75 YAŞLI ALİM
Azərbaycanın cənnət guşələrindən
biri olan
İsmayıllı rayonunda dünyaya gələn Zakir
müəllim özünün həyat
salnaməsini göz önünə gətirəndə
heç nə üçün
təəssüflənmir. Çünki onun sabah 75 yaşı tamam olur və bu 75 ildə o, böyük bir institutun görə biləcəyi qədər
işlər görüb. Dövlətin və
xalqının qarşısında saysız-hesabsız elmi uğurlara imza atıbdı.
Zakir müəllim bir
dağ rayonunda dünyaya gəlib, amma seçdiyi həyat
yolu, özünün həsr etdiyi sahə daha çox dənizlə
bağlı olubdu. Ali təhsil aldıqdan sonra müxtəlif
sahələrdə çalışan Zakir müəllim
özünün gələcək həyat yolunu seçdiyi
ixtisasla geoloji kəşfiyyatla bağlayıb. Elə ona
görə də ilk böyük iş yeri olan Neftçala
Yod-brom mədənində özünü təsdiq etməyə,
bacarığını ortaya qoymağa başladı. 1957-ci
ildə başlanan həmin axtarışlar sonradan onun
iştirakı ilə 100-dən artıq yeni quyuların
qazılıb istismara verilməsi ilə nəticələnmişdi.
Bu gün 75 yaşını qeyd edən Zakir Salman oğlu Məmmədov
təkcə Azərbaycan neftçiləri arasında deyil, eləcə
də dünyanın bir çox ölkələrində
yaxşı tanınır. Çünki onun bu sahədə
qazandığı elmi uğurlar, kəşflər, elmi məqalələri
həyata tətbiq edildikcə öz müəllifinə
böyük şöhrət və nüfuz qazandırır.
Çoxlu sayda orden və medalların, döş
nişanların, fəxri fərmanların onun adına
yazılması heç də təsadüfi deyil.
Çünki Zakir Məmmədov Sovet dönəmində
SSRİ hüdudlarından da kənarda
çalışmış və Əlcəzair Xalq
Respublikasında neft-qaz yataqlarının işlənməsi
üzrə uzun müddət ekspert vəzifəsində
çalışmışdır. Azərbaycanda Balaxanı,
Sabunçu, Ramana, Lökbatan, Neftçala, Siyəzən və
daha neçə-neçə ərazilərdə
qazılıb istismara verilən quyuların hər birində
bu böyük alimin öz xidmətləri var.
Geologiya, minerologiya elmləri
üzrə alimlik dərəcəsi almış Beynəlxalq
Ekoenerji Akademiyasının doktor-professoru Zakir Salman oğlu Məmmədov
bu gün də öz ixtiraları ilə, elmi
yaradıcılığı ilə məşğuldur. Biz
onu təbrik edir və ona elmi uğurlar arzulayırıq.
ƏBÜLFƏT
Ədalət.- 2010.- 6 noyabr.- S. 14.