"ÜRƏYİNDƏN KEÇƏYDİM"

 

Bu günlərdə yurd-yuva niskilinin, Xocalı həsrətli qələm dostum, şair qardaşım Ələmdar Quluzadə ilə "Azərbaycan" nəşriyyatında qarşılaşdıq. Özünəməxsus yerişi və özünəməxsus da şirin təbəssümü olan dostumla hal-xoş edəndə çiyninə bir qədər ağırlıq edən çantası diqqətimi çəkdi. İşarə ilə soruşdum:

- Çantanda deyəsən təzə kitab var?

Sualımı göydə oxudu. Özünəməxsus həmin o təbəssümlə dedi:

- Hə. Elə bu günlərdə götürmüşəm. Heç mətbəə qoxusu canından çəkilməyib. Bir hovur səbr elə avtoqrafla bağışlayım sənə.

Təbii ki, təzə və həm də dəyərli kitabların xəstəsi olan bir söz adamı kimi, elə nəşriyyatın dəhlizindəcə onu avtoqraf yazmağa məcbur etdim. Otağıma qayıdanda kitabın adı məni çəkdiyindən dərhal oxumağa başladım. Səmimi deyəcəm, bundan öncə Ələmdar Quluzadənin daha çox uşaqlar üçün yazdığı kitablarını, şeirlərini oxumuşdum. Ona görə də indi qarşılışdığım misralar, indi cənginə keçdiyim söz mülkü məni əməlli-başlı özünə Əsir götürdü. Gördüm ki, Ələmdar böyük bir sevgi ilə, sevgi dolu misralar, fikirlər toplayıb bu kitaba. Və mən də o sevginin könül oxşayan ruha həzinlik gətirən dünyasında misra-misra kitabın sonuna qədər getməyə başladım. Bax, bu şeirlərdə olduğu kimi:

 

Dondum donu görən kimi

Dizim əsdi, dilim əsdi

Mənim ağlım kəsməyəni

Sənin qayçın necə kəsdi? –

Dərzi, sənə qurban olum.

 

Barmağıma batanların

Dırnaq boyda dərdi mənim

Bu paltarı tikən iynə

Ürəyimə girdi mənim –

Dərzi, sənə qurban olum.

 

... Biləyimə qandal vurub

Bəbəyimə qanı tökmə

Şeytanı qov ürəyindən,

Bir də şeytan donu tikmə -

Dərzi, sənə qurban olum.

 

yaxud:

 

Baxıb gülə qorxuram

Dönub külə qorxuram

Sevgi yaman bəladır,

Təkcə ondan qorxuram –

birdən səni sevərəm

 

... bir yol gəlib başıma

Ta yaraşmır yaşıma

Mənə yazığın gəlsin

Bir də çıxma qarşıma –

Birdən səni sevərəm

Bu nümunələr son dərəcə dilə və ürəyə yatımlıdır. Şəxsən bir oxucu kimi mən bu şeir parçaları ilə baş-başa qalanda səmimi etiraf edim ki, sadə sözlərlə belə dolğun və isti fikirləri ifadə etməyin mümkünlüyünə inandım və heyrət etdim. Gördüm ki, sən demə Ələmdar Quluzadə söz meydanında papağını günə yandırmayıb, əksinə söz-söz, misra-misra qələmini də, özünü də cilalayıbdı. Bax bu şeirə fikir verin:

 

Arada andımız yox,

Eşqimiz dastan deyil,

Dərdimin yiyəsi var,

Yiyəsiz bostan deyil.

Vallah məni yolumdan

Çıxaran şeytan deyil –

Bacın yaman qəşəngdir

 

 

Və yaxud da:

 

Eşqin odla cəngdədi

Sərin su səhəngdədi

Gözlərin nə rəngdədi –

Görən yorğanın altda

 

Mən bir nəfəsə oxuduğum "Ürəyindən keçəydim" şeirlər kitabının ön sözünün müəllifi İlham Rəhimli bir fikri ilə tamamilə şərikəm. İlham Rəhimli yazır:

"Əziz oxucu! Əminəm ki, bu kitabı oxuyandan sonra sənin də qəlbində neçə-neçə xoş ovqatlı, qanadlı duyğular olacaq. Həmin qənaətlər şair Əlimdar Quluzədinin poetik dünyasına daha böyük etiram doğuracaq". Bəli, həqiqətən də oxunmalı və oxucusunu gözləyən bu kitab Ələmdar Quluzadə yaradıcılığında mənim üçün çox böyük bir uğurdu. Mən də bu uğura sevinir, şair dostumu təbrik edir və bu kitabı oxumağı hər kəsə məsləhət bilirəm.

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2010.- 6 noyabr.- S. 18.