İLHAMIN "NAR ÇUBUĞU"

 

ƏDƏBİ HƏYAT

 

Şairlə tanışlıq, onun könül dünyasına bələdlik şeirlərindən başlayır. Mənim də qırx iki yaşlı İlham Abdullayevlə tanışlığım onun şeirlərindən başlayıb və bu tanışlıq neçə illərdir ki, davam edir. Bu illər ərzində çox nadir hallarda olsa da, onun şeirlərini müxtəlif qəzet və jurnal səhifələrində oxumuşam. Hər dəfə sevindiyim də olub, kədərləndiyim də. Amma hər dəfə məndə onun yetkin bir şair olacağına inamım azalmayıb ...və indi budur, İlham ilk şeirlər kitabının əlyazmasını mənə təqdim edib ki, söz deyim, fikir söyləyim.

Əlbəttə, şair üçün 42 yaşında ilk kitabını çap elətdirmək gecikmiş hadisə hesab olunur. Mənim müşahidələrimə görə, indiki zamanda, kitab çap elətdirməyin çox asan başa gəldiyi bir vaxtda İlham yaşda olanların beş-on kitabı işıq üzü görür.Amma şairin səviyyəsini kitabların sayıyla yox, şeirlərinin poetik səviyyəsi ilə ölçməli olsaq, onda 42 yaşlı İlhamın bu səbrini və dözümünü alqışlamalıyıq. Deməli, İlham şeir yazmağa çox ciddi yanaşır, ÜRƏK İŞİ kimi baxır və ürəyi də aldatmaq olmaz.

Mən İlhamın şeirləri haqqında söz açmamışdan əvvəl, onun atası Novruz Xoşbəxt haqqında danışmaq istəyirəm. O, artıq dünyasını dəyişib, özü də çox yaşamadı. Mənim ona mərhum deməyə dilim gəlmir, çünki Novruz Xoşbəxtlə baş-başa verdiyim anlar, saatlarla söhbətləşməyimiz yaddaşıma əbədi həkk olunub və bunlar elə xatirələrdir ki, onlar ölmür. Novruz müəllim ədəbiyyat müəllimi idi, öz işinin ustası idi, şagirdləri onu çox sevirdilər. Amma şeir də yazırdı və Masallı camaatı ona "ŞAİR" deyə müraciət edirdilər. O zamankı rayon mühitində hər şeir yazana şair demirdilər. Amma Novruz müəllimin şairlik missiyası Cənub bölgəsinin sərhədlərindən kənara çıxmırdı və burada onun heç bir təqsiri yox idi. O, respublika ədəbi jurnallarına və qəzetlərə daim şeir göndərirdi, amma di gəl ki, çap eləmirdilər. Bu şeirlər heç də zəif deyildi və onları çap da eləmək olardı və bəlkə bu şeirlər çap olunsaydı, Novruz müəllim çox yaşayardı. Çünki o, hiss adamıydı, sevinəndə dünya boyda olurdu, kədərlənəndə, kimsə qəlbinə dəyəndə içi ağlayırdı. Və bu ağlamaq səsini, bu daxili hıçqırtını mən bir neçə dəfə onun küskün baxışlarında, kədərli gözlərində hiss eləmişəm. Yalnız ölümündən sonra Novruz Xoşbəxtin şeirlərindən ibarət bir kitab işıq üzü gördü və əlbəttə, buna görə oğlu İlham Novruzoğlu hər cür təşəkkürə, alqışa layiqdi. Elə həmin kitabın təqdimatında mən İlhamla daha yaxından tanış oldum, şeirlərini oxudumhiss elədim ki, poeziyaya yeni bir SƏS gəlməkdədir.

Və indi budur, o SƏSi bütün çalarlarıyla duyuram.

İndiki zamanda, şairlərin ədədi, onların yazdıqları şeirlərin isə az qala həndəsi silsilə ilə çoxaldığı bir vaxtda məhz kəmiyyət amili ön plana çıxır. Ancaq nə olursa-olsun, düzü-dünyanı şeir nümuənələri doldursa da, hətta hər bir azərbaycanlının çörək yediyi, su içdiyi qədər də "şair" olmağa maneçiliyi yoxdusa, yenə ortada əsl şairlər və şeirlər qalacaq. İlhamın şeirləri ilə tanış olandan sonra poeziyamızda yeni bir SƏSin ucalacağına da inamım artdı.

İlham Novruzoğlu nədən yazır? Həyatın sevinclərindən, kədərli, qüssəli anlarından, öz ömür yolundan, dünya, cəmiyyət və mühitdə rastlaşdığı olaylardan, təbiətdən, sevgidən, ata və ana itkisindən, bir insanın keçirdiyi fərdi yaşantılarından, əsgərlik xatirələrindən..deməli, əksər şairlərin müraciət etdiyi mövzulara o da üz tutur. Lakin ikinci bir sual meydana çıxır. İlham necə yazır? Bu sualın ardınca başqa suallar: o,şeirlərində özünəməxsus hansı xüsusiyyətləri ilə seçilir? Yeni, təzə, təravətli söz deyə bilirmi? İşlətdiyi bədii təsvir vasitələri yenidirmi? Şeirlərində onun ŞAİR OBRAZI nəzərə çarpırmı? Əlbəttə, bunlar çox ciddi suallardır, amma hər bir tənqidçinin bu sualları verməyə haqqı var...

 

Ey qeybdən çıxan işıq,

İldırım tək çaxan işıq,

Ruhuma sarmaşan işıq,

Gəl başını sinəmə qoy.

Ürəyimi darda görüb,

Ümidimi yerdə görüb,

Gözlərimə dolan işıq,

Gəl başını sinəmə qoy...

 

Düşmənimə çəpər işıq,

Dizlərimə təpər işıq,

İzlərimi öpən işıq,

Gəl başını sinəmə qoy...

 

Bu şeiri İlham Novruzoğlunun bütün şeirləri üçün leytmotiv-şeir hesab etmək olar.İşığın maddi deyil, məcazi, bir qədər də mücərrəd anlamlarına üz tutan İlham məhz elə buna görə onu cisimlikdən çıxarır, insaniləşdirir. "Gəl başını sinəmə qoy"-bunu işığa deyir o. Və kitabdakı bütün şeirlərində biz o işığın hərarətini, mənəvi enerjisini hiss edirik.

İlham Novruzoğlu müasir bədii təfəkkürlə işıqlanmış bir şairdir. Şeirlərindən hiss olunur ki, o, standart və şablon ifadə üsullarından qaçır, həmişə fikrini obrazlı şəkildə ifadə etməyə çalışır. Buna nail olduğu şeirlər çoxdur. Məsələn, "Zülmət də vaxt da yerimir" şeirini götürək. Bu şeirdə bir gecənin təsviri fonunda insan ömrü ilə gecə arasında təzad canlandırılır.

 

İlahi, bir qorxulu

Nağıldımı bu gecə?

Div canı tək şüşəyə

Yığıldımı bu gecə?..

 

Çəkir məni qaranlıq

Qara qoçun belinə.

Elə bil daş bağlanıb

Ulduzların dilinə.

Bu gecə gözlərimdə

Bu gecə pərdə kimi.

Bir qara yol uzanır,

Uzanır dərdə kimi.

 

Sanki zülmətdə vaxt da

Görə bilmir-yerimir.

Allah, ömrüm əriyir,

Gecəyə bax,ərimir.

 

Bu şeirə duyğuların mürəkkəb mənzərəsi kimi baxmaq olar. Gecənin rəsmi fonunda bir insanın qəlbindəki nigarançılıqla gecənin uzanması paralel verilir. Gecə bitmir, ona görə ki, ürəkdəki dərd də bitib-tükənmir. Ömür əriyir, çünki dərd yol alıb ürəyə, gecəsə ərimir, dərdi daha da çoxaldır.Ümumiyyətlə, İlham Novruzoğlunun şeirlərində təzad bir bədii fiqur və fənd rolunu yerinə yetirir. Görürsən ki, "qara yolun sonunda bir sonsuz ağ yol" görsənir, insan ümidi o ağ yola sarı iməkləyir. Həyatından, yaşamaqdan usanan bir insan özünü ərik ağacından asır, intihar edir və son anda "həyatının o başındakı xoşbəxt günləri" xatırlayır. Gəmilər də təzadlı ömürləriylə insanlara bənzəyərlər: Qəbri dənizin dibində yol gözləyən gəmilər çidarlanıb limanda-biri yorğun, biri həyatla dolu, biri qorxaq, biri də mürgü vuraraq...Həyatda sirri açılmaz, bilinməz təzadlar da var. Bir qatil müğənni qanına susayıb, öldürüb onu. Amma indi şərqi oxuyur. Yəqin bu zalım öldürdüyünün ruhunu əmir, səsini sümürür öldürməmişdən əvvəl. Görürsən ki, bir dəstə qırmızı qərənfil bir sərxoş cavanın qucağında bir təbrikə tələsir. Bu tipli şeirlərin çoxu həm də müəyyən ovqat üstündə yazılıb. Xüsusilə ana ilə bağlı şeirlərin ovqatında bir qəm havası var. "Nar çubuğu" şeirində deyilir ki, ana oğlunu nadincliyinə görə nar çubuğu ilə döyür.Bu, bəlkə də adi bir hadisədir, ancaq müəllif bu hadisəyə didaktiki, tərbiyəvi bir məna verir.Uşaqlıqda o nar çubuğunun acılıqlarına təhəmmül edən uşaq, böyüdükdə həyatın bütün acılıqlarına sinə gərməlidir. Ana ilə bağlı şeirlərdən biri də "Kişi anam"dır. Bu şeirdə doğrudan da, mətin bir ana obrazı ilə qarşılaşırıq:

 

Ölüm ərəfəsi

yataqda

üzü qibləyə uzanmış

atamdan daha çox,

üstünə gələn müsibəti

bizdən yanlayan

anama baxırdım nədənsə.

Ucuna

kəfənlik almaq üçün

ayırdığı pulu düyünlədiyi

göyümtül kələğayısı ilə

cırıb

göz yaşına arx düzəltdiyi

üzünü gizləyirdi.

 

Bu süjetli şeir üç hissədən ibarətdir. Misal gətirdiyim misralar birinci hissəyə aiddir, burada sadəcə kədərin təsviri ilə qarşılaşırıq.Bu təsviri reallaşdıran detallar da düzgün seçilib.

 

Gördüm

ölümü də

kişi kimi qarşılayan

atamın yanında

qadın donunda

bir kişi dayanıb.

 

Bu hissədə isə Ana obrazı ümumi təsvirdən mahiyyətə. Ananı səciyyələndirən əsas cizgiyə keçir. Ata yoxdur, amma qadın donunda kişi yaşayır bu evdə. Şeirin üçüncü-sonuncu hissəsində isə obrazın canlı təcəssümü ilə bağlı digər detallar gəlir:

 

O gündən

hər səhər oyanıb

anamı iş başında gördüm-

odun doğradı,

şam vurdu,

dəryaz götürdü..

Gəlin anamın əlləri

qabar bağlaya-bağlaya,

nərmə-nazikliyini itirdi..

Kişi oldu anam,

biz böyüyüb kişiləşənə qədər.

 

Bax, bu əsl həyat nağılıdır, həm acı, həm də qürur duymalı bir hekayət.

İlham Novruzoğlunun şeirlərində dil materialı zəngindir, o, atalar sözlərindən, məsəllərdən, xalq deyimlərindən yeri gəldikcə istifadə edir, şeirlərinin koloritini artırır. Dilində pəltəklik yoxdur, çox sadə yazır, amma bu sadəlikdə şeirə məxsus ritm, ahəng, intonasiya çalarları itmir.

Mən İlham Novruzoğluya yaradıcılıq uğurları arzulayıram. Qoy onun "Nar çubuğu" getdikcə daha zərif, daha cazibəli olsun.

 

 

VAQİF YUSİFLİ

 

Ədalət.- 2010.- 6 noyabr.- S. 19.