"EŞQİN QARLI
YOLLARINDA"
Şair Rafiq Yusifoğlu imzası Azərbaycan ədəbi
cəmiyyətində tanınan, sayqı ilə
yanaşılan və özünü təsdiq edən söz
sahibinə aiddir.
Yaradıcılığı
çoxşaxəli və həm də son dərəcə
milli olan Rafiq Yusifoğlu özünün oxucu arenasını
qazanmış, oxucu qəlbinə yol tapıb onu öz
yanında saxlamağı bacaran şairlərimizdəndi. Bu mənada
əməkdar mədəniyyət işçisi və bir
neçə mükafatların laueratı olan Rafiq
Yusifoğlunun həm poeziyası, həm də elmi
yaradıcılığı özünü heç yerdə
dayanıb gözlətmir, əksinə onun sözünün,
misrasının işığına yetərincə oxucu
yığışa bilir. Çünki o, təkcə
yazmır həm də sözlə rəsm çəkir. Yəni
oxucunu həm duyğulandırır, həm
düşündürür, həm də ona tərənnüm
etdiyi mövzunu göstərir.
Çiçəklər gülür
Yağış yağanda
Bir səda qopur
Şimşək çaxanda:
Allahu Əkbər!
Allahu Əkbər!
Quşlar göylərə
Meydan oxuyur
Yağış çiçəkdən
Xalı toxuyur
Allahu Əkbər!
Allahu Əkbər!
Qarşımda olan
"Eşqin qarlı yollarının" kitabı "Allaha
sarı gedən yol" bölümünün ilk şeiri bax
bu cür başlayır. Kitabın redatoru filoloq-alim Məhərrəm
Qasımlı bu kitabın oxucuya təqdim edilməsində nə
qədər önəmli iş gördüyünü danmamaq
şərti ilə bir həqiqəti də dilə gətirməyi
özümüz üçün borc bilirəm. O da şeir
müəllifinin peşəkarlığı, sözə sərraf
dəqiqliyi ilə yanaşıb seçməyi, misranın
fikir yükünü tarazlamağı bacarmasıdır. Məhz
buna görə də şairin hər bir misrasında hər
bir poetik fikrində düşünmək, görmək
imkanı qazanmaq mümkündür. Məsələn:
Qara-qara buludlar
Boşalınca, dolunca
Get çəməndən çiçək dər
Xəyallara dalınca
Bir baxışla mat oldum
Ürəyim çat-çat oldu
Qara qaşlar çatıldı
Döndü bir cüt qılınca
Və yaxud:
Üstümüzü alıb bəla
Xatirələr dönüb bala
Qocalar dalıb xəyala
Ömrü-günü xırdalayır.
Zəmimizdən başaq gəlib
Sözümüzə işıq gəlib
Körpəcə bir uşaq gəlib
Sönən közü qurdalayır.
Bəli, bu nümunələr
həm mövzu baxımıdan, həm dil və üslub cəhətdən
şairin oxucu ilə üzbəüz söhbətidir. Necə
deyərlər, bu misraları oxuyanda adama elə gəlir ki, sən
təkcə şeir oxumursan, həm də
özün-özünlə söhbət edirsən.
Ümumiyyətlə,
kitabın da adından göründüyü kimi,
"ADPU" nəşriyyatının nəfis şəkildə
çap etdiyi bu kitabda şair oxucuya bütün mövzulardan
söz çələngi bağlayıb və o çələngin
hər çiçəyi də öz ətri, öz gözəlliyi
ilə diqqəti çəkir. Məsələn, bu şeirdə
olduğu kimi:
Unudub dünyanı,
deyil özündə
Sevdalı şairə bəxti
yar olub.
Əllərim əlində,
gözüm-gözündə
Dodağım üzündə
bəxtiyar olub...
Üşüyən qəlbimin əridi
buzu,
Arzular cücərdi
yağan yağışla.
Tanrım, yalvarıram,
Günahımızı
Qəlbimizdə olan
eşqə bağışla!
Bu gün oxuculara təqdim
etdiyim bu kitab yəqin ki, çoxlarınız tərəfindən
artıq oxunub və bu rəngarəng söz dünyasında
eşqin qarlı və həm də sevgi dolu, məhəbbət
dolu yolçuluq etmisiniz. Ona görə də Rafiq
Yusifoğluna da, onun dəyərli oxucularına da eşq dolu
uğurlar diləyirəm.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2010.- 6 noyabr.- S. 18.