səmərəli və düzgün
istifadə edilmədikdə suların parametrləri və tərkibi
dəyişir. Azərbaycanın yeraltı su ehtiyatları
yataqlarının proqnozlaşdırılmış vaxtı
bitib. Artıq bu ehtiyatları yenidən hesablamaq
vaxtıdır. Y.İsrafilovun sözlərinə görə,
bu gün yeraltı sular antropogen təsirlərə məruz
qalır ki, bu da içməli su ehtiyatlarının tərkibinin
dəyişməsinə gətirib çıxarır. Məsələn,
hazırda Abşeronun içməli su ehtiyat mənbələrinin
çox sürətlə çirklənmə prosesi gedir. Bu
gün Abşerona 30 kubmetr/saniyə içməli su gəlir
ki, bunun da 20 kubmetr/saniyəsi Bakı şəhərinin
payına düşür. Rəsmi məlumatlara görə,
Bakı və Sumqayıt şəhərlərinin yeraltı
su kəmərləri sistemi köhnə olduğundan bura daxil
olan suyun yarısı tam itkiyə gedir.Hazırda Bakı şəhərinin
içməli su tələbatının Ceyranbatan
gölü vasitəsilə 55-60%-i təmin edilir. Yeni anbar
istifadəyə verildikdən sonra paytaxta su verilişi 2 dəfə
artırılacaq.
Azərbaycanın yeraltı su ehtiyatları ilə
bağlı baş planı hazırlanır
Paytaxtın içməli
suya olan tələbatını ödəmək
üçün Oğuz-Qəbələdən gələcək
su şəhər üçün ən əlverişli su mənbəyi
sayılır. Y.İsrafilov yeraltı suyun tərkibində
yod-bromun həmişə normadan aşağı olduğunu
bildirir. O, bu kəmər vasitəsilə paytaxta gələn
suyun tərkibində də yod-bromun normativdən
aşağı olmasını istisna etmir: "Lakin bu gün
bütün dünyada şəhərlərə verilən
içməli suyun tərkibində yod az olduqda, süni yolla
yod əlavə olunur".
Alimin fikrincə, yeraltı
su mənbələrindən istifadə həmin ərazinin
torpaq sahəsinə çox böyük mənfi təsir edəcək.
Belə ki, Oğuz-Qəbələdən su kəməri
çəkildikdən sonra həmin ərazidəki yeraltı
suların səviyyəsi 50-60 metr aşağı düşəcək.
Bu zaman oradakı qurunt sularının səviyyəsi
aşağı enəcək ki, bu da yerüstü bitki
örtüyünə mənfi təsir göstərəcək.
Bunun ərazidə yerləşən çaylara da təsiri
mümkündür. Buna görə də hazırda bu sahədə
fəaliyyət göstərən mütəxəssislər
bunu nəzərə almalıdırlar.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin kompleks
hidrogeologiya və mühəndis geologiyası
ekspedisiyasının baş hidrogeoloqu Paşa Kərimov isə
bütün bu halların nəzərə
alındığını və həmin ərazidə
heç bir mənfi fəsadların olmayacağını
bildirir.
Qeyd edək ki, sovet
dövründə yeraltı su ehtiyatlarının baş
planı olub ki, hazırda mütəxəssislər tərəfindən
Azərbaycanın belə bir planının hazırlanması
üzərində işlənilir.
Hazırda ölkə ərazisində
(Bakı şəhərində 6) məişət-tullantı
sularının təmizlənməsi məqsədi ilə 21 ədəd
mexaniki və bioloji təmizləyici qurğu fəaliyyət
göstərir. Mövcud qurğuların isə hamısı
işlək vəziyyətdə deyil.Təmizləyici
qurğuların gücünün formalaşan axınlardan az
olması respublikada su hövzələrinə antropogen təsirin
başlıca faktoruna çevrilib.
Lakin "Azərsu"
ASC-nin şöbə rəisi Aqşin Rüstəmov qeyd edir
ki, sovet dövründə 1 litr içməli suyun tərkibində
5 min milliqram bulanlıq olanda təmizləyici qurğuların
fəaliyyəti dayandırılırdı. Hazırda isə
bu qurğularda aparılan yenidənqurma işlərindən
sonra 1 litr suda 15 min milliqram bulanlıq olduqda belə,
qurğuların fəaliyyəti dayandırılmır.
Su infrastrukturuna yatırılan investisiyalar
Taxta Körpü su
anbarının tikintisi üçün nəzərdə
tutulan 365,9 mln. manatın cari il oktyabrın əvvəlinə
ümumilikdə 182,9 mln. manatı istifadə olunub. Bunlarla
yanaşı, DNF "Ceyranbatan kanalı obyektinin tikintisi"
üzrə işlərin görülməsi üçün
260 mln. manat məbləğində vəsait ayırıb.
Bunun da ümumilikdə oktyabrın əvvəlinə 92,8 mln.
manatı istifadə olunub. "Oğuz-Qəbələ
zonasından Bakı şəhərinə su kəmərinin
çəkilməsi" layihəsinə DNF ümumilikdə
489,4 mln. manat vəsait ayırıb.
Qeyd edək ki, Ağdaş, Göyçay
və Naxçıvan şəhərlərinin su təchizatı
sisteminin yenidənqurulması və yaradılması məqsədilə
Asiya İnkişaf Bankı ölkəmizə kredit ayırıb.
"Azərsu" ASC-nin beynəlxalq
münasibətlər şöbəsinin rəisi İlqar
Tağıyev bildirib ki, bu gün Azərbaycan Hökuməti
ilə yanaşı, Dünya Bankı (DB), Asiya İnkişaf
Bankı və Yaponiya Beynəlxalq Əməkdaşlıq
Bankı tərəfindən "Azərbaycan
Respublikasının kiçik şəhərlərində su
təchizatı layihəsi", "Ümummilli Su təchizatı
və kanalizasiya sistemlərinin bərpası layihə"si
maliyyələşdirilir. Bu layihələr çərçivəsində
Azərbaycanın 43 rayon və şəhərinin içməli
su təchizatı və kanalizasiya sistemlərinin
yaxşılaşdırılmasına dair layihələrin
reallaşması istiqamətində işlər uğurla davam
edir.
"Hazırda DB ilə
Hövsanda dənizin çirkab sularından təmizlənməsi
üçün xəttin çəkilişini nəzərdə
tutan Bakı kanalizasiya sisteminin
yaxşılaşdırılması üzrə layihənin
reallaşmasına dair danışıqlar aparılır"
- deyə İ.Tağıyev bildirib.
Qeyd edək ki, Almaniyanın
KfW bankı Gəncə və Şəkidə içməli
su probleminin həlli ilə bağlı layihəni maliyyələşdirməyi
də öz öhdəliyinə götürüb.
Ekoloji vəziyyətin
yaxşılaşdırılması üzrə tədbirlər
həyata keçirilir
Ölkədə əhaliyə
verilən içməli suyun təmizlənməsi məqsədilə
Almaniyanın bu sahədə aparıcı şirkətləri
ən son texnologiyaları tətbiq etmək təklifi ilə
çıxış ediblər.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin nümayəndəsi Mütəllim Əbdülhəsənov
su vasitəsilə keçən xəstəliklərin
qarşısının alınması istiqamətində
ölkədə bir sıra tədbirlərin həyata
keçirilməsinin nəzərdə tutulduğunu bildirib. O,
həmçinin 224 min əhalisi olan 12 rayonun 122 kəndində
içməli su üçün nəzərdə tutulan təmizləyici
qurğular - Modul Tipli Stansiyaların
quraşdırıldığını, bu qurğuların
sayının və əhatə dairəsinin gələcəkdə
artırılacağını deyir.
ARDNŞ-nin Ekologiya İdarəsinin
rəisi Azər Əliyev bildirir ki, ARDNŞ Abşeronda və
Xəzər dənizində ekoloji vəziyyətin
yaxşılaşdırılması üzrə tədbirlər
kompleksini həyata keçirir. Bura təmizləyici
qurğuların inşası, neftlə çirklənmiş
torpaqların təmizlənməsi və rekultivasiyası,
karbon qazının utilizasiyası daxildir. O, 205 hektar mədən
ərazisinin neft tullantılarından təmizlənməsi
istiqamətində işlərin aparıldığını
da qeyd edir.
AR Ekologiya
Standartlarının Monitorinqi Fondunun prezidenti professor Rauf
Sultanov dünyada su qıtlığı probleminin kəskinləşdiyini
deyib. Professor içməli suyun ağır metallar, detergentlər,
karbohidrogentlər, radiaktiv maddələrlə çirkləndirilməsinin
insan sağlamlığı üçün çox
böyük təhlükə olduğunu vurğulayır.
Azərbaycanın Su Məcəlləsinə
görə, şirin yeraltı sulardan birinci növbədə
içmək və məişətdə işlətmək
üçün istifadə olunmalıdır.
Ekoloji tarazlığın
qorunmasında hər bir ölkə vətəndaşının
üzərinə böyük məsuliyyət və cavabdehlik
düşür. İnsanlar əsrlər böyü bizə gəlib
çatmış bu neməti dəyərləndirməli və
gələcək nəsillər üçün qoruyub saxlamalıdılar.Bu
gün təbii nemətlərin qorunması və
balanslaşdırılmış istifadəsi
üçün güclü ictimai nəzarətə ehtiyac
duyulur. Lakin respublikada istismarda olan yeraltı suların 70-75%
suvarma üçün istifadə edilir. Ümumiyyətlə,
yeraltı suların çirklənməsi torpaq qatının
və aerasiya zonası süxurlarının çirklənməsinin
vəziyyəti ilə sıx bağlıdır. Bakı,
Sumqayıt, Gəncə, Mingəçevir və bir sıra
iri şəhər və qəsəbələrdə
içməli su ilə avtomobil yuyulur. İlk növbədə
müvafiq qurumlar buna nəzər salmalıdırlar. Ərazimizdə
su ehtiyatının məhdud şəraitində bu ehtiyatlardan
səmərəli istifadə, əldə olunan suyun bərabər
bölgüsü, su mənbələrinin çirklənmədən
etibarlı mühafizəsi ölkəmizin hər bir sakini
üçün ciddi əhəmiyyət kəsb etməlidir.
İlham Məmmədov
Ədalət.- 2010.- 5 noyabr.- S .7.