ONLARIN DÜNƏNİ: QULU ƏSGƏROV
BAYATI-KÜRD HAVASINDA
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq
olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən
başlayıb.Onlar : sənətimizin və
ədəbiyyatımızın dünəni.
Dünən onlar kim idi,hardaydılar
və nələr yaşayırdılar?
Yeni ədəbi nəsl üçün ibratamiz və
bir qədər də kədərli olan O DÜNƏN və O
DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün
üçün son dərəcə kərəkli və daha
qabarıq görünməkdədi.
Proektimizin davamı olaraq unudulmaz sənətkarımız
Qulu Əsgərov haqqında danışayıq. Eynən bu rubrikada daha kimlər olacaq.
İzləməyə dəyər.
Gözəl səsli
müğənni Qulu Əsgərov məndən bir xeyli
böyük idi. Ancaq iş elə gətirmişdi ki, biz bir institutda,
eyni fakültədə, eyni kursda oxuyurduq. İncəsənət
institutunun teatrşünaslıq fakültəsində. O
illər maraqlı illər idi. Mənimçün
ikiqat maraqlıydı. Ona görə ki,
böyüdüyüm uzaq bir kənddə
çoxlarının həsədlə baxdığı sənət
adamlarıyla indi çiyin-çiyinə oxuyurdum. Və bu adamlar tələbə ola-ola artıq
şöhrətli idilər. Xatırlayıram
ki, hələ o vaxt tanınmış diktorlardan Aydın
Qaradağlı bizdən bir kurs yuxarıda təhsil
alırdı. Sabutay Quliyev də onun kimi...
nə bilim daha kimlər. Və
bütün bu adamlarla yanaşı həmin o gözəl səsli
Qulu Əsgərov da artıq tanınmış müğənni
olmasına baxmayaraq, incəsənət institutunun teatrşünaslıq
fakültəsində təhsil alırdı. Ən təəccüblüsü bu idi ki, hələ
o vaxt eşidirdim ki, Qulu Əsgərov bizimlə qiyabi təhsil
ala-ala, institutda dərs deyir. Elə həmin
incəsənət institutunda. Mən bunu dəqiq
bilmirəm, ancaq o vaxtlar eşidirdim.
Tələbə idi Qulu Əsgərov.
Müəllim idi Qulu Əsgərov.
Və bir də
müğənni idi. Və elə müğənni idi ki,
Rübabə Muradova haqqında neçə-neçə
söhbətdə onun da adı çəkilirdi. Çəkilirdi
ona görə ki, bu adam artıq
müğənnilikdən qırağa sənət adamı
idi. Opera teatrında ən öncül bir
ifaçı idi, operamızın şah əsərlərində
ən maraqlı rollarda oynamaq bu adama qismət olurdu. Mən bilmirəm, vallah, bu nə dərəcədə
doğrudu, hələ o vaxtlar bunu da eşitmişdim ki, guya
Qulu Əsgərovun Bakıya gəlməyində Səməd
Vurğunun əvəzsiz xidməti olub. Şair
deyəsən onu hansısa toyda dinləmiş və xoşuna
gəlmiş, Bakıya gətirmişdi. Nə
vaxt olub deyə bilmərəm. Ancaq bizim tərəflərdə
ən çox danışılan hadisələrdən biri
idi.
Qulu Əsgərov müğənni
idi.
Qulu Əsgərov gözəl opera
artisti idi.
Qulu Əsgərov
necə müəllim olub, yəqin ki, bunu tələbələr
bilir. Tələbələri bilirlər ona görə
deyirəm ki, artıq biz institutu qurtarandan sonra o mənim
gözlərimin qabağında elə oradaca muğamatdan dərs
deyirdi. Qulu Əsgərovun bəs nəyi
çatışmırdı ki, sevilə-sevilə,
yaxşı səsi ola-ola, operanın ən gözəl
tamaşalarında iştirak eləyə-eləyə,
neçə-neçə ölkələrə qastrola gedə-gedə
və ictimai həyatda yaxşı
çalışa-çalışa (belə deyək də)
Dövlət səviyyəsində sevilə bilmirdi?
Bax, bu dəhşətli
bir sirr idi. Zahirən cavan görünsə də, içində
artıq qocala-qocala o özü də bəzən bu sualın
qabağında çaşırdı və mən dəqiq
bilmirəm ki, təsəllini nədən alırdı? Bəlkə oxumaqdan? Mənə
elə gəlir ki, yox. Ona görə ki, o əlinə
qələm alıb muğamat haqqında bir kiçik kitab da
yazdı. Və ən təəccüblüsü
bu idi ki, həmin kitab minlərlə zəif kitablar arasında
yenə də səs-küy saldı və həqiqi mənada
məhv oldu. Və məhv olmağıyla
da onun müəllifinə səadətdən çox zülm
gətirdi.Mən demirəm ki, Qulu Əsgərov öz sənətindən
qırağa nəsə istəyirdi. Onun
dilindən bunu eşitməmişdim. Altı il bir yerdə oxuduq. Deyib
gülürdü. Danışırdı.
Zarafatlaşırdı. Onun
kefsiz olduğunu görməmişdim. Bəlkə
də mənim özüm bu kefsiz olmaq nə deməkdi, onu
başa düşmürdüm. Ancaq hələ
o vaxtı Qulu Əsgərov el toylarının
yaraşığı idi, küçədə gəzəndə
onu göstərirdilər. Qulu Əsgərov
özünəməxsus, özünün olan
ömrünü yaşayırdı.
Sənət
ondan nə istəyirdi? Bunu həmin sənət ala bilirdi. Ancaq Qulu Əsgərov özü sənətdən
nə istəyirdi? Bunu özü bilirdi.
Mənə görə isə sənət onu
için-için incidirdi.
O, Məcnunu oynayırdı,
Kərəmi oynayırdı, Aşıq Qəribi
oynayırdı. Bəs ondan nə istəyirdilər?
Axı elə Dövlətin özü üçün bu qədər
pul gətirə-gətirə, bir az geniş desək, adamlara
müəyyən mənada xoşbəxtlik verə-verə,bəs niyə o insafsızcasına unudulurdu? Onun işi həmişə cəncələ
düşürdü.
Qulu Əsgərovun
faciəli müğənni həyatı insaflı bir tədqiqata
imkan verir.
Qulu Əsgərovun
tələbəlik illəri mənə tələbədən
çox qəribə bir həyatı xatırladırdı.
O illər Qulu
ömrünün ən gözəl çağlarını
yaşayırdı.
Hələ mən Qulu Əsgərovla
birgə oxumamışdan çox-çox qabaqlar, orta məktəbdə
oxuyanda bizdən bir neçə yaş böyük, Qulunun səsinin
pərəstişkarı, özünün də sən deyən
pis səs olmayan Feyzi Kərimov adlı bir dostumuz onun
haqqında demək olar ki, bizim üçün dəyərli
"əfsanələr" danışardı. Feyzi and içib deyirdi ki, mən öz gözlərimlə
görmüşəm Bakının, Bakının ha (o vaxtlar
Bakı bizim üçün nağıl idi) Dəniz kənarı
parkında neçə-neçə qəşəng
qızın Qulu Əsgərovun ardınca gəzdiyini və
onu barmaqla göstərdiyini. Bunu bizə qəribə
bir ovqatla söyləyirdi. Mən güman
eləyirəm ki, bütün bunlardan Qulunun xəbəri
vardı və onun lovğalanmağa da haqqı
çatırdı. Ancaq bir məsələ var ki, kim bunu necə götürə bilir? Ola bilsin Qulu Əsgərov çox tez şöhrət
toruna düşmüşdü və bu tordan qurtarmaq hər
kişinin işi deyil, çətindi. Çətindi
bir də ona görə ki, Qulu Bakıda yox, Salyanda
boya-başa çatmışdı, şübhəsiz bu diqqət
ona ləzzət eləyirdi. O, bu diqqətdən ləzzət
alırdı və elə həmin bu diqqətin, bu
baxışların hənirtisi və müşayiəti
altında respublikanın ən gözəl teatrlarından biri
olan (gözəl ona görə deyirəm ki, Opera teatrı əsl
ziyalı teatrı idi) Operada çıxış eləməyə
gəlirdi.
Və güman eləyirəm
ki, elə bu tamaşaların özündə də onun
ifasında heyranlıqla baxan və hətta lap elə Qulu Əsgərov
üçün həmin tamaşalara gəln adamlar az deyildi. Bu adamlar gəlirdilər və onun
ifasına baxırdılar, alqışlayırdılar və ola bilsin səhnənin arxasına keçib,
ondan avtoqraf alanlar da olurdu. Bunlar az şərt
deyil və Qulu Əsgərov bütün bu diqqətlərdən
qaça bilməyərək, lovğalanırdı, bu
lovğalıq və açığını deyim ki, bir az
da salyanlılıq onun sonrakı hərəkətlərini
nizamlayırdı. Nizamlayırdı, ağıllı səmtdə
yox, məhz elə bir səmtdə ki, onu ancaq və ancaq
qabağına qoyub danlayan adam gərəkdi,
qınayan lazım idi. Və lap elə sərt desək, tərbiyə
eləmək lazım idi. Aktyor tərbiyəsi,
sənət tərbiyəsi və sənət etikası
üstündə. Qulu Əsgərov bilirdi bütün
bu tərbiyə yolunu, bilirdi, göydən düşməmişdi,
yerdən çıxmamışdı, bilirdi və öz sənətindən
elə ləzzət alırdı ki, ətraf, Bakı şəhərinin
ona məxsus tamaşaçıları onu elə məst eləmişdi
ki, hətta özündən o yana bir dəhşətli
ocağın, sənətə rəsmi qiymət verən, hər
şeyi rəsmiləşdirən, rəsmi sevdirən bir təşkilatın
olduğunu bilirdi və bilə-bilə özünü o yerə
qoymurdu. Bəlkə də Qulu Əsgərov
yandığından orda-burda danışırdı, içi
od tuturdu və od onun içində
qovrula-qovrula qalırdı, keçirdi qanına, sonra Qulu Əsgərov
çıxırdı səhnəyə Kərəmi
oynamağa, Məcnunu oynamağa. Gedirdi konsertlərə.
Çox
maraqlıdı, mən həmişə bir sehrin altında
çox əzilmişəm. Qulu Əsgərov, lap
elə onun qismətində deyirəm bunları, gözü
görə-görə haqsızlıq içində
boğulurdu, görürdü ki, nə qədər sənət
əziyyəti çəkir və bu əziyyət heç nəylə
qiymətləndirilmir. Ən təəccüblüsü
bu idi ki, Qulu Əsgərov heç kimdən
küsmürdü. Heç kəsdən
incimirdi. Bəlkə də,
küsürdü, inciyirdi, hər halda biz - mən əsasən
dinləyiciləri və tamaşaçıları nəzərdə
tuturam - bunu hiss eləmirdik. Ancaq o küsə
bilərdi və inciyə bilərdi. Ən
azı əlindən o gəlirdi ki, Opera teatrından
çıxa bilərdi və çıxış eləməyə
gəlməzdi və teatr pis vəziyyətdə qalardı.
Qulu Əsgərov bunları mütəmadi eləmədi və
eləsə də çox az hallarda elədi.
Bu da o zamanlar olurdu ki, artıq onun əsəbləri
dözmürdü, haqsızlıq onu üstələyirdi,
sözünə baxmırdı əsəbləri.
Xatırlayıram - onu
qınayanlardan çoxu belə deyirdi ki, əşşi bu lap
ağ eləyib: Özü yazır,
özü bəstələyir, özü oxuyur, özü
çalır. O vaxtlar mən də az
bilirdim bu dünyanın işlərini, ona görə də
içimdə elə Qulu Əsgərovu qınayırdım.
Ancaq sonralar mənə çatdı ki, axı burda nə pis
iş var. Lap elə bütün Avropa məhz elə bu cür
sənət üstündə köklənir, bu cür sintetik
sənət bəlkə də hər şeydən əvvəl
ona görə maraqlıdı ki, sözü biri yazıb,
musiqini biri bəstələyib, o birisi oxumaqdansa qoy elə
özü bacarır eləsin. Amma belə
deyilmiş işlər. Nə bilim, hər halda bu da ətraf
adamlarda, yuxarı təbəqənin rəsmi adamlarında pis
bir niyyət kimi qələmə verilirdi və Qulu Əsgərov
danlanırdı...
Qulu Əsgərovu Opera
teatrında incidənlər az olmayıb.
Böyük bir kollektivdi, inciklik ola bilər.
Bəlkə elə Qulunun özündə də az təqsir, az günah olmayıb. Və bu
günah mənə elə gəlir, atalarımızın
çox gözəl bir misalından doğub: Uman yerdən
küsərlər.
Qulu Əsgərov
haqqında verilişdə respublikanın xalq artisti Azər
Rzayev çıxış elədi. Onun
çıxışı yazılmazdan qabaq verilişin müəllifi
Kamil Abdullayev Qulunun həyat yoldaşı Sevər xanımla
görüşüb və bu qadın verilişdə kimlərin
çıxış eləyəcəyi barədə
soruşub. Kamil Abdullayev (Azər Rzayevin adını deyəndə
qadının gözləri yol çəkib və qüssə
dolu bir səslə bəlkə də özündən
asılı olmayaraq deyib: "Qoy olsun. Hər
halda gecikmiş etirafın özü də bir savabdı".
Mən inad eləmirəm
və heç vəchlə deyə bilmərəm ki, uzun
müddət Opera və Balet teatrında direktor işləyən
Azər müəllim suçludur. Mənim Azər müəllimin
şəxsiyyətinə böyük hörmətim var (o
gözəl bir ziyalı ailəsindəndi və güman eləyirəm
ki, Azər Rzayev o vaxtlar ola bilsin sən deyən
elə bir qüvvəyə malik olmayıb). Ancaq
o vəzifə sahibi olub, bu danılmazdı və o da
danılmazdı ki, Qulu Əsgərovun həyat yoldaşı
yuxarıda dediklərimi söyləyib.
Həyat
heç kəsi günahdan xali eləməyib. Hərə
bir cür günahkardı. Elə lap mən özüm
də. Gərək mən bu yazını
çoxdan yazaydım, lap çoxdan.
Günahımın
bir ucu da gedib ora çıxır ki, Qulu Əsgərov Salyan
rayonunda doğulub. Mən həmin rayonun bir kəndində.
Qulu Əsgərov
mənim həmyerlim olan ilk sənət adamıdı ki,
haqqında yazıram.
Bu yazı mənim
içimin təmiz səsidir.
Bunu bir olan
Allah bilir.
***
Qulu Əsgərov (Qulu
Rüstəm oğlu Əsgərov) - müğənni, bəstəçi.
Azərbaycan Dövlət Opera teatrının solisti olub.
1958-ci ildə A. Zeynallı adına
Bakı musiqi məktəbinin tar və müğənni
şöbəsini uğurla bitirib. Orada 1968-ci ilədək
müəllim işləyib. 1968-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun
teatrşünaslıq fakültəsini bitirib. 1957-ci
ildə Ümumdünya Gənclər və tələbələr
festivalında iştirak eləyib, laureat olub.
1958-ci ildə Ümumittifaq estrada ifaçılarının laureatı və
birinci dərəcəli diplomunu alıb. Dövlət
opera teatrının aparıcı solisti olub. "Leyli və Məcnun", "Aşıq Qərib"
və başqa operalarda baş rollarda çıxış eləyib.
Tofiq Abdin
Ədalət.- 2010.- 6 noyabr.- S. 15.