Yeddi "günahkar"dan biri

 

XX əsrdə repressiyaya məruz qalmış insanlar həmişə maraq dairəmdə olmuş, onların keçirdiyi psixoloji hallar məni hər zaman düşündürmüşdü. Bu baxımdan da həmin insanların psixoloji anları, onu yaradan səbəblər barədə silsilə yazılar yazmaq məcburiyyətində qalırdım.

Uzun müddət idi ki, bu mövzu üzərindən uzaqlaşıb məni düşündürən başqa bir mövzu üzərində işləyirdim. Bu da səbəbsiz deyildi. Çünki repressiya mövzusuna müraciət edəndə istər-istəməz əsəblərim gərilir, keçirdiyim həyəcan uzun müddət məndən ayrı "dura" bilmir. Düzdür mövzunu davam etdirmək üçün müxtəlif təbəqələrin nümayəndələri mənə müraciət etsələr də, lakin bu barədə heç cür qəti fikirə gələ bilmirdim. Yalnız hüquqşünas dostumun 1937-ci illərdə doqquz övladdan yeddisinin repressiyaya məruz qalmasından ürək ağrısı ilə danışması, qeyri-ixtiyarı olaraq məni yenidən bu mövzuya qayıtmağa vadar etdi.

Repressiya dövründə bir ailənin başına gələn faciəni işıqlandırmaq üçün ilk növbədə yenidən özümə doğma bildiyim Milli Təhlükəsizlik Nazirliyinin arxivinə üz tutmalı oldum... Budur qarşımda olan həmin sənədlərin surətləri arasında bığ yeri yenicə tərləmiş iyirmi beş yaşlı bir gənc haqqındakı məlumatlarla tanış oluram. Bu gənc Naxçıvanın Şahbuz rayon, Buzlaq kəndinin sakini Heydər kişinin doqquz övladından biri, 1913-cü ildə anadan olmuş Məmməd Ələkbərovdur.

Hündürboylu, pəhləvan cüssəli, lakin sakit, az danışan, böyük-kiçik yeri bilən, kəndin gəncləri arasında seçilən Məmmədin qəflətən həbsi nəinki evdəkiləri, hətta qonum-qonşuları da heyrətə salmışdı. Həmin illərdə qanunsuzluğun hökm sürdüyü bir məmləkətdə haqqı deyənin hulqumundan kəsirdilər. Hulqumlarını bıçağın tiyəsinə keçirməmək üçün heç kəs haqqı deməyə cürət etmirdi. Bu məmləkətdə hər şey yalan, şər, böhtan üstə bərqərar olmuşdu.

Sənədləri vərəqləyir, M.Ələkbərovun həbsi ilə bağlı Azərbaycan SSR Naxçıvan Xalq Daxili İşlər Komissarlığı İdarəsinin təhlükəsizlik kapitanı Qranski tərəfindən tərtib edilmiş arayışdan çıxarışı nəzərdən keçirirəm:

"Azərbaycan SSR vətəndaşı, subay, anası 60 yaşlı Bənövşə, qardaşı 12 yaşlı Əli, bacısı 8 yaşlı Səkinə, 1 yaşlı ögey bacısı Şəfiqə onun öhdəsindədir.

Atası Qızıl Ordu ilə silahlı döyüşdə quldur kimi öldürülüb. İki ögey və bir doğma qardaşı sürgündədir.

Məmməd Heydər oğlu Ələkbərov uzun müddətdir ki, kolxozçular arasında nəinki əks-kəşfiyyat işi və həmçinin Stalin konstitusiyasına qarşı böhtanlı təbliğat aparır. Məmməd Heydər oğlu Ələkbərov Sovet hökumətinə, onun quruluşuna qarşı da əksinqilabi fikirlər deməkdən çəkinmir. O, qadınları kolxoz quruluşundan ayırmaq üçün müxtəlif yalanlara əl atır."

Bu quruluş Azərbaycan xalqının qanına susamış, milləti bir gecədə məhv etməyə hazır olan zatı məlum olmayanların hesabına neçə-neçə evlərin qapılarını bağlı, gəlinlərini dul, uşaqlarını yetim, analarını isə gözüyaşlı qoyub.

Heydər kişinin doqquz övladından yeddisi bu mənfur rejim tərəfindən repressiyaya məruz qalıb. Bolşeviklərin "parçala və hökm sür" siyasətinin nəticəsi idi ki, Naxçıvan Xalq Daxili İşlər Komissarlığı İdarəsi Rəhmanovun imzası ilə 12 fevral 1938-ci il tarixdə Heydər kişinin oğlanlarından biri Məmməd Ələkbərovun həbs olunması üçün ona 12 saylı order yazılır. Həmin gün də Məmməd Ələkbərovun evində axtarış aparılır və Ələkbərov Məmməd Heydər oğlu Şahbuz rayon XDİK tərəfindən 13 fevral 1938-ci ildə həbs olunur.

Qeyd edək ki, Səkinə və Şəfiqə sənədlərdə Məmməd Ələkbərovun bacıları göstərilsə də, lakin həmin sənədləri tərtib edən müstəntiqlər həmişə olduğu kimi burada da yanlışlığa yol veriblər. Əvvəla 35 yaşlı oğlu olan bir qadının o dövrdə nəinki bir, hətta səkkiz yaşında uşağı olması heç bir məntiqə sığmır.

1931-ci ildə bolşeviklər tərəfindən "kulak" adı ilə güllələnmiş 35 yaşlı oğlu Nabatəli Ələkbərovdan başqa Bənöşə xanımın 8 uşağı da var idi. Bunlardan Səkinənin kimin uşağı olduğu MTN-nin arxivində saxlanılan sənədlərdən də aydın görünür. Məlum olur ki, Nabatəlini həbs edəndə istintaq anketində onun-- 3 yaşlı Həmid, 1 yaşlı Heydər adında 2 oğlu, 6 yaşında isə Səkinə adında qızı olub. Lakin istintaqı aparan müstəntiq heç bir əsas göstərmədən səkkiz yaşlı Səkinəni və bir yaşlı Şəfiqəni Məmmədin bacısı kimi göstərməsi bir daha onlar tərəfindən istintaq işin düzgün aparılmamasından irəli gəlir.

 

İttihamnamə

 

Qrinskinin təsdiqi və təhlükəsizlik serjantı L.A.Luqanskinin təqdimatı ilə;

15065 saylı Azərbaycan SSR Şahbuz rayonu Buzlaq kəndinin sakini, keçmişdə quldur oğlu, həmçinin özü də quldur, səsdən məhrum edilmiş, subay, savadsız, əvvəllər məhkum olunmamış, hal-hazırda kolxozçu olan Ələkbərov Məmməd Heydər oğlu sovet quruluşunun qatı düşməni kolxozçular arasında əksinqilabi fəaliyyətdə olaraq və nəticədə;

1937-ci ilin yayında Sovet hökumətinə və rəhbərlərinə qarşı şər, böhtançılıq mövqeyində durmuşdu.

1937-ci ildə Stalin kostitusiyasına qarşı kolxozçuların yığıncaqlarında sovet dövlətinə böhtanlar demiş, Ali Sovetə seçkilərdə əks fikirlər söyləmişdi.

1937-ci ilin sentyabr ayında bir qrup kolxozçuların arasında Sovet hökumətinə qarşı fitnələr yaymış və qadınların seçkilərdə iştirak etməsinin əleyhinə çıxmış və onlara qarşı xüsusi güc tətbiq etməyə səy göstərmişdir.

Günahı təsdiq olunmasına baxmayaraq, o özünü göstərilən ittihamlarda təqsirli bilməmişdi. Bunu nəzərə alaraq müttəhim Ələkbərov Məmməd Heydər oğlu 15065 saylı istintaq işilə əlaqədar olaraq günahkar bilinir.

Məmməd Heydər oğlu Ələkbərova 1954-cü ilin oktyabr ayında forma "A" arayışı verilir. Bu arayışın "qüvvəsi" belə izah edilir;

Yaşayış yerini göstərməyə xidmət etmir.

İtiriləndən sonra bərpa edilmir.

Arayış N-305302

 

Ona 21 iyun 1938-ci ildə XDİK SSRİ tərəfindən 8 il müddətində azadlıqdan məhrum edilmiş, İslah-Əmək Düşərgəsində 12 fevral 1938-ci ildən 12 fevral 1946-cı ilə qədər olduğu üçün hüquqlarından məhrum edilmiş) arayış verilir.

Bu arayış 1946-cı ilin Karlaqa XDKN-nin 2 fevral 1946-cı ilin arayışına əsasən 1954-cü ilin oktyabr ayında Nazirlər Soveti yanında Azərbaycan SSR DTK-nın baş leytenantı Qurbanovun təsdiqi ilə verilib.

Ələkbərov Məmməd Heydər oğlu Naxçıvan Xalq Daxili İşlər Komissarlığı İdarəsi tərəfindən həbs edilir və həmin yerdə də saxlanılır.

Ağır, məşəqqətli işgəncələrə mətanətlə davam gətirən M.Ələkbərov müstəntiqin iddiaları ilə razılaşmır, günahkar olmadığını dəlillərlə sübut etməyə çalışsa da istədiyinə nail ola bilmir.

Dörd aylıq dindirilmədən sonra Məmməd Heydər oğlunun günahı sübuta yetmədiyinə baxmayaraq o, 21 iyun 1938-ci ildə SSRİ XDİK-ni tərəfindən 8 il müddətində azadlıqdan məhrum edilir.

Məmməd Heydər oğlu Ələkbərov sürgündən qayıtdıqdan sonra da onu sakit buraxmırlar. Uzun illər həsrətində olduğu doğmaları ilə görüşmək qadağan edilir. 1950-ci illərin ortalarında verilmış anketdə M.Ələkbərovun həyatının qısa tarixçəsi belə göstərilir.

Məmməd Ələkbərovu həbs müddəti bitdikdən sonra bir ilə yaxın o, Çubarqastratda məcburi olaraq fəhlə işləyir.

Sənədlərdən məlum olur ki, onu sürgündən azad etmək niyyətləri yox imiş. Azad etməməkdə məqsəd, guya müharibə yenicə bitdiyindən, belə bir vəziyyətdə cinayətkarları azadlığa buraxmaq qorxuludur. Əks təqdirdə onlar tərəfdən arzuolunmaz hərəkətlərə yol verilə bilər.

Lakin uzun, cansıxıcı günlər artıq arxada qalmışdı. M.Ələkbərov ağır, işgəncəli sürgün həyatını başa vurub, vətənə qayıdır. Onu irəlidə nələr gözlədiyini bilmirdi. M.Ələkbərova məlum deyildi ki, doğulub boya-başa çatdığı kəndində ona yaşamaq hüququ verilməyəcək. İllərlə həsrətində olduğu anasının, qardaşlarının, qohum-əqrabalarının üzünü doyunca görmək qismət olmayacaq, doğulub boya-başa çatdığı kənddən yüzlərlə kilometr uzaqda dünyasını dəyişəcək.

Bu qanınasusamış bolşeviklərin Azərbaycan xalqının başına gətirdiyi sayı məlum olmayan faciələrdən biri idi.

1947-ci ildə sürgündən vətənə qayıdan Məmməd kişi evinə qayıdır və qardaşı Ələkbərlə birlikdə bir müddət yaşamalı olur. O eyni zamanda Azərbaycan SSR Şahbuz rayonunun Buzqov kəndinin kolxozunda işləməyə başlayır. 1949-cu ildə Hüseyn kişinin qızı 1920-ci il təvəllüdlü Fatma ilə ailə həyatı qurur. 1949-cu ilin dekabr ayında bu izdivacdan onun Hidayət adında oğlu dünyaya gəlir. Lakin bu sevinc çox sürmür. Uşağın iki ayı tamam olmamış DİN-nin idarəsi Ələkbərov Məmməd Heydər oğlunun "qatı cinayətkar" olduğunu nəzərə alıb, sərhəd rayonlarda yaşamasının yolverilməz olduğu qənaətinə gəlir, nəticədə ona doğma torpağını tərk etməyi məsləhət bilirlər. Məmməd kişi uşağını və həyat yoldaşını götürüb onların yaşayış yerinə yaxın olan Ermənistanın ərazisi olan kəndlərin birinə köçməli olur. Lakin buranı da ona çox bilirlər. Üç gün sonra DİN-nin əməkdaşları duyuq düşdükdən sonra xəfiyyəçilərin "xeyir-duası" ilə Məmməd Ələkbərov o yerdən də uzaqlaşmalı olur. Əlini hər yerdən üzən M.Ələkbərov ailəsini kəndin ümidinə qoyub, Azərbaycanın rayonlarına üz tutur. Yaşaması üçün dəfələrlə yer tapmasına baxmayaraq, hər dəfə də min bir bəhanə ilə o, yeni məskunlaşdığı ərazidən kənarlaşdırılır. Bu da təbii idi. Heç kəs ağrımayan başına dəsmal bağlamaq istəmirdi. Çünki belə şəxslərin məskunlaşması həmin rayon rəhbərinin taleyinin necə olacağı heç kəsə gizli deyildi.

Canüzücü axtarışdan sonra DTN-nın əməkdaşları tərəfindən Məmməd kişinin Yevlaxda məskunlaşmağına icazə verilir. "Yağışdan çıxıb, yağmura düşən" M.Ələkbərov nəhayət ki, Yevlax şəhərinə köçməli olur.

O, 1950-ci ilin fevral ayının 7-dən Qarabağ atçılıq zavodunda, sonra isə Yevlaxda bir müddət fəhlə işləyərkən, həyat yoldaşının anası Nənəpəri tərəfindən zorla ərə verildiyini, körpəsi Hidayətin qohumlarının himayəsində qaldığını eşidib, bir daha ailəsini görməyəcəyinə yəqinlik edir. Qeyd edək ki, Məmmədin qaynanasının bu addımı atması təbiidir. Çünki kürəkəninin "sovet hökumətinin əleyhinə təbliğat aparması" maddələri ilə həbs olunması yaxşı əlamət olmadığını dərk edən qaynana qızını gələcək təqiblərdən qorumaq üçün həmin addımı atmağa məcbur olur. Məmməd kişi bu ağır zərbədən bir müddət qurtula bilmir. Həyatın da öz qanunları var. Yazılmamış qanunlar ağır olsa da, lakin insan o, zərbələrə dözməli və Allah-Təalanın bəxş etdiyi ömrü yaşamaq üçün özündə güc tapmalıdır. Həyatın hər bir ağır dəqiqələrinə səbrlə dözən Məmməd kişi taleyin bu acısı ilə də barışır. O, 1955-ci ildə Yevlaxda ikinci dəfə ailə qurur. Məmməd kişi Yevlax rayon qeyd şöbəsinin 77 saylı aktına N- 265770 saylı şəhadətnaməsinə əsasən, 17 may 1956-cı ildə, 1925-ci il təvəllüdlü Allahverdiyeva Turu Əhməd qızı ilə nigaha daxil olur. 1956-cı ildə Şakir, 1961-ci ildə isə Şirxan adlı iki oğlu dünyaya gəlir. Bununla da yeni həyat quran, "səsi çatan yerə əli yetməyən" Məmməd kişi ömrünün sonuna qədər anasından, qardaşlarından, qohum-əqrabalardan, ən nəhayət körpə oğlundan ayrılmalı olur.

Dünyanın özünün də qəribəlikləri çoxdur. Bir zaman öhdəsində olduğu səkkiz və bir yaşında uşaqları anasının ümidinə qoymuş Məmməd, indi özü övladını kiminsə ümidinə qoymağa məcbur olunur.

  

  

ASLAN KƏNAN

 

Ədalət.- 2010.- 6 noyabr.- S. 16.