"BİR ÖMÜR
BAYATISI"
"Nurlan" nəşriyyatında işıq
üzü görmüş bu şeirlər və poemalar
kitabının müəllifi Mübariz Məsimoğludur. Yəqin
ki, dəyərli oxucular bu imzanı yaxşı
tanıyırlar. Özünəməxsus
yaradıcılıq üslubu olan Mübariz
yaşıdları arasında öz dəsti xətti ilə
seçilməklə yanaşı, həm də mövzu rəngarəngliyinə
görə də fərqlənir.
Bir neçə kitab
müəllifi olan Mübarizin bu kitabının redaktoru dəyərli
professorumuz, doktor Nizami Cəfərovdur. Nəfis şəkildə
tərtib edilmiş kitabdakı şeir və poemalar ilk
baxışdan bir-birini tamamlamaq və bir-birini davam etdirmək
anlamı yaradır. Oxucuya elə gəlir ki, 195 səhifəlik
bu kitab bir şeirin, bir pomenanın
bütünlüyüdür. Təbii ki, bu da şairin
müxtəlif mövzulara eyni sevgi və diqqətlə
yanaşmasının nəticəsidir. Mübariz yazır:
Dərgahına varıb yandım
Dandığımı qanıb dandım
Nə taxta, taca inandım
Nə lələ, gülə aldandım.
... Şəhərlər sığdı kəndimə
Toy tutdu suyum bəndimə
Şübhə qalmadı zəndimə
Mən ayrı cür aldandım
Və yaxud:
Yarın cəfaları getmədi hədər
Eşqimə daha da can verdi kədər
Bu şair qəlbimi ölənə qədər
Hifs elə, ilahi, özün sinəmdə.
... Bağrına basacaq obam elini
Düzlər uyudacaq dağın selini
Bəndəndən üzməyib Tanrı əlini,
Tanrını dərk edə
bilməyir bəndə.
Mübarizin şeirlərində
fikir yükü həm anlaşıqlı, həm də
düşündürücüdür. Elə onun
poemalarında da həmin reallığın şahidi olmaq
mümkündür. Oxuduqca, şeirdən-şeirə üz
tutduqca özün üçün nəsə öyrənib,
nəsə tapırsan. Deməli, vaxtını sərf etdiyin
üçün sevinə bilərsən. Çünki bu
şeirlər, bu misralar səndə sabaha, söz
dünyasına bir yeni ovqat yaradır, bir işıq ucu olur.
Mübarizin şeirlərindən
biri "Dəli" kimi adlanır. Mən bu şeiri oxuyanda
düşündüm ki, onun şeirlərinin və
duyğularının yəqin ki, özünə bəlli dəlilləri
var və bu şeir çələngi də onlara yeni bir hədiyyədir.
Həmin şeirdə deyilir:
Gündüzlər səninləyəm,
gecələr xəyalınla
Sənsən daha həyatım,
sənsən daha taleyim.
Həm ahəngdir, həm rəngdir,
hər an halım halınla
Halın sənə əyandır,
ayrı sənə nə deyim.
Bəli, mənə elə
gəlir ki, Mübarizin bu kitabını oxuyanlara ayrı
heç nə deməyə ehtiyac yoxdur. Özləri oxuyub
qiymətini verəcəklər.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2010.- 6 noyabr.- S. 18.