FİLOLOQLARA MÜJDƏ!
Görkəmli folklorşünas alim M.Təhmasibin
"Seçilmiş əsərləri" Bakı Slavyan
Universitetində çap olundu
Artıq bir ilə yaxın müddətdir ki, Bakı
Slavyan Universitetinin Azərbaycanşünaslıq tədris-mədəniyyət
mərkəzində folklorşünas alim, pedaqoq, professor Məmmədhüseyn
Təhmasibin elmi-tədqiqat işləri, eləcə də,
müxtəlif zamanlarda dövri mətbuatda çap olunan məqalələrinin
toplanılması işi aparılırdı. Nəhayət bu
uzun və çətin bir proses başa çatdı. Kitab
çox nəfis tərtibatda işıq üzü
gördü.
Xalqın mədəni
irsinin toplanmasında və tədqiqində mühüm rol
oynamış, bu sahədə özünəməxsus
cığır açmış, onlarla tələbə
yetişdirərək məktəb yaratmış Məmmədhüseyn
Təhmasibin ruhu qarşısındakı boynumuza düşən
bu borcumuzu yerinə yetirmək təşəbbüsü Bakı
Slavyan Universitetinin rektoru, Əməkdar elm xadimi, AMEA-nın
müxbir üzvü Kamal Abdullayev tərəfindən irəli
sürülmüşdür. Rektorun sərəncamı ilə
qısa müddətdə görkəmli alimin irsinin
toplanması və nəşri ilə bağlı redaksiya heyəti
yaradıldı. Məqalələrin toplanması işinə
M.Təhmasibin bacısı Cəmilə Təhmasib və
Bakı Slavyan Universitetinin Tərcümə fakültəsində
təhsil alan nəvəsi Fidan Təhmasib də cəlb
edilmişdir. İş prosesində müəllifin həm ev
arxivi, həm də kitabxana arxivləri araşdırılaraq
məqalələr toplanmışdır. Məqalələrin
toplanmasına eyni zamanda Naxçıvan Milli Elmlər
Akademiyasının Folklor şöbəsi və bu şöbənin
müdiri, M.Təhmasibin tələbəsi, professor Məhərrəm
Cəfərli də cəlb edilmişdir. Kitab BSU-nun Azərbaycanşünaslıq
tədris-mədəniyyət mərkəzi nəzdində
yaradılmış "Azərbyacanşünaslı
etüdləri" seriyası çərçivəsində
çap olunmuşdur. Qeyd etmək lazımdır ki, bu seriya məhz
M.Təhmasibin əsərlərinin çapı ilə öz
işinə başlamışdır. Arzu edək ki, bu seriya
da Bakı Slavyan Universitetində mövcud olan digər seriyalar
kimi, populyar və məhsuldar olacaq. Ümumiyyətlə
götürdükdə isə, Bakı Slavyan Universitetində
prof. K.M.Abdullayevin təşəbbüsü ilə
yaradılmış müxtəlif seriyalarda kitabların
çap olunması bir ənənə halını
almışdır. Bunlardan "Filoloqun kitabxanası-100", "Türkologiya",
"Dünya nəsri", "Azərbaycan tərcümə
ensiklopediyası" kimi seriyaları göstərmək olar.
Bu seriyaların yaradılmasında və seriyaya daxil olan
kitabların çap olunmasında əsas məqsəd müəyyən
mənada diqqətdən kənar qalmış əsərlərin
alim və tələbələrin istifadəsinə verilməsindən,
filoloqların kitabxanasının zənginləşdirilməsindən
ibarətdir. "Azərbaycanşünaslıq etüdləri"
seriyasının yaradılması da bu məqsədə xidmət edir.
Bəs niyə məhz Məmmədhüseyn
Təhmasibin əsərləri. Bu sualın cavabı çap
olunan və oxuculara təqdim olunan bu kitabda toplanan əsərlərdə
gizlənir. Hər bir oxucu bu kitaba daxil olan məqalələri
oxuduğu zaman bu suala cavab tapa biləcək. Diqqətinizə
təqdim edilən bu kitabdakı məqalələr istər
verilən informasiya baxımından, istərsə də
mövzunun aktuallığı baxımından böyük
önəm daşımaqdadır. Belə ki, bu əsərləri
oxuyarkən insanda yaranan ilk təəssürat müəllifin
xalqın mifoloji təfəkkürünə,
dünyagörüşünə yaxından bələd
olması olur. İllərlə, əsrlərlə
ağızdan-ağıza keçərək xalqın təfəkküründə
yaşayan adət-ənənələrin yaranma
yollarını, səbəblərini açıqlamaq, müəyyən
mərasimlərdə oxunan mahnılarda, deyilən sözlərdə
gizlənən dərin mənanın açılması
üçün alimə ilk növbədə xalq, millət,
vətən sevgisi lazımdır. Yalnız öz millətinin
mənliyinə, ucalığına vurğun olan bir şəxs-tədqiqatçı
folklor nümunələrinin aracılığı ilə
onun tarixi şüuruna və təhtəlşüuruna
nüfuz etmək imkanına malik ola bilər. Folklor tədqiqatçısı
üçün ikinci lazım olan xüsusiyyət xalqın
mifoloji təfəkkürünə, eyni zamanda dünya
xalqlarının mifoloji təfəkkürünə bələd
olmasıdır. Əlbəttə bütün bunlarla
yanaşı folklor tədqiqatçısı folklor sevgisi ilə
alışıb yanmalıdır. Folkloru sevmədən onu
toplamaq və tədqiq etmək mümkün deyil. M.Təhmasib
bütün bu sadalananları özündə cəmləşdirən
bir tədqiqatçı olmuşdur. Müəllifin məqalələrini
oxuyarkən oxucunun diqqətini ilk növbədə bu sadalanan
xüsusiyyətlər cəlb edir. Bu əsərlərdə
nağıllarımızda, dastanlarımızda
uşaqlıqdan bizə yaxşı bələd olan müxtəlif
obrazların, qəhrəmanların xalq təfəkküründə
yaranma yolları, səbəbləri çox böyük tədqiqatçı
ustalığı ilə açılır. Bu qəhrəmanları
ümumi xüsusiyyətlərini təhlil etməklə
yanaşı Təhmasib eyni zamanda onları dünya
xalqlarının ağız ədəbiyyatında mövcud
olan qəhrəmanlarla da müqayisə edir. Belə müqayisənin
aparılması üçün isə ən azından
dünya xalqlarının mifoloji təfəkkürünə
bələd olmaq lazımdır. "Azərbaycanşünaslıq
etüdləri" seriyasında ilk olaraq məhz Məmmədhüseyn
Təhmasibin "Seçilmiş əsərləri"nin
çap olunmasının ilkin səbəbi məhz bununla əlaqədardır.
Bu əsərlərin
çap olunmasında əsas məqsədlərimizdən biri
də respublikamızda gənc nəslin, tələbə-filoloqların
səviyyəli bir mütəxəssis kimi yetişməsinə
yardım etməkdən ibarətdir. Filoloji təhsil alan bir
müəllim kimi bunun vacibliyini xüsusi olaraq qeyd etmək istərdim.
Artıq tələbələrimiz
folklorşünaslığımızın əsasını
qoymuş bu məqalələrlə asanlıqla tanış
olmaq imkanına malik olacaqlar. Bu da gələcək müəllimlərimizin,
tədqiqatçılarımızın yetişməsi
üçün əvəzsiz bit töhfədir.
Kitaba ön sözü Bakı Slavyan Universitetinin rektoru,
professor Kamal Abdullayev yazmışdır. Ümumilikdə müəllifin əsərlərinin
iki cilddə çap olunması nəzərdə tutulur.
Yenicə işıq üzü
görən birinci cildə Məmmədhüseyn
Təhmasibin 1945-ci ildə
müdafiə etdiyi namizədlik dissertasiyası,
müxtəlif qəzet
və jurnallardan toplanmış 24 məqaləsi
və iki kitaba yazdığı ön sözü daxil edilmişdir. Birinci cildi 7 fəsildən ibarətdir.
İkinci cildə müəllifin
"Azərbaycan xalq dastanları (orta əsrlər)" əsəri
daxil edilmişdir. Bu kitab da yaxın zamanlarda işıq
üzü görəcək. Bu əsərdə müəllif
eposşünaslıq tariximizdə ilk dəfə olaraq
dastanlarımızın təsnifatını aparmış,
dastanlarımızın geniş təhlilini vermişdir.
Bakı Slavyan
Universitetində filoloqlarımız üçün
böyük önəm daşıyan əsərlərin
çap olunması qeyd etdiyimiz kimi artıq ənənə halını
almışdır. Bu işlər universitetimizdə rektor Kamal
Abdullayevin şəxsi və xüsusi nəzarəti
altında aparılır. Mən bir filoloq kimi həmkarlarımı
universitetimizdə çap olunan əsərlər haqqında məlumat
almaq üçün BSU ilə daim əlaqə
saxlamağı, burada keçirilən tədbirlərdə
iştirak etməyə çağırıram.
Çünki əməkdaşlarımızın fədakar zəhməti
ilə çap olunan bu əsərlər istənilən
filoloqun və kitabsevərin rəfini bəzəyib onun
stolüstü kitabına çevrilə biləcək
kitablardır.
Son olaraq
folklorşünaslarımızı, filoloqlarımızı və
ümumiyyətlə folklor nümunələrini sevən
bütün insanlarımızı bu qiymətli əsərlərin
işıq üzü görməsi münasibətilə təbrik
etmək istəyirəm.
Elşən Şükürlü
Ədalət.- 2010.- 6 noyabr.- S. 20.